“Kvartet” rubrikasında politoloqlar Tofiq Abbasov və Ceyhun Əhmədli ilə bu günkü söhbətin mövzüsü Ermənistandakı son durum oldu.
Fuad Babayev: Ermənistanda bu dəqiqə baş verən hadisələri necə səciyyələndirmək olar? Orda nə baş verir?
Tofiq Abbasov: Mən elə başa düşürəm ki, Ermənistanda keçid dövrü uzanır, ona görə ki, inqilab orda hələ bitməyib. Bu öz-özlüyündə nadir haldır. Çünki hakimiyyətə gəlmək istəyən, bu iddiada olan qüvvə texniki baxımdan haradasa qarşısına qoyduğu məqsədə nail ola bilib. Amma Paşinyan inqilabının qələbəsi nə dərəcədə daimi və inandırıcı olacaq, onun verdiyi bəhrələr nədən ibarət olacaq, məsələnin müəmmalı tərəfidir. Çünki Ermənistanın siyasi ənənəsi gərginlik, zorakılıq və terror elementlərinə malikdir və bütün bunları onun əzəli və yeni tarixində görmüşük. Bu baxımdan radikal gedişlərin olması ehtimalı hələ sovuşmayıb. Əgər Paşinyanın məqsədi bütün dünyaya erməni inqilabının çox sivil qaydalarla, yüksək etika və mədəniyyətlə başa gəlməsini diqqətə çatdırmaqdan ibarət idisə, amma bundan sonrakı gedişat heç də həmin ənənənin, həmin rejimin qalmasını vəd etmir.
Birincisi, Ermənistanın başı üzərində Qarabağ “domokl qılıncı” var, digər tərəfdən seçkilərdə məğlub olmuş qüvvələr də sakit oturmayıb. Onların da öz aralarında gedişlər var: birləşmə və sair ehtimallar. Ancaq Qarabağ klanı deyilən qüvvə var. Bilirik ki, onların da ən işlək kartı “Qarabağ” kartıdır. Onların istər müharibələrdə, istər etnik təmizləmələrdə azərbaycanlılara qarşı və elə ermənilərin öz sıralarında olan dinc, mötədil qüvvələrə qarşı vəhşilikləri bir şeydən xəbər verir ki, bu ölkədə istənilən məqam vəziyyət dəyişə bilər.
Fuad Babayev: Yəni bu gün Ermənistanda baş verən prosesləri keçid dövrü kimi dəyərləndirmək olar.
Tofiq Abbasov: Bəli, mən bu fikirdəyəm.
Ceyhun Əhmədli: Mən də həmkarımın fikrinə qatılıram, inqilab hələ başa çatmayıb. Onun başa çatması üçün geostrateji reallıqlar Paşinyanın istədiyi formada cərəyan etməlidir. Ermənistanda məxməri inqilab o halda baş tutar ki, sistemli şəkildə, fundamental dəyişikliklərlə müşahidə olunan tam bir dəyişiklik baş versin. Bu gün Ermənistanda Qarabağ klanı hakimiyyətdə olmaya bilər. Yaxud keçmişdə hər zaman bu klana müxalif mövqedə dayanan Paşinyan hakimiyyətdədir, amma bu o demək deyil ki, Ermənistanda bütövlükdə sistematik dəyişikliklər baş verib. Bu dəyişikliklərin baş verməsi üçün geosiyasi baxımdan yanaşmaq lazımdır. Məsələn, bu gün Paşinyan iqtidarı avrointeqrasiya yolu tutmaq istəyir. Əslində inqilabdan sonrakı dövrlər üçün təbii sayılmalıdır. İstənilən rəngli inqilabdan sonra, istər Gürcüstan olsun, istər Ukrayna, avrointeqrasiya yolu tutmaq normaldır. Amma Ermənistanda bu gün bu mümkün deyil. Ona görə ki, Ermənistan Azərbaycanla müharibə şəraitindədir, Türkiyə ilə sərhədlər bağlıdır.
Fuad Babayev: Və Rusiyadan çox asılıdır.
Ceyhun Əhmədli: Rusiyadan çox asılıdır. Məsələn, Ermənistanın iqtidaryönlü mediasında qeyd olunan məlumatları deyirəm: Ermənistan iqtisadiyyatının 85 faizi Rusiya şirkətlərinin nəzarəti altındadır. Ermənistanın Milli Statistika Komitəsinin yaydığı məlumata görə bu gün Ermənistanda təqribən 2.5 milyon, Rusiyada 3 milyon erməni yaşayır. Yəni bu, demoqrafik baxımdan da Ermənistanın Rusiyadan asılılığı deməkdir. Daha sonra hərbi baxımdan Rusiyadan asılılıqdan danışmalıyıq. Ölkənin sərhədləri belə Rusiya tərəfindən müdafiə olunur. Ermənistanda 40-cı illərdən bu yana 102 saylı hərbi baza fəaliyyətini davam etdirir.
Doğrudur, Paşinyan bu gün Ermənistanda anti-Rusiya ovqatı yaratmaqla həmin bazanı yaxın illər ərzində bağlamaq üçün Moskvaya tələb irəli sürə bilər. Və bu gün Ermənistanda anti-Rusiya ovqatının yaranmasının əsas səbəbi Paşinyanın xalqından bir legitimlik almaq istəyidir. Çünki Paşinyan sabah Rusiyanın təsir dairəsindən çıxmaq barədə qəti fikir ifadə edərsə, xalqın dəstəyinə çox ehtiyacı olacaqdır. Qeyd edim ki, yanvarın 12-də Gümrü şəhərində Rusiya əleyhinə böyük mitinqlər, küçə nümayişləri həyata keçirildi. Çünki ayın 12-si həm də Permyakov cinayətinin baş verməsinin 4 illiyi tamam olurdu və Ermənistanda bir sıra siyasi qüvvələr məhz həmin gün öldürülmüş süpürgəçi erməni qadının da məsələsini qabardıb Rusiya əleyhinə mitinq həyata keçirdi.
Bütün bunlar ona əsas verir ki, Ermənistanda mövcud sistemin dəyişilməsi üçün Paşinyan hələ çox çalışmalıdır. Parlamentə daxil olan qüvvələrin də nisbətinə baxsaq görərik ki, bu qüvvələr Paşinyan üçün cib müxalifəti rolunu oynayacaq partiyalardır. Məsələn, “İşıqlı Ermənistan” partiyası vaxtilə parlamentdə Paşinyanla eyni blokda təmsil olunan partiyadır. 2017-ci ildə Paşinyan “Vətəndaş müqaviləsi” adlanan bir partiya ilə ilk dəfə Ermənistan parlamentində təmsil olunma hüququ qazanmışdı və həmin vaxt “İşıqlı Ermənistan” partiyası da Paşinyanla birlikdə parlamentə daxil olmuşdu. Bu onu deməyə əsas verir ki, seçkilərdə qələbə qazanmış partiyalardan biri faktiki olaraq Paşinyanın öz şinelindən çıxıb. “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Çarukyan biznesmendir. Və biznesmenlər daha çox hakimiyyətdə olan qüvvənin istədiyi siyasəti, ritorikanı ifadə etməyə çalışırlar. Bu baxımdan bu gün Ermənistan parlamentində 30 faiz müxalif qüvvəni təmsil edən qüvvələr elə özü də Paşinyanın siyasətini bu və ya digər formada dəstəkləyən qüvvələrdir. Bu baxımdan hesab etmək olar ki, Ermənistanda nə seçki keçirilməyib, nə də hazırkı siyasi sistem demokratik təəssürat bağışlamır.
Fuad Babayev: Hazırda demək olar ön səhnəni tərk etmiş, amma çoxumuzun tanıdığı və vaxtilə məşhur olan Qleb Pavlovski bu yaxınlarda təxminən belə fikir ifadə etmişdi ki, Qafqazda məxməri inqilabların ömrü az olur və vəziyyətdən çıxış yolu müharibədədir. Ermənistanda baş verən hadisələr Qarabağ probleminə hansı təsir göstərə bilər?
Tofiq Abbasov: Ermənistanın bəlası ondan ibarətdir ki, bütövlükdə bu millətin elitasının, o cümlədən siyasi elitasının təxəyyülü xəstədir. Çünki bunların arasında “gəlin Azərbaycanla kompromis axtarışına qatılaq” demək istəyənlər var, amma burada ümumi despotizm olduğundan həmin o fikri səsləndirə bilmirlər. Özləri də başa düşürlər ki, Qarabağ avantürası bunlara nə dərəcədə baha başa gəlir. Faktiki olaraq bütün ölkə və xalq həmin o avantüranın girovuna çevirib. Əlbəttə, Paşinyan da bunu gözəl başa düşür, amma o buna özündə cəsarət tapıb deyə bilərmi ki, “gəlin Azərbaycanla barışığa gedək”, “gəlin kommunikasiyaların açılması naminə dialoqa başlayaq”, və yaxud “gəlin beş rayonu qaytaraq, sonrasına baxarıq”? O bunu deyə bilmir.
Mehman İbrahimov: Bəlkə 2-3 ildən sonra bunu deyə bilər? Hələ dayaqları möhkəm deyil.
Tofiq Abbasov: Biz nə qədər gözləməliyik? Bəlkə 13 ildən sonra dedi? Səfilyan və komandası uduzdu. Bunlar azərbaycanlıların qanını tökən, özlərini qəhrəman kimi qələmə verən dırnaqarası cəngavərlərdir. Keçdilər ki, Bako Saakyanı yavaş-yavaş yerindən tərpətsinlər və orada ikinci dayaq nöqtəsi yaratsınlar. Bu haqda mətbuatda çıxış etmişəm. Faktiki olaraq orada Fələstinlə Qəzza bölgəsinin variantı oynanılır.
Paşinyanın qələbəsini birinci gündən inamlı qələbə saymıram. Əvvəla çox konsensus da olmadı. Cəmi əlli faizə qədər adam iştirak edib və bu əlli faiz iştirakçının 70 faizinin səsini qazanıb. Bunu inamlı, möhtəşəm qələbə adlandırmaq olmaz. Kövrək qələbədir. Amma məsələ burasındadır ki, insan hərəkətində həmişə irəli baxır, qabağa gedir. Bir də var ki, geriyə baxa-baxa inamsız gedir və yerişində də büdrəmələr olur. Bu baxımdan Ermənistandakı despotizmi, daşnak ruhunu, barbarlığa, qaniçənliyə meyli bəzi hadisələrdən də görmüşük: Parlamentdə atışma, Ter-Petrosyanının devrilməsi, qanlı mart hadisələri, əsgərlikdə, orduda, hüquq-mühafizə orqanlarında zorakılıq. Bunu öz mətbuatları yazır. Ona görə də böyük bir boşluq var. Yerlərində qıc olub qalıblar: nə irəli gedə, nə də geriyə çəkilə bilirlər. Məsəl üçün seçki öncəsi Paşinyan nə qədər vədlər verdi: biz iqtisadi sıçrayışa hazırlaşırıq, mənim bütün proqramım, planlarım hazırdı və sairə. Nəyin hesabına? Paşinyan artıq seçkiyə gələ-gələ gördü ki, Rusiya ilə bu nömrə keçməyəcək. Ona görə Düşənbə və Sankt-Peterburq sammitlərində, əsasən də Düşənbədə, İlham Əliyevlə qısaca danışığı oldu, Putinlə daha çox danışdı. Orada ona anlatdılar ki, çaşma, sən ölkəni Qərbə tərəf döndərə bilməyəcəksən, bunu sənə icazə verməyəcəyik. Paşinyan ordan qayıdandan sonra onun ab-havası dəyişdi.
Təbii ki, burada Amerikanın da, Avropanın da marağı var. Paşinyan Avropa İttifaqına getməzdən əvvəl oradakı səfirlərin hamısı ilə görüşürdü, məsləhətləşmələr aparırdı, təlimatlar alırdı.
Heç kəsə sirr deyil ki, bu, baş verənlər prinsip etibarı ilə məxməri inqilab idi. Orada Sorosun da, erməni təşkilatlarının da əli olub, özünün müsahibəsində iki-üç dəfə ağzından qaçırdıb ki, bəs bizim sıralarımızda meydanda olanlardan çoxu xaricdə yaşayan ermənilərdir. Onlar elə-belə gəlməmişdilər. Litvadan, Gürcüstandan gələnlər var idi. Orda təkcə ermənilər olmayıb. Bunlar məlum həqiqətlərdir. Və çıxış yolu burada nə ola bilər? Siyasi aləmdə qətiyyət bir nömrəli faktordur. Paşinyanda bu qətiyyət yoxdur. Oğlunu da girov kimi Qarabağa göndərib ki, Qarabağ klanı ona inansın. Paşinyan torpaqların qayıtmasını gündəmdən çıxarmaq istəyir, amma bunu edə biləcəkmi? Yox. Ona görə də Qleb Pavlovski bunu deyir. Yəni çıxış yolu yoxdur. Qleb Pavlovski erməni xislətinə çox gözəl bələddir. Yəni bu dalandır.
Fuad Babayev: Və müharibə ola bilər.
Tofiq Abbasov: Məncə olacaq. Çünki Azərbaycan buna nə qədər möhlət verə bilər? May ayında Serj Sarkisyanı devirib hakimiyyətə gəldi. Mayda bir ili tamam olacaq. Müharibə variantını istisna etmirəm.
Ordumuzun sıralarında, xüsusi ilə elit hissələrdə böyük ruh yüksəkliyi var. Həm inam var, həm texnika, həm də məsələ çiban kimi yetişib, partlamalıdır.
Ceyhun Əhmədli: Siz müharibə ehtimalından danışdınız. Bu gün Paşinyanı iki vacib məsələ narahat edir: birinci, özünü Rusiyaya sədaqətli bir dövlət başçısı kimi göstərmək və bununla Moskvanın sanksiyalarından yayınmaq. Bunu onun ritorikasından da açıq şəkildə hiss edirik. Putinin onu hələ də təbrik etməməsinə baxmayaraq, Paşinyan seçkilərdən sonra ilk xarici səfərini Rusiyaya etdi. Bundan əvvəl də Rusiyaya bir neçə dəfə səfər etmişdi. Bütövlükdə bu, Moskvanı neytrallaşdırmaq xarakteri daşıyan cəhdlərdir. Paşinyanı narahat edən ikinici məqam Dağlıq Qarabağdakı qondarma rejimin Qarabağ klanının təmsilçilərindən ibarət rəhbərliyidir.
Indiki məqamda, 2019-cu ildə Qarabağda hərbi əməliyyatların başlaması Paşinyanı qətiyyən qane edə bilməz, çünki müharibə heç bir halda onun direktivləri, göstərişləri ilə aparılmayacaq. Qarabağ klanı bilirik tapşırıqları kimlərdən alır.
Fuad Babayev: Bəs Qarabağ klanını Paşinyanının iradəsindən kənar hərbi əməliyyatlara başlayıb Paşinyanı fakt qarşısında qoysa necə?
Tofiq Abbasov: Bako Saakyan əvvəlcə Paşinyanla yola getmədi, sonra məcburən ona yaxınlaşdı ki, mənə təhlükə var, gəl ikimiz bir yerdə olaq. Saakyanı onlar artıq devirməyə hazır idilər. Bako Saakyan Paşinyana arxa çevirmişdi. O zaman başa düşməyə başladı ki, əgər onlar gəlsə onu yox edəcəklər. Yaxşısı budur ki, Paşinyana yaxınlaşsın, onunla bir konsensus tapsın və birləşsin.
Fuad Babayev: Kimlər gəlsə ?
Tofiq Abbasov: Səfilyan və müharibə veteranları. Səfilyan deyir ki, Azərbaycana bir qram da torpaq verməyəcəm.
Fuad Babayev: Məgər onlar Saakyanla ideya müttəfiqi deyil?
Tofiq Abbasov: Sözdə. Amma artıq parçalanmalar var. Orada vəziyyət gərgindir.
Fuad Babayev: Yəni o qədər gərgindir ki, Paşinyan Saakyana “Yerkrapa”nın adamlarından daha yaxındır?
Tofiq Abbasov: Nəyə görə? Çünki orada bunlar siyasi tablonu sıfırlamaq istəyirlər ki, təzə qüvvələr ortaya çıxsın. Səfilyan özü də Rusiyapərəst deyil. Əksinə, Rusiyanın qatı düşmənidir. Orada bir neçə şaxələr var ki, hər biri vəziyyətdən istifadə etmək istəyir
Mehman İbrahimov: Məsələ siyasi hakimiyyət məsələsidir.
Ceyhun Əhmədli: Qarabağ və İrəvan erməniləri arasında düşüncə fərqi var. Məsələn, Paşinyan özünə yaxın siyasətçini Dağlıq Qarabağa gətirsə belə, oradakı ermənilərin maraqları ilə hərəkət etməlidir. Dağlıq Qarabağ erməniləri isə münaqişə ilə bağlı daha radikal mövqeyə malikdirlər. İndiki situasiyada müharibənin başlanması Paşinyan üçün sonun başlanğıcı ola bilər və əksinqilabi proses məhz müharibə başlandığı təqdirdə ola bilər. O ki, qaldı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli perspektivlərinə, 2018-ci il ərzində həm beynəlxalq səviyyədə Azərbaycanı qane edən bir sıra hadisələrin şahidi olduq: ölkəmizin ərazi bütövlüyü NATO-nun Brüsseldə keçirilən sammitində, elə həmin ərəfədə Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetlərinin təsdiqləndiyi sənədlərdə tanındı. Bu yaxınlarda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qətnamədə də ölkəmizin ərazi bütövlüyü tanınmışdır. Ermənistan iqtidarının bu gün atdığı irrasional addımlar: Rusiyanın maraqlarını nəzərə almadan avrointeqrasiya yolu tutmaq, ölkədə anti-Rusiya ovqatını körükləndirmək, bütün bunlar Ermənistanı daxildən vura bilər.
Cənubi Qafqazda Rusiya üçün hər iki respublika yaxın ölkə hesab olunur və Azərbaycana Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində açıq şəkildə dəstək verməməsinin səbəbi də bu olubdur. Amma indi geosiyasi reallıqlar dəyişib. Ermənistandakı iqtidar anti-Rusiya mövqelidir. Nəzərə alaq ki, postsovet məkanında ümumiyyətlə, Rusiyanın mövqeyi zəifləyib: Qazaxıstanda rus dilinin qadağan olması ilə bağlı məsələ gündəmdədir, Belarusla Rusiya arasında iqtisadi problemlər ortaya çıxıb, Ermənistanda vəziyyət, Gürcüstan, Ukrayna… Bu baxımdan Rusiyanın münaqişənin həlli prosesində açar ölkə olduğunu nəzərə alsaq, 2019-cu ildə Azərbaycanın maraqları çərçivəsində Moskvanın siyasi gedişlərinin şahidi ola bilərik. Bu da bizim üçün əlverişlidir.
Tofiq Abbasov: Burada çox incə bir məqam var. Hazırda Ermənistan başsız qalmış bir subyektdir. Əvvəla subyektliyinin özü də zəifdir, kövrəkdir. Digər tərədən ölkəninin üstündə Qərb və Rusiya arasında mübarizə gedir. Qərb birinci mərhələni udub. Çünki küçə və meydanlar qərbyönlü şüarlar altında rusiyapərəst hakimiyyəti devirdilər. Ona görə ki, Rusiya bütün postsovet məkanında ictimaiyyətlə, vətəndaş cəmiyyəti ilə deyil, elitalar ilə işləyir, qərblilər isə əksinə QHT-lər, vətəndaş cəmiyyətləri, ictimai qurumlarla işləyirlər. Ona görə də camaat axışdı küçələrə. Orada internet texnologiyasından istifadə olundu, şüarların çoxunu bunlara xaricdən ötürürdülər. Rusiya indi anlayır ki, onun yuxarılarda mövqeyi möhkəm, amma aşağıda, cəmiyyət içində çox zəif idi. Ona görə də Sarkisyan hakimiyyəti əldən verdi. Rusiya da indi vaxtı uzadır, revanş almaq istəyir. Başa düşür ki, Paşinyan hakimiyyətə gəlsə də, onun hakimiyyəti saxlayıb möhkəmləndirmək üçün o qədər də imkanı yoxdur. Çünki Paşinyan nə qədər desə də, mən sizə bunu söz vermişəm, iqtisadi baxımdan bizim üçün zəmin var, soruşmaq lazımdır ki, bəs hanı. Əgər ölkənin kommunikasiyalarının demək olar ki, hamısı blokadadırsa, hansı iqtisadi sıçrayışdan danışırsan? Ona görə Rusiya başa düşür ki, bu adam “çəkiclə zindan arasında”dır. Nə qabağa gedə bilir, nə də arxaya. Amerika da hadisələri diqqətlə izləyir. Nahaq yerə ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistanda yerləşməyib.
Mehman İbrahimov: Bəs nəyə görə Ermənistanı tam ələ keçirə bilməyəcəyi halda ABŞ ona bu qədər pul xərcləyir?
Tofiq Abbasov: Amerikanın məqsədi odur ki, orada dayaq nöqtəsi olsun. Siyasətdə belə bir şey var: “ardıcıllıq”. Xüsusilə də bu anqlo-saks siyasətinə xas olan ənənədir. 1918-ci ildə müharibə qurtarar-qurtarmaz Amerikanın səfiri gəlib Naxçıvanda oturmuşdu ki, ermənilərin payı böyük olsun. Sonra o, vəziyyətlə yaxından tanış olduqdan sonra anlamışdı ki, bura həqiqətən əzəldən erməni torpağı deyil. Amma zorən buranı ermənilərə verməyə çalışırdı. Amerika səfiri il yarım ərzində burada olub, bir dəfə hətta gedib sonra xüsusi missiya ilə geri qayıdıb. Həmin “ardıcıllıq” indi də davam edir. Yəni Amerikanın Ermənistana niyə böyük marağı var? Paşinyan bu yaxınlarda dedi ki, biz Türkiyə ilə heç bir şərt sürmədən barışmağa hazırıq. Bu da Qərbin planıdır. Qərb nəyin bahasına olur olsun, Qarabağ məsələsinin şərt olmadan həllinə çalışır. Əgər biz deyirik ki, bölgəmizin açar dövləti Azərbaycandır, amma Amerikanın ölkəmizə bu qədər investisiya qoymağına baxmayaraq, onun üçün Türkiyə, İran, Rusiya və Şərqə gedən yol olaraq açar dövlət Ermənistandır. Ona görə Amerikanın marağı böyükdür və indi Amerika ilə Rusiya arasında Ermənistan mücadiləsi gedir. Doğrudur bu fəal fazada deyil, postseçki fazasındadır, amma orada hər iki tərəfdən potensiallar yığılır. Baxaq görək ermənilərin özünün nəyə gücü çatacaq.
Ceyhun Əhmədli: Mən həmkarımın Amerika Birləşmiş Ştatlarının Ermənistanı özünə daha yaxın hiss etməsi fikri ilə müəyyən qədər razı deyiləm. Bu tezis məncə hazırkı reallıqları tam əks etdirmir.
Tofiq Abbasov: Burada bir şey var. Amerikaya lazımdır ki, postsovet məkanında hakimiyyətdə olan elitalar zəif olsun. Onların marağı budur. Azərbaycanın bəzi məsələlərdə yox deməsi bunları qane etmir. Kondaliza Raysın bir tezisi var idi: “elitaların hakimiyyətdə tez-tez dəyişdirilməsi”. Onlara bu ölkələrdə güclü lider lazım deyil.
Ceyhun Əhmədli: Mən məsələyə geosiyasi və geostrateji konteksdən yanaşmaq istərdim. Birləşmiş Ştatlar Azərbaycan iqtisadiyyatına bu gün milyardlarla dollar investisiya yatıra bilər, yaxud Cənub Qaz dəhlizini dəstəkləyə bilər. İndiki şəraitdə bu, ABŞ-ın maraqlarına uyğundur, çünki söhbət Azərbaycanla Avropanın, Şərqlə Qərbin bir-birinə qovuşmasından gedir. Düşünürəm ki, bu, daimi bir prosesdir və 5-10 ilin layihələri deyil. Bzejinski öz əsərlərində həmişə qeyd edir ki, Amerika Birləşmiş Ştatları İranla həmişə düşmən ola bilməz. Qlobal siyasi ambisiyalara sahib bu ölkənin əsas marağına uyğun 1991-ci ildə Vankuverdən Vladivastoka qədər geniş ərazini əhatə edən NATO konsepsiyası ilə çıxış etmişdilər. Məqsəd odur ki, Şərqə doğru genişlənmə prosesi getsin. Bu genişlənmə Azərbaycan kimi strateji mövqeyə malik ölkə olmadan mümkün deyil. Söhbət Rusiya ilə İran sərhəddində yerləşən ölkədən gedir və bundan sonra da ABŞ-ın Azərbaycana maraqlarının davamlı olacağı qənaətindəyəm.
Ermənistanda isə ABŞ çoxdandır möhkəmlənməyə çalışır. Hətta Rusiyanı narahat edən məqamlardan biri Ermənistanda ABŞ-ın biolabaratoriyalarının olmasıdır. İstisna deyil ki, həmin laboratoriyalarda ABŞ hərbi qulluqçuları da olsun. Bu o demək deyil ki, Birləşmiş Ştatlar Ermənistana daha çox dəyər verir. Bilirik ki, Ermənistan Rusiyanın əsas dayaq nöqtələrindən biridir. Rusiya Gümrü şəhərindəki 102 saylı hərbi bazanı NATO-ya qarşı yerləşdirib. Bu, Amerika üçün maraq kəsb edir.
Bir də 2019-cu illə bağlı “Stratfor”un hesabatı dərc olunmuşdu. “Stratfor”un hesabatları gözardı edilməməlidir. Hesabatda qeyd olunur ki, 2019-cu ildə ABŞ ilə Rusiyanın dünyada qarşıdurma yaşayacağı məkanlardan biri də Ermənistan olacaq. Doğrudur, orada Azərbaycanın maraqlarına cavab verməyən məqamlar də var idi, amma hər halda bu, Ermənistan ərazisinin yaxın gələcəkdə Rusiyaya qarşı bir geosiyasi platsdarm kimi ABŞ tərəfindən istifadə olunacağını deməyə əsas verir.
Fuad Babayev: Sarkisyan indi hardadır?
Tofiq Abbasov: Ermənistandadır. Amma Sarkisyanın reytinqi Köçəryandan üstündür. Həm də ona daha çox ilıq münasibət var. Amma Köçəryana münasibət ictimai qüvvələr arasında yaxşı deyil.
Ceyhun Əhmədli: Amma Qarabağ klanı arasında Köçəryanın adı birinci yerdədir. Putinlə münasibətinə görə də əsas fiqurdur.
Ermənistanda anti-Rusiya ovqatının yaradılması Qərbdən gələn sifarişdir. Dekabrın 2-də 57 yaşlı süpürgəçi qadın öldürüldü, həmin hadisəyə görə rusiyalı hərbçinin məsuliyyətə cəlb edilməsi ictimaiyyətə dekabrın 11-i açıqlandı. Məqsəd o idi ki, Paşinyan 9 dekabra qədər seçkiləri problemsiz başa vursun və ona görə həmin cinayət hadisəsi ilə əlaqədar olaraq rusiyalı hərbçi həbs olunmadı. 11 dekabrda, seçkilərdən 2 gün sonra Paşinyanın qələbəsi tam qəti olandan sonra, o artıq belə bir siyasi qərarın verilməsi lüzumunu hiss elədi. İstənilən halda həmin qərar siyasi idi. Əgər hüquq-mühafizə orqanları müstəqil şəkildə araşdırma aparsaydılar onu seçki ərəfəsində həbs edərdilər. Bu qərar söz yox ki, ABŞ-dan, ya Qərbdən gəlmiş göstəriş əsasında verilmişdi. Bu gün Rusiya əleyhinə nümayişlərin keçirilməsi onu deməyə əsas verir ki, Ermənistanda ciddi siyasi proseslər gedir.
Rusiya Ermənistandan asanlıqla əlini çəkməyəcək. Bu ölkə Rusiya üçün NATO sərhəddidir. Tarixən Rusiyanın Qarabağ münaqişəsinin həlli istiqamətində qəti addımlar atmamasının səbəbi də məhz Ermənistanın NATO ilə sərhəddə yerləşməsi və bu ölkədə Rusiya hərbi bazasının olmasından qaynaqlanır.
Tofiq Qbbasov: Sovet dövründə belə bir anlayış vardı: Ordunun cənub istiqaməti.
Fuad Babayev: Qəbələ RLS-də tərkib hissəsi idi.
Tofiq Abbasov: 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiyanın Qafqazda imkanlarının nə dərəcədə zəif və kövrək olması özünü göstərdi. Ruslar üçün bu “dırnaqarası” sürpriz idi. Ruslar anladılar ki, ümumiyyətlə, onların Cənubi Qafqazda mövcudluğu sual altındadır və onlara burada güclənmək lazımdır. Ona görə Rusiyaya birinci, İranla yürüstü əlaqənin olması lazımdır, ikinci, 102-ci hərbi baza Ermənistandan çıxmasın, üçüncü, Rusiya Armavir stansiyasından Cənubi Afrikaya qədər bütün mənzərəni göz önündə saxlayır.
Rusiyanın əsas problemi Amerikadır. 1987-ci ildə Qorbaçov ilə Reyqan arasında orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında saziş imzalanmasından sonra demək olar ki, Rusiya dayandı. Orada bir incəlik var idi. Söhbət hansı raketlərdən gedirdi? Yer üzündə olanlardan. Hər iki tərəf buna qol çəkdi. Dünyada ən böyük donanma Amerikanındır. Onlar Rusiyanı tamamilə əhatə etdilər.
Bu yaxınlarda Xəzər dənizindən kalibr raketləri ilə Suriyanı vurması ilə Rusiya göstərmək istədi ki, bizdə də silahlar var. Rusiya hazırda Tartusda hərbi bazasını gücləndirir. Çünki ABŞ-ın 6-cı donanması Aralıq dənizindədir və onlarda da o raketlərdən var. Həmçinin Barens dənizində bir port tikirlər. Rusiya artıq özünü Amerikadan sığortaladı. Ona görə amerikalılar üçün əsas məsələ, harada və nəyin bahasına olur-olsun: Baltikyanı, Cənubi Qafqaz, Türkiyə və sair, öz fiziki mövcudluqlarını Rusiyanın bilavasitə sərhədlərinə daha çox yaxınlaşdırmaqdır.
Ceyhun Əhmədli: Soyuq müharibə başa çatdıqdan sonra Rusiya rəhbərliyi belə bir konsepsiya hazırlamışdı ki, ölkənin müdafiəsi üç xətt üzrə qurulmalıdır. Birinci, öz sərhədləri, sonra postsovet ölkələri, daha sonra isə Avropa istiqamətində Şərqi və Mərkəzi Avropa ölkələri. Moskva üç çevrə üzərində müdafiə strategiyasını qurmağa çalışırdı. Birinci xətt elə oldu ki, 90-cı illərin ortalarında dağıldı, Şərqi və Mərkəzi Avropa ölkələri yavaş-yavaş NATO-ya üzv olmağa başladılar. Daha sonra keçmiş sovet ölkələri: Ukrayna, Gürcüstan, bu gün Ermənistanda da bu proses gedir, yəni ikinci xətt də dağılmağa başladı. Bu gün qüvvələr balansına baxsaq, hərbi potensial baxımından müəyyən eyniliklər ola bilər, amma geosiyasi anlamda ABŞ Rusiyanı çox üstələyib. Suriyada Rusiyanın iki hərbi bazası ola bilər, amma Amerika Birləşmiş Ştatlarının 22 bazası var. Bunu heç deyən yoxdur.
Tofiq Abbasov: Rusiyanın son istehsal etdiyi raket həm nüvə, həm də termonüvə başlığı daşımağa qadirdir. Nə qədər bazası olursa olsun, amerikalılar vuruşan deyillər. Niyə İrana hücum etmədilər? Çünki Pentaqonun gizli qrupu monitorinq apardı, Ağ evi də, Pentaqonu da məlumatlandırdı ki, uduza bilərik. Niyə İran özünə bu qədər arxayındır? Amerikanın körfəzdə zərbə qrupu var, bundan savayı Əl-Cəfər, Küneytrə bazası var. İran bunların hamısını ballistik raketlərlə vurmaq iqtidarındadır. Ona görə Amerikadan qorxmurlar.
Ceyhun Əhmədli: Bu gün rəsmi Moskvanın Ermənistanla bağlı şübhələri qalmaqdadır. Moskva Ermənistana, Paşinyana inanmır. İndiyə qədər Putinin Paşinyanı təbrik etməməsi də bunu deməyə əsas verir. Belə bir ehtimal var ki, Cənubi Qafqazda Ermənistanın yerini Azərbaycan ala bilər. Ermənistan demək olar ki, Cənibi Qafqazda Rusiyanın bir vilayəti, quberniyası rolunu oynayır, hər halda Azərbaycan bu rola getməz. Azərbaycanın həm beynəlxalq münasibətlər sistemindəki yeri, həm də regional siyasətdə oynadığı rolu bunu deməyə əsas verir ki, o Cənubi Qafqazda heç vaxt Ermənistanı Rusiya üçün əvəzləməyəcək. Amma 2019-cu il ərzində münaqişənin həlli istiqamətində Azərbaycanın maraqlarına cavab verə bilən müsbət proseslərin şahidi ola bilərik.
Bu il nəsə aktivlik olmalıdır. Çünki Qarabağ klanının təxribatı fonunda cəbhədə vəziyyətin gərginləşməsinin şahidi ola bilərik.
Tofiq Abbasov: Faktiki olaraq zaman Paşinyanın zərərinə işləyir. Sən deyirdin ki, seçkiyə gedirəm. Seçkiyə getdin, qələbə qazandın, indi sən daimi baş nazir olası bir adamsan. Portfelində elə bir işlək mexanizmin yoxdur ki, deyəsən ki, filan istiqamətdə filan qədər irəliləyişimiz olub, Qarabağ məsələsində bunu əldə edə bilmişik. Yəni, bu adam yalnız vəd verməkdən başqa bir iş görməyib. Onun böyük iş görməsi üçün güclü komandası olmalıdır. Paşinyanın hakimiyyətə onunla birgə gəlmiş komandası var: bunlar üç partiyadır, amma onların hamısı “piyada”lardır, komandada xarizmatik adamlar yoxdur. Paşinyanın özü də xarizmatik deyil. Erməni cəmiyyəti istəsək də, istəməsək də şərq tipli cəmiyyətdir və xarizmaya da fikir verir. Paşinyan artıq soydaşlarında elə bir təəssürat yaratmır. Artıq meydana qaçıb, camaatı ora yığıb, onlara söz demək mexanizmini də yavaş-yavaş qiymətdən salır. Paşinyanın imkanları getdikcə tükənir. Yəni indi vəd vermək, ideya irəli sürmək yox, cəmiyyəti, onun işgüzar qüvvələrini hərəkətə gətirmək lazımdır.
Fuad Babayev: Çox minnətdaram. Bu günkü maraqlı söhbət üçün sizə bir daha təşəkkür edirəm.
Hazırladı: Mehman İbrahimov, 1905.az