Azərbaycan xalqının dahi şairi, ədəbi-bədii dilimizin misilsiz yaradıcısı, insan qəlbinin ən qüdrətli tərənnümçüsü Məhəmməd Füzulinin sənətkarlıq aləmi çox geniş və zəngindir.
Bu aləmin tam və kamil mənzərəsini vermək kimi mühüm, çətin bir vəzifə qarşısında öz imkan və qüvvəmizin məhdudluğunu nəzərə alaraq böyük ustadın şeir qüdrətinə xas olan hünərlərin ancaq bəzilərini göstərmək niyyətindəyik.
1. Füzuli Azərbaycan bədii dilinin möhkəm təməlini qoyan, bu dildə “nəzmi-nazik” yaradan, əsrlər boyu “dişvar” olan bir müşkülü açan dahi sənətkardır. Füzulidən əvvəl də bu dildə ədəbiyyat, xüsusən şeir yaradan olmuşdur (Nəsimi, Həbibi, Xətai…). Ancaq heç kəs şeir sənətini və bədii dili Füzuli şeiri səviyyəsinə qaldıra bilməmişdir.
2. Böyük şairin sənətkarlığı həm genişlik, həm dərinlik, həm mövzu cəhətdən zamanının, ədəbi-bədii məhsulunun ən yüksək zirvəsini təşkil edir. Yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə söz sənətinin elə bir şəkli və ənənəsi yoxdur ki, Füzuli müraciət etməsin və onun ən parlaq nümunəsini verməsin (qəzəl, qəsidə, poema, didaktika, alleqoriya, müəmma, bədii nəsr…)
3. Füzuli şeiri yalnız qüdrətli istedadın məhsulu deyildir. Şairin zəngin bilik, ağır zəhmət, ehtiraslı tədqiqat, davamlı həyat təcrübəsi və iti müşahidəsi, bütün bu cəhətlərin ahəngdar vəhdətdə təzahür etməsinin nəticəsidir. Şeirə olan tələbkar münasibət dahi şairin öz zəngin, orijinal yaradıcılıq təcrübəsində parlaq ifadəsini tapmışdır.
4. Füzuli şeir işinə ən mühüm, məsul, çətin, həm də ən şərəfli bir vətəndaşlıq vəzifəsi kimi baxmış, ona tələbkarlıqla yanaşmış, sənətini təkmilləşdirmək zərurətini heç bir zaman nəzərdən qaçırmamış, əlinə qələm alandan son nəfəsinə qədər sənətkarlıq, vərdiş, bilik, təcrübə və səyini durmadan artırmışdır.
5. Şairin elə bir kiçik və ya böyük əsəri yoxdur ki, orada müstəsna sənətkarlıq hünəri, söz sənətinin ən gözəl üsul və nümunələrini verən xüsusiyyətlər – məcazlar, bədii vasitələr, lövhələr, müqayisələr olmasın.
6. Füzuli bir tərəfdən öz doğma xalqının həyatını, tarixən zəngin irsini, bədii sərvətini, folklorunu, ikinci tərəfdən qonşu xalqların – ərəblərin, farsların qədim və müasir ədəbiyyatını gözəl bilir, mənimsəyir; üçüncü tərəfdən ümumən dünya mədəni, ədəbi mühit səviyyəsini hesaba ala bilir; müstəsna ilham qüdrəti sayəsində xalqının müdrik zəkasını, qəlbini əks etdirən ecazkar sənət əsərləri yaradırdı.
Onun əsərləri çox vaxt zaman, məkan məhdudluğunu vurub dağıdır, konkret həyati fakt, hadisələrlə həmahəng olaraq bəşər həyatı və zehninə xas olan dərin, ölməz ümumiləşdirici nəticələrə gəlib çıxır. “Leyli və Məcnun” təmiz, pak, məsum, fədakar ərəb gənclərinin uğursuz, faciəli taleyini, həm də ümumən feodal dünyasında azad, əsl insani məhəbbətin bu cür labüd fəlakətli aqibətini əks etdirir. “Dust bipərva, fələk birəhm, dövran bisükun…” hökmləri ilə başlayan qəzəl yalnız böyük şairin şəxsi həyatı və öz taleyinə deyil, eyni zamanda o zaman böyük sənətkarların keçirdiyi maddi, mənəvi məhrumiyyət və iztirablara aid olduğu hökmlərdir.
7. Füzuli söz sənətinə ən çətin və əhatəli sənət kimi baxır, konkret söz üzərində səylə işləməyi, onu yüksək sənət zirvəsinə qaldırmağı vacib sayır: “Can sözüdür əgər bilirsə insan; sözdür ki, deyirlər özgədir can”.
Ədəbiyyatda hər bir sözə, tərkibə, ifadəyə “bədii əsərin tikinti materialı” kimi baxan sənətkar bu “materialın” bütün sirrlərini öyrənir. Nəinki təkcə ana dilindəki, həm də başqa xalqların, qonşu ölkələrin canlı dilindəki müxtəlif, ümumi ifadə və xüsusiyyətləri hesaba almaq istəyir (“Təvəqqe budur ümumən əhaliyi-izzü-etibardən, xüsusən büləğayi-Rum və füsəhayi tatardən ki, əgər şahidi hüsni-ibarətimdə ol diyarın əlfaz və ibarətlərindən zivər olmasa və müxəddərati-nəzmim ol mülklərin lətayif və zərbilməsəllərindən zib bulmasa bu dayi məzur buyurarlar”). Şair xalq dilinin gözəlliyini, incəliklərini, zərbilməsəllərini bilməyi sənətkar qarşısında zəruri bir tələb kimi qoyur.
8. Füzuli şeirdə məna gözəlliyi ilə ifadə gözəlliyinin, məzmun və şəkil vəhdətinin parlaq nümunəsini verir. Bədii qiyasları, təzadları, müqayisələri bəzən davamlı bir silsilə halına gətirərək bədii məntiq yaradır.Bu məntiqi həm şeirin şəklində, həm də məna və mündərəcəsində eyni dərəcədə məharətlə yaradır.
Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri…
9. Şair bu sözlərə bir cəhətdən yox, müxtəlif məna nöqteyi-nəzərindən, müxtəlif ifadələr silsiləsindən, müxtəlif tərkiblərdə yanaşır,bitkin bədii lövhələr yaradır. Qövsi-qüzəhdə şüalar parçalanıb əlvanlığını büruzə verdiyi kimi, Füzuli sənətində də söz və tərkiblərin bütün çoxcəhətli məna zənginlikləri meydana çıxır.
10. Füzili ən böyük qəlb şairi olaraq öz lirikasında insan mənəviyyatının bütün zəngin, mürəkkəb aləmini, sirrlərini ifadə edir. Bu lirikanın mərkəzi mövzusu saf məhəbbət olsa da bununla məhdudlaşmır.
11. Məhəbbət məhfumunun özü böyük şairin sənətində yalnız aşiq-məşuq münasibətləri yox, yüksək mənəvi həyat, təmiz, saf, səmimi insani münasibətlər, nümunəvi ünsiyyət kimi qoyulur.
12. Füzulidə məhəbbət lirikası ilə yanaşı ictimai-fəlsəfi lirika da qüvvətlidir. Bu lirika ilə şair həm müasir həyatı, həm də varlığın, ictimai aləmin fəlsəfi səciyyəsini vermək istəyir.
13. Füzulinin şeiri ən kamil və ən bitkin bir texnikaya malikdir. Doğma xalqının şeir ölçüsü olan heca vəznində yazmasa da, müasir əruzun bütün mürəkkəbliyinə vaqif olsa da, Füzulinin işlətdiyi bəhrlər müasirlərindən seçilirir. Məzmuna görə bəhr, ölçü seçməkdən əlavə böyük şair həmişə ən şətin tərkib və ifadələr silsiləsini mümkün qədər sadələşdirməyə, səlişləşdirməyə meyl edir. Şeirin ritmi, ahəngi, səslər tənasübü xalq zövqü, ruhunu oxşayan səlis bir musiqi təsiri bağışlayır.
14. Füzuli yaradıcılığı söz ehtiyatı etibarı ilə ədəbiyyat tariximizdə ən zəngin, ən xarakterik bir nümunədir. Üç dildə divan yaradan həm xalqın mənəviyyatından, həm klassik ədəbi mənbələrdən qidalanan sənətkarın bədii vasitələr xəzinəsi o qədər zəngin, əlvan və ümumxalq dilinin imkanlarını əhatəedicidir ki, əsrlər boyu bir sıra böyük şairlərə gözəl nümunə olmuş və olmaqdadır.
15. Füzulinin qafiyə, rədif sistemi də əlvan və mükəmməldir. Qrammatik kateqoriyaların hamısından qafiyə yaratdığı kimi, eyni qəzəldə eyni sözdən, həm qafiyə, həm rədif düzəldə bilir və bunu ardıcıl bir tədriclə yaradır. Bu şeirdəki daxili qafiyələr aşıq şeirində indi işlənən, şöhrət tapan yaxşı nümunələr kimi təbii, səlis, sadə və rəvandır.
16. Böyük şairin yüksək sənətkarlıq məharəti əsrlər boyu yalnız Azərbaycan şairləri üçün deyil, həm də bütün Yaxın Şərqdə böyük sənətkarlar üçün parlaq nümunə olmuş və nümunə olaraq qalacaqdır.
Mir Cəlal
Filoloji elmlər doktoru, professor
Böyük Azərbaycan şairi Füzulinin vəfatının 400 illiyi münasibəti ilə Azərbaycan SSR Elmlər akademiyası və S.M.Kirov adına Azərbaycan dövlət universitetinin birgə elmi sessiyasında ediləcək məruzələrin tezisləri. Bakı – 1958, s.6-9