Elmi jurnallar mövzusunda söhbətimizi davam etdirdik. Qonaqlarımız “Gənc Alimlərin Əsərləri” jurnalının baş redaktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov və “Şərq fəlsəfəsi problemləri” jurnalının məsul katibi fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov idi.
Fuad Babayev: Ali Attestasiya Komissiyasının müvafiq siyahısında olmaq sizin jurnallara nə verir?
İlqar Orucov: AAK-ın siyahısında olmaq jurnallara nə verir. Əslində AAK-ın siyahısında olmaq yalnız potsovet məkanında olan bir məsələdir. Bu gün AAK-ın siyahısında olan xeyli jurnal var. Amma bu jurnalların çoxunun beynəlxalq reytinqi yoxdur. Əsas məsələ elmi istinad indeksidir. Bu indeksə düşən Azərbaycan jurnallarından yalnız biri var – Bakı Dövlət Universitetinin Fikrət müəllimin rəhbərliyi ilə çıxan jurnalı. Bir jurnalımız var və təəssüflər olsun ki, bu onu göstərir ki, Azərbaycanda jurnalların səviyyəsi nə vəziyyətdədir. Ali Attestasiya Komissiyasının siyahısına düşmək heç də o demək deyil ki, bu jurnal nüfuzlu jurnaldır. Onun verdiyi üstünlük ancaq ondan ibarətdir ki, tutaq ki, iddiaçılar burada elmi məqalə ilə çıxış edə bilirlər. Bu iddiaçılar elmi işlərini müdafiə edərkən Ali Attestasiya Komissiyası onların qarşılarında tələb qoyur, neçə məqalə olmalıdır. Jurnal AAK-ın siyahısında varsa, o məqalə sayılır. Jurnalın da reytinqi məhz bu səbəbdən avtomatik olaraq qalxır.
Fuad Babayev: Amma belə çıxır ki, yalnız Azərbaycanın daxilində. Rahil müəllim, Siz necə düşünürsünüz?
Rahil Nəcəfov: Mən də öz təşəkkürümü bildirirəm və Sizinlə üz-üzə oturmaqdan məmnunluq duyuram. İlqar müəllim çox gözəl qeyd etdi. Həqiqətən də bu, SSRİ dövründən qalma bir sistemdir. Rusiyanın özündə də AAK sistemi saxlanılıb. Amma bununla bərabər, onlarda hər jurnalın, universitetin öz saytı var. Orada məqalələrin xülasələrini yerləşdirir, onları ingilis dilinə tərcümə edirlər. Beləcə beynəlxalq aləmə çıxırlar və dünyada onlara istinadlar olunur. Bizdə isə belə bir sistem yoxdur.
Fuad Babayev: Antiplagiat sistemi var axı.
Rahil Nəcəfov: Antiplagiat sistemi sadəcə bir proqramdır. Dissertantın əsərini həmin proqramdan keçirirlər, oxşarlıq 11 %-dən çox olarsa, plaqiat sayılır, olmazsa, sayılmır. Odur ki, tərcümələri tuta bilmirlər. İngilis dilindən Azərbaycan dilinə tərcümələri isə heç vaxt tuta bilməzlər. Türkiyədə yüzminlərlə, bəlkə də daha artıq elmi məqalə, kitab hamısı artıq elektronlaşdırılıb və istənilən adamın oradan keçməsi qeyri-mümkündür. Alim yeni bir şey, tədqiqat əsəri ortaya qoymalıdır.
Fuad Babayev: Rahil müəllim, “Şərq fəlsəfəsi problemləri” jurnalının AAK siyahısında olması sizə heç nə vermir?
Rahil Nəcəfov:. Mən öz gücümə o jurnalı bir neçə elmi indeksdən keçirdim. Elmi indekslər də sıra ilədir. Tutaq Thomson Reuters-ə düşənə qədər bir sıra mərhələdən keçilməlidir. Məqalələrin VÖEN nömrələri alınmalıdır ki, müəllif tanınsın, kimsə ona istinad etsin və ingilis dilində geniş xülasə olmalıdır. Bunları mən etdim və bir neçə indeksdən keçdim. Thomson Reuters-dən bizə rəsmi məktub gəldi. Jurnalın işçi heyəti olmalıdır, iki nəfər jurnal çıxara bilməz. Mən və Zümrüd xanım – ikimiz jurnal buraxırıq. Bu çox acınacaqlı vəziyyətdir. Zümrüd xanım çətin vəziyyətdədir, həm yaşadığı şərait baxımından, həm də səhhəti ilə bağlı problemləri var. Özü səhhətinin qeydinə qalmalıdır. Tutaq ki, indi bu dəqiqə jurnalın bir sayını çıxaraq. Çətindir, işçi heyəti yox, büdcə yox. 2003-cü ildən büdcə ayrılır, o da jurnalın çapına ancaq çatır. Tərcüməçilərə pul ayrılmır.
Fuad Babayev: Jurnallarının dövriliyi necədir və texniki səciyyəli problemləri necə həll edirsiniz?
İlqar Orucov: Bizim jurnalımız 2008-ci ildən etibarən ildə iki dəfə çap olunur.
Rahil Nəcəfov: Biz ildə yalnız bir dəfə buraxırıq. Əslində elmi jurnal ildə ya dörd, ya da iki dəfə çıxır. Hərçənd aylıq buraxanlar da var.
İlqar Orucov: Bizim jurnalımızın bir az səhifə sayı çoxdur. Təxminən 400-450 səhifə olur. A4 formatlıdır və 11 şriftlədir. Amma məsələ bundan ibarətdir ki, bizdə jurnalların məqalələri pulsuz qəbul olunur. Yəni biz məqalələrin dərcinə görə pul almırıq. Amma əksər jurnallarda məqalələr səhifə hesabı ilə pulla qəbul olunur. Bizim jurnalın maliyyə dəstəkçisi Gənclər və İdman Nazirliyidir, onların maliyyə dəstəyi ilə biz bu jurnalı çap edirik. Elmi jurnalların çap olunma qaydaları var və bu qaydaları Ali Attestasiya Komissiyası müəyyənləşdirib. Elmi jurnallar mütləq o qaydalara əməl etməlidir. Yəni jurnalda dərc olunmaq üçün müvafiq sahə üzrə mütəxəssisin, elmlər doktorunun rəyi olmalıdır. Amma əslində bu rəy məsələsi də çox formaldır. Çünkü açığını deyim ki, biz bu prosesləri keçmişik və öz təcrübəmizdən də bilirik. Məqalənin müəllifi istənilən bir formada rəy yazıb, onu aparıb elmlər doktoruna imzalatdıra da bilər. Hətta biz tələb edirdik ki, elmi şuraların çıxarışı olsun, amma bu da formal bir şeydir. Lakin həmin çıxarışın alınması əslində o məqalə müəlliflərinə bir qədər çətinlik törətdiyi üçün biz sonradan bu qaydanı dəyişdik. Müvafiq sahə üzrə Akademiyanın müxbir və həqiqi üzvlərindən biri müəllifdirsə, ona rəy tələb olunmur. Tələblərin bu formada qoyulması da əslində absurddur. Xarici jurnallarda elmi istinad indeksi məsələsi var, yəni hansı jurnala nə qədər istinad olunur. Təəssüflər olsun ki, bizim elmi jurnallarımızın böyük əksəriyyəti Biləcəridən o tərəfdə tanınmır. Bu reallıqdır və onu gizlətməyin mənası yoxdur. İldə dörd dəfədən çox, bəzi hallarda isə hər ay çap olunan jurnalların əksəriyyəti əslində biznes struktoru kimi qurulub və məqalələrin səhifəsini 10 manata qəbul edirlər. Elə jurnalları ildə on dəfə də çap etmək olar. Amma orada heç bir keyfiyyətdən söhbət gedə bilməz, əslində onlar üçün keyfiyyət maraqlı da deyil. Onlar üçün maraqlı odur ki, jurnalın sayı çox olsun. Əslində Azərbaycanda elmi jurnallarla bağlı vəziyyət heç də qənaətbəxş deyil. Bütövlükdə hər bir İnstitutun özü maraqlı olmalıdır ki, jurnalı reytinqli olsun. Reytinq olduğu halda həmin institut və ya universitetin də reytinqi qalxır.
Fuad Babayev: Rahil müəllim, belə başa düşdüm ki, İlqar müəllimgilin jurnalının ən azı elementar, primitiv səviyyədə götürsək, maddi problemi yoxdur. Sizdə necədir vəziyyət?
Rahil Nəcəfov: Bizdə jurnalın xərcini Akademiya rəhbərliyi ödəyir. Bizim jurnalın təsisçiləri Akademiyanın Rəyasət Heyəti, Fəlsəfə İnstitutu və jurnalın redaksiya heyətidir. “Şərq fəlsəfəsi problemləri” Zümrüd xanımın ideyasıdır. Amma işçilər üçün ümumiyyətlə məvacib nəzərdə tutulmayıb, ictimai işdir. Bizdə bir neçə dilə tərcümə var – alman, ingilis, ərəb, fars dillərinə. Çünkü jurnalın adı elədir ki, biz məcburuq onu tərcümə etdirməyə. Məqalələr tam tərcümə olunmur, sadəcə bir səhifəlik xülasələr tərcümə olunur. Jurnalda adətən azərbaycanlı aspirantlara, doktorantlara yer verilir. İxtisasdan kənar heç nəyi qəbul etmirik. Yəni sırf Şərq fəlsəfəsidirsə, qəbul edirik. Şərqlə bağlı, fəlsəfə ilə əlaqədar hər hansı bir yazıdırsa və Şərq fəlsəfəsinə aidiyyatı yoxdursa, biz onu qəbul etmirik. Xaricdən məqalələrimiz olur. İrandan, Türkiyədən daha çox olur. Bizə olan elmi istinad sayı olduqca azdır, hərçənd ki, jurnal 1996-cı ildən dərc olunur. Artıq on ilə yaxındır jurnalın saytı var. Zümrüd xanımın uzaqgörənliyi nəticəsində sayt Akademiyadan maliyyələşdirildi və jurnalın saytı yarandı. Buna əsasən bizdə baxış sayı çoxdur. Həddindən artıq məqalələr yerləşdirmişik jurnalın saytına. www.orientalphilosophy.org adlı saytımız var. Milyondan çoxdur artıq bizim baxış sayımız. Sevindirici hal bircə budur. Akademiyanın maliyyə dəstəyi ilə sadəcə tərcümə haqları verilir və qalan məbləğ nəşriyyata köçürülür.
Fuad Babayev: Redaksiyanız harada yerləşir?
Rahil Nəcəfov: Redaksiya deyilən bir şey yoxdur. Zümrüd xanımın evi bizim redaksiyamızdır. Heç Akademiyada qapının üzərində “Şərq fəlsəfəsi problemləri” jurnalı redaksiyası yazılan bir otaq da yoxdur.
Fuad Babayev: İlqar müəllim, bəs Sizin redaksiyanız haradadır?
İlqar Orucov: Bizim redaksiyamız təşkilatımızın ofisi var, oradadır. Amma daha çox bu proseslər elektronlaşdırılıb. Bütün məqalələr elektron formada qəbul olunur. Əvvəllər bizim qaydalar belə idi ki, müəlliflər məqalələrini mütləq həm çap olunmuş versiyada, həm də diskdə təqdim etməli idilər. Amma indi ona ehtiyac yoxdur. Çünkü istər rəylər, istərsə də məqalənin özü skanerdən keçirilmiş, şəkil versiyasında, məqalələr də elektron formatda təqdim olunur. Əslində müəllifin redaksiyaya gəlməsinə ehtiyac yoxdur. Jurnal çap olunduqdan sonra məqaləsi dərc olunmuş hər müəlifə jurnalın bir nüsxəsi pulsuz hədiyyə olunur.
Fuad Babayev: Elmi jurnalın redaktoru, məsul katibi bir status nöqteyi-nəzərindən Sizə nəsə verirmi?
Rahil Nəcəfov: “Şərq fəlsəfəsi problemləri” jurnalına məni Zümrüd xanım dəvət etdi. Mən Zümrüd xanıma böyük ehtiramla yanaşıram. Əslində Zümrüd xanımla çiyin-çiyinə işləməkdən çox böyük fəxr duyuram. Mənəvi cəhətdən qəlbimiz rahatdır ki, indiyə qədər bir adamdan jurnalın çap olunmasına görə pul almamışıq və “xaltura” ilə məşğul olmamışıq. Zümrüd xanım elə bir insandır ki, lap istənilən vəzifəli şəxs də olsa, məqaləsini geri qaytartdırır və istədiyini alana, məqalənin keyfiyyəti yüksələnə qədər onu düzəltdirir. Jurnal tamamilə pulsuzdur, tərcümələr də pulsuzdur və heç bir müəllifdən pul almamışıq. Bu jurnalın məsul katibi olmaq məni qürurlandırır.
İlqar Orucov: Mən qeyd edim ki, bizim jurnalımız 2008-ci ildə mənim şəxsi təşəbbüsüm ilə yaranıb və onun ilk baş redaktoru mərhum Mahmud Kərimov olub. Bir neçə il Mahmud müəllim jurnalın baş redaktoru, mən isə onun müavini olmuşam. Elə öz sağlığında, artıq jurnalımız qaydaya düşəndən sonra təklif etdi ki, bu gənclərin jurnalıdırsa, baş redaktor mən olum, onun özü isə elmi məsləhətçi olsun. Elə o zamandan, təxminən 2010-2011-ci ildən mən bu jurnala baş redaktorluq edirəm. Əlbəttə ki, bu bir ilk idi. Azərbaycanda ilk dəfə olaraq biz belə bir formatı, məhz gənc alimlərlə bağlı bir jurnal yaratdıq.
Gündüz Nəsibov: “Gənc Alimlərin Əsərləri” jurnalında bütün mövzularda, bütün elm sahələri ilə bağlı məqalələr var?
İlqar Orucov: Bəli, bütün elm sahələri üzrə. Bizdə redaksiya heyətinin üzvləri bütün sahələr üzrə əhatə olunub. Eyni zamanda redaksiya heyətinin yarısı beynəlxalq mütəxəssislərdir, xarici ölkələrin alimləridir.
Fuad Babayev: Və bu formal xarakter daşımır?
İlqar Orucov: Əslində formal xarakter daşıyır. Rəy məsələsini deyim sizə. Bizdə yalnız Azərbaycandan yox, müxtəlif ölkələrdən məqalələr qəbul olunur. Tutaq ki, Avropadan da, Rusiyadan da, Ukraynadan, Belorusiyadan və s. Açığını deyim ki, bizim məqalələrdə daha çox problemlər humanitar və ictimai elmlər sahəsindədir. Fizika-riyaziyyat, texnika elmləri bölməsində məqalələr daha yüksək səviyyəlidir. Amma elə də olub ki, bizə tutaq ki, hüquqla bağlı məqalə daxil olub və buna hüquq üzrə sanballı elmlər doktoru, professor rəy verib. Amma baxırsan ki, bir məqalədə dörd şriftdən istifadə edilib. Deməli, kobud desək, məqalə haradansa “kopyalanıb”. Yaxud elə məqalələr olur ki, hətta fon rəngi də qalıb. Humanitar və ictimai elmlər sahələrində təəssüflər olsun ki, bu cür hallar var. Hətta mən nəşriyyatda jurnalımız çap edilən zaman jurnallar görmüşəm ki, məqaləni artıq orada jurnala daxil edirlər ki, pulunu alıblar.
Gündüz Nəsibov: Yaş məhdudiyyəti varmı, məqalələri dərc olunan gənc alimlər üçün?
İlqar Orucov: Əslində məsələ bundan ibarətdir ki, Azərbaycanda dövlət gənclər siyasətinə uyğun olaraq gənclik yaşı 16-29 yaşdır. Amma bizim təşkilatımız Avropa Gənc Alimlər Şurasında Azərbaycanın rəsmi təmsilçisidir. 2011-ci ildən etibarən biz orada rəsmi olaraq təmsilçiyik və bu təşkilatın illik toplantısında iştirak edirik. Ümumiyyətlə, elmdə gənclik yaşı fiziki yaş mənasında nəzərdə tutulmur. Elmdə aktiv dövr hansıdırsa, həmin dövr nəzərdə tutulur. Azərbaycan elminin inkişafı ilə bağlı milli strategiya qəbul olunub. Strategiyada qeyd olunub: “Elmdə 31-42 yaş arası gənclik dövrü sayılır”. Azərbaycanda belə qəbul olunur. Lakin bizim jurnalda hətta olub ki, müəlliflərdən biri tutaq ki, 70-80 yaşlı bir akademikdir. Həmmüəlliflərdən biri gəncdirsə, biz onu qəbul edirik. Düzünü deyim, heç şahidi olmamışam ki, hansısa 70 yaşlı biri bizə məqalə versin. Amma əlli yaşında müraciət edən olur. Biz də imtina etmirik.
Fuad Babayev: İlqar müəllim beynəlxalq məsələyə toxundu. Bu jurnallar xarici analoqları ilə münasibətləri necə qururlar. Sizin xarici analoqlarla ünsiyyətiniz nə yerdədir?
Rahil Nəcəfov: “Şərq fəlsəfəsi problemləri” adında ikinci bir jurnal yoxdur. Amma xeyli fəlsəfə jurnalları var. Halbuki qeydiyyatdan keçmiş fəlsəfə sahəsinə aid olan jurnal var. Onların çoxunda fəlsəfə adı jurnalın adında titul kimi səslənir. Məsələn: East philosophy (Şərq fəlsəfəsi) və yaxud Newsland philosophy var (Islam fəlsəfəsi). Postsovet ölkələrinin çoxu ilə bizim əlaqələrimiz var. Onların bəzilərindən məqalələr də alırıq. Məsələn, Ukraynadan müraciətlər olur. Son iki sayımızda Ukraynadan və Rusiyadan məqalələr vermişik. Bizim alimlərimizdən islam fəlsəfəsi, şərq fəlsəfəsi ilə bağlı məqalələr gəlir. Məqaləni oxuyan kimi görürük ki, bu ya türk dilində hər hansısa məqalədən köçürmədir və yaxud da heç bir yeni fikir yoxdur. Ona görə biz bunları geri göndərməyə məcbur qalırıq. Jurnalda “baryer” olduğundan, bizə müraciət xeyli azdır. İxtisas olaraq dar ixtisasdır. Məqalə sayı hər sayımızda adətən 10-12 olur. Onlardan da biri və ya ikisi azərbaycanlı müəlliflərin ola, ya olmaya. Əsasən xaricilər olur. Əlaqələrimiz yaxşıdır, məsələn, Yaponiya ilə əlaqəmiz var, orada da bu tipdə yeni bir jurnal çıxarılıb və indekslərdən keçib. Biz onlarla elektron poçtla yazışırıq, məqalə, elmi mühazirələr istəyirik. Bir neçə jurnaldan məqaləmiz var. Rusiyanın AAK-ına da müraciət etmişik. Onlarda jurnalların tanıdığı bir sistem var. Müraciət etmişik, orada dəyərləndirilməkdəyik. Amma jurnalın dövrülüyünə baxırlar ki, vaxtlı-vaxtında çıxır, yoxsa yox. Bizdə illik jurnaldır, hələ heç 2016-cı il sayını çıxarıb, üzə qoya bilməmişik. 2016-cı ilin çıxmaması bir yana, 2016-cı il sayı ilə 2017-ni birləşdirmişik. Onu da çıxara bilməmişik. Çox bərbad durumdur. Çünkü bizim jurnalda ərəb dili, fars dili, türk dili məsələləri var. Biz nə qədər bunu özümüz edə bilərik? Bir insanın gücü xaricində olan işlərdir. Ona görə bu iş uzandıqca uzanır. Tərcüməyə göndəririk, tərcümədən bizə məqalə gəlir, görürük ki, tərcümə kifayət qədər ürəyimizcə deyil. Yenidən bir başqa tərcüməçiyə göndəririk. İş uzandıqca, uzanır. Məsələn, pul il yarıdan keçəndən sonra köçürülür. Hər şey bir-birinə bağlıdır. İndi elə zamandır ki, tərcüməçiyə tərcümə etdirirsənsə, onun pulunu vaxtlı-vaxtında verməlisən. Şərq fəlsəfəsini bilən tərcüməçimiz də çox azdır.
Fuad Babayev: Sizə məqalə yazan insanlara tövsiyələrinizi dinləmək istərdik. Ümumiyyətlə, elmi məqalə yazan insana nəyi tövsiyə edərdiniz?
İlqar Orucov: Əgər məqaləni yazan yalnız məqaləsini çap etdirməyi hədəf götürübsə və mənim tövsiyələrim onun xeyrinə deyilsə, bizim jurnalda yox, başqasında onu çap etdirəcək. Ona görə də mənim tövsiyəm daha çox Azərbaycan elminin gələcəyi baxımından ola bilər. İddiaçı məqsədinə çatmaq üçün bir çox üsullara əl ata bilər. Amma məsələ ondan ibarətdir ki,həmin iddiaçının əməkdaşı olduğu müvafiq institut və müvafiq şöbə var. Düşünürəm ki, elmi məqalə ilk növbədə həmin institutun, şöbənin süzgəcindən keçməlidir. Beləcə məsuliyyəti də onlar daşıyardılar. Məhz həmin institut bu məsələyə cavabdehlik daşısa, daha effektiv olar. Biz Azərbaycan elminin gələcəyini düşünürüksə, ilk növbədə elmi məqalənin beynəlxalq tələblərə cavab verməsini və o məqalələrə istinad olunmasının fərqində olmalıyıq. Müvafiq elmi mərkəzlər, elmi-tədqiqat mərkəzləri və yaxud ali məktəblər düşünməlidirlər ki, əgər bu və ya digər müəllifin məqaləsinə istinad yoxdursa, bu fakt əmək haqqında da özünü göstərməlidir. Mən bir qədər kənara çıxıram. Tutaq ki, Amerikada elmə ayrılan vəsaitlər Azərbaycandan 30 dəfə çoxdur. Lakin Amerikada tutaq ki, həmin vəsaitin 10-15%-ni dövlət ödəyir, qalanını biznes strukturları. Həmin mütəxəssis gedib tapmalıdır vəsaiti. Azərbaycanda isə bütün vəsaiti dövlət ödəyir, faktiki olaraq elmi müəssisələri də dövlət özü saxlayır. Amma əslində söhbət ondan getməlidir ki, elmi müəssisə niyə özünü dolandıra bilmir.
Hazırladı: Gündüz Nəsibov, Aydan Abaslı 1905.az