Suallarımızı müstəqil ekspert Fuad Şahbazov cavablandırdı.
-Hindistanla Pakistan arasında baş verən son hadisələr Sizin üçün nə qədər gözlənilən idi? Siz bunları proqnozlaşdırırdınız, yoxsa proqnozlara sığmayan qeyri-adi hadisə baş verdi?
-Hindistanla Pakistan arasındakı 1971-ci il müharibəsindən sonra aktiv hərbi əməliyyatlardan passiv hərbi əməliyyatlar fazasına keçid baş verdi. Müqayisə üçün keçən illərin iqtisadi və siyasi stabillik göstəricilərinə baxsaq, aydın olur ki, vaxt daha çox Hindistanın lehinə işləyib. Hindistanın iqtisadi yüksəlişi və demoqrafik potensialı bunu deməyə imkan verir. Bir çox tanınmış iqtisadçıların rəyinə əsasən Hindistan yaxın 4-5 il ərzində ÜDM istehsalına görə hətta Çini də keçmək potensialına malikdir. Çox yaxın zamanda demoqrafik cəhətdən də Çini üstələyəcək. Bu amillər Hindistana müəyyən üstünlüklər qazandırır. Bütün bunlar Pakistanın daxilində son 10 ildə güclənən siyasi qeyri-sabitlik və iqtisadi problemlər fonunda baş verir. Bilirik ki, bundan öncəki Baş nazir Nəvaz Şərif korrupsiya ittihamı ilə həbs edildi, onun qurduğu kabinet dağıldı. Onun yerinə gələn yeni Baş nazir İmran xan (mərkəzçi “Ədalət uğrunda hərəkat” partiyasının lideri – red.) özü də etiraf edib ki, əvvəlki hökumətlərdən miras qalan çox ciddi iqtisadi problemlər var. Buna daha çox fiskal problem deyirlər. Ölkənin pul siyasəti tamamilə iflasa uğrayıb və faktiki olaraq dövlət büdcəsi boşdur.
-Kəşmirin coğrafi, relyef şəraitini nəzərə alsaq, Hindistanın orada bütün potensialını istifadə etmək imkanı varmı?
-Kəşmir ərazi baxımından dağlıq relyefə malikdir. Burada daha çox strateji maraqlar rol oynayıb, nəinki coğrafi maraqlar. 1971-ci il müharibəsində Kəşmirdə bir neçə dəfə tank döyüşləri olub. Həmin döyüşlərdə Pakistanın itkiləri daha çox olmuşdu. Bu istər-istəməz Pakistan ordusuna psixoloji təsir göstərmişdi. Çünki, Pakistanın çox fəxr etdiyi tank diviziyalarının, məşhur general Əmir Niyazın Hindistan ordusu qarşısında geri çəkilməsi Pakistanın həm də psixoloji məğlubiyyəti idi. Amma, bu gün situasiya bir qədər fərqli də olsa yenə də ümumi göstəricilərə görə üstünlük Hindistanın tərəfindədir. Rəsmi məlumatlara görə Pakistanın hərbi büdcəsi 11 milyard dollar təşkil edirsə, Hindistanın hərbi büdcəsi 60 milyard dollara yaxındır. Doğrudur, son günlərdə baş verən hadisələr onu göstərdi ki, Hindistanın Hərbi Hava Donanması kifayət qədər zəifdir.
-Belə demək olarmı ki, Hindistan ordusunun hərbi texnikası əsasən köhnə sovet istehsalı, Pakistanın isə silah və texnikası daha müasirdir?
-Bəli. Pakistan və Hindistan ənənəvi olaraq bölgədə ABŞ yönümlü siyasət aparan ölkələr sayılıb. ABŞ-ın Pakistana olan hərbi yardımının ən pik nöqtəsi ötən əsrin 80-ci illərinə təsadüf edir. Barak Obama administrasiyası dövründə də Pakistana olan illik hərbi yardım 300-500 milyon ABŞ dolları arasında dəyişirdi. Yəni ənənəvi hərbi yardım kampaniyası davam edirdi. Hətta, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra da Pakistanı hədələmişdi ki, ABŞ-ın Pakistana olan ənənəvi hərbi yardım paketi dayandırıla bilər. Çünki, Pakistanın Vəziristan əyalətində mövcud olan radikal islamçı qruplaşmalar, separatçı qüvvələr Bəlucistanda açıq şəkildə fəaliyyət göstərirlər. Bu qüvvələr mütamadi olaraq qonşu dövlətlərin sərhədlərini pozaraq onları təhdid edirlər. Buna görə də Tramp Pakistanı hədələmişdi. Hindistan da öz növbəsində ABŞ-ın ənənəvi müttəfiqi hesab olunur. Amma, son 2-3 ildə Hindistanın Rusiya ilə hərbi sahədə yaxınlaşmasını müşahidə edirik. Hindistan keçən il Rusiyadan modernləşdirilmiş T-72 tanklarının alınması ilə bağlı danışıqlar aparmışdı. Bir daha qeyd edirəm ki, son günlərdə baş verən hadisələr onu göstərir ki, Hindistanın məhz Hərbi Hava Donanması kifayət qədər zəif və hava hücumlarına qarşı müdafiəsizdir. Hərbi hava eskadriliyasının bazasında olan təyyarələr də kifayət qədər köhnəlib. Müqayisə etsək qarşı tərəfdə Pakistana məxsus ABŞ istehsalı F-16 və Pakistan-Çin ortaq istehsalı olan JF 17 qırıcı təyyarələri var. Bir maraqlı fakt da odur ki, bir çox beynəlxalq ekspert iddia edir ki, Hindistan MiQ-29 təyyarəsinin Pakistan istehsalı olan JF 17 təyyarəsi tərəfindən vurulması bu silahın ən yaxşı reklamı oldu. Bu qırıcı təyyarələr həqiqi döyüş sınağında özünü təsdiq etdi. Bu da beynəlxalq hərbi bazarda təbii ki, qüvvələr balansını kifayət qədər dəyişəcək. Ola bilsin ki, artıq bir neçə ölkə Pakistan istehsalı olan qırıcı təyyarələr almaq üçün ona müraciət etsin.
-Bu münaqişənin növbəti fazaya keçməsinin qarşısını almaq üçün Türkiyənin vasitəçilik missiyası haqqında nə deyə bilərsiniz?
-Vasitəçi rolunda mən düşünmürəm ki, Türkiyə hər hansı effektiv rol oynaya bilər. Türkiyənin Pakistanla müqayisədə Hindistan üzərində elə bir təsir mexanizmi yoxdur. Burada əsas vasitəçi rolunu rəsmi Vaşinqton oynaya bilər. Ağ ev özü hər iki tərəfi aktiv döyüşlərdən, irimiqyaslı hərbi əməliyyatlar keçirməkdən çəkindirmişdi. Burada Rusiya vasitəçilik rolunda çıxış edə bilər. Nəzərə alsaq ki, 2015-2016-cı illərdə Rusiya ordusu Pakistan ordusu ilə birgə ortaq hərbi manevrlər təşkil etmişdir. Pakistanla Rusiyanın yaxınlaşma prosesi var.
–Gərək ki, bu hərbi manevrlər daha çox hərbi dəniz qüvvələri ilə bağlı idi.
-Hərbi dəniz qüvvələri və xüsusi təyinatlı dəniz piyadaları ilə bağlı manevrlər idi.
-Yeri gəlmişkən, Hindistanın hərbi dəniz piyadaları dünyada miqyasında ən güclülərdən sayılır.
-Təbii ki, burada Pakistanın əsas tərəfdaşı və investoru Çin mühüm rol oynaya bilər. Bu münaqişədə Çin açıq şəkildə Pakistanı dəstəkləyərək anti-Hindistan tipli açıqlamalar verməyəcək. Çünki, 2016-cı ildın etibarən Çinin Uxan şəhərində Çin-Hindistan sammiti keçirilib. Bu sammit Çin və Hindistan arasında olan buzların əriməsi üçün bir başlanğıc hesab olunurdu. Bu proses hələ də davam edir. Çin və Hindistan Cənub Şərqi Asiya regionunun iki hegemon dövlətidir. Burada nüfuz dairəsi uğrunda mübarizə gedir. Təbii ki, Çin Hindistanla münasibətləri korlamaq istəmir. Çünki, Hindistan bir iqtisadi gücdür, potensial rəqibdir. Yaxın 3-4 ildə Çinin əsas rəqibi Hindistan olacaq, nəinki ABŞ və Avropa. İnanmıram ki, Çin bu məsələyə görə qatı Pakistan yönümlü mövqe tutmaqla Hindistanla münasibətlərə xələl gətirə. Çinin xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri bəyanat verdi ki, biz hər iki dövlətin təmsilçisini danışıqlar aparmaq üçün Çinə dəvət edə bilərik. Lakin, mən hesab edirəm ki, vasitəçiyə ehtiyac olmayacaq. Bildiyiniz kimi Pakistanın baş naziri İmran xan mətbuat konfransında deyib ki, biz əsir alınan hind pilotunu Hindistana sülh göyərçini olaraq göndəririk və ümid edirik ki, gərginlik daha davam etməyəcək. Pakistan özü də bilir ki, Hindistanla uzunmüddətli hərbi əməliyyatlar aparmaq onun lehinə olmayacaq. Hindistanın maddi və texniki resurslarını nəzərə alsaq, bu real da deyil. Qeyd etdiyim kimi ölkədəki qeyri-stabil siyasi rejim, iqtisadi problemlər, hərbi iyerarxiyada nüfuz uğrunda gedən mübarizə də uzunmüddətli hərbi əməliyyatları Pakistan üçün imkansız edir. Bəzi ekspertlər də iddia edir ki, baş verən bu insident Pakistan Baş Kəşfiyyat İdarəsinin yeni təyin olunan rəhbəri general Asim Munir tərəfindən təşkil edilib. O özünü nüfuz sahibi olan bir hərbçi kimi göstərmək üçün belə bir vasitəyə əl atıb. Təbii ki, bütün bunlar təsdiqlənməyən iddialardır. Amma digər tərəfdən sual yarandı ki, niyə Hindistan F-16 təyyarəsinə qarşı MiQ-29 təyyarəsindən istifadə edib. Çünki, MiQ-29 təyyarəsinin texniki göstəriciləri F-16 təyyarəsinin texniki göstəriciləri ilə ümumiyyətlə müqayisə oluna bilməz. MiQ-29 təyyarələrindən belə bir çətin əməliyyatlarda istifadə olunması problem yaradır. Düşünürəm ki, bu hadisədən sonra artıq Hindistan öz Hərbi Hava Donanmasında ciddi dəyişikliklərə başlayacaq.
–Bu dünya hərbi sənaye kompleksinin, silah satmaq həvəsində olan böyük ölkələrin, holdinq və korporasiyaların da marağına tam uyğundur. Çünki, bu silahlanmaya rəvac verəcək. Bəs ümumiyyətlə, Kəşmir probleminin həlli barədə nə demək olar? Bəzi insanların bu barədə məlumatı bir çox hallarda Kəşmir adlı xüsusi parça növündən uzağa getmir. Təhsili olan insanların əlbəttə ki, Kəşmir problemi haqqında müəyyən təsəvvürü var. Amma, ümumiyyətlə, Kəşmir probleminin həlli varmı? Yoxsa bunu da İsrail-Fələstin münaqişəsi kimi illərlə həllini gözləyən problemlərdən hesab etmək olar?
-Mən bu tip münaqişələri kateqoriyalara ayırıram. Onu deyə bilərəm ki, Kəşmir problemi də Ərəb-İsrail münaqişəsi, İndoneziyanın Sumatra adasındakı problemlər kimi keçmiş müstəmləkələrdən qalan problemlərdir. Bilirsiniz ki, İngiltərənin müstəmləkəsi başa çatdıqdan sonra regionda mübahisəli sərhəd bölgüsü bu münaqişəyə səbəb oldu.
-Bu münaqişənin ədalətli və hər iki tərəfi qane edəcək həlli varmı?
-Mexanizm o sayılır ki, Pakistan tərəfi…
-Pakistan Azad Kəşmirə nəzarət edir.
-Bəli, orada bir rejim qurulub. Tarixən Pakistan belə iddia edir ki, kolonial sistem başa çatdıqdan sonra Kəşmir Hindistan ərazisi daxilində olan və əhalisi tamamilə müsəlmanlardan ibarət feodal bir quruluş olub. O dövrdə Pakistanla aparılan danışıqlara görə Kəşmirin hakimi könüllü şəkildə Pakistana birləşməyi qəbul edib və müqavilə də imzalanıb. Lakin son anda Kəşmir qərarını dəyişərək Hindistan tərkibində qalmağı seçir. Bu problem də bugünkü hərbi münaqişənin təməlini qoyub. Pakistan bu gün iddia edir ki, presedent olaraq onlar müqavilə imzalayıb. Bu müqaviləyə görə Kəşmir əhalisi könüllü şəkildə Pakistanın tərkibinə keçməyə razılıq vermişdi, lakin Hindistan bu prosesə mane oldu. Hindistan tərəfi isə öz növbəsində iddia edir ki, Kəşmirin Hindistan tərkibində qalması da əhalinin özünün könüllü seçimidir. Pakistanın burada separatçı müharibə aparır.
-Müsəlman olan Kəşmir əhalisinin etnik tərkibi haqqında nə demək olar?
-Kəşmirin əhalisinin böyük əksəriyyətini puştunlar deyil, müsəlmanlaşmış hinduslar təşkil edir. Hindistan orada yaşayan əhalinin əksəriyyətini müsəlmanlaşmış hinduslar hesab etdiyi üçün Kəşmirin Hindistana mənsub olduğunu iddia edir. Pakistan isə daha çox İslam identikliyi prinsipini əsas götürərək deyir ki, müsəlmanlar hinduist bir ölkənin tərkibində qala bilməzlər.
–Fuad müəllim, elə bil ki, dünya kütləvi informasiya vasitələri bu qarşıdurmaya xüsusi diqqət ayırmadılar. Siz necə düşünürsünüz?
-“Foreign Policy” və “The Diplomat” kimi nüfuzlu jurnallarında bu mövzuda yazılar oxumuşam. Sırf qərbyönlü media tərəf tutmaq baxımından bir az ehtiyatla yanaşır və neytral mövqedə dayanmağa çalışırlar. “The Diplomat” jurnalının iddiasına görə bu münaqişə Hindistanda müəyyən hərbi islahatlara başlamağa təşviq edəcək. Çünki, Hindistan kimi dövlətin Hərbi Hava Donanmasının bu vəziyyətdə olması ölkədə də narazılıqla qarşılandı. Nəzərə alsaq ki, Hindistanda seçkilər yaxın bir zamanda baş verəcək, yeni baş nazir seçiləcək və indiki hakimiyyətdə olan Narendra Modinin başçılıq etdiyi partiya son aylarda kifayət qədər reytinq itirib. Bəzi ekspertlərin fikrincə isə bu münaqişəni Narendra Modinin başçılıq etdiyi xüsusi bir qrup kiçik miqyaslı qələbə ilə seçkilərdə reytinqi qaldırmaq məqsədilə edib. Lakin gözlənilən nəticənin tam əksi baş verdiyindən reytinqlər daha da aşağı düşdü, narazılıqlar daha da artdı. Eyni zamanda “Foreign Policy” dərgisi yazır ki, Pakistanın bu kiçik miqyaslı qələbəsi bütün iqtisadi problemlərə, siyasi qeyri-stabilliyə baxmayaraq bu ölkənin həqiqətən potensiala malik olduğunu göstərir. Amma “Foreign Policy” dərgisi də Pakistanın uzunmüddətli müharibə edəcəyinə və bu qələbəni daha da irəli apara biləcəyinə şübhə ilə yanaşır. Çünki, indiki mərhələdə Pakistan uzunmüddətli hərbi əməliyyatlara hazır deyil.
–Hindistan-Pakistan arasındakı münaqişələrə bənzər hadisələr bizim Qarabağ probleminin çözülməsinə hansı təsiri göstərə bilər?
–Kosovo öz-özlüyündə bizim üçün çox təhlükəli presedentdir. Kosovonın dövlət elan edilməsindən Ermənistan təbliğat məqsədilə çox aktiv istifadə edirdi. Bundan sonra Abxaziya və Cənubi Osetiya presedenti, xalqların öz müqəddaratını təyin etməsi yenidən gündəmə gəldi. Hətta son vaxtlar Kataloniyadakı və İraq Kürdüstanındakı proseslər də bizim üçün olduqca təhlükəli presedentlər yaradırdı. Kəşmir məsələsində Azərbaycanın açıq-aşkar hansısa ölkəni dəstəkləməsi bizim üçün məqbul deyil. Həm Hindistan kimi böyük bir dövlətlə, həm də strateji tərəfdaşımız Pakistanla münasibətləri stabil saxlamağa çalışmalıyıq. Kəşmir problemi həll olunacağı təqdirdə Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək. Sadəcə biz ümid edə bilərik ki, gələcəkdə bu münaqişə sülh mexanizmi ilə həll olunacaq. Bu sülh mexanizmindən biz gələcəkdə özümüz üçün presedent kimi istifadə edə biləcəyik.
–Kəşmir problemi Hindistan-Pakistan arasındakı təkcə ərazi problemi ilə məhdudlaşır, yoxsa bizim bilmədiyimiz başqa gizli məqamlar da var?
-Bilirsiniz ki, Pakistan sırf müsəlmanlar üçün yaradılan dövlətdir. Hazırda Hindistanda hakimiyyətdə olan sağ yönümlü siyasi partiyanın daha radikal üzvləri ümumiyyətlə, Pakistanı bir dövlət kimi tanımırlar. Amma, daha liberal siyasi qüvvələr Pakistanı dövlət olaraq tanıyırlar. Sadəcə Kəşmir məsələsində Pakistanın iddiaları ilə razılaşmırlar. Pakistanın sərhəd ərazilərində apardığı təxribat yönlü fəaliyyətləri məsələni sadəcə olaraq qəlizləşdirir. Çünki, orada hələ “Təhriki Taliban” və “Leşkəri teyyibə” kimi radikal islamçı qruplaşmalar mövcuddur. Onların mövcudluğu Pakistanın daxilində siyasi stabilliyi pozan əsas amillərdən biri hesab olunur. Rəsmi Dehli da İslamabadı bu qruplaşmalardan Hindistana qarşı alət kimi istifadə etməkdə günahlandırır.
–Bu münaqişənin yenidən gündəmə gəlməsində bilavasitə xarici dövlətlərin təsiri var?
-Ola bilsin müəyyən qədər müdaxilə var. Amma, mən deməzdim ki, hər hansı bir dövlət aktiv fazada Hindistan və Pakistana təsir göstərir. Çünki, hər iki ölkə ənənəvi olaraq qərbyönümlü siyasət aparan dövlətdir. Qərb bu münaqişənin aktiv hərbi əməliyyatlara keçid almasından narahatdır. Hərbi sənaye kompleksi ilə bağlı bir məsələni qeyd etmək istəyirəm. Yeni qırıcı təyyarələr əldə etmək üçün Hindistan ABŞ-la danışıqlar aparırdı. Lakin, Hindistanın bir şərti var idi ki, qırıcı təyyarələrdən əlavə onların texnologiyası da Hindistana satılmalıdır ki, həmin təyyarələr Hindistanda istehsal olunsun. Təbii ki, Amerika buna razı olmadı və Hindistan Rusiya ilə danışıqlara başladı.
–Hindistan-Pakistan münaqişəsinin yeni fazaya daxil olmasını ABŞ-Rusiya münasibətləri kontekstində necə xarakterizə etmək olar? Bu münaqişə ABŞ və Rusiya maraqlarının toqquşduğu döyüş meydanı kimi nəzərdən keçirilə bilər?
-Siz dediyiniz məsələyə sırf Şanxay Əməkdaşlıq Təşkilatı (2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Pakistan və Hindistan bu təşkilatın üzvüdür – red.) çərçivsində baxmaq lazımdır. Çünki, hər iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu təşkilatın Moskvanın təsir dairəsində olması şübhəsizdir. Öncə qeyd etdiyim kimi Rusiya bu münqişədə vasitəçilik təklifi ilə çıxış edib. Rusiyanın qorxudan əsas məqam odur ki, iki ölkə arasında olan bu münaqişə təşkilatın fəaliyyətini iflic edə bilər. Bu isə Rusiyanın və Çinin Asiya regionunda maraqlarına ciddi ziyan vurar, onların birgə əməkdaşılığını təhlükəyə atar. ABŞ-ı isə narahat edən amil o ola bilər ki, bu münaqişə, Rusiya və Çinin vasitəçilik təklifi həm Hindistanı, həm də Pakistanı Moskva və Pekinlə daha da yaxınlaşdıra bilər.
–Bəs Rusiyanın münaqişə tərəflərinə münasibəti necədir?
-Mən belə görürəm ki, Rusiya əsas üstünlüyü Hindistana verir. Çünki, Hindistan tükənməz resurslara malik ölkədir və silah satışı üçün Pakistanla müqayisədə daha böyük bazardır. Amma, Şanxay Əməkdaşlıq Təşkilatı Rusiyanı da bu məsələdə neytral mövqe tutmağa vadar edir.
Fuad Babayev, Təmkin Məmmədli, 1905.az