Müasir ermənilərin tarixini qədimləşdirmək niyyətində olanların həvəslə istinad etdikləri mənbələrdən biri, e.ə. XIV əsrdə Het dövlətinin şimal vilayəti olmuş Hayasadır.
1966-cı ildə rus dilində nəşr olunmuş “Ermənistan” kitabının müəllifləri erməniləri hayasalıların birbaşa davamçıları hesab edir, “hay” adının da bununla bağlı olduğunu bildirirlər.
Tarixi hadisələrə özünün fantastik yanaşması ilə seçilən S. Ayvazyan Hayasanın erməni dövləti olmasını özünəməxsus şəkildə “sübut” etmişdir. O, Metsamorda aşkarlanmış yazıları e.ə. XIX əsrə aid piktoqrafik yazı kimi təsnifləndirərək, onları erməni dilində oxumuşdu, bundan başqa, guya Metsamor qayaüstü yazıları ilə sinxron olan və üzərində hayasa heroqlifləri həkk olunmuş pulları elm aləminə təqdim etmişdi. S. Ayvazyanın, Ermənistan SSR Elmlər Akademiyasının Xəbərlərində 1964-cü ildə işıq üzü görmüş bu “elmi kəşfi” 1967-ci ildə B. Mkrtıçyan tərəfindən Çexoslovakiyanın “Nеw Огieпt” jurnalında da çap etdirilmişdi. Bütün bunları fantastik adlandıran B. Piotrovski S. Ayvazyan və B. Mkrtıçyanın saxtakarlığını üzə çıxararaq, e.ə. XIX əsrə aid edilən Metsamor yazılarının həqiqətdə ərəb dilində qəbirüstü yazılar olduğunu, yuxarıda qeyd olunan pulların isə, XII – XIII əsrlərdə Azərbaycan Atabəylər dövləti tərəfindən kəsildiyini, orta əsrlərdə geniş yayıldığını bildirmişdir.
Keçən əsrin 70-ci illərində Hayasa ilə bağlı məqalələr çap etdirən V.N. Xaçatryana görə hayasa dili hind-avropa dil ailəsinə aiddir, Hayasa çarları və allahlarının het mətnlərində yer almış və hind –avropa dillərinə aidiyyəti olmayan adları isə alınma ola bilər və bu səbəbdən də, onlar nümunə ola bilməz, lakin müəllif sonradan bu barədəki fikirlərini dəyişərək Hayasa çarları və allahlarının adlarını da erməniləşdirir. V.N. Xaçatryan Hayasa ilə bağlı toponimlərə də müraciət edərək, belə bir nəticə əldə edir: “…Nairi (Hayasa) toponimlərinin erməni paralelləri özündə erməni dilinin elementlərini ehtiva edir. Bu hayasalıların (nairililərin) hay tayfaları olmasına işarə edir”. Şübhəsiz ki, V.N. Xaçatryanın məsələyə yanaşması son dərəcə qüsurludur, çünki onun metodologiyası ilə, yəni qədim toponimlərin müasir erməni dili ilə müqayisə edilməsi yolu ilə elmi həqiqəti bərpa etmək mümkün deyil. Bu məsələyə diqqət yetirən V.A. Şnirelman qeyd edir ki, “Bu, hayasalıların etnik mənsubiyyəti haqqında uzaq gələcəyə yönəlmiş nəticələrin əldə olunmasında onun üçün əsas olmuşdur… Eyni zamanda, nə Caukyan, nə də Dyakonov Ermənistan yaylasında qədim hind-avropa (o ki, qaldı erməni) toponimləri tapmamışlar”. V.N. Xaçatryanın “mənim sözlərimi məqsədyönlü şəkildə saxtalaşdırır” deyən İ.M. Dyakonov onun fikirlərini əsassız hesab edir: “V.N. Xaçatryanın guya “Hayasa” toponimlərinin çoxu qədim Hayasa ilə heç bir əlaqəyə malik deyil – məsələn Qiarnianini, müasir Qarnini götürsə: hansı qədim mənbələrdə bu rayon Hayasaya aid edilir? Heç birində. Onda nəyə görə bu “Hayasa” adıdır, özü də hayasalıların erməni dilində danışdıqlarını bildirən?” Bu bir daha göstərir ki, erməni müəlliflərin saxtakarlığı sərhəd tanımır.
İfrat millətçilik mövqeyində duran R.A. İşxanyan ermənilərin əcdadlarının hələ e.ə. IV minillikdə tarix səhnəsində olduqlarını, e.ə. III minillikdə Akkad hökmdarlarının erməniləri tanıdıqlarını və onları işğal etmək istədiklərini bildirir. Ermənilərə dünyanın ən qədim xalqları sırasında yer verən R.A. İşxanyanın fikirlərini elmdə “inqilab” adlandırmaq olar.
“Hayasa” toponimi ilə “hay” etnonimi arasındakı zahiri oxşarlığı əsas götürən bəzi müəlliflər linqvistik materiallardan özlərinəməxsus şəkildə istifadə edərək, müxtəlif konfiqurasiyalar qurur, mülahizələr irəli sürür, nəyin bahasına olursa-olsun hayları Hayasaya bağlamağa çalışırlar. Q.B. Caukyan qeyd edir ki, “Tədqiqatçıların bir hissəsi erməni dilini hayasa dilinin birbaşa davamı hesab edirlər, lakin nə Hayasa ölkəsinin adı ilə ermənilərin özlərinə verdikləri ad arasındakı uyğunluqdan başqa, bu hipotezin xeyrinə hər-hansı tutarlı arqument gətirmirlər, nə də gətirilmiş faktlar, Q. Kapantsyanda olduğu kimi, bu müddəanın sübutu ola bilməz”.
Q.B. Caukyan hayasa dilinin erməni mənşəli olduğunu 1987-ci ildə bu barədə məqalə çap etdrmiş S. Petrosyan tərəfindən də özünəməxsus şəkildə “sübut” edildiyini bildirir və dərhal da qeyd edir ki, “zəifliyi və arqumentlərin azlığı üzündən bu məqalə sübutedici qüvvədən məhrumdur”.
Hayasa məsələsinə Q.B. Caukyanın özü daha “inandırıcı” üsulla yanaşır, belə ki, hayasa dilinin bilavasitə erməni mənşəli olmasını iddia etməyən bu müəllif, orada ermənilərin “mövcudluğunu” sübut etmək üçün başqa yol tutur. O, Hayasanın etnik cəhətdən rəngarəng olduğunu, müxtəlif dilli tayfalar tərəfindən məskunlaşdırıldığını və ermənilərin bu tayfalardan birini təşkkil etdiyini “sübut” etməyə meylli görünür, lakin faktların buna imkan verməməsi onu ehtimallara əsaslanmağa vadar edir. “Ümumiyyətlə, Hayasanın əhalisi yekcins ola bilməzdi və hett-luviya və frakiya elementləri ilə yanaşı, erməni elementinin olması da mümkündür. Bunu xüsusilə Hayasanın ermənilərin adı ilə bağlı olduğu və hay adının bilavasitə hind-avropa qatından gəldiyi halda ehtimal etmək olar. Bu halda Hayasaya aid bir sıra adların erməni mənşəli olduğunu güman etmək olar”. Fikrini inkişaf etdirən erməni akademik vurğulayır ki, “Əhəmiyyətli sayda Hayasa – qədim Anadolu paralelləri əsasında biz hələ 1961-ci ildə Hayasa dilinin qədim Anadolu mənşəli olması ideyasına gəlmişik, beləliklə o, erməni dilinin birbaşa əsası deyil, onun əsas substratıdır. Hal-hazırda bu fikrin doğruluğuna bizim inamımız tərəddüdlüdür”. Bu tərəddüdün səbəblərindən danışarkən Q.B. Caukyan qeyd edir: “Bizim fikrimiz yalnız, dilin xarakterini müəyyənləşdirərkən heç də həmişə həlledici əhəmiyyətə malik olmayan adlara – antroponimlərə, teonimlərə və toponimlərə – əsaslanır. Erməni dilinin özünün nümunəsi göstərir ki, adlarda başqalarından alınma təbəqə kifayət qədər böyük ola və hətta üstünlük təşkil edə bilər…” və ya “Erməni dilində qədim Anadolu substratı haqqında ehtimal daha çox digər tədqiqatçıların məlumatlarına əsaslanır. Sonradan genetik və qeyri-genetik uyğunluqları ciddi metodika ilə ayıraraq, erməni – het – luviya paralellərinin tərəfimizdən araşdırılması göstərdi ki, erməni dilində dəqiq ayrılan het – luviya təbəqəsi, əvvəllər sona qədər yoxlanılmamış məlumatlar, xüsusilə Q. Kapantsyanın məlumatları əsasında göründüyü kimi, elə də təsirli deyildir”.
Hayasalıların dil mənsubiyyətinin həll olunmadığını bildirən İ.M. Dyakonov xüsusi olaraq vurğulayır ki, “heç bir tədqiqatçı onların erməni dilinə mənsubluğu haqqında əsaslandırılmış məlumatlar təqdim edə bilməz”. Bu baxımdan, Q. Kapantsyan, S. Petrosyan, Q.B. Caukyan və baxışlarına görə bu müəlliflərə yaxın olan dgərlərinin Hayasanı bu və ya digər yollarla ermənilərə bağlamaq cəhdləri uğursuz addımdır və heç bir elmi əsasa malik deyildir.
Yuxarıda qeyd olunduğu kimi, Hayasa Het dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövlətin formalaşdığı ərazinin ən qədim əhalisi elmdə protohetlər adlanır. E.ə. II minillikdə burada, dillərinə görə protohetlərdən fərqli olan və nesitlər (Halis çayından cənubda yerləşən Nesa və ya Neşa ölkə və şəhər adından götürülmüşdür) adlandırılan yeni tayfalar meydana gəlmişdi. Hind-avropa dillərinə yaxın olan nesit dilindəki bir çox söz yunan, latın, qədim hind və qədim slavyan dillərindəki analoji sözlərlə müqayisə oluna bilər. Öz növbəsində, Het dövləti müxtəlif dillərdə danışan protohet, palay, luviya və nesit tayfaları tərəfindən yaradılmışdır. Uzun sürən proses nəticəsində nesit dili önə çıxmış və Het dövlətinin hüdudlarında het-nesit etnik birliyi formalaşmışdır. Bu proseslərdə erməni dilinə və ermənilərə yer yoxdur, çünki onlar bu dövrdə mövcud olmamışlar.
Hayasa və erməni dilləri arasında qohumluq əlaqələri sübut olunmamışdır, “Hayasa” toponimi ilə “hay” etnonimi arasındakı müəyyən uyğunluq belə, bu terminlər arasında üzvi əlaqənin olmasını sübut etmir.[1] Başqa sözlə, ermənilərin, özlərinin olmadıqları dövrdə mövcud olmuş Hayasaya iddia etmələrinin heç bir elmi əsası yoxdur və bu iddia ciddi elmi dairələr tərəfindən rədd edilir.
Aqil Şahmuradov
Tarix üzrə fəlsəfə doktoru
20 oktyabr 2014-cü il
[1] Дьяконов И. М. Предыстория армянского народа. История Армянского нагорья с 1500 по 500 г. до н.э. Хетты, лувийцы, протоармяне. Ереван, 1968, с.211.