Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu işğal ərəfəsində ərazidən çıxarılmış və hazırda Bakı şəhərində fəaliyyət göstərən “İstiqlal” muzeyində mühafızə edilir.
Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur.
Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir.
Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi. Muzey əşyalarının hər biri Füzuli rayonunun tarixini əks etdirir, tariximizin bütün dönəmlərindəki maraqlı məqamları, bölgənin qədim və zəngin mədəniyyətini özündə yaşadır.
Eksponatlar qədimlik baxımından minillikləri əhatə edirdi. Rayon ərazisində yerli oturaq əhalinin məskunlaşma tarixi 7 min ildən çoxdur. Bunu rayon ərazisində aparılan arxeoloji qazıntılar da təsdiq edir.
Təsnifatına görə eksponatlar aşağıdakı şəkildə sərgilənirdi:
1. Tarixi-arxeoloji materiallar,
2. Tarixi-entoqrafık materiallar,
3. Diyarın təbiətini və tarixini əks etdirən foto-materiallar,
4. Sənədli materiallar və s.
Ümumilikdə muzeyin üç mindən artıq eksponatı Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir.
Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin 1994-ci ildə fəaliyyəti bərpa edilmiş və kollektiv üzvləri köçkünlük və çətinlik şəraitinə baxmayaraq, öz fəaliyyətlərini davam etdirir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru