1905.az portalının suallarını peşəkar tarix müəllimi Faiq Babayev cavablandırır.
Orta statistik tam orta məktəb müvafiq ixtisas qrupuna uyğun ali məktəbə daxil olmaq amaclı şagirində Azərbaycan tarixini öyrədə bilirmi?
-Təbii ki, yalnız məktəb səviyyəsində yanaşanda, xeyr. Tarix fənni orta məktəbdə 5-ci sinifdən etibarən keçilməyə başlanır. 5-ci sinifdə tədris olunan “Ata yurdu” adlanan dərslik tarixlə tanışlıqdır. 6-cı sinifdən etibarən isə tarix fənni sistemli şəkildə öyrənilir. Amma razılaşmaq lazımdır ki, 6-9-cu siniflərdə oxuyan şagirdlər tarix dərsini keşərkən ali məktəbə qəbulu hələ o qədər göz önünə almır. Əlbəttə, tarix dərsləri ideal səviyyədə keçirilmir. Lakin müstəqilliyimizin 23-cü ildönümünə qədəm qoyduğumuz indiki dövrdə prosesləri ardıcıl şəkildə izlərkən deyə bilərik ki, həqiqətən də irəliyə doğru böyük addımlar atılıb. Hərçənd tədris vasitələrində müəyyən problemlər qalır. Tarixi tədris etmək üçün ilk növbədə pedoqoji heyət lazımi səviyyədə olmalıdır. Məsələn, sabiq təhsil naziri çıxışlarından birində demişdi ki, ölkəmizdəki müəllimlərin tən yarısı müəllim adına layiq deyil. Yeni təhsil naziri isə müsahibələrindən birində bildirib ki, 2000-dən artıq müəllim saxta diplomla fəaliyyət göstərir.
–Bu 2000 nəfər müəllimlərin ümumi sayının neçə faizini təşkil edir görəsən?
– Dəqiq deyə bilmərəm, amma hər halda 5 faizdən çox ola bilməz. Ümumiyyətlə isə problemlər çoxdur. Əvvəllər səriştəli müəllimlər daha çox dərs yükü alırdılar və bu da hamıya sərf edirdi. İndi isə bir çox məktəblərdə öz işinə vicdanla yanaşan müəllimlər bir qayda olaraq, az dərs yükü götürməyə çalışırlar. Çünki enerjilərini uşaq hazırlamağa, repetitorluğa saxlayırlar. Bəziləri ümumiyyətlə dərsə barmaqarası yanaşır, bəziləri isə dərslərini vicdanla keçirlər, amma onlardan iki dərs yükü götürmələrini tələb etmək real deyil. Bax, bu, birinci problemdir. Dərslik məsələsinə qısaca toxunum. Lap əvvəldən başlasaq, deməliyik ki, müstəqilliyimizin ilk illərində Azərbaycan tarixi dərslikləri hazırlandı. Amma onların həm Azərbaycan, həm də rus dillərində tam komplektinin çap olunmasına 5-6 il vaxt getdi. “Ümumi tarix” üzrə dərsliklərimiz isə müstəqilliyimizin 8-9-cu illərində işıq üzü görməyə başladı. Bunlar hamısı tarixin tədrisinə böyük zərbə vurdu. Çünki o illərdə məktəb proqramında keçilməli olan elə mövzular vardı ki, onlar heç bir dərslikdə yox idi. Bunlar qalırdı müəllimin ümidinə. Kimisi hardansa bu mövzuları tapıb keçirdi, kimisi isə ümumiyyətlə keçmirdi. Bu illər ərzində dərsliklərlə bağlı müəyyən proseslər, təkmilləşdirmələr getdi. Düzdür, həmin proseslərin daha sürətli getməsi arzuolunan idi. İndi kurrikulum şagirdin öz üzərində işləməsinə daha geniş imkan yaradır. Kurrikulum üzrə proqram keçməmiş müəllimlərə artıq 6-7-ci siniflərdə dərs keçməyə imkan verilmir. Çox xoşagələn və təqdir olunan məsələ odur ki, yazılan dərsliklər bir neçə variantda hazırlanır, Təhsil Nazirliyində, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və ali məktəblərdə ciddi ekspertizadan keçirilir. Rəylər nəzərə alınmaqla şagird və müəllimlər üçün komplektlər hazırlanır. Şəxsən mənim 15-20 il əvvəlki arzularım indi həyata keçməkdədir. Məsələn, 9-cu sinifdən çıxan adamlar bəzi fənlərdən, konkret olaraq tarixdən yarımçıq təhsil alırdı. Çünki müasir dövr tarixi XI sinifdə keçilir. İndi isə kurrikulumla əlaqədar proqramlar elə tərtib olunub ki, 9-cu sinifdən çıxan adam sadə səviyyədə də olsa, tarix kursunu bitirmiş olur. Artıq son bir neçə ildə profilli təhsil, dərinləşdirilmiş təhsil prosesi həyata keçirilir. Buna uyğun proqramlar hazırlanır, dərsliklər yazılır.
– Bizim orta məktəb şagirdləri öz xarici həmyaşıdları ilə söhbətdə Dağlıq Qarabağ haqqında həqiqətləri sadə formada, amma mənbələrə əsaslanmaqla müdafiə edə bilərlərmi?
– Bizim şagirdlərin bəziləri artıq yuxarı siniflərdə ali məktəbə qəbul zamanı seçdiyi ixtisasa uyğun olmayan fənlərdə güclü təsir bağışlamırlar. Bizdə proqram elə bölünüb ki, 5-ci sinifdə Azərbaycan tarixi barəsində elementar bilgilər verilir. Bəzi məsələlər isə dərs prosesinin gedişində öyrədilir. Məsələn, Xocalı soyqırımının ildönümlərində ilk dərs məhz onun öyrənilməsinə həsr olunur. Hər şey yenidən gəlib subyektivizmə söykənir ki, onu deyən müəllim necə və hansı bacarıqla deyəcək? Uşaqlar səslənən fikirləri necə qəbul edəcəklər? Amma əlbəttə, hər dərsdə, hər fənndə də bu barədə danışmaq olmaz. Bizim indi ali məktəblərə qəbul dörd qrup üzrə aparılır. İkinci və üçüncü qruplar üzrə imtahan verənlər Azərbaycan tarixini diqqətlə öyrənirlər. 11-ci sinfin tarix dərsliyində də belə məsələlər az deyil. Amma propqramın sonundadır. Ona görə də məndə də belə bir şübhə var ki, 10-cu sinif şagirdi hansısa tədbirdə yalnız məktəb dərsliyinə söykənərsə, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirədə inamlı olmaya bilər.
–Tarix fakültəsinə qəbul olunmaq istəyən şagird repetitor yanına getmədən istəyinə nail ola bilərmi? Söhbət əlbəttə ki, elitar məktəbin məzunundan getmir…
– Yaxşı sualdır. Bilirsiniz, qətiyyən daxil ola bilməz, demək olmaz. Ən azı ona görə ki, TQDK-nın bir gözəl keyfiyyəti ondadır ki, qəbul proqramı çap edilir. Bəzən orta məktəbdə keçilən mövzuların bəziləri heç proqrama daxil edilmir. Yəni proqram bir qədər də yığcamdır. Əlbəttə, Azərbaycan tarixi ilə bağlı proqrama bunu aid etmək olmaz. Sınaq imtahanları keçirilir. Sual kitabçası abituriyentlərə təqdim edildiyindən, oradakı suallar ictimaiyyət arasında yayılır. Bu baxımdan abituriyent sualları əldə edir. Yaxud TQDK-nın yaradılmasının 20 illiyi ilə əlaqədar bu illər ərzində qəbula düşən suallar müxtəlif fənnlər üzrə çap edilib. Tutaq ki, şagird müəllim yanına hazırlaşmağa getmək istəmir. Və ancaq orta məktəb proqramında keçilən mövzuların qəbul imtahanlarına düşdüyünü bilərək, təkbaşına hazırlaşmaqla da ali məktəbə qəbul olmaq olar. Bəzi adamlar repetitora möcüzə yaradacaq adam kimi baxırlar. Halbuki söhbət 5-6 il ərzində orta məktəbdə keçirilənlərin müəllim nəzarəti altında təkrarlanmasından gedir. Ona görə də peşəkar müəllimin rəhbərliyi altında və onun tövsiyələrini nəzərdə tutaraq hazırlaşan abituriyentin ali məktəbə qəbul olunmaq şansı yüksəlir. Buna görə də hətta özünə güvənən şagirdlər də müəllim yanına getməyə məcburdur.
–Kimyanı və fizikanı yaxşı öyrənmək üçün bəlkə də vətənpərvərlik bu qədər rol oynamır. Tarixi öyrənmək üçün bir qədər milli hisslərin olmasına ehtiyac var. Siz necə düşünürsünüz, şagirdlər arasında belələri varmı, yoxsa onları əsas maraqlandıran məsələ ancaq ali məktəbə qəbul olunmaqdır?
-Məncə, hər şey müəllimdən və ailədən asılıdır. 1-2 il ərzində bütün proqramı təkrarlamaq üçün tutaq ki, Dağlıq Qarabağ probleminə, yaxud ərazilərimizin işğalı məsələsinə çox toxunmaq mümkün deyil. Amma mən belə hesab edirəm ki, milli bayramlarımızda, dövlətçiliyimizlə bağlı əlamətdar tarixlərdə müəllim həmin informasiyaları şagirdlərə verməlidir. Tutaq ki, 18 oktyabrda dövlətçiliyimizlə bağlı əsas tarixlər sadalanmalıdır. Məsələn, başa salmaq lazımdır ki, niyə bəzi qonşu dövlətlərin ərazilərini biz Azərbaycan tarixi kimi öyrənirik? İzah etmək lazımdır ki, Azərbaycan tarixi ancaq yaşadığımız torpaqların tarixi deyil, Azərbaycan türklərinin yaşadıqları torpaqların tarixidir. Məncə, tarixi lazımi səviyyədə tədris edəndə, lazımi səviyydə təqdim edəndə dediyiniz vətənpərvərlik hissləri də formalaşır. Hər şey yenə də insan amilindən asılıdır. Mən hesab edirəm ki, tarixin tədrisinə müəyyən nəzarət lazımdır. Tarixin tədrisində özfəaliyyətə imkan vermək olmaz. Məsələn, mən insanlar tanıyıram, Şah İsmayıl Xətaiyə nifrət etdiklərini deyirlər və etiraf edirlər ki, bunu dərs dedikləri şagirdlərə də aşılamağa çalışırlar. Oturub təhlil edəndə görürsən ki, bunun nifrətini doğuran məqamlar cılız yanaşma nəticəsində yaranıb. Ona görə də ötən il akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai ilə bağlı məqaləsi olduqca əhəmiyyətli bir əsərdir. Mən adam tanıyıram ki, Səfəviləri bölgəçilik, şirvançılıq prizmasından qiymətləndirir. Yarızarafat, yarıciddi deyirlər ki, əşi neyləyiblər ey Səfəvilər, həmişə gəlib Şirvanı dağıdıblar. Bəzi adamlar şairlərimiz, elm adamlarımızla fəxr edirlər, amma tariximizdə olan hökmdarlar, siyasətçilərdən söz düşəndə onun hansısa mənfi cəhətini qabartmağa çalışırlar. Bunun yeganə səbəbini mən onların vaxtilə mənfi mənada yazılmış kitabları oxumaqlarında görürəm. İndinin özü də məsələn bəzi yaşlı alimlər tutaq ki, Nadir şah haqqında dərslikdə yazanda daha çox mənfi məqamları vurğulayırlar.
–Bəzi akademik elmlə məşğul olan alimlər arasındakı mübahisə və narazılıqlar, orta məktəb dərsliklərinə təsir göstərirmi?
-Bəzən biz düşməni daha mənfur tərzdə təqdim etməyə çalışarkən, özümüz də hiss etmədən ona sanki güzəşt etmiş oluruq. Tutaq ki, dərslikdə “Dədə Qorqud”dan söhbət gedir. Məsələn, orada “qara donlu kafirlər” ifadəsi işlənir. Bəzən bu ifadəni ermənilərə aid edirlər. İslamda kafir müsəlman olmayanlara deyilir. “Qara donlu kafirlər” burada qıpçaqlara deyilir. Müsəlman olmayan qıpçaq türkləri “Dədə Qorqud”da belə adlanır. “Qara donlu kafirlər” dedikdə, ermənilər, gürcülər, müsəlman olmayan türklər nəızərdə tutulur. Əgər biz bu ifadəni təkcə ermənilərə aid ediriksə, deməli, ermənilərin yaşamadıqları əraziləri onlara aid edirik. Belə çıxır ki, türkə kafir deməmək üçün erməniyə torpaq “bağışlayırıq”?
Dərslikdə erməniyə mənfur demək lazım deyil. Ermənilərin əməllərini yazmalıyıq ki, oxucu özü onun mənfur olduğu qənaətinə gəlsin. Yaxud bizim dərsliklərdə 1918-ci ilin mart soyqırımı elə təqdim olunur ki, sanki azərbaycanlılar sakitcə oturub, ermənilər də gəlib onların hamısının başlarını kəsiblər. Halbuki ermənilərə qarşı Bakıda böyük müqavimət göstərilib. Bunlar hamısı tarixdə var axı. Ermənilərin vəhşiliyini göstərmək üçün bizim qəhrəmanlıqlarımızı arxa plana çəkmək olmaz. Amma onlar acıqlarını kasıb, imkansız azərbaycanlılar yaşayan məhəllələrdən çıxarıblar və onları daha çox qırıblar.
– Biz Azərbaycan tarixini tam obyektiv öyrətməyə çalışsaq, Dağlıq Qarabağ problemindəki haqlı qənaətimiz formalaşacaqmı?
– Məncə, düzgün, obyektiv yazılsa, bəli, formalaşacaq. Ermənilərin bizim torpaqlarımızı ələ keçirdiyi son hadisələrdə də sübut olundu. Bizim tariximizdə uydurmaçılıq yoxdur. Hadisələri düzgün şərh etməyimiz elə kimin haqlı, kimin haqsız olduğunu ortaya çıxarır.
– Minnətdaram.
Gündüz Nəsibov, 1905.az