Ezop lap qədim dövrlərdə yaşamış bir insandır. Təmsillər yazarmış.
Dəhliz də elə dəhlizdir. Və dəhlizlər müxtəlif cür olur.
Dəhlizlərin içində Stiven Kinqin əsəri əsasında çəkilmiş məşhur “Yaşıl mil”dəki dəhliz kimi qorxulu olanı da var, valyuta dəhlizi kimi adı adi adamlara heç nə deməyən dəhlizlər də. Əslində, valyuta dəhlizi Darabontun çəkdiyi filmdəki dəhliz qədər qorxuludur bəlkə də. Amma, biz bunu bilmirik.
Sizə haqqında söz açacağım dəhliz isə sadəcə olaraq maraqsız dəhlizdir.
Və mən bu dəhlizi Ezop dəhlizi adlandırmaq qərarına gəlmişəm. Niyəsini indi deyəcəyəm.
Ezop deyilənlərə görə çox ağıllı, hazırcavab bir adam olub. Məşhur “Ezop dili” ifadəsi də boş yerdən yaranmayıb ki? Ezop dili ilə nəsə deyirsən, həm ürəyin boşalır, həm də dediklərinə görə səni cinayət məsuliyyətinə cəlb eləmək mümkün olmur.
Bizim atalar sözləri də pis deyil.
Məsələn, məşhur “Nə şiş yansın, nə kabab” deyimini götürək.
Ya da, əslində yaxşı səslənməyən “Yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal” deyiminə diqqət yetirin.
Ezop dəhlizi şişin yanması ilə kababın yanması kimi divarlar arasında olan dəhlizdir. Ya da bığla saqqal arasında olan dəhliz. Amma, bu dəhlizdən kənara çıxmamaq şərtilə yazılan və yaxud deyilən də getdikcə daha az adam tərəfindən dəstəklənir.
Auditoriyanı əhəmiyyətli dərəcədə genişləndirmək istəyirsənsə, təqribən Üzeyir Mehdizadənin dillər əzbəri olan mahnılarındakı konkretliklə yazmalı və danışmalısan. Məsələn, bu şəxsin “O mənim olmalıdır” mahnısında səslənən fikirlərin konkretliyi insanı valeh etməyə bilməz. Yəqin elə ona görədir ki, 2-3 gün bundan əvvəl sənətçinin Lənkəran şəhərində keçirilən konsertinə 2 000 adam buraxılmayıb. “Qafqazinfo” xəbər verib ki, “buna səbəb konsertin keçirildiyi məkanın 1000 nəfər tamaşaçı tutumuna malik olması idi. Konsertdə iştirak edə bilməyənlər Üzeyiri istirahət mərkəzinin ətrafından izləməli olublar.”
Bax belə.
Ezop dəhlizi bu minvalla gedəcək tarixin arxivinə. Heç zoometaforizmlərə də ehtiyac qalmayacaq. Və təmsillərdə bol-bol istifadə edilən gözəl sözlər istifadəsiz qalacaq. Mən qorxu içində həmin günü gözləyirəm.
İndinin özündə də, Ezop dəhlizindən keçməklə mənzil başına çatmaq çox çətinləşib.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
12 avqust, 2013-cü ildə www.avciya.az portalında dərc edilib