Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvarı ötən əsrin ən faciəli hadisələrindən biridir. Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini aşağılamaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin qoşunları Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilmiş, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış dinc adamlar qəddarcasına qətlə yetirilmişdir. İmperiya qüvvələri öz qanlı hakimiyyətlərinin ömrünü uzatmaq üçün azadlıq istəyində olanlara qarşı etdiyi haqsızlıqlar və vandal hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətənpərvər insanların, xüsusilə də Heydər Əliyev Fondunun böyük xidmətləri var.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində reallaşmışdır. Özündən əvvəlki rəhbərlərdən fərqli olaraq bu məsələyə xalqın mənafeyi baxımından yanaşan ulu öndər Heydər Əliyev 1994-cü il yanvarın 5-də “ 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” fərman imzalamışdır. Adı çəkilən sənəddə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə aparılan müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla da, Azərbaycan xalqının taixinə qanla yazılan 20 Yanvar hadisələri barədə əsl həqiqətlər dünya ictimaiyyətinə təqdim olundu. Bu həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondu və onun xarici ölkələrdəki təmsilçiləri, eləcə də səfirliklərimiz böyük işlər gördülər. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfranslar, simpoziumlar, yığıncaqlar, sərgilər, görüşlər təşkil edilir, kitablar, foto-albomlar və broşürlər dünya ictimaiyyətinə çatdırılır. Bu tədbirlərdə Sovet İttifaqının dağıldığı dövrdə öz dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəbləri, ermənilərin, onların havadarlarının məkrli siyasəti ictimaiyyətə bir daha açıqlanır. Həmin günlərdə məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qətliamın günahkarlarını ifşa etdiyi xatırlanır. Bu görüşlərdə xüsusilə vurğulanan məqamlardan biri də budur ki, həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, bizimlə həmrəy olan millətlər və xalqlar o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətlərini bildirirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyənin ən nüfuzlu elm ocaqlarından birində, Bursa şəhər rəhbərliyinin də iştirak etdiyi konfransda Bursa Universitetinin professoru Göksəl İşyar və dosent Barış Özdal əsrlər boyu ermənilərin Azərbaycanda və Anadoluda törətdikləri qırğınlardan, o cümlədən 20 Yanvar və Xocalı faciələrindən ürək ağrısı ilə söz açmış və sovet qoşunlarının dinc əhaliyə qarşı qətliamını əsl cinayət adlandırmışlar. Sonda konfrans iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Xalqımızın qan yaddaşında əbədi yaşayan 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü kimi Azərbaycanla həmrəy olan ölkələrdə geniş qeyd edilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu cinayət hadisəsi bütün dünyaya tarixi faktlar və həqiqətlər əsasında çatdırılır.
20 Yanvar faciəsi şəhidlərinin xatirəsi qonşu Gürcüstan azərbaycanlılarının sıx yaşadığı rayonlarda da hər il böyük ehtiramla anılır. Bolnisi Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bolnisi Rayon İcra Hakimiyyətinin iclas salonunda 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgilər nümayiş etdirilir. Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsini ehtiramla yad edirlər.
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində isə “20 Yanvar Şəhidləri Bulağı”nın açılışı olub.
20 Yanvar faciəsi hər il ABŞ paytaxtında və onun ştatlarında da qeyd edilir. İldönümlə əlaqədar keçirilən mərasimlərdə çıxış edənlər 20 Yanvarın hər bir azərbaycanlının yaddaşında həkk edilən tarix olduğunu vurğulayırlar.
Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin tökülən qanı xalqımızın siyasi iradəsini daha da möhkəmlədərək ölkəmizin suverenliyi uğrunda başlanan hərəkatı sona çatdırmışdır.
Həmin tədbirdə çıxış edən ABŞ-dakı Azərbaycan diasporu fəallarından Həbib Azərsina 1990-cı ilin yanvarında Bakıda baş verənlərin ABŞ mediasında necə işıqlandırılması barədə xatirələrindən danışmışdı. Onun sözlərinə görə, sovet hakimiyyətinə müqavimətin qaynar nöqtələrindən biri kimi Azərbaycanda milli hərəkatın güclənməsi 20 Yanvara qədər daim “Vaşinqton Post”, “Nyu-York Tayms”, “LA Tayms” və digər nüfuzlu mətbuat orqanlarının baş səhifəsində yer alırdı: “Qara Yanvar hadisələri isə elə həmin gün bir çox telekanalların xəbər proqramlarında başlıqlardan birinə çevrilmişdi. O zaman Amerikanın ən baxımlı CBS kanalının axşam xəbərləri proqramı verilişini Bakıdakı qanlı hadisələrə həsr edilən materialla açmışdı. Bir neçə dəqiqəlik süjetdə Azərbaycanın xəritəsi, sovet qoşunlarının paytaxt şəhəri Bakıya hansı istiqamətlərdən və necə hücum etməsi, əsgərlərin dinc nümayişçilərə atəş açması, günahsız insanları qətlə yetirməsi barədə ətraflı məlumat verilmişdi”.
Həbib Azərsina əlavə etmişdi ki, ABŞ-da yaşayan azərbaycanlılar o zaman bu hadisələri böyük həyəcanla izləyirdilər: “Bakıda axıdılan qan həmvətənlərimizə dərin kədər hissi yaşatsa da, Vətənlərinin müstəqilliyi uğrunda mübarizəsi hər bir Amerika azərbaycanlısını həm də ruhlandırmışdı. Vaşinqtonda yaşayan azərbaycanlılar dərhal təşkilatlanaraq o zaman Ağ evin yaxınlığında yerləşən SSR-i səfirliyi qarşısında etiraz aksiyası keçirmiş, “Qızıl Ordu günahsız insanları qətlə yetirir”, “Sovet qoşunları Sovet vətəndaşlarına qarşı” kimi şüarlar səsləndirmişdilər”.
Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da hər il yanvar hadisələri barədə məlumatlandırma kampaniyası aparılır. ABŞ-ın federal və yerli hakimiyyətlərinə, ictimayyətinə və mətbuata Qara Yanvar hadisələri ilə bağlı minlərlə məktub göndərilir. Bu səylərin nəticəsində tarixi hadisələrə həsr edilən məqalələr Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatının yerli qəzetlərində dərc edilir.
Azərbaycan-Amerika Şurası və Amerikanın Azərbaycan Cəmiyyəti hər il birgə bəyanatla çıxış edərək Amerikada yaşayan azərbaycanlıları Qara Yanvar qəhramanlarının və şəhidlərinin əziz xatirəsini anmağa çağırırlar.
Avropa ölkələrində də 20 Yanvar faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir, dinc əhaliyə qarşı törədilən qətliam pislənilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir.
Bu sahədə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyəti var. Həmin layihələrin icrası çərçivəsində bütün yaradıcı qurumlar və dövlət orqanları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında özünəməxsus uğurlara imza atırlar.
Rəhman SALMANLI,
Ağaəli MƏMMƏDOV (foto)
azerbaijan-news.az