1905.az portalının suallarını İsveçdə yaşayan soydaşımız Eluca Atalı cavablandırır.
– Azərbaycanda doğulmusunuz. İsveçdə yaşayırsınız. Necə oldu ki, güzarınız bu uzaq (bəlkə də yaxın) ölkəyə düşdü?
-Həyat yoldaşım əslən Urmudan olan siyasi mühacirdir, 30 ilə yaxındır İsveçdə yaşayır. Onunla ailə həyatı qurduqdan sonra bura köçməli oldum.
– Fəal ictimaiyyətçisiniz. Yazıb yaradırsınız da. Əsas layihələriniz, əsas işləriniz haqqında danışa bilərsinizmi?
– Əvvəla deyim ki, “fəal ictimaiyyətçi” sözünü öz ünvanıma qəbul etmirəm və bunun təvazökarlığın təzahürü kimi qəbul edilməsini istəməzdim. Üzərimə götürdüyüm işlərin öhdəsindən gəlməyə çalışıram. Konkret olaraq ictimai yöndəki fəaliyyətimin iş prinsipini, xəttini Azərbaycanımız—Azərbaycanlılığımız təşkil edir. Əslində mənə qalsa, bu yöndə hədsiz çox işimiz var, o cümlədən də bir fərd olaraq mənim işim daha dərinə getməlidir. Felin “malı”, “məli” şəkilçisini Vətənlə bağlı əməllərdə heç sevmirəm. Çünki dərinə gedəndə baxıb görürəm ki, başqa millətlərin onilliklər bundan qabaq edib bəhrəsini gördüyü iş üçün biz hələ “etməliyik!” deyirik…
Hal-hazırda bədii yaradıcılığımın xarici dillərə tərcüməsi ilə bağlı tərcüməçilərlə daha sıx əməkdaşlıq edirəm. Yeni başladığım layihə isə Xocalı ilə bağlı bədii sənədli kitabımdır. Kitabın birinci hissəsində Xocalıda fevralın 25-dən 26-na keçən o müdhiş gecədə baş verənlərdən, Livan ermənilərinin bu işdə fəal olmalarından yazmışam. İkinci hissədə isə türk mərhəməti anlayışından danışılır. Əsər özü buz və günəş elementləri ilə başlayır, bu da insan mənəviyyatının dərin qatlarında yatıb görünməyən tərəflərini verməkdən ötrü mənə bir vasitə kimi mahiyyəti açmağa kömək edir.
İsveçdə Livan erməniləri ilə bir məhəllədə yaşadıqdan sonra və həm də ondan artıq iş yoldaşım o məkandandır deyə, bu toplumla bağlı təsəvvürlərim konkretləşib. Bunun kökünün hardan gəldiyini düşünmək mənə çox böyük mövzu verdi. İnsanın xisləti mənfilikdən ibarət deyil. Livan ermənilərinin beyninə yeridiblər ki, sizi tarixi torpaqlarınızdan türklər didərgin salıblar. Bizsə onlara “tarixi torpaq”larının həqiqi sərhəddini göstərməklə kinlərini dağıda bilərik. Haqqında söhbət etdiyim bu kitab dörd dildə: Azərbaycan, türk, ingilis, fars dillərində olacaq. Artıq birinci hissə hər üç dilə tərcümə olunub. Məqsədim bu əsəri dırnaqarası “erməni soyqırımı”nın 100 illiyinə “hədiyyə” etməkdir.
– İsveçdə Azərbaycan necə təmsil olunur? Bizimkilər Vətənimizi təbliğ edə bilirlərmi?
– İki ay bundan qabaq “Kərküklülər-təklənmiş Türklər” publisistik kitabım çapdan çıxdı. Burada diaspor məsələsini –Vətən, torpaq, Azərbaycan və azərbaycanlıların Vətəndən kənarda etməli olduqları işləri şərh etmişəm. Düzünü deyim ki, o kitabın hər sətrini yazanda düşünürdüm ki, bir də bu mövzuya qayıtmayım. Çünki diaspor məsələsindən söz düşəndə özümü gəlindən gileyli qaynana kimi hiss edirəm. Bağışlayın, bu dəqiqə beynimə başqa ifadə gəlmədi. Olan problemi deyirsən, nəticədə müsbət əməl yoxdur. Elə bil hamı oturub qatar gözləyir. O gələcək, minib gedəcəklər, problemi isə sabahkılar həll edəcək. Bizdə elə bil problem dondurma xəstəliyi var, o qalıb bir tərəfdə üzünü yana çevirib gedirsən, nəticədə problem sənsizləşir. Konkret Sizin sualınıza cavab versəm, xaricdə Azərbaycan gərəyincə təmsil olunmur. Azərbaycanı layiqincə təmsil etmək üçün ilk növbədə azərbaycanlılar öz vicdanları ilə hərəkət etməlidirlər. Sözsüz ki, bu yerdə vicdan Azərbaycan üstə köklənməlidir. Əgər xaricdəki təşkilatlarımız arasında tayfabazlıq olmasa, əksinə birlik olarsa, onda Azərbaycanın xeyrinə iş görmək olar. Amma Azərbaycanla bağlı müsbət işlər də az deyil, bunlardan yalnız birini deyəcəm.
2012-ci ildə İsveçin Uppsala kilsəsində bir isveçli jurnalistin ermənilərin sifarişi və yardımı ilə yazdığı sözdə qondarma erməni soyqırımı ilə bağlı kitabın təqdimat mərasiminə bizimkilər də getdilər. Mən gedə bilməsəm də Bakıdan Xocalı ilə bağlı göndərilmiş kiçik məcmuələri və Aygün Həsənoğlunun ingilis dilinə tərcümə olunmuş erməni əsirliyindəki azərbaycanlılarla bağlı kitabını ora göndərdim. Diasporumuzun nümayəndələri həmin materialları orada paylayaraq çıxış edib onları susdurmuşdular. Yeri gəlmişkən bir məsələyə də diqqət etmək istəyirəm, Azərbaycandan dəvət olunmuş insanlarımız bura gəlib balaca bir otaqda azərbaycanlılara Azərbaycanın tarixi hadisələrindən danışıb, şəkil çəkdirib Azərbaycan mətbuatında yayıb, bunu fəaliyyət kimi qələmə vermək xəstəliyindən sağalıb qurtarmalıdırlar. Azərbaycandan gələn nümayəndə heyəti kimliyindən asılı olmayaraq, gəldiyi ölkənin parlamenti, siyasi partiyaları, elm, mədəniyyət xadimləri ilə görüşüb Azərbaycan həqiqətlərini onlara çatdırmalı və işin nəticəsi üçün ardıcıl hərəkət etməlidir. Mən bildiyimi, Azərbaycanda gözümlə şahidi olduğumu niyə Bakıdan kimsə gəlib mənə təkrar danışmalıdır? Bizimkilərsə elə bil Kamyudakı Sizifin ağır daşını dığırlamaqla məşğuldular. Tarixi günlərimiz çatandan-çatana fəallaşmağı qəbul etmirəm, ilboyu iş getməlidir, tarixi gündə nəticə ortaya qoyulmalıdır: qoyulan hədəfə çatılıbmı? – sualına cavab verilməlidir. Tarixi gün ərəfəsində iş görmək, hardasa elə çıxmasın ki, kiməsə var olduğumuzu sübut etmək istəyirik. Onda adamdan soruşarlar, bəs 364 günü hardaydın?
– Adi isveçlini Azərbaycanla maraqlandırmaq üçün nə etmək olar? Ümumiyyətlə, ehtiyac varmı buna?
– “Bizi tanıyıb nə edəcəklər?” sualını verirlər. Mənsə deyirəm, bizi tanımadıqları üçün bu qədər bəla çəkirik. Birinci, digərləri kimi, azərbaycanlılar da yaşadıqları ölkələrdə partiyalara daxil olmalıdırlar, heç olmasa sıravi üzv kimi. Bu zaman həmin partiyada Vətənimizin məlum Qarabağ, Xocalı və s. bu kimi təbliğ etmək istədiyimiz məsələləri qoya bilərik. Azərbaycanlılar yaşayan bütün ölkələrdə, o cümlədən, səfirliklərimiz olan ölkələrdə ( indi əksər ölkədə səfirliyimiz var!) ildə bir dəfə, heç olmasa bir günlük Azərbaycan mədəniyyəti günü keçirilməlidir. Burda musiqimiz, rəqsimiz, kitab mədəniyyətimiz, yemək, ilk başda, həm də məqsəd bu olmalıdır — QARABAĞ guşəsi xüsusi orda nümayiş etdirilir. Azərbaycan xəritəsi asılır, Qarabağla bağlı nə varsa, orda çatdırılır. Belə günlər hansı ölkədə keçirilirsə həmin ölkənin paytaxtında mərkəzi meydanda bu təşkil edilməlidir. Axı elə məkanlara turist axını böyük olur. Burda Qarabağla bağlı hər hansı bir rəngli şəkil üstündə balaca bir hədiyyə paylasaq, gör, nə qədər təbliğat işi görmüş olarıq. Bunu bu və ya digər şəkildə edən xalqlar var. Bizim İsveçdəki Azərbaycan Federasiyası bunu mini şəkildə hər il şəhər meydanında keçirilən Türk Cocuq bayramında edir. Xüsusi çadır açıb, üzərindən Azərbaycan bayrağı asaraq, ora gəlib-gedənlərə balaca Azərbaycan bayrağı, şarların üzərində Azərbaycan rəmzləri və s. paylayır. İnanın, sözlə ifadə olunmayacaq dərəcədə, xüsusi əhval-ruhiyyə yaranır gəlib-gedənlərdə. Bunu ayrıca ölkə adına keçirsək, dünya miqyasında yüksək təbliğat işi görmüş olarıq.
Bizi tanımaq məsələsi ilə bağlı bir hadisədən danışım. 2010-cu ilin 11 martında İsveç parlamentidə çoxluq təşkil edən sosial demokratlar “erməni soyqırımı” məsələsini parlamentdə müzakirəyə qoyub qəbul etdirməyə nail oldular. Türklərin etiraz çağırışına birdən-birə 5 mindən artıq adam meydana yığıldı. Qərara səs verməyən qrup ora gəlib çıxış etdi. Bu hardasa İsveçdə yüz minə yaxın olan türkün dəstəyini qazanmaq demək idi. İsveçin xarici işlər naziri gənc türk təşkilatları ilə görüşdü, baş nazir Türkiyəyə, Konya şəhərinə getdi.
Növbəti seçkidə sosial-demokratlar uduzdular və siyasi şərhçilər bunu həmin partiyanın türklərin əleyhinə iş görüb onların dəstəyindən məhrum olması ilə izah etdilər. Kiçik bir misal, bu il məktəb açılan gün bütün kollektivin içində mənlə ilk görüşən nikaraqualı müəllim məni qucaqlayıb dedi: ”Sən növbəti dəfə Azərbaycana gedəndə mən də səninlə gedəcəm. Azərbaycanın şəkillərini gördüm. Nə gözəldir? Hökmən səfər edəcəm ora.” Bu təbliğatın nəticəsi deyilmi? Demək, Azərbaycanı tanıtmaq lazımdır adi bildiyimiz şəxslərə də.
– 1905.az portalına nəyi tövsiyyə edərdiniz?
– Mən istərdim sizin sayt, əslində burda əməkdaşlıq etmək hər bir azərbaycanlının işi olmalıdır, çünki hər kəs öz yaşadığı ölkədə yerli dildə hər hansı materialı burdan tapıb istifadə edə bilər, bu baxımdan sizlikdən çıxır sayt, ilk əvvəl Qarabağ kitabxanası adı ilə Qarabağla bağlı yazılmış bütün əsərləri toplayıb, sonra onun içindən seçib ən yaxşı sənədli əsəri xarici dillərə tərcümə etdirmək, yaymaq işini görsün. Bu günkü dünya informasiya savaşıdır, görüntülü informasiyaya daha çox üstünlük verilir və yaddaşa tez hopur.
– Minnətdaram. Uğurlar.
Fuad Babayev
1905.az