Türkiyənin Ottavadakı səfirliyinin hərbi attaşesi polkovnik Atilla Altıkatın erməni terror təşkilatı JCAG tərəfindən öldürülməsindən 42 il ötür. O, 1982-ci il avqustun 27-də terrorçuların mənfur hücumu nəticəsində qətlə yetirilib.
AZƏRTAC türklərə qarşı törədilən terror hücumlarının tarixinə bir daha qısa nəzər salır. Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı həyata keçirdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.
Türklərə qarşı terror yolu ilə mübarizə məqsədilə 1975-ci ildə ASALA terror təşkilatı yaradılıb. Türkiyə ilə yanaşı, bəzi ölkələri də hədəfə alan təşkilat ilk dəfə 1975-ci il yanvarın 20-də Dünya Kilsələr Şurasının Beyrut bürosuna hücum həyata keçirib. Digər erməni terror təşkilatı JCAG isə 1975-ci ildə Livanın paytaxtı Beyrutda qurulub. Həmin il oktyabrın 22-də Vyanada Türkiyənin bu ölkədəki səfiri Daniş Tunalıgilin qətlinin məsuliyyətini də məhz ASALA və JCAG terror təşkilatları öz üzərilərinə götürüblər.
1973-cü il yanvarın 27-də ABŞ-ın Santa Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki səfiri Mehmet Baydar və konsul Bahadır Demirin erməniəsilli Qurgen Mıgırdiç Yanıkyan tərəfindən öldürülmələri ermənilər tərəfindən türk diplomatlara qarşı həyata keçirilən ilk sui-qəsd olub. Sonralar Türkiyənin Parisdəki səfiri İsmail Erez (1975), Vyanadakı səfiri Daniş Tunalıgil (1975), Vatikandakı səfiri Taha Carım (1977), Sidneydəki baş konsulu Şarık Aynak (1980), Los-Ancelesdəki baş konsulu Kemal Arıkan (1982), Bostondakı baş konsulu Orxan Gündüz (1982) və Belqraddakı səfiri Qalip Balkar (1983) da erməni terror təşkilatlarının qurbanı olublar.
Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər.
Türk diplomatlarla yanaşı, onların ailə üzvləri və sürücüləri də terror təşkilatlarının hədəfi olublar. Belə ki, Türkiyənin İspaniyadakı səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və sabiq səfir Beşir Balcıoğlu 1978-ci ildə səfirliyə aid avtomobilə silahlı hücum zamanı öldürülüblər. Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbayın həyat yoldaşı Nadide Akbay da eyni şəkildə qətlə yetirilib. Türkiyənin Portuqaliyadakı səfirliyinin əməkdaşı Yurtsev Mıhçıoğlu və onun həyat yoldaşı Cahide Mıhçıoğlu da səfirliyə hücum zamanı həyatlarını itiriblər.
Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən törədilib.
Bundan əlavə, 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən “Türk Hava Yolları”nın Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla, ümumilikdə səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb.
Bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və diasporu erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının, terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldır. Ermənistanın paytaxtı Yerevandakı “Yerablur” dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.