Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında müzakirələr aparılıb, mövcud “status-kvo”nun qəbuledilməz və davamsız olduğu vurğulanıb.
- Məmmədyarov Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinə toxunaraq, beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən humanitar xarakter daşıyan bu məsələnin Ermənistan qarşısında qaldırılmasının vacibliyini önə çəkib. O, girovların səhhəti ilə əlaqədar Azərbaycan tərəfinin narahatlığını ifadə edib.
- Salber isə azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan tərəfinin qarşısında qaldırılacağını bildirib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq şəxsin itkin düşdüyünü deyən E. Məmmədyarov qeyd edib ki, Ermənistan humanitar prinsiplərdən çıxış edərək onların taleyi barədə məlumat verməlidir. O əlavə edib ki, DNK analizlər vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə ailələrinə və yaxınlarına onların taleyi barəsində məlumat verilə bilər.
- Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğulayıb.
- Salber isə I Avropa Oyunlarının keçirilməsi münasibəti ilə Azərbaycanı təbrik edib və bu oyunların sülhə, sabitliyə, çiçəklənmə və inkişafa xidmət etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirə aparılıb.