Bu şəhəri xəritədə axtarmağa dəyməz. Bu şəhər virtual dünyadadır. Və mən çox düşünüb daşınandan sonra bu şəhəri Feysbukabad adlandırmaq qərarına gəlmişəm. Bilmirəm, bu ad nə qədər uyğundur? Və ümumiyyətlə düzgündürmü? Axı “Facebook”la yan-yanaşı başqa sosial şəbəkələr də var. Üstəlik, dəyərli Sukerberqin də qulağına çata bilər virtual şəhərə qoyduğum ad və peşmançılıq ola bilər. Özü də əməlli-başlı peşmançılıq.
Bütün bunları gözümün altına alıb yeni şəhəri Feysbukabad adlandırmaqda israrlı olduğumu bəyan edirəm. Və istəyirəm bir-iki məsələni diqqətinizə çatdırım.
Yanvar ayında «APA-Economics» sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzinə istinadən məlumat yaydı ki, Azərbaycanda 960000 “Facebook” istifadəçisi var. Hər halda yanvarın 9-da bu belə imiş. 2012-ci ilin 7 dekabrında isə bu rəqəm cəmi 919 000 olub. Bir aya artım “4,5% və ya təxminən 41 min nəfər” təşkil edib.
Bu gün fevral ayının 27-ci günüdür. Və artım tempi də çox güman ki, dəyişməyib. Bəs ölkəmizdə 1 milyonuncu “facebook”çunun dünyaya gəlməsini niyə bayram etməmişik? Başa düşülən deyil. Bəlkə də bu hadisə qeyd olunub, mənim xəbərim olmayıb. Amma, yaxşı qeyd eləsəydilər, xəbərim olardı. Axı mən də “Facebook” istifadəçisiyəm və demək həm də Feysbukabadın sakiniyəm.
Feysbukabad maraqlı şəhərdir. Həm də burada yaşamaq asandır. Təsəvvür edin, 1 000 000 (!) adam bir yerdədir, amma asayiş pozulmur. Əmin-amanlıqdır. Küçələri heç kim zibilləmir. İşıqla, qazla, su ilə problem yoxdur . İctimai nəqliyyat saat kimi işləyir. Bu əlbəttə, həm də ona görə belədir ki, Feysbukabadda nə küçə var, nə də avtobus.
Əvəzində az qala hamının üzündə təbəssüm var.
Ən əsası siz öz qonşularınızı seçmək imkanına maliksiniz.
Üstəlik, bu gənclər şəhəridir, yaşlılar bilsələr yaxşıdır. Yenə də “Socialbakers”in xəbərinə istinadla deyəbilərəm ki, “sözü gedən sosial şəbəkədən istifadə edənlərin 478 mini 18-24 yaş arasındadır.”
Bax belə. İndi qalır “Yoldaşını nişan ver, özünü tanıt” atalar sözünü Feysbukabadın reallıqlarına uyğunlaşdırıb yaşamaq.
Hə, bir də hərdən “like” düyməsini basmaq lazımdır. Yəni, bəyənirəm.
Sınaqdan keçirmişəm, asandır.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 60-61)