1905.az portalının suallarını Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə cavablandırır.
– Diaspor Jurnalistlər Birliyinin qurucularından biri və sədrisiniz. Gəlin, əvvəlcə bu təşkilatın yaranmasından danışaq. Necə oldu ki, Diaspor Jurnalistləri Birliyi yaradıldı?
– Birliyin yaradılması illərin təcrübəsinin nəticəsidir. Çünki illərdir ki, biz diaspor mövzusunda müxtəlif səpkili yazılarla mediada çıxış edirik. Diaspor mövzusunda yazan jurnalistlər ixtisaslaşıblar. Biz tez-tez görüşüb diasporla bağlı fikir mübadiləsi edir, təcrübəmizi bölüşür, müzakirələr aparırdıq. Ötən ilin sonunda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bir araya gələrək bu təşkilatı yaratmaq qərarına gəldik. Bu, Azərbaycanda diaspor mövzusunda yazan jurnalistləri bir araya gətirən təşkilatdır. Qurumda ölkənin müxtəlif qəzet və portallarında fəaliyyət göstərən mətbuat nümayəndələri təmsil olunur. Onu da deyim ki, DJB-ın yaradılması Azərbaycanda sahə jurnalistikasının inkişafından xəbər verir. Bu da ümumiyyətlə, jurnalistikamızın inkişafının bir nümunəsidir. Nəzərə çatdırım ki, beynəlxalq jurnalistikada jurnalistlərin müxtəlif sahələrdə ixtisaslaşmaları vacib amil hesab olunur. DJB-ın yaradılması həm də onu göstərir ki, Azərbaycan jurnalistikası beynəlxalq jurnalistika ənənələrinə uyğun olaraq inkişaf edir.
– Sizinlə birgə çalışan jurnalistlər kimlərdir?
– Əli Zülfüqaroğlu, Süleyman İsmayılbəyli, Elnur Eltürk, Siyavuş Əmirli və mən.
– Təşkilatınızın Bakıda 5 üzvü var?
– Bəli. Biz 5 nəfərik. Ancaq bizim xaricdə də nümayəndələrimiz var. Məqsədimiz Azərbaycanla bağlı yazan yazarları birləşdirmək, bir araya gətirməkdir. Eyni zamanda xaricdəki soydaşlarımzın işini mediada işıqlandırmaqla onların fəaliyyətinə stimul veririk. Hazırda Şimali Kipr Türk Respublikasında bizim bir nümayəndəmiz çalışır. Rəşad Bədirli. İtaliyada Həsən İskəndərov. Ukrayna da isə Qaraş Tağıyev. Yəni hazırda 3 ölkədə nümayəndəliyimiz fəaliyyət göstərir. Rusiyada nümayəndəliyimiz açılacaq. Biz fəaliyyət göstərəndən bu günə kimi erməni terrorizminin ifşa edilməsi, Azərbaycanın milli mənəvi dəyərləri, Azərbaycanda Alban kilsələri və s. bu kimi mövzularda 5 ölkədə yazılarımız dərc edilib. Eyni zamanda Azərbaycanın xaricdə təbliğ edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçiririk. Bizim bütün işlərimiz xariclə bağlıdır. Hazırda biz “Azərbaycanın xaricdəki əcnəbi dostları” layihəsini həyata keçiririk. Bu layihənin məqsədi Azərbaycanı sevən əcnəbi nümayəndələri ölkəmizə və dünyaya tanıtmaqdır. Biz belə şəxslərdən müsahibələr alırıq. Həmin müsahibələr Azərbaycan mediasında dərc edilir və bununla biz, Azərbaycan oxucuları ilə xarici oxucular arasında bir növ körpü yaratmış oluruq. Bu layihə çərçivəsində ilk müsahibəmizi Norveç deputatı Əmir Cavad Şeyxdən aldıq. O, Pakistan əsillidir. Ancaq uzun müddətdir Norveçdə yaşayır. Onun həyat yoldaşı da pakistanlıdır. Gələcəkdə həmin xanımdan da müsahibə almaq fikrindəyik. Norveç deputatından aldığımız müsahibəni yerli mediada onlarla sayt dərc etdi. Əmir Cavad Şeyx Azərbaycanda ona qarşı bu qədər maraq və diqqəti yüksək qiymətləndirir. Hətta noyabrda Azərbaycana gəlmək fikrindədir.
– Siz bayaq dediniz ki, təxminən 5 ölkədə yazılarınız çap edilib. Bu ölkələr hansılardır və hansı media orqanlarında həmin məqalələr çap edilib?
– Litvanın “Slaptai” internet portalında “Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri 31 mart soyqırımı” adlı məqalə, Almaniyada “Bakış” jurnalında Diaspor Jurnalistləri Birliyi idarə heyətinin üzvü Əli Zülfüqaroğlunun “Qaranlıqları aydınlaşdıran tarixi faktlar” adlı məqaləsi, Türkiyədə sporajans.com.tr saytında 2015 Avropa Oyunları ilə bağlı məqalə, İtaliyanın məşhur “Capitolino Flaş” (Paytaxt İşığı) qəzetində Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri Həsən İsgəndərov ilə müsahibə, Pakistanın DNA informasiya agentliyində, “Centreline” jurnalında, “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” adlı məqalə və Pakistanın dövlət qəzeti “Daily Parliament Times”da məqalələrimiz nəşr edilib.
– Sadaladığınız məqalələrin xarici mediada nəşr edilməsi, əlbəttə, sevindirici haldır. Amma bütün bunları etmək üçün doğrudanmı bir təşkilatın yaradılması zərurəti var idi?
– Əlbəttə elə işlər var ki, onları tək görmək mümkündür. Ancaq elə işlər də var ki, onları layihə halına gətirmək üçün komanda işinin olması mütləqdir. Mənim edə bilmədiyimi təşkilatın digər üzvü edir və ya əksinə. Güc birlikdədir. Biz bu effekti təşkilatından yaradandan sonra hiss etdik. Xarici mediada hər hansı məqaləni çap etdirməyi mən də düşünürdüm. Ancaq əlaqəm yox idi. Təşkilatı yaradandan sonra komanda şəkildə bir araya gələndən sonra bu işləri nizama salmaq asanlaşdı.
– Üzvlər arasında xarici dili bilən varmı? Yoxsa məqalələr Azərbaycan dilində yazılır?
– Tərcümə etdiririk. Xarici dili bilən yoxdur. Yazılar Azərbaycan dilində yazılır. Məsələn, Litvaya məqaləni rus dilində göndərdik, özləri Litva dilinə tərcümə etdilər.
–Siz özünüz də xarici ölkələrdə olursunuzmu? Azərbaycanın təbliği ilə bağlı hansısa işlər görmək məqsədilə.
– Bu ilin avqust ayında Gürcüstanda səfərdə olduq. Bir sıra rəsmi görüşlərimiz oldu. Belə ki, Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin bizimlə səmimi görüş və söhbəti hər birimizdə xoş təəssürat yaratdı. Nazirə “Gürcüstan-Azərbaycan tanıtım” layihəsini təklif etməyimiz isə gözlənilməz və sevindirici oldu. Öncə deyim ki, DJB-nin bu layihəsinin məqsədi media vasitəsilə Gürcüstan-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, hər iki xalqın milli-mənəvi dəyərlərini təbliğ etməkdir. Eyni zamanda layihənin məqsədi iki ölkə arasında media körpüsü yaratmaqdır. Biz təklif etdik ki, layihə çərçivəsində, əvvəlcədən müəyyən olunmuş Azərbaycan media qurumlarında ayda 2-3 dəfə Gürcüstanla bağlı yazılar vermək mümkündür. Eləcə də eyni ərəfədə Azərbaycanla bağlı yazıları Gürcüstanın əvvəlcədən müəyyən olunmuş media qurumlarında işıqlandırmaq olar. Həmçinin iki ölkənin tanınmış ictimai-siyasi xadimləri haqqında müsahibələri eyni zamanda Gürcüstan-Azərbaycan mediasında vermək olar. Ayrıca, azərbaycanlı jurnalistlərin Gürcüstanın Azərbaycandakı səfirliyində görüşünü keçirmək olar. Həmçinin, Gürcüstan jurnalistlərinin Azərbaycanın bu ölkədəki səfirliyində görüşünü təşkil etmək olar. Bizim bu təklifimiz L.Kipiani tərəfindən çox yüksək dəyərləndirildi. Elə oradaca bildirdi ki, nazirlikdə gürcü jurnalistləri ilə Azərbaycan jurnalistlərinin görüşü keçirilsin. Həqiqətən də iki gün sonra nazirlikdə Azərbaycan və Gürcüstan jurnalistlərinin görüşü təşkil olundu. Görüşdə Gürcüstan Regional Televiziyalar Assosiasiyasının (RTA) rəhbəri Natia Kupaşvili ilə bizim təklif etdiyimiz “Gürcüstan-Azərbaycan tanıtım” layihəsinin həyata keçirilməsi ilə bağlı sözləşməmiz oldu. Hazırda layihənin icrası ilə bağlı danışıqlar aparılır.Yaxın günlərdə bu layihənin icrasına start vercəyik. Biz bütün görüşlər zamanı Gürcüstan rəsmilərinə və yerli həmkarlara Qarabağ, eləcə də Xocalı, Qaradağlı soyqırımları ilə bağlı kitablar da təqdim etdik. Kitablar Gürcüstanın idman və gənclər naziri Levan Kipiani, Prezident Administrasiyasının milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Tapçişvili, Regional Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili, həmçinin qəzet və saytlarda çalışan bir sıra jurnalistlərə verildi. Eyni zamanda Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin ofisinə də kitablar təqdim olundu. Xatırladım ki, təqdim olunan bu kitablar əsasən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən nəşr olunub.
– Perspektiv layihələriniz…
– Hazırda “Almaniyada yaşayan azərbaycanlıları tanıdaq” layihəsi üzərində işləyirik. Əlbəttə, burada elit təbəqədə tanınan azərbaycanlılardan söhbət gedir. Bu layihə 2 mərhələdən ibarətdir. Biz həmyerlilərimizdən müsahibə alıb, o müsahibələri alman dilində çap etdiririk. Məqsəd isə belə soydaşlarımız haqqında dünyaya məlumat çatdırmaqdan ibarətdir. Layihənin 2-ci mərhələsi alınan müsahibələrdən alman dilində kitab nəşr etmək olacaq. Almaniyada elə azərbaycanlılar var ki, onların ideyası əsasında zavodlar və ya zavodlarda şöbələr açılıb. Bu ölkədə yaşayan həmyerlimiz xərcəng xəstəliyinin inkişaf sürətini ölçən çihaz hazırlayıb. Avropalılar bilməlidirlər ki, onların ölkələrinin elmi-texniki, mədəni inkişafında azərbaycanlıların da töhfəsi var. Bizim də məqsədimiz belə soydaşlarımız haqqında informasiya yaymaqdır. Elə soydaşımız var ki, dünyada ən çox patenti olan azərbaycanlı adına namizəddir. 50-yə yaxın patenti var. Bundan əlavə, Fransada Adilə Əliyeva adlı bizim bir bəstəkar xanım var. Ondan bu yaxınlarda müsahibə aldıq. Təsəvvür edin ki, o, dünyanın 50-dən artıq ölkəsində konsert verib. Hətta Vatikanda belə. Təəssüf ki, belə bir soydaşımız Azərbaycanda o qədər də tanınmır.
– Diaspor Jurnalistlər Birliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlığı nə yerdədir?
– Bəli, əməkdaşlıq edirik. Buna görə onlara təşəkkür edirəm. Bizim bütün tədbirlərimizdə komitənin nümayəndələri iştirak edir. Avqustda cəbhə xəttində gərninlik olanda biz xaricdən gələn bir neçə diaspor üzvü ilə Biləsuvara şəhid ailəsi evinə getdik. Bu gedişlə onların ailəsinə mənəvi dəstək olmuş olduq. Bizimlə ora Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də getmişdi.
– Təşkilatınızın hazırda ən böyük problemi, çətinliyi nədir?
– Bizim birinci problemimiz qeydiyyat məsələsi ilə bağlıdır. Bəzən hər hansı layihə barədə düşünürük, ancaq həyata keçirə bilmirik. Sırf qeydiyyatsızlığa görə. İndi bununla bağlı işlər görülür, sənədləri təqdim etmişik. Əsas çətinliklərdən biri də maliyyə problemidir.
– Uğurlar.
Fuad Babayev, Aynur Hüseynova
1905.az