1905.az portalının bu dəfəki həmsöhbəti hazırda İspaniyada doktorantura pilləsi üzrə təhsil alan soydaşımız Fatma Qurbanzadədir.
– Fatma xanım, Azərbaycan Dillər Universitetini bitirmisiniz. Hazırda isə İspaniyada təhsil alırsınız.
Bir az bu haqda-doktorantura təhsili üçün uzaq Pireney yarımadasına getməniz barədə danışaq.
–Azərbaycan Dillər Universitetininin bakalavr və magistr pillərini fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda isə doktorantura pilləsi üzrə-2013-2014-cü tədris ilində Azərbaycan Dillər Universitetinin koordinator olduğu Erasmus Mundus Layihəsi üzrə İspaniyada Doktarantura pilləsi üzrə təhsil almaq şansı qazanmışam.
İxtisasım Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilikdir. Tədqiqat universitetində isə bu ixtisas Hind-Avropa dillərinin müqayisəli tipoloji quruluşunu öyrənən bölmə adlanır. Amma araşdırmam təkcə Hind-Avropa dillər ailəsinə aid olan dilləri əhatə etmir. Əsas prioritet məsələrdən biri Türk dilləri ailəsinə mənsub olan dillərin, xüsusilə də Azərbaycan dilinin tarixi köklərini xarici ədəbiyyatlardan araşdırmaq və müxtəlif dil ailələrinə mənsub olan dillər üzərində müqayisəli təhlil aparmaqdır.
– Nə üçün məhz müqayisəli dilçilik?
– Çünki əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, bəzən isə “tatar dili”, “Qafqaz tatarlarının dili” (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası olub. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradılıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı Azərbaycan dili (Azəri, Azərbaycan Türkçəsi)— Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dili kimi müəyyən olundu. Türk dillərinin cənub-qərb qrupuna daxil olan Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Rusiya ərazilərində geniş istifadə olunur. Bu regionlar üzrə dərin kök salmış dilimiz illər boyunca müxtəlif dillərlə qarşılıqlı əlaqədə olmuş, müxtəlif təsirlərə məruz qalmış, həmçinin də bir sıra dillərin fonetik, leksik və o cümlədən də qrammatik sisteminə təsir göstərmişdir. Məqsəd, müxtəlif dil ailələrinə aid olan dillərin bizim doğma ana dilimizlə qarşılıqlı şəkildə müqayisəsini aparıb, struktur-semantik təhlil yürütməkdir.
– Təhsil aldığınız universitet və dərsləriniz…
– Xaricdə təhsil almaq həmişə uşaqlıq arzum olub. Təhsilimin müxtəlif pillələrində bunun üçün kifayət qədər əlverişli şərait yaransa da yəqin ki, səmərəli vaxtı gözləmək lazım idi. Və zənnimcə artıq o vaxt yetişmişdi. Bakalavr və magistr pillələri öz yerində, amma məhz doktorant kimi ölkəni təmsil etmək fərqli bir duyğudur. Çünki bildiyiniz kimi burada doktorantların təhsil qrafiki sərbəstdir. Gün sərbəst olsa da tapşırıqların yazılması və tədqiqatın aparılması demək olar ki, bütün həftəni məşğul edir. Vaxtımın demək olar ki, hamısı kitabxanada keçir. Universitetin zəngin kitabxanasında dünyanın müxtəlif dillərində (Azərbaycan, ingilis, rus, ispan, latın, fransız, türk, bask) kitabların olması isə ayrıca zövq verir. Sanki bütün dünya ovcunun içindəymiş kimi hiss edirsən. Çox qısa müddətdir ki, təhsilə başlamışam. Bir aya yaxındır. Qalibi olduğum Avropa birliyi ölkələrinin (The European Union’s scholarships and academic cooperation) dəstəklədiyi qrant müsabiqəsində universitetdə doktorantura pilləsi üzrə təhsil alan yeganə azərbaycanlıyam. Təbii ki, bu da mənə ayrıca məsuliyyət və şərəf verir. Qrupumuzda məndən başqa Türkiyə, Ukrayna, Gürcüstan, Polşa, Tunis, İtaliya, Almaniya, Fransa və Koreyadan olan gənclər də təhsil alır. Bəzən özümü xalqlar arenasında hiss edirəm. Çünki istənilən halda biz öz davranışımız, mədəniyyətimiz, hadisələrə yanaşma tərzimizlə öz xalqımızı təmsil edirik. Bunun üçün də həmişə diqqətli olmaq lazımdır. Çünki hər bir uşaq öz ailəsinin güzgüsu olduğu kimi, düşünürəm ki, xaricdə təhsil alan hər bir tələbə də öz millətinin güzgüsüdür.
– İndi də Azərbaycan barədə məlumatlar yaymaq imkanlarınız barədə.
– Xaricdə təhsil alacağım barədə xəbəri eşidəndə çox sevinmişdim. Ona görə yox ki Avropada təhsilimi davam etdirmək şansı əldə etmişəm, sevincimin əsas səbəbi o idi ki, müstəqil Azərbaycanımızı, doğma xalqımızı, uğrunda neçə-neçə canlar fəda olan üç rəngli bayrağımızı təmsil edəcəm. “Mən Azərbaycanlıyam!” adının fəxarət və qürur hissini yaşayıb, müasir Azərbaycan elminin necə gənc dühalara sahib olduğunu başqa xalqlara da göstərəcəyəm. Zənnimcə, buna yavaş-yavaş nail olmağa başlayıram. Bu həftə təhsil aldığım universitetdə “Azərbaycan–Dünyaya açılan qapı” mövzüsunda nümayiş keçirdim və digər fakültələrdən olan tələbələri də bura dəvət etdim. Nümayişimin əsas məqsədi hər xalqdan olan tələbələrə Azərbaycanı tanıtmaq idi. Doğrudur, əksəriyyəti, məsələn Türkiyə, Ukrayna, Gürcüstan kimi xalqların nümayəndələri Azərbaycan haqqında kifayət qədər məlumatlı idilər. Amal digər xalqlara da bu zəngin tarixi, mədəniyyəti tanıtmaq idi. Nümayişim ispan dilində idi. İspan dilini yenicə öyrənməyə başladığım üçün bir az çətinliklər oldu. Amma bu nümayiş üçün hələ Azərbaycanda olarkən hazırlaşırdım. Nümayiş əsasən, tarixi köklərimizin, bayrağımızın, milli atributlarımızın, milli adət-ənənlərimizin nümayiş olunması və müasir dünyanın gözündə Azərbaycanın yerinin müəyyənləşməsinə həsr olunub. Müasir Azərbaycanın inkişafı, yeniləşmə, aparılan islahatlar və ən əsası Ermənistanın təcavüzü nümayişdə yer alan əsas məsələlər sırasında idi. Bilərəkdən sonuncu mövzuya daha çox yer ayırmışdım. Mənim üçün də bu məsələnin ispan dilində şərhi maraqlı və bir o qədər də məsuliyyətli idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə silahlı təcavüzü, uydurma “erməni genosidi”, erməni ekspansiyası, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən maddi ziyan, girov götürülmüş azərbaycanlılar, taleyi naməlum olan əsirlər və 20% torpaqlarımızın hələ də işğal altında olması faktı geniş şəkildə izah olundu. Tarixi faktların açıqlanması və şəkillərlə nümayişi universitet tələbələri arasında maraqla qarşılandı. Sonda isə doğma yurdumuz Azərbaycan haqqında video-çarx nümayiş etdirdim. Təxminən yarım saat davam edən nümayiş uğurla başa çatdı. Elmi rəhbərim professor María Martínez Adrián ( Dpto. de Filología Inglesa y Alemana, Facultad de Letras, Universidad del País Vasco/Euskal Herriko Unibertsitatea) və xarici tələbələr üzrə beynəlxalq şöbənin əməkdaşı Xanım María Carpintero (Secretaria Cursos de Lenguas para Estudiantes Visitantes/Atzerritarrentzako Hizkuntza Ikastaroen Idazkaritza) nümayişimi bəyəndiklərini söylədilər. Azərbaycan haqqında bu qədər ətraflı məlumata görə minnətdarlıqlarını bildirdilər və gələcək günlərdə təhsil alan hər bir tələbədən öz təmsil etdikləri ölkə haqqında məhz belə bir təqdimat gözlədiklərini vurğuladılar.
– Gələcək planlarınız…
– Gələcəkdə ən böyük məqsədlərimdən biri yaxşı dilçi olmaqdır. Amma onu da bilirəm ki, indi yaxşı dilçi olmaq da o qədər asan deyil. Əgər bir müddət öncə dilçi olmaq filoloji sahə üzrə təhsil almaq bunu əxz etməklə məhdudlaşırdısa, indi yaxşı dilçi olmaq üçün dünyanın beş-altı dilində sərbəst danışmaq labüddür. Çünki digər sahələrdə olduğu kimi dilçilik elmi də innovativ ideyaları, yeni kəşfləri və tədqiq olunmağı sevir və buna daima açıqdır. Zənnimcə, dil, həmçinin də elm təkcə sərhədlərlə məhdudlaşmamalıdır. İxtisasında əsl mütəxəssis olmaq istəyən tədqiqatçı sərhədləri aşmalıdır. Yeni informasiyalar qəbul edib bunu öz araşdırma obyekti kimi istifadə etməlidir. Müxtəlif dilləri mənimsəməklə əslində, tədqiqatçı müxtəlif mədəniyyətləri, fərqli dil qruplarını və dil vasitələrini də mənimsəyir. Bunun isə onun işinə yararlı tərəfləri daha çoxdur. Amma təəssüf ki, hal-hazırda çox az sayda dilçi alim, tədqiqatçı buna nail ola bilir. Bu da sözsüz, dilçilik sahəsində vəziyyətin o qədər də ürəkaçan olmaması deməkdir. Bu öhdəlik isə, düşünürəm ki, gənclərin üzərinə düşür. Bunun üçün isə, məhz biz gənclər üçün yaradılan bütün şəraitlərdən lazımınca istifadə etmək lazımdır.
– Dərslərinizdə və gələcək planlarınızda uğurlar. Minnətdaram!
Dadaş Musayev
1905.az