Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı vaxtlarda ərazilərimizdə ekoloji cinayətlər törədib.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.
O bildirib ki, hazırda bu cinayətlər Azərbaycanın Baş Prokurorluğu tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır: “Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq”.
Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: “Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.