AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli ilə ortaq türkcədən danışdıq.
– Ümumiyyətlə ortaq türkcə nə üçün lazımdır?
– Əvvəllər bir-birini yaxşı anlayan Orta Asiya, Anadolu, Azərbaycan, Volqaboyu və s. türk xalqları son iki əsrdə bir-birini anlamamağa başladılar. Ortaq türk dilinin də ortaya çıxmasına zərurət bir-birimizi artıq əvvəlki tək anlaya bilməməkdən irəli gəlir.
Iki əsr bundan qabaq İsmayıl bəy Qaspıralı (Qasprinski – /1851 – 1914/ — əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi – red.), hətta bizim “Molla Nəsrəddin”çilər və digərləri arasında ortaq cəhət çox idi və bir-birini daha yaxşı anlayırdılar. İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzeti (1883-1918 – illərdə nəşr olunub – red.) ilə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını demək olar ki, əksər türk xalqları anlayırdılar. Doğrudur, karluq, qıpçaq, yaxud oğuz türkcələri arasında fərqlilik həmişə olub, bu da daha çox orta əsrlərdə türk-monqol dövlətlərinin yaranması ilə baş verən proseslərdən başlayıb. Amma hər halda XIX əsrin sonları XX əsrin əvvəlləri orta əsrlərdə olduğu kimi olmasa da bir-birimizi yaxşı anlaya bilirdik. Mənim fikrimcə, başda Böyük Britaniya olmaqla qərb dövlətləri, o cümlədən müəyyən qədər də çar Rusiyası bir neçə məsələdə “parçala və hökm sür” siyasətini yürütmüşlər. Birinci məsələ dil məsələsi olmuşdur. Böyük Britaniyanın “dırnaqarası əməyi”ni qeyd etməmək olmur. Çünki o, ortaq türk dilini parçalamaq üçün xeyli iş gördü. Çar Rusiyası isə I Pyotrun dövründən bu işə başladı və XIX əsrdə onu daha da gücləndirdi.
– Türk dillərinin bir-birindən uzaqlaşmasına daha hansı səbəbləri əlavə edərdiniz?
– Bu səbəblərə, həmçinin türk dövlətlərinin, əsasən də Osmanlı imperiyasının zəifləməsini aid etməliyik. Məsələn, biz XVI-XVII əsrlərdə daha yaxşı anlaşırdıq, amma XIX əsrdə bir-birimizi anlamaq bir az çətinləşdi. Mən bütün günahları Böyük Britaniya, yaxud çar Rusiyasının üzərinə yıxmaq istəmirəm. O zaman Anadolu türkləri dillərinə Osmanlı dili deyirdilər. Çünki o, üç dilin: türk, ərəb və fars dillərinin sintezi idi. Sözlərin, kəlmələrin çox hissəsi ərəb, ya farsca idi, sözlərin sonluğu və bəzi kəlmələr isə türkcə idi. Qeyd edək ki, burada söhbət elmi dildən, saray dilindən gedir. Ancaq Anadolu xalqının, xüsusilə Şərqi, yaxud Orta Anadoluda, Türkiyənin müəyyən hissələrində danışdığı dil həmişə eyni olub, bu gün də eynidir. Amma etiraf edək ki, Türkiyə Cümhuriyyəti qurulandan sonra təhsil və tədrisin dili müəyyən dəyişikliklərə yol açdı. Türkiyə təhsilində “gəliyorum”, “gediyorum”, “əvət” və s. tədris olunursa, bu o demək deyil ki, Türkiyə ərazisində “bəli”, “hə” və s. deyənlər yoxdur. Deyənlər yenə də vardır. Amma rəsmi tədris sözün sonluğunda və bəzi kəlmələrdə dəyişiklik etmişdi və onlar bu cür deməyə məcbur idilər. Eyni zamanda Türkiyənin Diyarbəkir, Mardin, Qars, İğdır, Ərzurum, Dənizli, Sparta, Ədirnə və bir çox yerlərində yenə də Azərbaycan türkcəsinə yaxın danışıq dili mövcuddur. Bunu Cənubi Azərbaycanda, yaxud Xorasanda yaşayan soydaşlarımız haqqında da deyə bilərik. Pəhləvilər İranda hakimiyyət başına gətirildikdən sonra, orada türk dilinə qarşı yeni bir mərhələ başladı. Rza şah Pəhləvi (İran şahı – 1925-1941 – red.) hakimiyyəti türk dilini qadağan etdi. Digər tərəfdən cənublu soydaşlarımızın dilində fars kəlmələri daha üstün səviyyəyə gətirildi. Azərbaycanın quzeyi də Rusiya tərkibində bu cür təsirə məruz qalıb və bu gün də xalqımızın danışıq dilində rus kəlmələri yer alır.
– Ortaq türk dili deyirik, bəs bu dil hansı əraziləri əhatə edir? Aydın məsələdir ki, ortaq türkcə türk xalqları üçün nəzərdə tutulub, amma bu dil macarları da əhatə edirmi, yaxud yakutlar da bu türkcədən istifadə edə biləcəkmi?
– Əvvəlcə aydınlaşdırmaq lazımdır: ortaq türk dili dedikdə nəyi nəzərdə tuturuq? Bunun özü hələ tam aydın deyil. Müxtəlif fikirlər var ki, hansı dilin əsasında ortaq türk dili yaradılsın: Türkiyə, ya Azərbaycan türkcəsi, yoxsa özbək, qazax və s. türkcələrin əsasında. XIX-XX əsrlərdə bəzi təkliflər olmuşdu, xüsusilə keçən əsrin əvvəllərində İsmayıl bəy Qaspıralı, Ziya Gökalp (1876-1924 – Türkiyənin məşhur ictimai xadimi, şair – red.), Əli bəy Hüseynzadə (1864-1940 – Azərbaycan ədibi, filosofu, ədəbiyyat tənqidçisi – red.) və başqaları müxtəlif təkliflər irəli sürmüşdülər. Əli bəy Hüseynzadə və tərəfdarları türk xalqları arasında İstanbul ləhcəsini ortaq türkcə elan etmişdilər. Faktiki olaraq Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzeti, “Füyuzat” dərgisi və digərlərində Osmanlı ləhcəsi işlənirdi. O zaman hətta Anadoludan Azərbaycana gəlib İstanbul ləhcəsini təbliğ edən insanlar da vardı.
Bu gün həmin İstanbul ləhcəsi çox dəyişib. Bayaq dediyim kimi, Istanbul ləhcəsi 3 dilin əsasında yaranmışdı, amma Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, ərəb və fars sözlərini qədim türk sözləri və ya türkcəyə uyğun yeni sözlər yaratmaqla əvəz edərək yeni Türk dili formalaşdırdılar. Doğrudur, sonralar Türkiyə türkcəsinə fransız, alman, ingilis dillərindən çoxlu əlavə sözlər daxil oldu, amma bunlar yeni texnologiyalar və s. ilə bağlı idi.
Etiraf edək ki, günümüzdə Türkiyə türkcəsi daha çox ortaq türkcə rolunu oynayır. Mən bir çox simpoziumlarda, konfranslarda və s. yerlərdə iştirak etmişəm və görürəm ki, qazax, özbək, türkmən, tatar və digər türkdilli xalqların danışığında Türkiyə türkcəsi üstünlük təşkil edir. Burada da son yüz ildə Türkiyə Cümhuriyyətinin müstəqil dövlət kimi mövcudluğu müəyyən mənada öz təsirini göstərib. Digər səbəb kimi bir çox türk xalqlarının müxtəlif ılkələrin ərazisində yaşamaları göstərilə bilər. Doğrudur bəzi türkdilli xalqlar müstəqillik əldə edib öz dövlətini yaratdılar, amma bu xalqlar da ya öz dillərini inkişaf etdirməklə məşğuldular, ya da rus dilinin təsirindən qurtulmağa çalışırlar. Bu gün özbəklər, qırğızlar, qazaxlar, tatarlar, başqırdlar və s. xalqlar xeyli dərəcədə rus dilinin təsirinə məruz qalıblar. Eləcə də Güney Azərbaycan, Xorasan, Qaşqay türkləri də fars dilinin, uyğur türkləri isə Çin dilinin təsiri altındadır. Belə olan halda ortaq türkcə deyəndə meydanda nə görürük? Türkiyə türkcəsinin üstünlüyü bir reallıqdır, həm də bu üstünlük yalnız elm və təhsil ilə kifayətlənmir. Türkiyə türkcəsi hal-hazırda İraqın şimalındakı Kərkük türklərinə, İrandakı türklərə, bir çox hallarda bizə də öz təsirini göstərməkdədir. Türkiyə türkcəsinin ortaq türkcəyə çevrilməsi mümkünlüyü daha çoxdur.
Bizim türkcəmizi XX əsrin əvvəllərində iki qrupa ayırmışdılar: qərb türkcəsi və şərq türkcəsi. Biz qərb türkcəsinə daxilik və oğuz türkləriyik. Bundan başqa Türkmənistan, Türkiyə, Kərkük, Qaqauz türkləri də oğuzlardır. Biz əvvəlcə qərb türkcəsini ortaq hala gətirməliyik. Sonra bu proses şərq türkcəsində də həyata keçməlidir. Burada da bəzi xalqların dili bizə yaxındır. Məsələn, özbəklər bizə dil cəhətdən şox yaxındırlar. Daha doğrusu, onların dili oğuz ilə qıpçaq arasında ortada yerləşib.
– Türk xalqlarının bir ortaq dil qurumu olmalıdır və bu təşkilatda işləyən dilçi alimlər ortaq bir türk dili hazırlamalıdır. Bəs bizdə belə bir təşkilat varmı?
Qıpçaq ilə oğuz dilləri arasında hal-hazırda fərqlər çoxdur. Avrasiyanın qərbində türkləri nə qədər asan anlasaq da, şərqə doğru getdikcə tuvalıları, şorsları, xakasları, yakut-saxaları və digər qıpçaq xalqlarını anlamaqda çətinlik çəkəcəyik. Doğrudur, qazaxların, ya qırğızların içində bir ay yaşasaq onların dilini anlaya bilərik. Amma istənilən halda şərqə getdikcə türk dillərini anlamaqda çətinlik çəkirik.
– Biz ona görə də qərb və şərq türkcəsi deyirik. Qərb türkcəsi daha çox oğuz türkcəsidir. Oğuz türkcəsi fars və ərəb dillərinin, şərq türkcəsi – qıpçaq və karluklar isə daha çox slavyanların və digər xalqların təsiri altında olmuşdur.
Oğuzlar islam dinini qəbul edəndən sonra ərəbcəni öyrənməyə başladılar. Yüksək təbəqədən olan ailələr isə mütləq müqəddəs dinin dilini bilməli idi. Farscanı da öyrənməyin müəyyən səbəbi olub. Bilirsiniz ki, tarixdə bir ara rus elitasında fransızca danışmaq dəb idi. Bizdə də Səlcuqların dönəmində və sonralar, hətta Osmanlı dövlətində də farsca yazmaq, oxumaq dəb olub. Hətta Sultan Səlim şeirlərini farsca yazıb. Yəni oğuz türkcəsi fars və ərəb təsirinə düşüb. Burada da din və fars-İran mədəniyyəti müəyyən rol oynayıb.
Qıpçaq türklərindən isə bolqarlar, macarlar, Rumıniyadakı türklər, Rusiyadakı tatarlar, başqırdlar və digərləri avropalıların, ən çox da slavyan xalqlarının təsirinə məruz qalıb və bu xalqlarda slavyanlaşma, bəzən də ruslaşma deyilir, baş verib. Ona görə də obyektiv səbəblərdən kökümüzdən ayrılmışıq.
– Deyə bilərikmi ki, İslam dini türkcənin dəyişməsinə daha çox səbəb olub?
– Əli bəy Hüseynzadə belə bir fikir işlətmişdi ki, İslamı qəbul etmiş türk xalqları xristianlıq və digər dinləri qəbul etmiş türk xalqlarına baxdıqda, milli kimliyini, mədəniyyətini daha yaxşı qoruyub saxlaya biliblər. Ancaq bu fikirlə tam razılaşmaq olmur. Əli bəy nədən belə deyirdi? Çünki Xristian dinini, yaxud Buddizmi qəbul etmiş türkləri İslam dinindən olan türklərlə müqayisə edəndə, sonuncuların öz dillərini, mədəniyyətlərini və s. daha çox qoruyub saxladıqlarına inanırdı. Bu fikri o, 1905-1907-ci illərdə yazdığı məqalələrində ifadə etmişdi. Əslində İslamı qəbul etmiş türklərdə məgər ərəbləşmə, farslaşma olmayıb? Amma Əli bəy məsələyə daha geniş baxaraq deyirdi ki, artıq Bolqar türklərinin doxsan faizi, bəlkə də daha çoxu özünü türk saymır. Əlbəttə dinin də böyük təsiri var. Ancaq bunu yalnız dinin üstünə atmaq da olmaz.
Nəyə görə Roma imperiyası parçalandı? Əslində Bizans imperiyasının qurulmasında xristian türklərin də rolu olub. Artıq bir çox avropalı alimlərin özləri də etiraf edirlər ki, böyük Roma imperiyasının parçalanmasında, katolik və pravoslav deyə iki hissəyə bölünməsində təkcə din rol oynamayıb. Burada millətlərin maraqlarının toqquşması məsələsi də var idi. Ümumiyyətlə, dil və din məsələsində maraqlar toqquşanda məzhəblər rəvac alırdı.
XIX əsrin böyük alimi Şeyx Cəmaləddin Əfqani (1838-1897 – müsəlman aktivist və ideoloq – red.) deyirdi ki, bir millət dinini dəyişə bilər, ancaq başlıca olan dildir. Dil millətin varlığının əsasını təşkil edir. Dilini dəyişən millət faktiki olaraq keçmişini və hər şeyini unudur.
Keçmişə baxanda görürük ki, Ermənistan və ətraf ərazilərdə çoxlu sayda xristian türkləri yaşayıb. Sonradan onlar hayların içində əriyərək dillərini unutmuşlar. Ancaq biz bunu şüuri və dini cəhətdən qəbul etmək istəmirik. Ona görə də Azərbaycanda, Ermənistanda, Gürcüstanda və Dağıstanda olan xristian abidələrimizə ögey münasibət bəsləyirik. Bəziləri elə düşünür ki, bu abidələr xristian abidəsidirsə, deməli xristian erməni və gürcülərə məxsusdur. Bu fikir təbii ki, kökündən yanlışdır.
İslam dinini qəbul etmiş türklər ilə xristianlıqda qalmış türklər arasında din məsələsində həmişə fikir ayrılıqları olmuşdur. O dövrdə bu məsələ daha ciddi idi, hətta düşmənçilik səviyyəsinə də qalxırdı.
– Ortaq türkcə nə dərəcədə real görünür? Bu barədə təklif təkcə bizdən gəlir, yoxsa başqa türkdilli ölkələr də bu ideya ilə məşğuldurlar?
– Bu kimi təkliflər Türkiyədə, Qazaxıstanda və s. ölkələrdə səslənir. Xüsusilə Qazaxıstanda Nursultan Nazarbayev dövlət başçısı olarkən Türk Akademiyası yaradılıb və bu Akademiyada da müəyyən təkliflər verilməkdədir. Müəyyən işlər də görülür, xüsusilə də ortaq əlifbanın müəyyənləşdirilməsi istiqamətində. Çünki ortaq dil əslində ortaq əlifba ilə ortaya çıxmalıdır. Ancaq hesab edirəm ki, Türkiyə real olaraq bu işlərdə daha çox iş görür. Orada çoxlu sayda simpoziumlar, konfranslar keçirilir, bir çox universitetlərdə türkdilli ölkələrin nümayəndələrinin təhsil alması üçün şərait yaradılır və bu xalqlar Anadolu türkcəsini mənimsəyirlər. Əslində xalqın ziyalıları hansı dildə yazırsa, xalqı da yavaş-yavaş onun təsirinə düşür. Amma qeyd edim ki, bu məsələdə hələlik birbaşa nəticə yoxdur. Hələlik Türkiyə burada ön plandadır, xüsusilə də qərb türkləri arasında.
Şərq türkcəsində qazaxlar üstünlüyü almağa çalışırlar, amma özbəklər də hazırda müəyyən mənada ön plana çıxmaq istəyirlər. Hələlik ortada real bir iş yoxdur. Amma gələcəkdə oğuz və qıpçaq türkcəsi üzrə müəyyən bir layihə hazırlanmalı və Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə və s. ölkələrdə ortaq əlifba və ortaq türkcə birinci sinifdən tədris olunmalıdır.
– Oğuz və qıpçaq türkcələri arasında kifayət qədər fərq olduğu üçün iki ortaq türkcənin olması bəlkə daha məsləhətdir?
Yaxud başqa bir yol var. Azərbaycan türkcəsi böyük arealda yayılıb. Ola bilərdimi ki, bizim dil Türkiyə, yaxud Mərkəzi Asiya türkcələrini zənginləşdirsin, onlar dilimizdə olan münasib sözləri götürsünlər, biz də onlardan bir çox sözləri dilimizə daxil edək. Məsələn, Türkiyədə “anahtar” deyirlər, onlar bizim işlətdiyimiz “açar” sözünü götürsünlər, biz ərəb sözü olan “təyyarə” işlədirik, əvəzində “uçaq” deyə bilərik, “məktəb” əvəzinə “okul” işlədə bilərik. Bu sözləri sinonim kimi dilə daxil etmək olar. Həm bir-birimizi daha yaxşı anlayarıq, həm də dillərimiz zənginləşər.
– 1920-ci illərin əvvəllərində belə təşəbbüslər oldu. Atatürk Türkiyə Cumhuriyyəti qurduqdan sonra müəyyən işlər görüldü. O zaman bu dediyiniz fikirlər də müzakirə olunurdu. Amma II Dünya Müharibəsi ərəfəsində İ.V.Stalin hesab etdi ki, Hitler Almaniyası Türkiyəni öz tərəfinə çəkəcək, ondan sonra hər şey dəyişdi. 1935-ci ilə qədər Sovet-Türkiyə münasibətləri yaxşı olduğu üçün Anadolu və Azərbaycan türkcəsinin yaxınlaşmasına etiraz etmirdilər. Amma sonra Stalinin göstərişi ilə türk dili və özünü türk adlandırmaq qadağan oldu.
– Siz bayaq qeyd etdiniz, çar Rusiyasında elita XVIII-XIX əsrlərdə fransız dilinə və Fransaya aid hər şeyə böyük maraq göstərirdi. O zaman elitada fransızca bilməyən insana “yuxarıdan aşağı” baxırdılar. Indi bizdə də elədir: özünü elita sayan adam rus, ya ingilis dilini mütləq bilməlidir?
– Müstəqil dövlətimiz var, Cənubda isə dilimizə sevgi çox artıb. Biz, Dərbənddən Həmədana, Bakıdan Kərkükə, Qarsa, İğdıra qədər Azərbaycan türkcəsinin inkişafına çalışmalıyıq. Şübhəsiz bütün Türkiyəyə sevgimiz var və onlarla qaynayıb qarışmada problem görmürəm. Eləcə də Kərkük, Xorasan, ya Qaşqay türkləri ilə də.
– Hər şey qarşılıqlı olmalıdır, deyilmi?
– Əlbəttə, Azərbaycanlı kimliyi, Azərbaycan dili bizə doğmadır. Ancaq bunu Türk kimliyindən və dilindən kənarda təsəvvür etmək olmaz. Yüz il bundan qabaq M.Ə.Sabir deyirdi:
“Osmanlıdan türkə tərcümə” – bunu bilməm
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!.
Sabir türkcə deyəndə Azərbaycan türkcəsini nəzərdə tuturdu. O zaman Osmanlı türkcəsi Azərbaycan türkcəsinə baxanda daha anlaşılmaz idi. Biz Azərbaycan türkcəsini daha da inkişaf etdirməliyik, bütün sahələrdə ön plana çıxartmalıyıq. Azərbaycan dilinin varlığını türk dili, mədəniyyəti, ədəbiyyatı olmadan ifadə etmək mümkün deyil.
Ülviyyə Tahir, Mehman İbrahimov, 1905.az
Müsahibə 3 iyun 2019-cu ildə alınıb.