Oktyabrın 26-da “1905.az” portalının ofisində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan sənədli-bioqrafik “Əbədi ezamiyyət” filminin yaradıcı heyəti – filmin rejissoru Fariz Əhmədov, ssenari müəllifi Müsəllim Həsənov və məsləhətçi Tahir Əliyevlə görüş oldu. Görüşdən əvvəl filmə baxış keçirildi.
Baxışdan sonra film ətrafında müzakirələr oldu. “1905.az” portalının direktoru, əməkdar jurnalist Fuad Babayev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin ən mühüm mərhələsinə həsr olunmuş filmin müəlliflərini böyük uğur münasibətilə təbrik etdi və filmin prokat taleyi, müəlliflərin gələcək planları ilə maraqlandı.
Filmin rejissorlarından biri olan Fariz Əhmədov (digər rejissoru Vüqar İslamzadədir) bildirdi ki, film ilk dəfə ötən ilin əvvəllərində Nizami Kino Mərkəzində, ardınca isə Naxçıvan və Gəncə şəhərlərində nümayiş olunub. F.Əhmədov filmin daha geniş auditoriyanı əhatə etməsi üçün onun ingilis, fransız və rus dillərinə dublyaj edildiyini qeyd etdi.
Tahir Əliyev bildirdi ki, filmin tanınmasında Azərbaycan telekanallarının rolu böyük olub. Belə ki, film əlamətdar tarixlər ərəfəsində televiziya ilə tez-tez nümayiş etdirilir. Filmin tamaşaçı rəğbəti qazanamasını T.Əliyev burada heç bir uydurma olmaması, arxiv sənədlərinə istinad edilməsi ilə əsaslandırdı.
Müsəllim Həsənov qeyd etdi ki, filmin ideyası tanınmış diplomat Ramiz Abutalıbova məxsusdur. Film əsasında tamaşaçıların Paris sülh konfransı, bu konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ilə bağlı xeyli məlumat ala bildiyini söyləyən M.Həsənov, xaricə gedən həmyerlilərimizin bu filmi özləri ilə apardıqlarını bildirdi. Ssenari müəllifi filmin ərsəyə gəlməsində Bakı Media Mərkəzinin və Heydər Əliyev Fondunun əməyini xüsusi vurğuladı.