ATƏT-in Minsk qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Novruz ərəfəsində və bayram günlərində Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlardan, minaatan və qumbaraatanlardan istifadə etməklə qoşunların təmas xəttində gərginliyi xeyli artırıb. Düşmən mövqelərimizi, cəbhəboyu zonada yerləşən kəndləri, eləcə də hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri atəşə tutmaqda davam edib.
Bu günlər ərzində düşmən tərəfindən açılan atəşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində martın 19-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rüstəmov Əsəd Vahid oğlu və martın 20-də isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov Nicat Cəbrayıl oğlu yüngül yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükə yoxdur.
Hər dəfə vasitəçilərin sülh təşəbbüslərinə Ermənistan tərəfinin cəbhədə təxribat törətməklə gərginlik yaratmasının müntəzəm xarakter alması artıq təəccüb hissi doğurmur. Azərbaycan tərəfi vasitəçiləri, bütün beynəlxalq təşkilatları erməni tərəfinin yaydığı dezinformasiyalara uymamağa və onun təxribatlarına müvafiq qiymət verməyə çağırır.
Müdafiə Nazirliyi bildirir ki, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və bundan sonra onun verəcəyi itkilərə görə məsuliyyət hər zaman olduğu kimi Ermənistanın kriminal rejiminin üzərinə düşəcək.