COVID-19 peyvəndlərinin qısa bir zamanda hazırlanmsı koronavirus pandemiyası ilə mübarizədə böyük bir nailiyyətdir. COVID-19-a qarşı peyvənd virusla təmasda olan insanları xəstələnmədən qorumağa kömək edir. Getdikcə daha çox insan vaksinasiya edildikcə daha tez normal həyata qayıda biləcəyik. Bəzi insanlar COVID-19-a qarşı vaksinlərin təhlükəsiz olub-olmadığını sorğulayırlar. Bununla bağlı dünya miqyasında müxtəlif ölkələrdə tibb mütəxəssisləri tərəfindən aparılmış vaksinlərin təhlükəsizliyi, dözümlülüyü və immounogenliyi tədqiqat nəticələri artıq ictimaiyyətə açıqlanır. Bunu AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib.
“Ümumiyyətlə, ilkin məlumat üçün bildirmək istərdim ki, COVID-19 peyvəndinin hazırlanması, nəzərdən keçirilməsi və istifadəsinə icazənin verilməsinin bir neçə mərhələsi var. Təhlükəsizliyi və effektivliyi yoxlamaq üçün bütün peyvəndlər kliniki sınaqlardan keçirilir. Onların istifadəsi üçün icazə və təsdiq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ya ABŞ-ın ərzaq və dərman paylanışı qurumu – FDA kimi təşkilatlar tərəfindən verilir.
Bundan sonra tətbiqinə icazə verilmiş peyvəndlərlə bağlı bütün çətinliklər və yan təsirlər davamlı nəzarətdə saxlanılır. İndiyə qədər peyvənd sınaqlarının heç birində təhlükəsizliklə bağlı ciddi narahatlıq bildirilməyib”, – deyən ekspert hazırda Azərbaycanda istifadə olunan peyvənd barədə də məlumat verib. O, bildirib ki, Çində biofarmasevtik məhsulların aparıcı tədarükçüsü olan “Sinovac” şirkəti COVID-19-a qarşı “CoronaVAC” vaksininin ilk sınaqlarına başladıqda 35 ölkə artıq bu vaksini əldə etmək üçün namizəd olduğunu bildirmişdi. Ötən ilin aprel ayında sınaqları başlayan bu vaksin hazırlananda hələ dünyada başqa sınaq üçün hazır olan vaksin yox idi.
“CoronaVAC” peyvəndinin hazırlanması barədə məlumat verən Pərvanə Vəliyeva deyib: “Sinovac” şirkəti “CoronaVAC” üzərində üçüncü mərhələ sınaqlarına 2020-ci il iyulun 21-də başlamışdı. Sınaqlar Braziliya, Türkiyə, İndoneziya və Çilidə aparılmışdı. Bu dörd ölkədən sınaqlara ümumilikdə 25 min iştirakçı cəlb edilmişdi. Braziliya və Türkiyədə aparılan üçüncü mərhələ sınaqları ilə COVID-19 xəstələrinə xidmət göstərən səhiyyə işçilərində peyvəndin effektivliyi qiymətləndirilib. 0-14 gün ərzində peyvənd vurulmuş şəxslər izlənildi. 2020-ci il dekabrın 16-na kimi 18 yaşdan yuxarı 12.396 səhiyyə işçisi peyvənd olunmuşdu. Müşahidə müddəti ərzində ümumilikdə 253 pozitiv olan hal qeydə alınmışdı. İkinci doza vurulduqdan sonra da həmin səhiyyə işçiləri 0-14 gün ərzində izlənilmişdi. 14 gündən sonra COVID-19-un səbəb olduğu xəstəliklərə qarşı effektivlik dərəcəsi bütün hallarda 50 faiz idi. Tibbi müalicə tələb olunan hallarda 83,70 faiz effektiv, xəstəxanada yatışı, ağır vəziyyətdə və ölümcül hallarda isə 100,00 faiz effektiv olduğu qeydə alındı.
Türkiyədə üçüncü mərhələ klinik araşdırmada ümumilikdə 7371 nəfər iştirak etdi. Bunların arasında 1322 iştirakçı iki dozalı aşılamanı tamamladı və onlar peyvəndin ikinci dozasını aldıqdan sonra 14 günlük müşahidə müddətinə daxil edildilər. 29 halın analizinə əsasən, COVID-19 profilaktikası üçün effektivlik iki dozalı peyvənddən 14 gün sonra 91,25 faiz idi.
Keçmişdə peyvəndlərin hazırlanması uzun vaxt tələb edib. SARS-COV-2 əleyhinə peyvəndin nisbətən sürətli icadı təhlükəsizlik tədbirlərinin nəzərə alınmadığı anlamına gəlmir. COVID-19 vaksinlərinin digər vaksinlərə nisbətən daha sürətli hazırlanmasının bir neçə səbəbi var. ABŞ-ın Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) məlumatına əsasən, COVID-19 peyvəndlərinin hazırlanmasında istifadə olunan mRNA texnologiyası gələcəkdə hər hansı yoluxucu virusların yayılmasına hazırlaşmaq üçün illərdir ki, inkişaf etdirilir. Buna görə də istehsal prosesi pandemiyaya çox əvvəldən hazır idi.
İkincisi, Çin dövləti COVID-19 yeni meydana çıxan zaman virusun genetik məlumatlarını paylaşdı və bu, peyvənd hazırlayan alimlər üçün peyvəndi tapmağa çox böyük kömək oldu.
Peyvəndlərin test edilməsi proseslərində heç bir mərhələ buraxılmadı, bütün mərhələlər bir-bir tətbiq olundu. Peyvənd istehsalçısı olan şirkətlər mümkün qədər çox məlumat toplamaq üçün prosesin bəzi mərhələlərini eyni vaxtda apardılar. Dövlətlər isə peyvənd hazırlayan şirkətlərə əvvəlcədən ödənişlər etdilər, bununla da şirkətlərin ehtiyac duyduğu maliyyə mənbələrinə əlçatanlığı təmin edildi.
“Sinovac” istehsalı olan “CoronoVAC” vaksini istənilən əhali qrupunda effektiv ola bilər, çünki o inaktiv vaksindir, bu, əvvəllər də elmə məlum olan ənənəvi üsulla hazırlanıb, sadə dildə desək, ölü virus hissəcikləri insanlara inyeksiya edilir”.