Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı və fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovla Azərbaycanda əlifba islahatları haqqında danışdıq.
Fuad Babayev: Əlifbamıızn başqa xalqların tarixində rast gəlinməyəcək sürətlə dəyisdirilməsi ilk növbədə bizə hansı zərbələr vurdu?
Qərənfil Dünyaminqızı: Bizə çox zərbələr vurdu. Təkcə yola saldığımız yüzillikdə əlifbamız dörd dəfə dəyişdirilib. Bu əlifba hər dəfə dəyişdiriləndə istər-istəməz gənclik keçmişindən uzaq düşür.
Fuad Babayev: Dörd dəfə? 1928-ci ildə latın qrafikasına keçmişik.
Qərənfil Dünyaminqızı: 1928-ci ildə qərar verilib.1929-cu ildə latına əlifbasına keçmişik.
Fuad Babayev: 1940-cı ildən kiril qrafikası tətbiq olunmağa başlayıb.
Vahid Ömərov: 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul etdi.
Qərənfil Dünyaminqızı: 1958-ci ildə kiril əlifbası özü də təkmilləşdirilərək dəyişikliyə məruz qalıb. 1958-1991-ci illər ərzində isə Azərbaycanda kiril əlifbası hökmranlıq edib. Mən hazırda sovet dövrü ilə bağlı dərslik hazırlayıram. Araşdıranda görürük ki, 1940 və 1950-ci illərin kiril əlifbaları arasında çox dəyişikliklər var.
Fuad Babayev: Son nəticə etibarilə bu məsələyə prinsipial yanaşsaq söhbət 3 qrafikanın – ərəb, latın və kiril əlifbalarının tətbiqindən gedir. Yəni əslində əlifbamız 3 dəfə dəyişdirilib.
Vahid Ömərov: Bəli.1990-cı ildə yenidən latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran akademik Afad Qurbanov olub. Hətta Afad Qurbanovun sədrliyi ilə Əlifba Komissiyasının hazırladığı layihə 1991-ci ildə Azərbaycan parlamentində qəbul edilsə də uzun müddət tətbiq olunmadı. Məhz ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi.
Təmkin Məmmədli: Söhbət akademik Afad Qurbanovun 1990-cı ildə təklif etdiyi layihədən gedr?
Vahid Ömərov: Bəli.Afad Qurbanov təklif olunan latın qrafikalı əlifbanı hazırlayan komissiyanının sədri idi.
Fuad Babayev: Bu əlifba dəyişiklikləri bir toplum olaraq bizə hansı zərbələr vurub? İlk nöbbədə nəsillər arasında rabitəni qıran bu dəyişiklər başqa hansı fəsadlara səbəb olub?
Qərənfil Dünyaminqızı: Əlifbanın dəyişdirilməsi təkcə nəsillər arasında rabitəni qırmır, həm də milli şüura mənfi təsir edir. Biz millət olaraq dünənimizdən uzaqlaşırıq. 1988-ci ildən bu yana kommunist ideologiyalı mətbuat tədricən yerini yeni ruhlu, yeni məzmunlu, yeni formalı mətbuata verdi. “Meydan”, “Azadlıq”, “Hürriyyət”, “Ədalət”, “Odlar yurdu” kimi qəzetlər yarandı. Mənim tələbələrim kiril əlifbası ilə yazıldığı üçün həmin dövrün mətbuatını, bizim yaxın keçmişimizə aid qəzetləri oxuya bilmirlər. Həmin dövrün mətbuatı bizim yaxın, həm də şərəfli keçmişimizdir. Hələ Sovet İttifaqı yaşadığı dövrdə “Odlar yurdu” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının əksi verilirdi, Cümhuriyyət qurucuları haqqında rəhmətlik Mövsüm Əliyevin (Cümhuriyyətin ilk tədqiqatçısı – red.) yazıları mütəmadi olaraq çap olunurdu.Biz“Açıq söz” (əsası 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan “Açıq söz” qəzeti “Müsavat” partiyasının rəsmi orqanı idi – red.), “Azərbaycan” (Cümhuriyyət hökumətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin ilk nömrəsi 15 sentyabr 1918-ci ildə Gəncədə işıq üzü görüb. İlk redaktoru Üzeyir Haclbəyli idi – red.) və “İstiqlal” (“Müsavat”partiyasının orqanı, 1918-1920-ci illərdə nəşr olunub – red.) qəzetləri ilə bağlı da eyni mənzərənin şahidi oluruq. Tələbələr əski əlifbanı bilmədikləri üçün bu mətbu orqanlarını oxuyub tədqiq etməkdə çətinlik çəkirlər. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ərəb əlifbası tədris edilir. Amma tədqiqat işi aparmaq üçün əski əlifbanı mükəmməl bilmək lazımdır. Əsrin əvvəllərində mətbuatımızda ərəb, fars və rus sözlərindən geniş şəkildə istifadə olunması da həmin dövrün mətbu orqanlarının tədqiqini çətinləşdirən amillər sırasındadır. Mən deyərdim ki, əlifbamızın dəyişdirilməsi bizim üçün mənəvi-psixoloji problemlər yaradır. Çünki biz dünənimizi bilmirik, keçmişimizdən ayrılırıq. 1929-cu ildə əlifbanın dəyişdirilməsi qərarı veriləndə müzakirələr zamanı “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və “Ərəbistlər” (ərəb əlifbasının islahatı tərəfdarları) adlanan iki cərəyan yarandı. Həmin dövrdə Hüseyn Cavid, Cəlil Məmmədquluzadə əski əlifbanın sadələşdirilməsinin tərəfdarı kimi çıxış edirdilər. Əlifba islahatlarından danışarkən ilk növbədə Mirzə Fətəli Axundzadənin və Məhəmmədağa Şahtaxtlının (1846-1931, publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim – red.) adları çəkilməlidir. Onlar ərəb əlifbasının sadələşdirilməsini təklif edirdilər. Əlifba islahatlarına qarşı çıxanlardan biri də Şəfiqə xanım Əfəndizadə (1883-1959, Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, yazıçı, publisist – red.) idi.
Bir çox ziyalılar latın əlifbasına keçidin əleyhinə çıxış edirdilər. Cavid Əfəndi “Yeni fikir” qəzetində yazırdı ki, latın əlifbasına tədricən keçilməlidir. Ərəb əlifbasından imtina edilməsinin tərəfdarları isə sovet işğalını Azərbaycanda toy-bayrama çevirən “Bakinskiy raboçiy”, “Kommunist”, “Zəhmət sədası”, “İnqilab və mədəniyyət” (1923-cü ildən nəşr olunan “Azərbaycan” jurnalı o vaxt “İnqilab və mədəniyyət” adlanırdı – red.) kimi mətbuat orqanları idi.
Təmkin Məmmədli: Artıq Azərbaycanda işğalı rəsmiləşdirmiş bolşeviklər 1929-cu ildə nə üçün ərəb əlifbasından kirilə deyil, latına keçilməsinə üstünlük verdilər? Onlar hələ ruslaşdırma siyasətinə hazır deyildilər?
Qərənfil Dünyaminqızı: Bəli, bolşeviklər hələ ruslaşdırma siyasətinə hazır deyildilər. 1928-ci ilin noyabrında Türkiyə də latın qrafikasına keçilməsi ilə bağlı qərar qəbul etdi.
Təmkin Məmmədli: Azərbaycanla Türkiyənin eyni əlifbadan istifadə etməsi Sovet dövləti üçün təhlükə mənbəyi idi.
Qərənfil Dünyaminqızı: Təhlükə var idi. Mən sovet dövrü ilə bağlı tədqiqat aparıram. 1930-cu illərdə nəşr olunan mətbu orqanlarında ərəb əlifbası ilə yanaşı latın qrafikasından da istifadə olunurdu. Latın əlifbası ilə yazılmış sözlərin əksəriyyətini başa düşmək olmurdu. Yəni çox böyük problemlər var idi. Sovet hökuməti bütün gücünü mətbuata vermişdi. Əgər mətbuatda vəziyyət belə idisə, görün kitablarda, dərsliklərdə, dərs vəsaitlərində, proqramlarda nə qədər çətinliklər yaranırdı. Bütün bunlara baxmayaraq bizi kökümüzdən ayırmaq üçün əlifbamızı dəyişdirdilər.
Fuad Babayev: Belə bir deyim var ki, bir köç əməliyyatı üç yanğına bərabərdir. Çünki insan köçəndə mebel, məişət avadanlığı və s. sınır, itib-batır. Əlifbamızın ən azı 3 dəfə dəyişdirilməsinə baxmayaraq biz toplum olaraq elə bil bu zərbəni müəyyən dərəcədə zərərsizləşdirə bilmişik. Siz də bu fikrə şəriksiniz?
Vahid Ömərov: Mən də bu fikirlə razıyam. Çünki demək olar ki, artıq ərəb əlifbası ilə yazılmış ədəbiyyatımızın əksər hissəsi latın qrafikasına keçirilib. Bu yaxınlarda ADA Universiteti 1918-1920-ci illərdə çap olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatını latın qrafikası ilə nəşr edib. Bu çox gözəl təşəbbüsdür. Bu tendensiyanı davam etdirmək vacibdir. Bizim yeganə xilas yolumuz ərəb qrafikası ilə yazılmış bütün ədəbi sərvətimizin özümüzə qaytarılmasıdır. Nəsillər arasında əlaqənin yaranması üçün ərəb qrafikası ilə yazılmış irsimiz bütünlüklə latın əlifbasına keçirilməlidir.2011-ci ildə Xəzər Universitetində İsaxan İsaxanlının “Azərbaycanda latın əlifbasına keçid və Fərhad Ağazadə” kitabı nəşr edilib. Mən arxivdə işləyərkən əldə etdiyim materiallar da bu kitaba daxil edilib.
Fuad Babayev: Hazırda dünyada yaşayan hər dörd azərbaycanlıdan üçü əski əlifba ilə yazıb oxuyur. Cənubi Azərbaycandakı soydaşlarımızla aramızdakı əlifba fərqinin yaratdığı problemi aradan qaldırmaq üçün biz hansı konsepsiya təklif edə bilərik? Bu barədə düşünməyə dəyərmi?
Vahid Ömərov: Bu barədə düşünməyə dəyər.Bizə vurulan ən böyük zərbə millətimizin iki yerə parçalanmasıdır.Ərəb əlifbasından başqa qrafikalara keçidlər fiziki olaraq bir-birinindən ayrılan xalqımızı mənəvi cəhətdən də parçaladı. Bizim yenidən ərəb əlifbasına qayıdışımız qeyri-mümkündür. Yeganə yol Cənubdakı soydaşlarımızın ziyalı kəsiminin xarici dili öyrəndikləri kimi latın əlifbasını da mənimsəməsidir.
Fuad Babayev: Bizdə çağdaş Azərbaycan ədəbiyyatını əski əlifba ilə verən sayt var?
Vahid Ömərov: Yoxdur.
Təmkin Məmmədli: Axar.az saytının əski əlifba ilə yaımlanan versiyası var.
Qərənfil Dünyaminqızı: Axar.az saytı yalnız informasiya verir. Cənubi Azərbaycanda 5-10 ziyalının latın əlifbasını öyrənməsi ilə problemi aradan qaldırmaq mümkün deyil. Bu məsələni həll etmək üçün orada ana dilində qəzet və jurnallar, məktəblər olmalıdır. Məşrutə inqilabı (Cənubi Azərbaycanda 1905–1911-ci illəri əhatə edən Məşrutə (Konstitusiya) inqilabı nəzərdə tutulur– red.) dövründə ana dilində qəzetlər açıldı. Vaxtilə Mirzə Cəlilə də “Molla Nəsrəddin” jurnalını (1921-ci ildə “Molla Nəsrəddin”in Təbrizdə 8 nömrəsi işıq üzü görüb – red.) ana dilində nəşr etməyə imkan vermirdilər. Jurnalın fars dilində çap olunmasını istəyən İran hökumətinə etiraz edən Cəlil Məmmədquluzadə yazırdı ki, Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin “Molla Nəsrəddin”i erməni dilində nəşr edim. Mirzə Cəliln bu sərt münasibəti jurnalın Təbrizdə ana dilində nəşrinə səbəb oldu. Yəni bu qəbildən olan çətinlikləri aradan qaldırmaqla orada ana dilində kütləvi tirajla qəzet və jurnalların nəşri, məktəblərin açılması problemin həllinə rəvac verər.
Fuad Babayev: Mirzə Fətəli Axundzadənin təqdimatında biz ərəb qrafikasını kütlənin savadlanmasını əngəlləyən buxov kimi qəbul etmişik. Amma indi ərəb dünyasında informasiya-kommunikasiya texnologiyaları sahəsində, inşaat və turizm sektorunda kifayət qədər inkişaf etmiş ölkələr var. Əgər bu qrafika həqiqətən inkişafa mane olsaydı ərəb dövlətləri də ondan imtina edərdi. Təcrübə göstərir ki, ərəb əlifbası Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərin iqtisadi inkişafına əngəl olmayıb. Ərəb qrafikası Qətərə “Əl-Cəzirə” kimi telekanal yaratmağa da mane olmayıb. Hazırda “Əl-Cəzirə” “Yaxın Şərqin CNN-i” adlanır. Sizə elə gəlmir ki, Axundzadə ərəb qrafikasını bizə lazım ola biləcəyindən daha qorxulu şəkildə təqdim edib?
Qərənfil Dünyaminqızı: Axundzadə ərəb qrafikasında islahatlar aparılmasını istəyirdi.
Fuad Babayev: Yəni ərəb qrafikası qalır, amma sadələşdirilir.
Qərənfil Dünyaminqızı: Əlbəttə. Şahtaxtlı də ərəb qrafikasının sadələşdirilməsinin tərəfdarı idi.
Vahid Ömərov: Söhbət hərəkələrin (ərəb yazısında saitlərin tələffüzünü göstərmək üçün hərflərin üstünə və ya altına qoyulan işarə -red.) və nöqtələrin götürülməsindən gedir.
Qərənfil Dünyaminqızı: Bəli.1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayı keçirildi.
Vahid Ömərov: 1907-cı ildə də II qurultay oldu.
Qərənfil Dünyaminqızı: Hər iki qurultayda ərəb qrafikasının islahatı ilə bağlı məsələlər müzakirə olundu. Hətta II qurultayda Fərhad Ağazadə (1880-1931, pedaqoq, Qori Müəllimlər Seminariyasının məzunu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist – red.), Abdulla bəy Əfəndizadə (1873-1928, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqoq – red.) və Süleyman Sani Axundovdan ibarət komissiya yaradıldı. Qurultayda əlifba islahatı haqqında qərar verilsə də onu həyata keçirə bilmədilər.
Təmkin Məmmədli: Cümhuriyyət dövründə də əlifba islahatı ilə bağlı qərar qəbul edilmişdi. Sadəcə 1920-ci ilin aprel işğalı buna imkan vermədi.
Qərənfil Dünyaminqızı: Bəli. Axundzadədən üzü bəri əlifba islahatı bizim bütün ziyalılarımızı narahat edən məsələ olub. Onların hər biri öz imkanı daxilində bu problemi gündəmə gətirməyə çalışıb. Mən düşünürəm ki, əgər Cümhuriyyətimizin ömrü qısa olmasaydı, bu problem öz həllini tapacaqdı. Çünki Cümhuriyyət dövründə milli dil və mətbuat məsələlərinə çox böyük önəm verilirdi. Cümhuriyyətə qədər Azərbaycan mətbuatı heç vaxt azad olmayıb. Heç vaxt onun fəaliyyətini tənzimləyən qanun olmayıb. Amma ilk dəfə 1918-ci ilin noyabrında Cümhuriyyət mətbuata azadlıq verdi. 1919-cu ilin oktyabrında “Mətbuat haqqında nizamnamə” qəbul edildi. Yəni o dövrdə milli-mədəni inkişafla bağlı bir çox islahatlar aparıldı. Sadəcə əlifba islahatını aparmağa vaxt çatmadı.
Fuad Babayev: Təbii ki, zamanı geri qaytarmaq mümkün deyil. Amma deyə bilərik ki, ərəb qrafikalı əlifbamız qalsaydı belə bizim inkişafımız üçün problem olmazdı.
Vahid Ömərov: Doğrudur. Hələ 1929-cu ildə “Latınçılar”la mübarizə aparan “Ərəbistlər” qeyd edirdilər ki, əgər bu əlifba həqiqətən çətindirsə niyə ərəb ölkələri ondan imtina etmirlər. “Latınçılar”a müqavimət göstərən “Ərəbistlər” bu qrafikanın tətbiq olunmasında heç bir faciə görmürdülər. Onların fikrincə, əksinə ərəb əlifbasından imtina etməklə biz İslam dünyasından ayrı düşürük. Bizə ən böyük ziyanı kiril əlifbası vurub. Kiril əlifbasının türk dünyası ilə heç bir əlaqəsi yoxdur.
Fuad Babayev: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində əski əlifba neçə semestr keçirilir?
Qərənfil Dünyaminqızı: 1 semestr keçirilir. Amma “Milli mətbuat tarixi” kafedrasında sırf mətbuat tədqiqatı ilə məşğul olacaq tələbələr əski əlifbanın tədrisini davam etdirirlər.
Fuad Babayev: Jurnalistlərimizə əski əlifba tədris olunduğu kimi kiril qrafikası da öyrədilməlidir?
Qərənfil Dünyaminqızı: Əlbəttə. Tədqiqatla məşğul olacaq jurnalistlər həm əski əlifbanı, həm də kiril qrafikasını bilməlidirlər. Misal üçün mənim doktorluq mövzum XX yüzilliyi bütünlüklə əhatə edir (“Azərbaycan mətbuatşünasliğının təşəkkülü və formalaşması (1900-2000)” – red.). Təbii ki, ərəb, latın və kiril qrafikasını bilmədənXX əsrdəki Azərbaycan mətbuatını araşdırmaq qeyri-mümkündür. Xoşbəxtlikdən universitetdən əvvəl əski əlifbanı mənə rəhmətlik Şirməmməd Hüseynov özü öyrətmişdi. Sonra tələbəlik illərində və diplom işimi yazdığım dövrlərdə əski əlifbanı öyrənməkdə davam etdim.
Fuad Babayev: Amma təəssüf ki, indi əski əlifbanı belə bilməyən kifayət qədər tarixçilərimiz var.
Qərənfil Dünyaminqızı: Bizim mətbuat və istiqlal tariximizi yaradan ziyalılarımızın hamısı ən azı 4-5 dil biliblər. Əhməd bəy Ağaoğlunun məqalələri Fransada fransız dilində, Türkiyədə türk dilində, Peterburqda isə rus dilində çap olunurdu. Eləcə də Məhəmmədağa Şahtaxtlının alman dilində yazdığı məqalələr Almaniyanın dövri mətbuatında işıq üzü görürdü.
Fuad Babayev: Əlifba islahatları adlandırdılan fenomen dünyanın başqa xalqlarının da taleyinə yazılıb? Misal üçün bizim qonşularımız ermənilər və gürcülər öz əlifbalarını dəyişməyiblər.
Vahid Ömərov: Gürcü və ermənilərinqrafikası ərəb əlifbasından da çətindir. Amma onlar əlifbalarını dəyişməyiblər.
Fuad Babayev: Onları buna vadar edən də olmayıb.
Vahid Ömərov: Amma SSRİ-də yaşayan türkdilli xalqların hamısının başına “əlifba islahatı” adlı oyunlar açılıb.
Qərənfil Dünyaminqızı: AkademikZiya Bünyadov “Qırmızı terror” kitabında yazır ki, doğrudan bir möcüzədir ki, milləti bu qədər alçaldasan, sındırasan, amma nə onun dilini, nə dinini məhv edə bilməyəsən.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 31 may 2024-cü ildə baş tutub.