Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “#Evdə qal, şeir söylə” IV bədii qiraət müsabiqəsi başa çatıb.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə bu il sərbəst mövzuda keçirilib. Təşkilat komitəsi koronavirus pandemiyasının yayılması ilə əlaqədar sosial təcrid tədbirləri və karantin şərtlərini nəzərə alaraq müsabiqənin onlayn rejimdə keçirilməsini qərara alıb. Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının müəllimləri – Əməkdar artist, dosent Azad Şükürov, dosent Nadir Hüseynov, Əməkdar artist, dosent Mahirə Yaqubova, Xalq artisti Mehriban Zəki, Əməkdar artist, dosent Ağalar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva və Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızından ibarət münsiflər heyəti birinci mərhələdə 31 tələbədən 24-nün növbəti mərhələyə keçməsini məqsədəuyğun hesab edib.
Nitqin səlisliyi, aydınlığı, heca və məntiqi vurğuların düzgün ifadəsi, sözaltı mənanın çatdırılması, jest, mimika, səs tonu kimi meyarların əsas götürüldüyü müsabiqədə birinci yerə Teatr sənəti fakültəsinin tələbəsi Fərid Bağırov layiq görülüb. Laureat final mərhələsində Əliağa Kürçaylının “Qəzəb” şeiri ilə çıxış edib. İkinci yerə Musa Yaqubun “Buraxma məni” şeirini səsləndirən “SABAH” qruplarının II kurs tələbəsi Sabirə Abdullayeva çıxıb. Müsabiqənin 3-cü mükafatına isə Teatr sənəti fakültəsinin və “SABAH” qruplarının III kurs tələbələri Sərxan Kərimli (Bəxtiyar Vahabzadə “Hörümçək tor bağladı”) və Rəşid Mikayılov (Mikayıl Müşfiq “Bu görüş”) layiq görülüblər.
Dilarə Nəzərova Teatr sənəti fakültəsinin, Azər Məmmədov və Sənan Kazımov isə Səhnə danışığı kafedrasının xüsusi mükafatını qazanıb. Bundan başqa, 6 tələbəyə müsabiqənin diplomları, digərlərinə isə iştirakçı sertifikatı veriləcək.
Müsabiqədə yer tutan tələbələri dəyərli hədiyyələr, diplom və pul mükafatı gözləyir. Müsabiqənin bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi karantin rejimi bitdikdən Bakı Kitab Mərkəzində təntənəli şəkildə keçiriləcək.