
Dünya Azərbaycanlılarının beşinci qurultayı başa çatıb. İndi onu “Şuşa qurultayı” və “Zəfər qurultayı” adlandırırlar. “Şuşa qurultayı” adı bu tədbirin keçirildiyi yerlə, “Zəfər qurultayı” adı isə onunla bağlıdır ki, bu qurultay 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının böyük Zəfərindən sonra keçirilən ilk qurultay idi.
AZƏRTAC xəbər verir ki, qurultayın dörd yüzə yaxın qonağı, diaspor hərəkatının fəalları əvvəlcə Azərbaycan paytaxtına gəlib, orada Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları önünə, habelə müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Qələbəsinin təməlini qoymuş ümummilli lider Heydər Əliyevin məzarı önünə əklillər qoyublar. Sonra onlar qəhrəmanlarımızın qanı ilə suvarılmış Zəfər yolu ilə azad Şuşaya gəliblər.
Mən 2001, 2006 və 2011-ci illərdə keçirilmiş ilk üç qurultayda iştirak etmişəm, 2016-cı ildə isə dördüncü qurultaya dəvət edilənlərdən biri olmuşam. 2001-ci il noyabr ayında keçirilmiş birinci qurultayda Heydər Əliyevin tarixi çıxışı yaxşı yadımdadır. O vaxt hələ xaricdə yaşayan həmvətənlərimizlə əlaqəyə görə cavabdeh olan ayrıca dövlət komitəsi yox idi. Həmin komitə yarım ildən sonra, 2002-ci ilin yayında Heydər Əliyevin fərmanı ilə təsis edilib. Mən sonralar “Youtube” sosial şəbəkəsində həmin çıxışa dəfələrlə təkrarən baxmışam. Respublika sarayının tribunasından Heydər Əliyevin söylədiyi sözlər çox yaxşı xatirimdədir. 21 ildən sonra onun işinin davamçısı İlham Əliyev bu sözləri Zəfər qurultayının iştirakçılarına xatırlatdı. Dövlətimizin banisi və rəhbəri o vaxt demişdi ki, bir gün gələcək, biz qurultaya Şuşada yığışacağıq.
Həmin gün gəldi. Biz çox uzun yol keçərək gəldik. Dövlətimiz, xalqımız, diaspor fəalları, jurnalistlər, siyasətçilər və politoloqlar, bütün peşə sahibləri və əlbəttə bizim qorxubilməz döyüşçülərimiz, sıravi əsgərdən generala, ön cəbhədə vuruşanlardan arxa cəbhədə çalışanlara qədər, bizim ortaq Vətənimizdə yaşayan bütün xalqların, bütün dinlərin, bütün sosial qrupların nümayəndələri nə qədər səy göstərdilər!
İosif Kobzonun ifasında dillər əzbəri olmuş “Den Pobedı” (“Qələbə günü”) mahnısı hamımızın yadındadır və bu mahnını hamımız xoşlayırıq. Mahnıda “Etot den mı priblijali, kak moqli” (“Biz bu günü bacardığımız qədər yaxınlaşdırdıq”) sözləri var. Biz də həmin günü bacardığımız qədər yaxınlaşdırdıq. Xarici ölkələrdə yaşayan və onilliklər boyu müxtəlif separatçılara və onların himayədarlarına qarşı öz müharibəsini aparan həmvətənlərimiz Azərbaycanın döyünən ürəyi – azad Şuşada toplaşacağı gün haqqında Heydər Əliyevin uzaqgörənliklə dediyi sözləri xatırlayırlar.
Bu dəfə mən qurultayda iştirak etməsəm də, həmin iki gün ərzində qəlbim Şuşada olub. Prezident İlham Əliyevin çıxışını dinlədikcə, özümü orada, yüzlərlə həmvətənimiz arasında hesab edirdim. Biz işğalçı düşmən üzərində bu Qələbə gününü birlikdə yaxınlaşdırmışıq – kəskin qələmimiz, fotokameranın obyektivi, konfranslarda alovlu çıxışlar, separatçılarla və onlara lobbiçilik edənlərlə polemika və əlbəttə, həm dünya şəhərlərinin küçə və meydanlarında, həm də xarici siyasətçilər və nüfuzlu insanlarla qapalı məkanlarda keçirilən çoxsaylı kütləvi tədbirlər vasitəsilə.
Vətən müharibəsində Qələbə həm də üzdəniraq “güclü erməni diasporu” ilə, xaricdə yaşayan erməni opponentlərimizlə özümüzün ayrıca apardığımız müharibədə şəxsi qələbəmizdir. Şuşada qaldırılmış Azərbaycan bayrağı sayəsində biz, yəni çoxdan gözlənilən və zamanın sınağından keçmiş bu tarixi hadisədə iştirakı olanlar yenidən bizim əvvəlki, indi artıq susmuş erməni opponentlərimizə deyə bilərik: “kimin dediyi oldu?”.
2001-ci ildə Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi sözlərin hökmən həyata keçəcəyinə əsla şübhə olmadığı kimi, bu gün də əsla şübhə yoxdur ki, bir gün gələcək, bizim diaspor öz qurultayını azad Xankəndidə keçirəcək. Biz Zəngəzur dəhlizi ilə sərbəst gedərək, bir qurultayı da hökmən Naxçıvanda keçirəcəyik. Onda biz budəfəki qurultayın iştirakçılarının Zəfər yolu ilə Şuşaya gedərkən keçirdikləri hissləri bir daha yaşayacağıq.
Biz o günü görəcəyik. Ona görə ki, biz qalib xalqıq!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin