Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya” layihəsi çərçivəsində aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) tələbə və müəllimlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov və AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov layihə çərçivəsində Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirildiyini bildiriblər.
Qeyd olunub ki, müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Ağ Ev Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin dəstəklənməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına kömək göstərilməsi üçün çağırış edilib.
Bildirilib ki, bu sənədin önəmi ondan ibarətdir ki, Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamə Ağ Evin saytında dünyaya çatdırılır. Azərbaycan gəncləri bu təşəbbüsdə fəal iştirak edirlər. Bu müraciəti imzalayan hər bir gənc AVCİYA-nın ABŞ prezidentinə etdiyi müraciətə qoşulur, Azərbaycanın haqq səsini dəstəkləyir.
Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib və Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə məlumat verilib. Bildirilib ki, qaydalara görə, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Səsvermədə 13 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe