Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi yazılsa da, Gəncəsər adı ilə tanınan abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşir. Məbəd XIII əsr xristian alban monastırıdır və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. Albaniya Katolikosluğunun iqamətgahı olan bu kilsə Albaniyanın tarixində mühüm rol oynamışdır. Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Kompleksin əsas tikilisi kilsə idi və məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir. Kilsə xaçvari- günbəzli kvadrat formalı olub, səliqəli kəsmə daşlardan tikilmişdir.
Xaçvari planlı ibadət salonunun şərq çıxıntısını yarımdairəvi altar absidi təşkil edir. Salonun mərkəzi hissəsini hündür barabanlı günbəz örtür. Barabandakı 4 iri və 4 kiçik pəncərə ibadət salonunun interyerini yaxşı işıqlandırır. Məbədin divarları həm iç, həm də çöl tərəfdən səliqəli kəsilmiş kirəmit plitələrlə örtülmüşdür. Kilsənin xaçvarı planı ənənəvi olaraq onun həcm kompozisiyasına da çıxarılmış, mərkəzi hissəsi hündür günbəzlə nəzərə çarpdırılmışdır. Küncdəki mehrabın üstündə hündür zəng qülləsi qaldırılmışdı. 16 üzlü zəng heykəltəraşlıq təsvirləri – mifoloji simvollarla, oyma naxışlar, qabartmalarla bəzədilmiş və çeşidli daşlarla naxışlanmış, günbəzin çətir formalı damı ilə tamamlanmışdır. Kilsənin ön hissəsi tağ sırası ilə bəzədilmişdir. Kilsənin qərb çatısındakı iri xaçda İsanın çarmıxa çəkilmiş fiquru Turani tipdə, monqol hörükləri ilə təsvir olunmuş, onun yanlarında, başlarında türk-monqol papaqları olan apostol fiqurları qoyulmuşdur. Bu heykəl kompozisiyası, tədqiqatçıların fikrinə görə, Elxanilər dövrünə aiddir.
Gəncəsər kilsəsi Azərbaycanın xristian memarlığı ənənələri əsasında tikilmişdir. Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Qarabağ Elxani hökmdarının yaylaq yeri idi. Hülaku xanları və onların xristian türk xanımları, xüsusilə Hülaku xanının baş xanımı, xristian kerait türkü olan Dokuz xatunun çox sevdikləri bu yaylaq yerində kilsə və monastırlar inşa etdirmişlər. Onlardan ən önəmlisi də Gəncəsər monastırı olmuşdur. Bu monastırın təməlini qoyan Həsən Cəlal Hülaku xanən izni ilə Çingiz Xan imperiyasının paytaxtı Qaraqorum şəhərindəki qurultaya nümayəndə göndərilmişdi. Memarlıq dekorunda heykəllərin tipoloji mənsubiyyəti, türk mifologiyasından gəlmə heyvan və quş fiqurlarının işlədilməsi, eləcə də oyma naxışlarda Şərqi Türküstan motivlərinin olması Gəncəsər kilsəsinin Həsən Cəlalın ölümündən sonra tamamlandığını sübut edir. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalı oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Eyni zamanda bu sülalənin bəzi üzvləri, alban din xadimləri də burada dəfn edilmişlər. Bu kilsə tədqiqatçıları fikrincə, yarımdairəvi apsidalı, xaçvarı-günbəzli kilsələrin Qafqaz ərazisində ən kamil örnəyidir.
Kilsəyə qərb tərəfdən kvadrat planlı sütunsuz iri salon birləşdirilmişdir. Onun örtük konstruksiyasının əsasını bir-biri ilə kəsişən iki cüt perpendikulyar tağ-nervyurlar təşkil edir. Onların kəsişməsindən mərkəzdə alınan kvadratdan stalaktitlərlə dairəyə keçən bacanın üstündə səkkizsütunlu yüngül rotonda qurulub. Salon örtüyünün kompozisiya özəyi bu bacanın iç hissəsinə qeyri-adi bədiilik verən mürəkkəb və incə stalaktit quruluşudur.
Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.
Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının zirvəsi olduğu kimi, Gəncəsər monastırı da bu ölkənin türk-xristian memarlığının şah əsəridir. 1511-ci Rusiya imperiyasının Müqəddəs Sinoqoqu Alban Patriarx taxtını ləğv etmişdir. Bununla da həmin ildən Gəncəsər monastırı Alban katolikoslarının iqamətgahı olmuşdur. 1837-ci ildə ermənilərin təhriki ilə Gəncəsər monastırının tarixi missiyasına son qoyulmuşdur. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər onun çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.
1985-ci ildə bərpa edilmiş Gəncəsər monastırı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmişdir.
1993-cü il aprelin 3-dən Ermənistan silahlı qüvvələrinin işğal altında olan abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb. Divar yazıları korlanmış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinmiş, onlardan bir çoxunun isə formaları dəyişdirilərək tanınmaz hala salınmışdır. 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulmuş, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilmişdir. Monastırın həyətində, ona aid olan qəbiristanlıqda 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılmışdır. Abidənin daxili divarları üzərindəki yazılar və bədii nümunələr silinmiş, qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzədilmişdir. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv etmişlər. Hazırda da daxilində və ətrafında təmir-tikinti işləri aparılan kompleks 1994-cü ildən etibarən Ermənistan Respublikasının abidələri siyahısına daxil edilmiş və erməni kilsəsi kimi təbliğ olunur.
Qeyd etmək lazımdır ki, monastırın erməni abidəsi kimi təbliğ olunması işğaldan öncə başlanmışdır. Belə ki, Şaqen Mkrtçyanın “Dağlıq Qarabağın tarixi- memarlıq abidələri” adlı kitabında Dağlıq Qarabağdakı bütün abidələr kimi Gəncəsər monastırı da “qədim erməni abidəsi” kimi təqdim olunmuşdur. Müəllif abidənin həmçinin XVII əsrdə erməni xalqının Ermənistanın Rusiyaya birləşmək uğrunda apardığı milli-azadlıq hərəkatının mərkəzi kimi də göstərmişdir.
Ümumiyyətlə, tək Gəncəsər monastırı deyil, alban mədəniyyətinə malik bütün abidələr erməniləşdirməyə məruz qalmışdır. Məsələn, yenə də erməni müəllifləri B.Karapetyan və S.Karapetyan öz əsərlərində Azərbaycanın Gəncə, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl və digər ərazilərini “qədim Ermənistan” əraziləri kimi təqdim etməklə yanaşı oradakı abidələri də, xüsusilə alban abidələrini qədim erməni abidələri kimi göstəriblər. Məsələn, Daş- kəsən rayonundakı abidələrdən bəhs edən müəlliflər yazır: “1988-ci il ermənilərin deportasiyasına qədər rayon ərazisində 9 erməni kəndi vardı. Dağıdılmış və ya ermənilərin tərk etdikləri kəndlərdə çoxəsirlik erməni mədəniyyətinə aid monastırlar, kilsələr, karvansaraylar, qəbiristanlıqlar, körpülər, yaşayış binaları və s. qalmışdır”. Azərbaycan ərazilərinin işğalından sonra isə alban mədəniyyəti erməni alimləri tərəfindən tam şəkildə, hətta daha sürətli yollarla dəyişdirilməyə başlandı. Alban memarlığına yad olan yeni elementlər, erməni yazıları alban abidələrinə daxil edilir, alban oxşarlığının dəyişdirilməsinə xidmət edən bir çox digər üsullarla alban xaçları erməni xaçları ilə əvəz edilir. Bununla erməni alimləri var gücü ilə çalışırdılar sübut etsinlər ki, Qafqaz Albaniyası və onun memarlığı tarixi Ermənistana aiddir.
Əgər islam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azərbaycan mədəni irsinin digər 216 Arxeologiya, etnoqrafiya Tarix və onun problemləri, № 1 2013 hissəsı – Qafqaz Albaniyasının xristian abidələri ya dağıdılır, ya da erməniləşdirilir. Alban knyazlarının tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağlı xristian məbədləri və monastır komleksləri erməni abidələri kimi təqdim olunur. Erməni tədqiqatçıları bu abidələr üzərində onların erməniləşdirilməsinə yönəldilmiş “bərpa” işləri aparırlar. Bu abidələrdən alban mədə- niyyətinin izləri silinir. “Bərpa” işləri adı altında saxtalaşdırma aparılır və alban Qarabağ memarlığının səciyyəvi xüsusiyyətləri məhv edilir.
Laçın rayonundakı Ağoğlan monastır kompleksi, Kəlbəcər rayonu Vəng kəndindəki Xotavəng monastır kompleksi, Xocavənd rayonu Sos kəndindəki Amaras monastır kompleksi, Ağdərə rayonu Maqavuz kəndindəki Müqəddəs Yelisey məbəd kompleksi və s. digər abidələr kimi erməni saxtalaşdırmasının qurbanı olmuşdur.
Lakin Azərbaycan Albaniyasının abidələri memarlıq-planlaşdırılma üslubları ilə indiki Ermənistan Respublikasının memarlıq abidələrindən xeyli fərqlənir. Alban dini memarlıq abidələrini, xüsusən monastır və məbədlərini səciyyələndirən cəhət, onların daxili fəzanın dördtağlı kompozisiya həllidir. Bu isə xaçformalı plan quruluşuna gətirib çıxarır. Qeyd etmək lazımdır ki, məbədlərin xaç-günbəzli kompozisiyası ilk dəfə Azərbaycan memarlığında istifadə olunmuşdur. Bu kompozisiyasının kökləri VIII əsrə aiddir. Xaç-günbəzli kompozisiya sonralar nəinki dini binalarda və həm də memorial abidələrin yeraltı sərdabəsində də geniş inkişaf etmişdir. Digər tərəfdən alban məbədlərinin plan quruluşuna xas olan dörd və altısütunlu üç nefli bazilikalar indiki Ermənistanın memarlıq abidələrində təsadüfi hallarda rast gəlinir.
Həm türk-müsəlman və həm də alban-xristian abidələrində kompozisiya həllinin xarakterik üslubu fasad divarlarında açıq dəhliz və eyvanların olmasıdır. Buna misal olaraq Şamaxıda Came məscidini, Şuşada Gövhər ağa və Aşağı məscidlərini, Ordubadda Amaras məscidini, Gəncədə “Tatlar” və s. məscidləri göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, alban memarları öz inşaat fəaliyyətlərini əbədiləşdirən xüsusi üsul və konstruksiyalarını yaratmışlar. Daş üzərində bədii oyma sənətinə böyük məharətlə nail olmuşlar. Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəlində Şimali Azərbaycan ərazilərinə ermənilərin kütləvi surətdə çar Rusiyası tərəfindən köçürülməsindən sonra alban abidələrinin hissələrinin oğurlanması faktları daha çox artmağa başladı. Belə ki, Gədəbəy rayonunun Xamsivəng monastırından XVII əsrin “qanadlı” xaçı oğurlanmış və 1938-ci ildə SSRİ EA Azərbaycan filialı Tarix İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Sonra xaç yoxa çıxmış və Eçmiədzin kilsəsi qarşısındakı həyətdə tapılmışdı. 1970-ci ildə burada nəşr olunmuş açıqcada o “Qarabağdan qanadlı xaç”, sonralar isə sadəcə “qanadlı xaç” kimi təqdim оlunmuşdu .
Azərbaycanın xristian abidələri erməni ruhanilərinin və onlarla bağlı elmin saxtalaşdırma obyekti olmuşdur. Əsrlər boyu alban kilsəsı ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Bu siyasətin bir hissəsi alban əlyazmalarının epiqrafikasının məhv edilməsi olmuşdur. Azərbaycanın xristian memarlıq abidə- lərində XI əsrədək erməni epiqrafikası yoxdur. Daha ilkin alban yazıları 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra silinmişdir. XI əsrdən sonrakı dövrə aid ermənidilli epiqrafikanın və tarixi yazılı mənbələrin olması yazıların müəlliflərinin etnik deyil, yalnız konfessional mənsubiyyətindən xəbər verir.
Erməni tərəfinin bütün təzyiqlərinə rəğmən, Azərbaycan Respublikasının Oğuz və Qəbələ rayonlarında xristian xələfləri sayılan alban-udinlər erməniləşməkdən boyun qaçıraraq öz dilləri və adətlərini qoruyub saxlamağa nail olmuşlar. Bu gün xristian-alban abidələri Azərbaycan Respublikası dövləti və xalqı tərəfindən bö- yük qayğı və diqqətlə tarixi miras kimi qorunur. Şəki rayonunun Kiş kəndində bərpası 2004-cü ildə, Qəbələ rayonunun Nic kəndində bərpası 2006-cı ildə sona çatmış alban kilsələri və Qax rayonunun Qum kəndində bazilika keçmişdə və indi də davam edilən məhv olunma və erməniləşmə siyasətinə rəğmən alban-xristian irsinin saxlanmasının və qorunmasının bariz nümunəsidir.
Fəridə Aslanovanın “Gəncəsər məbəd kompleksi” məqaləsi (“Tarix və onun problemləri”, №1, 2013) əsasında hazırlanıb.