Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsində açıq hava şəraitində “Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə, həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Əli Zeynalov, həmin regionda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər tərəfindən meşə sahələrində və zolaqlarında yanğına qarşı rejimin təyin edilməsinin, meşə ərazilərində baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə xəbərdaredici lövhələrin quraşdırılmasının vacibliyini vurğulayıb.
FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, müəssisələrin yanğın təhlükəsizliyinə cavabdeh olan əməkdaşları tərəfindən yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin vacibliyindən söz açıb. Meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, kommunikasiya xətləri, o cümlədən avtomobil və dəmir yolları arasında mineral zolaqların yaradılması ilə eni dörd metrdən az olmamaqla şumlamanın, həmçinin meşəətrafı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.