Fransanın “Musulmansenfrance.fr” portalında tarix elmləri doktoru Həcər Verdiyevanın qədim Azərbaycan ərazisindəki Qafqaz Albaniyası xristian memarlığı və alban knyazlıqlarının tarixi haqqında məqaləsi dərc olunub.
Azərbaycanda xristian memarlığının renessansından bəhs edilən məqalədə 1214-cü ildə tikilmiş Xudavəng, 1216-1238-ci illərdə tikilmiş Gəncəsər və 1204-cü ildə tikilmiş Xatirəvəng monastırları barədə məlumat verilir.
Müəllif XIX əsrin əvvəllərindən Alban dini və mədəni abidələrinin erməniləşdirilməsi prosesindən söz açır. XX əsrin əvvəllərindən ermənilərin Alban kilsələrinin arxivlərini, alban ədəbiyyatını bilərəkdən məhv etməsi diqqətə çatdırılır. Alban arxivlərini və ədəbiyyatını məhv edən ermənilər 1836-cı ildən başlayaraq Qafqaz Albaniyasını yaddaşlardan silmək məqsədilə Qarabağdakı alban monastır və kilsələrini erməniləşdirmək prosesini daha da sürətləndiriblər.
Məqalədə Azərbaycanın müxtəlif rayonlarında bərpa edilmiş alban abidələrindən də bəhs olunur.
Müəllif Qarabağ tarixinin erməni psevdo-elmi işçilərinin yanlış versiyalarından qorunmasının vacibliyini diqqətə çatdırır. O, Qarabağ abidələrini əsl təhlükədən –Qafqaz Albaniyasının erməniləşdirilməsi təhlükəsindən qorumağın vacibliyini vurğulayır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris