…Təhlillərə əsasən, ermənilərin yüz illər boyu sınanmış mənimsəmə texnologiyası mürəkkəb və çoxmərhələlidir: əvvəlcə, mənimsəmə üçün seçilən nümunənin “erməni mənşəyi” barədə “qədim erməni folkloru” səviyyəsində rəvayətlər uydurulur və ölkə daxilində ictimai dövriyyəyə buraxılır.
“Yeniqədim” rəvayət yerli ictimai təfəkkürdə özünə möhkəm yer tutduqdan, kütlə həqiqətən həmin obyektin “erməni kökənli” olmasına inandırıldıqdan sonra kitablara və orta məktəb dərsliklərinə salınır, növbəti mərhələdə isə həmin rəvayətin “təkzibedilməz tarixi faktlara söykəndiyini” əsaslandırmaq üçün “qədim mənbələrin” formalaşdırılması prosesinə başlanılır. Bu mərhələdə bir qayda olaraq, həmin mənbələr “XVIII-XIX əsrlərdə erməni rahibləri tərəfindən üzü köçürülən, orijinal nüsxələri isə 1915-ci il hadisələri nəticəsində it-bata düşən qədim salnamələrdən” ibarət olur. Üçüncü, daha mürəkkəb mərhələdə həmin “qədim mənbələrdəki sitat və faktlar” müxtəlif yollarla xarici müəlliflərin əsərlərinə nüfuz etdirilir. Sonda isə həmin obyektin mənimsənilmədiyini, əksinə erməni mənşəli olmasını göstərmək üçün daha folklor nümunələrinə deyil, nüfuzlu əcnəbi alimlərin əsərlərinə istinad edilir…
Frans Kafka yazırdı: “Hər şey, o cümlədən yalan da həqiqətə xidmət edir”. Hazırda erməni ruhanilərinin, tarixçilərinin, bəstəkar və musiqiçilərinin, xalçaçılarının, hətta kulinarlarının da başqa xalqların maddi-mənəvi irsini necə və hansı üsullarla mənimsəmələri barədə istənilən sayda dəlil-sübut gətirmək olar. Məsələn, müasir erməni tarixçiləri belə hesab edirlər ki, erməni milli dövlətçilik rəmzlərinin təməlini “hüdudları dənizdən-dənizədək uzanan, ümumi sahəsi 400 min kvadrat kilometr olan Böyük Ermənistan dövlətinin” özü qədər möhtəşəm hökmdarı, “I Tiqran Yervanduni” və ya “Yervandidi”, yaxud da “Yerevanyan” (?), eyni zamanda “Böyük Tiqran” (eramızdan əvvəl 560-535- ci illər) qoymuşdu. Üstəlik, onun və törəmələri olan “Ervanilər sülaləsinin” pullarını, şanlı döyüş bayraqlarını və hökmdar taclarını həmişə iki quş və aralarında səkkizguşəli günəş təsvir edilən “milli erməni rəmzi” bəzəmişdi. Halbuki, bu rəmzin daha qədim nümunələrinə, eləcə də əski türk mifologiyası əsasında semantik yozumuna təkcə tarixi Azərbaycan və Anadolu ərazilərində deyil, Mərkəzi Asiyada, Altaylarda, Volqaboyunda da rast gəlirik.
Erməni yazıçısı Raffi (Akop Melik-Akopyan) isə Böyük Tiqranın gerbi barədə fərqli düşüncə sahibidir. Onun fikrincə, Tiqranın bayrağında quşlar deyil, əjdaha təsviri həkk edilmişdir. Xatırladaq ki, bu mifik varlıq saka-skif, hun, Xəzər simvolizminin aparıcı elementlərindən olmuşdu. Eyni zamanda, “Böyük Ermənistan hökmdarının” öz dövlətini ilan rəmzi altında qurması barədə növbəti iddia da onun skif mənşəyini təsdiqləməkdədir. XIX əsrdə yaşamış naməlum erməni rəssamının çəkdiyi şəkil isə daha bir fərziyyə haqqında əyani məlumat verir. Təsvirdən məlum olur ki, eramızdan əvvəl yaşamış “erməni hökmdarı” Orta əsrlərə xas olan əba geymiş, başına bektaşi dərvişlərinə xas baş geyimi qoymuşdu. Maraqlı məqam isə Tiqranın bayrağındakı tanış qartal təsviridir. Həmin təsvirə isə səlcuq, Qızıl Orda hökmdarlarının tuğ və sancaqlarında, metal sikkələrində rast gəlirik. Digər tərəfdən, əgər bu bayraq həqiqətən də “Böyük Tiqrana” məxsus olubsa, görəsən nə üçün məğlub ordunun rəmzi kimi bir kənara, şəkildə təsvir olunan şəxsin ayaqları altına atılmışdı? Yeri gəlmişkən, məhz bu element də şəkildəkinin həqiqətən də “Böyük Tiqran” olduğunu ciddi şübhə altına alır. Odur ki, belə qeyri-müəyyənliklərə görə erməni mənşəli Amerika tarixçisi Riçard Ovanesyan (Riçard Qeybl Hovannisian) yerevanlı həmkarlarına tələsməməyi tövsiyə etmiş və bildirmişdir ki, yervandidilər, o cümlədən bu sülalədən çıxan Böyük Tiqran etnik erməni deyil, “İran mənşəli” hökmdar olmuşdu. Lakin erməni simvol plagiatlığının hansı siyasət səviyyəsində aparılmasının, hansı məqamlarda dəstəklənməsinin ən dəqiq təsdiqi isə Ermənistan Respublikasının dövlət rəmzi, onun gerbidir.
Açığını desək, gerbin estetikasına dair özəl mülahizələrimiz var, lakin zövqlər müxtəlif olduğu üçün onları açıqlamaq fikrindən uzağıq. Amma dövlət və kilsə siyasəti (əslində Ermənistanda onlar arasında fərq şərtidir) səviyyəsində dəstəklənən maddi-mənəvi irs oğurluğunun bariz nümunəsi olan bu simvol struktur etibarı ilə uşaqları əqli cəhətdən inkişaf etdirən əyləncəli “pazl” oyununa – ayrı-ayrı kiçik fraqmentlərdən, başqa xalq və dövlətlərə məxsus rəmzlərdən yığılan qurama təsvirlərə bənzəyir. Belə ki, Ermənistan Respublikası tarixdə ilk dəfə dövlət müstəqilliyinə qovuşandan sonra – 1992-ci ildə qəbul edilmiş bu rəmzin mərkəzində Avropa hərb sənətinə xas olan üçkünc heraldika qalxanı, onun içərisinə isə əbədi erməni yuxusu – Türkiyə ərazisindəki “Ararat (Ağrı) dağı və onun zirvəsinə yan almış Nuhun gəmisi” həkk olunub. Mövzudan yayınmamaq şərti ilə həmin fraqmentə ötəri də olsa, diqqət yetirək. Gerbin müəllifləri – akademik Aleksandr Tamanyan və rəssam Akop Kocoyan görünür çox tələsmişlər: təsvirdə Ağrı dağının ətəklərinin su altında qalmasına baxmayaraq, Nuhun nəhəng gəmisinin torpaq yolla sürüdülərək zirvəyə qaldırılmasının mümkünlüyü bu günədək qədim erməni mexaniklərinin açılmamış sirlərindən biri olaraq qalmaqdadır! Həmin kompozisiyanın ətrafındakı təsvirlərin – etnik tarixdə və təbliğatda “müstəqil erməni çarlıqlarının baniləri” kimi xatırlanan “Baqratilər, Arşakilər, Artaşeslər və Rubenyanlar sülalələrinin rəsmi rəmzlərinin” – bəbir, ikibaşlı qartal, Günəş və iki qartal (digər variantlarda qoşa kəklik), ən nəhayət, aslan təsvirlərinin də əslinə qalsa, nə erməni milli mədəniyyətinə, nə erməni kilsəsinə, nə də etnik dövlətçilik atributlarına aidiyyatı var Gerb müəlliflərinin zəngin yaradıcı təxəyyüllərinə əsasən, həmin qalxanı caynaqları və pəncələri ilə möhkəm tutub-saxlayan qartal (təsvirdə tipik Bizans simvolu) və arxa pəncələri üzərində qalxmış heraldika şiri (Orta əsrlərdə Fransa, İngiltərə, Almaniya və digər dövlətlərin rəmzi) “tarixən erməni dövlətçiliyinin milli simvollarından” sayılmış, semantikaları ilə “erməni xalqına xas olan müdriklik, qürur, səbr və alicənablıq kimi yüksək mənəvi keyfiyyətləri” simvolizə etmişlər. Erməni simvolizminin tədqiqatçısı Samvel Qriqoryan gerbdəki zooloji rəngarəngliyə bəraət qazandıraraq bunları bildirir: “Tarixi Ermənistan ərazisində mövcud olmuş dörd çar və ya kral (!) sülalələrinin rəmzlərinə – heyvan və quş təsvirlərinə görə, bəzən gerbimizi “zoopark” da adlandırırlar. Halbuki, “quşlar şahının” (qartal) və “heyvanların hökmdarının” (şir) rəmzi himayəsi altında olan bu “heyvanxana” (ekspert Ermənistan Respublikasının müasir gerbini nəzərdə tutur) çoxəsrlik erməni monarxiyalarının zəngin tarixini özündə əks etdirir”.
Bu sitatda cənab Qriqoryanın milli təəssübkeşlik hissinə söykənən romantik “erməni monarxiyaları” ifadəsinin həqiqətdən uzaq olması ətrafında elmi dəlil-sübutlar gətirə bilsək də, həmin rəmzlərin bilavasitə erməni xalqının gerçək tarixini özündə əks etdirməsi ilə tamamilə razıyıq və onu əsaslandırmağa çalışacağıq. O ki qaldı heraldik qalxan içərisindəki “milli fauna nümunələrinin” və solyar işarələrin etnik mənsubiyyətinə, onların da erməni simvolizmi ilə bağlılığına dair indiyədək heç bir təsdiqləyici tarixi material əldə edilməmişdir. Yəni, erməni alimlərinin etiraf etdikləri kimi, təsvirlər yalnız və yalnız erməni araşdırmaçılarının ehtimalları, daha dəqiq desək, şəxsi istəkləri əsasında yaradılmışdı. İstinad mənbəyi qismində isə Anadoluda və tarixi Azərbaycan ərazilərindəki qədim tikililərin, o cümlədən Orta əsrlərdə inşa edilmiş məscid binalarının, müsəlman qəbir daşlarının üzərindəki ornamentlər əsas götürülmüşdü. Lakin bəri başdan onu bildirək ki, İrəvan tədqiqatçıları nədənsə, həmin istinad mənbələrinin köklərini müəyyən etməyi “diqqətdən qaçırmışlar”. Köklər isə analoji rəmzlərin təkcə Azərbaycan (o cümlədən Qərbi Azərbaycan), Türkiyə və İran ərazilərində deyil, türk xalqlarının yaşadıqları digər torpaqlarda – Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Özbəkistanda, Xakasiyada, Çuvaşıstanda, Tatarıstanda, Tuvada, Şimali Qafqazda, Krımda və s. ərazilərdə də geniş yayıldığını, həm semantika, həm mifoloji təsəvvürlər, həm də etnik dövlətçilik tarixi baxımından ortaq türk simvolizminin ayrılmaz hissəsi olduğunu göstərir. Onu da xüsusi vurğulamaq istərdik ki, “qədim erməni dövlətçilik rəmzlərinin” nə tarixi mənbələrdə, nə də numizmatik nümunələrdə ilkin təsvirləri yoxdur və Ermənistan alimlərinin etiraflarına görə, həmin simvolların “ilkin görkəmi” XIX-XX əsrlərdə erməni tarixçilərinin səyləri nəticəsində “bərpa olunmuşdu”…
N.Mustafa, A.Qurbanov, E.Əlili “Erməni saxtakarlığı (yalan üzərində qurulan tarix)” kitabından