Həmsöhbətimiz əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadədir.
– Gövhər xanım, biz öz musiqimizlə dünyada hansı səviyyədəyik və hansı səviyyədə ola bilərik?
– Hər bir xalqın musiqisi, özü üçün ən yüksək yerdədir. Ona görə də biz heç vaxt hər hansı bir xalqın musiqisini bizim muğamımızdan və ya musiqimizdən aşağı səviyyədə göstərə bilmərik və göstərməməliyik. O başqa məsələdir ki, biz öz musiqimizi lazımi səviyyədə təqdim etsək, dünya dinləyicilərinin böyük marağını qazanmış olarıq. Çünki musiqimiz maraqlıdır, səmimidir, geniş şaxəlidir, ən müxtəlif təbiətli insanların zövqünə uyğundur. Şərq musiqisinin çox rəngarəng çalarları var. Musiqimiz həm estrada, həm klassik, həm mahnı janrlarına, həm instrumental, həm təksəsli, həm də çoxsəsli musiqi janrlarına uyğunlaşdırıla bilər. Biz peşəkar musiqimizi klassik, xalq, estrada, avanqard janrlarında yoxlamışıq və illər öncə artıq sübut etmişik ki, milli musiqimizi dünyada bizə yad olan janrlara, onların qayda-qanunlarına uyğunlaşdıra bilərik. Buna nümunə olaraq Rəşid Behbudovun, “Qaya” vokal-instrumental ansamblının, Müslüm Maqomayevin ifalarını göstərmək olar. İllər öncə peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyov sübut etdi ki, Azərbaycan xalq musiqisi klassik musiqi janrında təqdim edilə bilər. Yəni biz muğam operasını, simfonik muğamları, daha sonra xalq mahnılarımızın üzərində klassik operalarımızı dünyaya tanıtdıq. Fikrət Əmirov dünyanın heyrətinə səbəb olan şərq baletini tanıtdırdı. Həmin şərq baleti Azərbaycan xalq musiqisi ifaçısının təfəkkürünü nümayiş etdirən və ritmlər üzərində qurulan tam milli klassik musiqidir. Yəni biz artıq çoxdan sübut etmişik ki, Azərbaycan musiqisinin hər hansı bir janrda dünyaya təqdimatı problemi yoxdur. Həm də bu təqdimat peşəkar şəkildə edilib. Bir neçə il öncə rok musiqisindən və ya avanqard musiqidən başqa heç nəyi qəbul etməyən gənclik, Eurovision mahnı müsabiqəsində azərbaycanlı bəstəkarın, tamaşaçı qarşısında hələ öz sözünü deməmiş, peşəkar sayılmayan iki gənc ifaçı və azərbaycanlı oranjemançının təqdim etdiyi mahnını dinlədi. Bizim çıxışımız çox da geniş şəkildə təbliğ olunmamışdı. Mahnıya Elnur Hüseynovun ifasında kilsə musiqisi olan falset ilə başladıq, daha sonra estrada janrında ən öndər olan rok və pop musiqisi ilə davam etdik, mahnının kulminasiyasında isə Samir Cavadzadənin ilahi musiqi adlandırdığımız muğam elementi ilə mələyin əli ilə şeytanın libasını çıxartdıq. Bununla bütün tamaşaçılara siyasətimizi, düşüncəmizi, musiqimizi sülhsevər, pak, qara qüvvələrə qarşı çıxan muğamın avazında təqdim etdik. Tamaşaçıların bu muğamı eşidəndə səsləndirdikləri alqışlar bu günə qədər qulağımdadır. Musiqimizi təqdim etdikdən sonra Avropa bizə öz qucağını açdı. Qeyd edim ki, 100 il keçsə də məni “Day after day” mahnısı ilə tanıyacaqlar. Artıq mən bu mahnıyla öz imzamı atmışam.
Qeyd edim ki, indi də Azərbaycanda çox gözəl bəstələri olan istedadlı gənc bəstəkarlarımız var. Sadəcə olaraq Azərbaycanı Avropa tamaşaçısına təqdim etmək üçün düzgün strategiya seçməliyik.
– Eurovision mahnı müsabiqəsi üçün ilk mahnının musiqisini siz yazdınız. Və həmin mahnı Azərbaycanın Eurovisiondakı ən uğurlu mahnılarından idi. Sonrakı illərdə Azərbaycanı təmsil edən ifaçılar əcnəbi müəlliflərin bəstələri ilə çıxış etdilər. Doğrudanmı, bunun səbəbi bizim bəstəkarların Avropa tamaşaçısının zövqünü tuta bilməməsidir?
– Bu gün yalnız musiqidə deyil, incəsənətin bütün növlərində, eləcə də digər sahələrdə də bizim yetərincə potensialımız var. İşim ilə əlaqədar olaraq dünyanın 30-a yaxın ölkəsini gəzən, müqayisə etmək imkanı olan bir insan kimi sizə demək istəyirəm ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbi çox güclüdür. Bizdə sadəcə özümüzünkülərə qarşı güvənsizlik var. Eurovision mahnı müsabiqəsinin yerli seçim turlarında həm münsif, həm də bəstəkar kimi bir dəfə iştirak etmişəm. Və bu iştrakımdan da çox razıyam. Qeyd edim ki, Eurovision müsabiqəsi üçün bəstələdiyim “Day after day” mahnısı üç gün ərzində yazılmışdır. Çox çətin şəraitdə. Həmin mahnı yazılan zaman məşqləri keçirdiyimiz Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində işıq yox idi. Biz küçənin işıqforundan mərkəzin 5-ci mərtəbəsinə işıq çəkmişdik və bütün bu çətinliklərə baxmayaraq, tapşırığın öhdəsindən layiqincə gələ bildik. Biz Eurovision müsabiqəsində mahnını kilsə musiqisi ilə başlatdıq ki, avropa tamaşaçısına daha yaxın və doğma olaq ki, bizi dinləsinlər. Secimimdə yanilmadım. Elə də oldu.
Bizim Evrovizionda ilk iştirakımızın məqsədi və əsas məsələ Azərbaycan estrada sənətinin peşəkarlığını təqdim etmək və bir vizit kartı olan musiqi əsəri nümayiş etdirərərək dərin təəssürat yaratmaqdan ibarət idi. Daha sonralar isə Azərbaycan bətəkarlarına müraciət olunmamağının əsas səbəbi düşünürəm ki, bu müsabiqənin ab-havasına uyğun yüngül mahnılar tələb edilməsidir. Çox istərdim ki, yenə də Azərbaycan bəstəkarlarına müraciət olunsun və biz öz samballı və gözəl sənət əsərlərimizi Avropa tamaşaçısına nümayiş etdirək. Qeyd edim ki, keçən il Türkvision mahnı müsabiqəsində 24 ölkə arasında birincilik qazanmaq da asan deyildi. Amma biz qazandıq. Həmin yarışmada sözləri və musiqisi mənə, oranjemanı Yaşar Baxışa aid olan “Yaşa” mahnısı ilə Samir Cavadzadənin hazırlaşdırdığı Fərid Həsənovun ifasında biz bu qələbəni qazandıq. Bu bir daha dediklərimə sübutdur. Azərbaycanda hal-hazırda toy üçün mahnı yazan, kommersiya düşüncəli bəstəkarlarımız yetərincədir. Amma təbii ki, bizim sənətimizin bayraqdarları olan bəstəkarlar da var. Biz indi rok musiqisinə təkan vermək istəyirik. Dekabrın 15-də gözəl bir studiya-mərkəzin açılışı olacaq. Onun nəzdində “Ada” adlı qrup da fəaliyyət göstərəcək yaradıcı heyətlərdə biridir. Rəhbəri Yaşar Baxışdır. Bəziləri rok musiqisini satanist musiqi adlandırırlar. Bunun əsas səbəbi isə bu janrın bəzi qollarının (qara rok) ifaçılarının performansları və ifa tərzləridir. Bunu bütün rok musiqisinə şamil etmək olmaz. Rok həqiqət, üsyan, düzgünlük, çağırış bəyan edən bir musiqidir. Məncə, bu gün ən çox ehtiyacımız olan musiqi rokdur. Çünki işğalda olan torpaqlarımızın haqqını tələb etmək üçün, bizə qarşı qeyri- səmimi və haqsız fikirlər yürüdən hər kəsə qarşı səsimizi ucaltmağa məhz estrada janrının rok stili daha uyğundur. Lirikaya bir o qədər də ehtiyac yoxdur. Biz həmin rok qrupumuzu ayağa qaldıraraq 1980-ci illərin rok musiqisinin ab-havasını Azərbaycana qaytarmaqla milli rok musiqisini təqdim etmək istəyirik.
– Gövhər xanım, nə üçün bizdə vətənpərvərlik mövzusunda səviyyəli mahnılar azdır?
– Vətənpərvərlik mövzusunda olan mahnılar əfsuslar olsun ki, bəzi festivallarda, ölkədaxili müsabiqələrdə ancaq səsləndirilir. Bu günkü tamaşaçı nəyi dinləyir? Gərək mahnını tamaşaçının anlayacağı dildə çatdırasan. Vətənpərvərlik mövzusunda mahnı yazacaqsansa, onu dinləyicinin zövqünə uyğun şəkildə təqdim etməlisən. Heç bir azərbaycanlının, torpağı uğrunda qanını axıdan vətəndaşın vətəninə laqeyd qalması mümkün deyil. Məsələn, Elnur Hüseynovun qardaş Türkiyədəki mahnı müsabiqəsindəki çıxışına hər bir azərbaycanlının necə ürəkdən və qürürla dəstək verdiyinin şahidi olduq. Bütün bunlar təbii ki, biz azərbaycanlıların vətənpərvər olmasına bir sübutdur. Mübariz Tağiyevin ifasında sözləri Abdulla Qurbaniyə məxsus olan bir mahnım var. Çox sevirəm bu mahnımı. Çox gözəl sözləri var və Mübariz Tağıyev qeyri-adi və təsirli ifa edib. Hətta mənə həmin mahnını yenidən işləməyi təklif etmişdilər. İnşallah yaxınlarda Sərhəd Qoşunlarının orkestri ilə yenidən həmin mahnı üzərində işləyəcəyəm və yeni oranjemanla Mübariz Tağıyevin ifasında efirə təqdim edəcəyik. Mahnının tamaşaçı tərəfindən xoş qarşılanması üçün onu gözəl yazıb, səmimi şəkildə təqdim etmək lazımdır. Əgər saxta pafosdan uzaq olsa, mahnı təbii ki, tamaşaçılar tərəfindən bəyəniləcək. Düzdür, bu mahnılar pul gətirməyəcək, amma tarixdə həmişəlik qalacaq. Sabah Qarabağ alınanda qəhrəman yalnız Şuşa qalasına bayraq sancan insan olmayacaq. Bu qələbəyə aparan böyük yolda musiqiçilərimiz də var. Bəstəkarın işi yalnız mahnı yazıb, şan-şöhrət qazanmaq deyil, biz hər birimiz öz işimizlə Vətənimizə qulluq etməliyik. Mən həmişə deyirəm ki, sənətin populyar, gözəl, cah-cəlallı tərəfini yaşayırıqsa, cəbhə tərəfini də yaşamalıyıq. Cəbhə tərəfi deyəndə hər kəs gedib, əsgərlərimiz qarşısında konsert verməklə öz borcunu bitmiş bilir. Amma bu gün sənətimizə düzgün, təmənnasız qulluq etmək, musiqimizə, tariximizə sahib çıxmaq və onun keşiyində durmaq kimi daha məsuliyyətli işlər də var. Təbii ki, sərhəd rayonlarımızda konsertlər təşkil etmək də bizim borcumuzdur. Biz keçən il Tərtərdə Mustafa Yıldızdoğanın ansamblı ilə konsert vermişdik. Mən çox acgözlüklə hər tərəfə baxıb, bir daha oralara nə vaxt gedəcəyimi düşünürdüm. Təbii ki, cəbhədə konsert vermək lazımdır. Amma mənim istəklərim daha böyükdür. Əgər torpaqlarımız sabah azad olunsa, incəsənətimizin, məktəblərimizin quruculuq işləri üçün birincilər sırasında mən də oraya yollanacam. Mənim üçün mübarizə meydanları daha maraqlıdır. Mübarizə meydanları olmasa, sənətimizi harada sübut edəcəyik? Dahi sənətkarlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev cahilliklə mübarizə edərək Azərbaycan xalq musiqisini peşəkar müstəviyə çatdırmışdılar. Sonrakı dövrdə bəstəkarlarımız sovet hökuməti zamanında Azərbaycan xalq musiqisini çətin şəraitdə, üstüörtülü şəkildə yaratmışlar.
– Azərbaycan mədəniyyətinə erməni təcavüzü mövzusu 1980 – ci illərdən sonra daha da aktuallaşıb. Üzeyir Hacıbəyovdan Ələkbər Tağıyevəcən müxtəlif bəstəkarlarımızın əsərləri ermənilər tərəfindən mənimsənilib. Sizin də çox gözəl, populyar mahnılarınız var. Mahnınız ermənilər tərəfindən mənimsənilsə, nə kimi tədbirlər görərsiniz?
– Mənim mahnılarım Tacikistanda, Dağıstanda ifa olunub. Qeyd edim ki, Cənubi Azərbaycan ifaçısı olan Sənəm (hal-hazırda ABŞ-da yaşayır) mənim mahnımı çox gözəl ifa edib. Amma bir şeyi nəzərinizə çatdırım ki, mənim mahnım ifa ediləndə müəllif anonim kimi qeyd olunub. Öz azərbaycanlımız olduğundan heç nə demədim. Ermənilər hələ ki, mənim mahnılarımı mənimsəməyiblər. Hələ o vaxt Eurovision mahnı müsabiqəsi dövründə erməni nümayəndə heyətinin üzvləri mənə çox nifrətlə baxırdılar. Qeyd edim ki, bu nifrət qarşılıqlıdır. Mənim ailəm də Qarabağ müharibəsində şəhid verib və bununla da fəxr edirəm. Mən bunu unudaraq, rəsmi, yaxud da qeyri-rəsmi səviyyədə bu üzdəniraqlarla ünsiyyətdə ola bilmərəm. Əgər mənim mahnım onlar tərəfindən ifa olunsa, kəskin, ciddi şəkildə qanunlara arxalanaraq mübarizə aparacağam. Hətta beynəlxalq müəllif hüquqları institutları qarşısında da olsa, bu məsələni qaldırıb, onları böyük məbləğdə cərimə etdirə bilərəm. Həm də mənim mahnılarım çox mürəkkəbdir. Onları oxumaq üçün öncə gərək dərk edəsən. Amma mahnılarımıza erməni müdaxiləsi ilə bağlı mübarizə aparmaq mümkündür və lazımdır. İstər mənim mahnılarım, istərsə də digər bəstəkarlarımızın əsərləri hər şeydən əvvəl Azərbaycan xalqına məxsusdur. Mənə Sənəmin və Dağıstanda yaşayan, əslən azərbaycanlı olan Samirənin mahnılarımı ifa etmələri barədə məlumat vermişdilər. Maraqlananda, onların əslən azərbaycanlı olduqlarını bildim. Azərbaycanlılar, qan qardaşlarımız təbii ki, mahnılarımı ifa edə bilərlər. Öz həmvətənlərimlə mübarizə aparmalı deyiləm ki.
– Gövhər xanım, mahnılarınız Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilibmi?
– Bəli. Mən həm də Türkiyədə MESAM qurumunun üzvüyəm. Mahnılarım Türkiyədə anonim yox, məhz mənim adım altında ifa olunur. Bütün mahnılarım Türkiyədə ifa olunmaqla bərabər, həm satışa çıxarılır, həm də dünyanın 40 ölkəsində hüquqlarım qorunur. Ən azı məni Azərbaycan bəstəkarı olaraq tanıyırlar. Türkiyədə hər konsertdən və hər mahnıdan hesabıma ödəniş edilir. Türkiyənin məşhur ifaçıları (Zerrin Özer, Bengü, Meyra, Nilufər, Tual, Barrbaros, Pınar Aylin və s.) mənim mahnımı ifa edərkən, adımı da qeyd edirlər. Yenə qeyd edirəm, mənim bir vəsiqəm var. Mən Azərbaycan bəstəkarıyam. Öz hüquqlarımı bilirəm və qoruyuram, kimə gəldi mahnı vermək heç də doğru deyil.
Gündüz Nəsibov, Leyla Qasımova
1905.az
Müsahibə ilk dəfə 12 dekabr 2014-cü ildə dərc edilib