Xalq zəkasının məhsulu kimi mənəvi sərvətimiz olan bayatılarımızın biri aşağıdakı misralarla tamamlanır: “Tikdim ki, izim qala”. Bu cəhətdən maddi mədəniyyət nümunələri olan tikililər, abidələr və qalalar əsrlərlə insanlığın mənəvi qüdrətinin, onun qurub-yaratmaq enerjisinin daşıyıcısına, maddi sübutuna çevrilir, müasir nəslə yaxın və uzaq keçmişini tanıdır, tarixə şahidlik möhürü vurur. Hər şeydən öncə isə insan əməyinin real daşıyıcısına çevrilir. Hər bir tikinti, hər bir kərpic inşaatçı-bənnanın əməyini, ürəyinin hərarətini, biləyinin təpərini, orijinal dəst-xətini nümayiş etdirir. Bir sözlə, hər bir tikili canlanaraq usta sənətkarın həyat salnaməsinə çevrilir. Eynilə kustar xalq sənətkarlığı nümunələri, məişət və kənd təsərrüfatı alətləri, geyim əşyalarının varlığı da həmin missiyanın daşıyıcısına çevrilə bilər. Bunların hər birində xalqımızın ən qədim təsəvvür və görüşlərinin, inam və etiqadlarının proyeksiyası və cizgiləri qalmaqdadır. Bu isə insana keçib gəldyi tarixi yolu addım-addım izləməyə, haradan gəlib hara gedəcəyini təyin etməyə kömək edir.
Azərb.-ın qədim yaşayış məskənlərindən olan Göyçay r-nunun maddi mədəniyyəti də zəngin milli sərvətdir və r-n mədəniyyət şöbəsi tərəfindən hifz olunur, nümayiş etdirilir. R-n Diyarşünaslıq muzeyinin işi bilavasitə bu məqsədə tabe edilmişdir. Bu muzey Azərb. SSR Nazirlər Sovetinin 18 noyabr 1982 il tarixli 491 №-li sərəncamına əasən 1983 ildə təşkil edilmişdir [1].
Çağdaş əsrimizdə Göyçayın maddi mədəniyyəti ilk növbədə memarlıqda, yaşayış və digər təyinatlı tikililərdə əks olunmuşdur. XIX və XX əsrlərdə Azərb.-da və Göyçayda yaşayış evləri əsasən üç kompozisiya qrupunda inşa edilirdi: 1. Taxıl və pambıq istehsal edən düzən, aran r.-nları üçün tipik olan yaşayış evləri; 2. Maldarlığın və bağçılığın inkişaf etdiyi dağ r.-nları üçün tipik olan yaşayış evləri; 3. Sənaye müəssisələrinə yaxın olan r-nlar üçün tipik olan yaşayış evləri. Hazırda üstü dəmir lövhələrlə örtülü evlərə Göyçayda və digər r.-nlarda çox təsadüf olunur. Qeyd edək ki, Surxay qalasında inşaat işləri eyni zamanda möhrə divar şəklində aparılmışdır [2]. Qalada bişmiş kərpic və daş hörgüdən də istifadə olunmuşdur.
Göyçayda yaşayış evləri başlıca olaraq düzən və Aran r-nları üçün səciyyəvi olan tikililərdən ibarətdir. Bu cür binalar öz plan və memarlığına görə sadə olub, bişmiş və çiy kərpiclə hörülərdi. Damları isə müstəvi olub, saman qarışdırılmış gillə malalanardı. Həmin evlər əsasən sadə düzbucaq şəklində və digər formalarda tikilərdi. Əksər yaşayış binalarının həyət tərəfinə c.-ş. istiqamətində eyvan qoyulardı. Varlı adamlar evlərinə çoxlu şəbəkələrdən ibarət siyirməli pəncərələr qoyardılar. Bu isə yay fəslində bütün pəncərələri açıb, otağı bir növ bağlı eyvana çevirməyə imkan verərdi. Evlərin interyerləri bəzədilər, onlara qabarıq ornamentlər vurulardı. Əksər evlərdə rəflər, taxçalar qurulardı. Hazırda bu tip evlərə az təsadüf olunur.
R-nda həyətlər iki əsas bölməyə ayrılardı: məişət bölməsi və təsərrüfat bölməsi. Bu qayda indi də saxlanılmaqdadır. Həyətlərdə inşaat materialı kimi qamış və qarğıdan istifadə olunardı. Qırılmış qamışdan əvvəlcə “tapan” düzəldilərdi. Onun möhkəm olması üçün qamış qollarının başını çəp vəziyyətdə əyərək müəyyən üsulla bir-birinə keçirər və bu qaydada çəpər hörülərdi. Bəzən bu çəpəri xüsusi qaydada kəsilib torpağa basdırılan və kök ataraq artıb çoxalan qarğı buğumlar da əvəz edərdi. Bu cür çəpər qalıqlarına kəndlərdə indi də rast gəlmək mümkündür. Bəzi yerlərdə möhrə və çiy kərpicdən hörülmüş hasarlara da təsadüf etmək olardı. İndi küçə barıları çay daşından, mişar daşından hörülür. Bununla belə, çiy kərpicdən hörgü işləri yenə də görülür. Ümumiyyətlə, çiy kərpicdən müasir dövrdə də ev tikənlər var. Bunlar əsasən maddi cəhətdən imkansız ailələrdir. Hazırda evlər çay daşından, mişar daşından, bişmiş kərpicdən tikilir. İkimərtəbəli evlərə isə mərtəbələrarası beton tökülür. Betonların içərisinə xüsusi formada qaynaq edilmiş armaturlar qoyulur. Hazırda Göyçayda Türkiyə şirkətlərinin emal etdiyi bişmiş kərpicdən də evlər tikilməkdədir.
Vaxtilə ağac evlərdən ibarət olan binalara “bağdatı”, qarğı evlərə “çovustan”, yaxud “qom ev”, gil-saman evlərə isə “daxal” deyərdilər. Bir-iki mərtəbəli kürsülü evlərə “yerüstü binalar”, gühül qazma evlərə isə “batıq” binalar deyilərdi. Bunlar oturaq əhaliyə xas olan evlər idi. “Alaçıq, dəyə, muxur, dünnüklü” və s. isə köçəri elat yaşayışlı adamlara məxsus evlər idi. Yaşlı nəslin deməyinə görə, lap əvvəllər evin pəncərələrini yağlı kağızla tutarlarmış. Hazırda bu tip evlər təsəvvürlərdən belə silinib gedib.
A.N.Mustafayev qeyd edir ki, Şirvan evlərinin damı “yastı”, “balıqbeli” və “çatma” olmaqla inşaat texnikası nöqteyi-nəzərindən bir-birindən fərqlənərdi [3].
Evlərin məişət əşyaları əsaslı döşəmə üzərində yerləşdirilərdi. Bu döşəmələr torpaqdan, yaxud gil-saman qarışığından ibarət gillə şirələnərdi. Şirələnmiş döşəmənin üstünə isə həsir, palaz, keçə, xalça və s. sərilərdi. Döşəmənin ətrafı boyunca mütəkkə, balış, nimdər və döşəkçə düzülərdi. Varlı ailələrdə qonaq üçün bunların əvəzinə nazbalış qoyulardı.
Bəzi evlərin camaxatanı yox idi. Çünki camaxatan daş və kərpic hörgülü evlərdə hündürlüyü bir metr olan divar batığından ibarət idi. Evin yorğan-döşəyi, mətbəx əşyaları camaxatana yığılardı. Camaxatansız evlərdə taxtadan düzəldilmiş yük yeri olardı, evin qiymətli saxlancları anaların boğçasında, yaxud sandıqda olardı. Qiymətli əşyalar boğça və mücrüdə saxlanmaqla taxçaya qoyulardı. Evin rəfinə müəyyən qayda ilə yığılmış mis, saxsı, kaşı və çini qablar qoyulardı. Müəyyən evlərin rəfi irəli çıxmış şəkildə deyil, divar boyu batıq şəkildə idi. Belə evlərin camaxatandan fərqli olaraq, “diloy”u vardı. Buraya bəzi qab-qacaq, meyvə qurusu, bitki toxumu və s. qoyulardı. Müəyyən evlərin, o cümlədən mənim hazırda yaşadığım I Ərəbcəbirli k.-dəki ata mülkünün buxarısı var. Lakin buxarıdan ocaq yeri kimi istifadə etməzdik. R-nda qazlaşmadan sonra 1960 illərədək əsasən qeyd olunan tipdə evlər tikilmiş və camaatın böyük əksəriyyətinin ev yaşayışı təsvir olunan kimi olmuşdur. Belə daş və kərpic hörgülü evlərdə buxarı divarın içində ocaq yeri və tüstü borusundan ibarət boşluq şəklində qurulurdu. A.N.Mustafayev kitabında göstərir ki, varlı ailələrin evində buxarının bəzək tərtibatına xüsusi diqqət yetirilərdi [4].
R-nda fərdi təsərrüfat tikililəri hələ də qalmaqdadır. Məişət tikililərindən kəndi, kömürdanlıq olmasa da, indi bir sıra evlərdə təndirxana, anbar və quraqlıq saxlanılır. Hazırda quraqlığa diqqət çoxalmışdır. Vaxtilə heyvandarlıqla bağlı fərdi təsərrüfat tikililərinə təyə, tövlə, banıstan, küz, ağıl, xalxal, baharbənd, samanlıq, rapdan, hin deyilərdi, indi bu tikililərdən təyə, tövlə, ağıl və hin saxlanılır. Son beş ilədək fərdi evlərdə dükan yox idi. İndi isə fərdi inşaat binası olan dükanlar küçələri sıxır, onun yaraşığını, simmetriyasını itirir.
Vaxtilə təndirxanalar təndir və ağac üzərində qurulmuş çardaqdan ibarət olardı. Onun kənarları çığ, çəpər, yaxud köhnə palazla tutularaq bir növ mətbəxə oxşadılardı. Bəzi təndirxanaların üzəri açıq saxlanılırdı. Belə olan təqdirdə təndir və ocaqlar həyətin heyvan keçə bilməyən sahəsində qurulardı. Onların ətrafında isə alçaq “səki”lər düzəldilərdi. Bəzi həyətlərdə divarları bişmiş kərpiclə hörülmüş yer təndiri, onun da yanında külbə olardı. Yoxsul ailələr taxıl və un məhsullarını saxlamaq üçün kəndidən (gildən hazırlanmış böyük qab) istifadə edərdilər. Kəndilər iki cür olurdu. Bir qrup kəndilər səbət formasında çubuqlardan hörülüb hər iki üzünə suvaq çəkilməklə, digər qrup kəndilər isə xüsusi palçıqdan hazırlanardı. Kəndlərdə tikilən quraqlıqlarda isə xış, mala, kotan, boyunduruq, araba və s. təsərrüfat alətləri saxlanılardı. Müasir quraqlıqlardan isə əsasən xeyir-şər işləri üçün istifadə edilir. Bəzi adamlar buraya maşın və təsərrüfat alətlərini, məişət əşyalarını və s. müəyyən qayda ilə yığırlar ki, quraqlıqda yenə də genişlik olsun.
Göyçayda XIX əsrin ikinci yarısından əvvəl inşa edilmiş nəzərəçarpan memarlıq abidəsi və ya tikili, demək olar ki, yoxdur. Məsələn, Yer hamamının tikilmə tarixini iki dövrə – 1903 və 1918 illərə aid edirlər. Deyilənə görə, Yer hamamını Həzrət bəyin atası tikdirmişdir. Azərb.-da yeganə hamamdır ki, onun istilik sistemi – ocaqxanası salonlarından yüksəklikdə yerləşdirilmişdir. Hamamın özül hissəsi sütunlardan ibarətdir. Hamam böyük və kiçik iki salondan, 16-18 m uzunu olan ensiz koridordan və bir neçə kiçik otaqdan ibarətdir. Hamam yer səthindən iki metrə yaxın dərinlikdə alt örtüyə malikdir. Üst tərəfinin orta hissəsi günbəzvari örtükdən ibarətdir. Hamamın böyük salonu qadınlar, kiçik salonu isə kişilər üçün nəzərdə tutulmuşdur. Koridorlarda kiçik rəflər vardır. Belə də deyirlər ki, guya hamamı Həzrət bəy öz qızı üçün cehizlik tikdirmişdir. Bu məlumat daha səhihdir, həqiqətə uyğundur.
Digər binaları şəhərin varlı bəyləri tikdirmişdir. Məsələn, hərbi komissarlığın fəaliyyət göstərdiyi bina belələrindəndir. Həmin binalardan başqa, şəhərdə tarixilik və yüksək memarlıq sənətkarlığı ilə seçilən Yuxarı məscid binasıdır.
Məscid 1906 ildə ali təhsilli ilk Azərb. memarı Zivər bəy Əhmədbəyovun [5] layihəsi əsasında tikilərək başa çatdırılmışdır. Məscidin tikinti işlərinə isə 1902 ildən başlanılmışdır. Azərb. xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirən Zivər bəy (1873, Şamaxı-16.2.1925, Bakı) Şamaxı və Bakı ş.-də bir sıra məscidin, məktəb, xəstəxana və doğum evlərinin, həmçinin çoxlu yaşayış evlərinin layihəsini vermişdir [6]. Yerli ağsaqqallar məscidin tikilməyə başlanılmasını 1896 ilə, tamamlanmasını isə 1902 ilə aid edirlər. Biz bu fakta daha çox önəm veririk. Çünki məscidin divarına onun tamamlanma ili 1902 il olaraq həkk olunmuşdur.
Məscidin tikilməsi haqqında ilk dəfə şəhərin tanınmış dindarlarından olan Hacı Ələsgər axund məsələ qaldırmışdır. Məscid Göyçay varlılarının verdiyi ianə ilə tikilmiş, bütün dindarlar bu nəcib işdə iştirak etmişlər. Həmin varlılardan tacir Hacı Məmmədhəsən və tacir Hacı Hacıağa qardaşlarının xüsusi xidmətini qeyd etmək olar.
Məscidin tikintisində palçığa qatmaq üçün yumurta ağından və sarısından istifadə edilmişdir. 124 min peyğəmbər eşqinə bu məscidə 124 min bişmiş kərpic işlənib. Vaxtilə məscidin S.Vurğun küçəsinə açılan darvazaları olmuşdur. Yardımçı binada isə uzun müddət oğlan və qız mollaxana məktəbi olmuşdur. Hacı Axund, Mir Fazil ağa kimi dövrün məşhur din xadimləri bu məscidin ilk alimləri olmuşlar. Sovet dövründə dinə qarşı amansız mübarizə nəticəsində 1931 ildə məscid bağlanaraq taxıl anbarına çevrilmişdir. 1944 ildə o, yenidən fəaliyyətə başlamışdır.Məscidin tikintisində palçığa qatmaq üçün yumurta ağından və sarışından istifadə edilmişdir. 124 min peyğəmbər eşqinə bu məscidə 124 min bişmiş kərpic işlənib. Vaxtilə məscidin S.Vurğun küçəsinə açılan darvazaları olmuşdur.Yardımçı binada isə uzun müddət oğlan və qız mollaxana məktəbi olmuşdur. Hacı Axund, Mir Fazil ağa kimi dövrün məşhur din xadimləri bu məscidin ilk alimləri olmuşlar. Sovet dövründə dinə qarşı amansız mübarizə nəticəsində 1931 ildə məscid bağlanaraq taxıl anbarına çevrilmişdir. 1944 ildə o, yenidən fəaliyyətə başlamışdır.
Ətraf r-nların dindarları son illərədək bu məscidə ibadətə gələrdilər [7].
Hazırda məscid zövqlə təmir olunmuş, yanında digər yardımçı binalar tikilmişdir. Yuxarı məscidin yerində kiçik havarrı bir hücrə vardı.
Mərsiyə oxumaq üçün ilk aşura günü Şuşa qalasından xanəndə Murtuza (sonralar Xalq artisti Bülbül) məscidə dəvət olunmuşdur. Qızıl pula mərsiyə oxuyan Murtuza o zaman 13 yaşında idi. Məscid ikimərtəbəli bina hündürlüyündədir. Uzunluğu 22 m, eni 20 m-dir. Bu böyük salonda eyni vaxtda 250 nəfər mömin ibadətlə məşğul ola bilir. Bina üç tərəfdən hörgü boyunca yuxarısı qövsvari olan oymalarla həm içəridən, həm də çöl tərəfdən taxçalarla müşayiət olunur. Həmin taxçalar akustika yaratmaq üçün pəncərə əvəzi olmuş, sonradan onların bir neçəsi nazik qatla hörülmüşdür. Salonun içində üç ədəd sütun vardır. Binanın girişi – ön hissəsi təxminən 3 m enində salonun bütün eni boyu içəridə eyvandan (şabxana) ibarətdir. Eyvan da sütunlar üzərində dayaq tutub. Nəticədə moizə dinləyiciləri üçün əlavə yer qazanılmışdır. Həmin balkona qalxmaq üçün çöldə ön tərəfdən pilləkən qoyulmuşdur. Məscidin ön və arxa tərəfindəki pəncərə şəbəkələri çevrə və qövs şəkilli olub, nadir dəstəkli gözlüklərə ayrılmışdır. Hörgüdə bütün divar boyu (ön və arxa hissədə) oymalı naxışlar pəncərə şəbəkələrinin görkəminə klassik ahəngdarlıq, qüdrətli sənət nümunəsinin simasını verir. Məscidin həyətində yardımçı kiçik otaqlar tikilmişdir. Onlardan biri pilləkəni ön tərəfdən görünməz etməklə məscidin giriş hissədən görkəminə kölgə salır. Buna baxmayaraq, məscid respublikada ən mükəmməl memarlıq nümunələrini özündə toplayan maddi abidələrimizdən biri kimi, xüsusən Allah evi kimi misilsizdir. Məscidə yardımçı sahə kimi həmin üslubda tikilmiş bina bir müddət texniki peşə məktəbinin yataqxanası olub. Onun üst örtüyü yandıqdan sonra bu əlavə korpusu məşhur xeyriyyəçi, RF Dumasının üzvü F.Əhmədov əvvəlki arxitektura görkəmini saxlamaqla təmir etdirdi. Qeyd edək ki, burada əlavə ikimərtəbəli, memarlıq baxımından diqqəti cəlb edən mədrəsə tikildi.
Qeyd edək ki, vaxtilə məscid olmuş, sonradan 4 saylı məktəbə çevrilmiş bina yandıqdan sonra onun yerində yeni uca minarəli məscid tikildi. Həmin məscidi Türkiyə tərəfi maliyyələşdirmişdir. Ş.-də Yuxarı məscid binasından sonra diqqəti cəlb edən binalar arasında mülki evlər yoxdur. Üslubi konstruksiya baxımından fərqlənən bir neçə tikilinin adını çəkmək olar. Onlardan biri R-n İcra Hakimiyyəti aparatının yerləşdiyi binadır (1988). Bina üçmərtəbəli olmaqla daxildən klassik memarlıq ənənələrini göstərə bilən cizgilərdən məhrumdur. Xaricdən isə müəyyən məsafədən divar boyu xarici çıxıntılar ona orijinallıq verir, əzəmət gətirir. Xüsusən pəncərə şəbəkələrinin yanlardan və üstə doğru hörgü çıxıntıları üslubi bütövlüyü tamamlayır. Binanın birinci mərtəbəsində, yardımçı binaya (iclas salonuna) giriş hissəsində geniş foye vardır. Binada otaqların ölçüsü eyni deyil. İclas zalı böyük və hündür olmaqla ənənəvi klub zallarını xatırladır. Memarlıq baxımından r-n mədəniyyət şöbəsinin və musiqi məktəbinin yerləşdiyi bina, onunla üzbəüz üçmərtəbəli yaşayış binası, onun sağ tərəfindəki mərkəzi şəhər kitabxanası, r-n mədəniyyət evi, r-n məhkəməsi, şadlıq evləri, avtovağzalın binası, əyiricilik fabrikinin binası və s. tikililər bir-iki mərtəbəli mülki evlərin fonunda asanlıqla diqqəti cəlb edirlər. Bununla bərabər, Göyçaya ş. siması verən daha çox çoxmənzilli beşmərtəbəli yaşayış binaları, tamamlanmaqda olan iki 11 mərtəbəli “göydələn”, məktəblər, bir sıra müəssisələr üçün tikilmiş inzibati binalardır.
Şəhərin 2, 3, 4, 5, 8 saylı məktəbləri müxtəlif tipli, 1, 6, 7, 9 saylı məktəblər isə eyni tipli 2-3 mərtəbəli binalarda yerləşib. Son 20-25 ildə tikilən böyük kənd məktəbləri də göstərilən tipli binalardan ibarətdir. Yuxarıda adları çəkilən binalar arasında r-n mədəniyyət evinin binası, “Zeynəb”, “Cənnət”, “Göyçay”, “Çinar” şadlıq evləri həm daxildən, həm də xaricdən fərqli olub, klassik Avropa ənənələri üslubunda zalları, foyeləri olmaqla divarları Şərq dekorativ tətbiqi-sənət nümunələri ilə bəzədilmişdir. Böyük Vətən müharibəsində həlak olan eloğlularımızın şərəfinə ucaldılmış abidə və həmin fonda “Ana” abidəsi (bunlar Şəhidlər xiyabanına köçürüldü) və parkın giriş hissəsindən bir qədər içəridə Ə.Kərimin heykəlini, Potu k.-də Qantəmirin büstünü, şəhər stadionunun qapıları önündə idmançıların heykəllərini (tanınmış iş adamı Fərhad Əhmədov stadionu özəlləşdirib müasir tələblər səviyyəsinə salarkən həmin heykəllər götürüldü), Nizaminin heykəlini (1972), M.Ə.Sabirin, S.Vurğunun (1973), N.Nərimanovun büstlərini də memarlıq nümunələri hesab etmək olar.
Bu və ya digər obyektlərdə isə maral, dağ keçisi, qız və ceyran, ana və övlad, göl qazı, üzüm yığan qız və s. barelyef və heykəllərə təsadüf olunur. Bu abidələrin içərisində ən gözəgəlimlisi Ə.Kərim parkında salınmış Şəhidlər xiyabanındakı dekorativ barelyef üslublu sütunlar üzərində ucaldılmış günbəzdir. Burada 20 Yanvar şəhidlərimizin – M.Muradov və R.İsayevin ruhları uyuyur. Xiyabanda isə Qarabağ şəhidlərinin məzarları yerləşir.
Memarlıq üslubu cəhətdən rayonda diqqət çəkən tikililər arasında Qaraman k. məscidinin, Alpout və Mirzəhüseynli k. məscidlərinin də adlarını qeyd etmək vacibdir. Qeyd edək ki, hər üç məsciddə son illər tikinti-bərpa işləri görülmüşdür.
Tətbiqi-dekorativ sənətinin izlərini özündə əks etdirən şəhər notariat kontoru üçün tikilmiş ikimərtəbəli bina, Qızılağac k. mədəniyyət evi, Çərəkə k. mədəniyyət evi, Çərəkə k. uşaq bağçası və s. tikinti konstruksiya, tətbiqi bəzək işləri cəhətdən rayonda memarlıq sənətinin yaddaqalan nümunələri sayıla bilər. Bu binaları da memarlıq sənətimizin klassik üslublu nümunələrindən biri kimi qoruyub saxlamaq lazımdır. Yuxarıda adları çəkilən və çəkilməyən bir çox tikililər Göyçayın XX əsr maddi mədəniyyətinin real daşıyıcılarıdır.
Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin Azərb.-a rəhbərlik etdiyi 1969-1982 illər arasında Göyçayda böyük abadlıq-quruculuq işləri aparılmış, müxtəlif təyinatlı yüzlərlə bina, çoxmərtəbəli yaşayış evləri, inzibati binalar, ticarət, sənaye, ictimai iaşə obyektləri, uşaq bağçaları, məktəblər, xəstəxanalar, kitabxanalar, zavodlar, fabriklər və sairə kimi funksional və müasir memarlıq meyarlarına cavab verən obyektlər tikilib xalqın istifadəsinə verilmişdir. 1990 illərin əvvəllərindəki durğunluq dövründə bu proseslər dayanmışdır. Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun siyasi varisi İlham Əliyevin prezidentliyi dövründə Göyçay r-nu yeni inkişaf mərhələsini yaşamış və müstəqil resp.-mızın qabaqcıl r-nlarından birinə çevrilmişdir.
Ölkənin maddi mədəniyyətinin mühüm bir hissəsini də ənənəvi xalq sənəti təşkil edir. Xalq sənətkarlığının ayrı-ayrı sahələri Göyçayda da mövcud olmuş və həm daxili istehlak, həm də ticarət əhəmiyyəti daşımışdır.
Azərb. xalça sənəti bir neçə məktəbə ayrılmaqla bütövlükdə dünya səviyyəli nadir sənət növü hesab edilə bilər. Göyçay xalçaçılığı da Şirvan xalça sənətinin tərkib hissələrindən biridir. Bundan başqa, Göyçayda zərgərlik, dabbağlıq, saatsazlıq, dərzilik, papaqçılıq, ipəkçilik və s. kustar sənət növləri, o cümlədən metal sənətkarlığının, misgərliyin bir sıra sahələri [8] mövcud olmuş və bəziləri bu gün də xalq tərəfindən yaşadılmaqdadır.
Bu baxımdan vaxtilə Müskürlü k.-nin Misgərli adlandırılması təsadüfi deyil. Bu gün Göyçay ş. bazarına gətirilən Qarayazı k.-də toxunan xalça çeşidlərinə də rast gəlmək olar.
Göyçayda ipək və kəlağayı sexinin olması da təsadüfi deyil. Bu onunla əlaqədardır ki, əsrin əvvəllərində, demək olar ki, bütün kəndli ailələri barama becərməklə də məşğul idi. O zaman qurd bəsləmək üçün qarğı daxmalardan əlavə, gümxanalar da düzəldilərdi. Xatırlamaq lazımdır ki, hələ 1889 ildə Göyçayda ipəkçilik məktəbi açılmışdı, burada təhsil alan şagirdlərə barama qurdunu becərmək üsulları tədris olunardı. Qaraman k.-də də Hacı Rəhim Əfəndi təsis etdiyi məktəbin nəzdində baramaçılıq və arıçılıq təsərrüfatı yaradaraq bu peşələri şagirdlərinə öyrədər, alınan gəliri onların təhsilinə sərf edərdi.
Şəhərdə vaxtilə məişət əşyaları (masa, kətil, rəf, şkaf və sairə), məktəb partaları istehsal və təmir edən fabrik olmuşdur. Həmin fabrikdə qoşqu arabaları da bağlanardı.
Rəsmi idarə kimi məişət xidməti idarələri Sovet hakimiyyətinin ilk illərində artellər halında fəaliyyət göstərmişdir.
Göyçayda yaranan artellər geniş çeşiddə keramika-gildən hazırlanan məhsullar, eləcə də kəlağayı, xalçaçılıq, çiriş məmulatı, süpürgə tədarükü, səbət toxuma, əhəng bişirmə istehsalı, yüksəkkeyfiyyətli sumax, narşərab və hazırda xidmətdə olan digər sahələr (zərgərlik, dəllək, dərzilik, pinəçilik, papaqçılıq, qalayçılıq, dəmirçilik və s.) üzrə istehsalla məşğul olmuşdur. 1961 ildən etibarən r-nda müstəqil Məişət xidməti istehsal birliyi yaradılıb. Bundan sonra Kommunal müəssisələr birliyi və Yerli sənaye kombinatı, həmçinin Məişət xidməti istehsal idarəsi müxtəlif peşə sahələri üzrə mərkəzləşmiş idarələrə çevrildi. Zərgərlik, dəmirçilik və qalayçılıq istisna olmaqla, qalan bütün sənətlər üzrə avadanlıqlar əsasən Məişət Xidməti Nazirliyi tərəfindən təmin edilirdi. Məişət xidməti kombinatından fərqli olaraq, tikiş fabriki öz məhsullarını keçmiş SSRİ-nin müxtəlif ş.-lərinə göndərirdi. Bu müəssisə 1961 ildən müstəqil fəaliyyətə başlayıb. Onun avadanlıqları Rusiyadan, Çexoslovakiyadan, Yaponiyadan alınıb gətirilib və yerli kadrlar tərəfindən quraşdırılıb. Fabrikin iki istehsal korpusu və filialı (Ucar) olub. Burada 4 tikiş sexi, 1 kəsmə sexi fəaliyyət göstərməklə əsasən tikili mallar istehsal olunur. Vaxt olub ki, burada iki növbədə 1300 nəfər işçi çalışıb. 1986 ildə illik istehsal fabrikdə 10 mln 704 min rubl dəyərində olmuşdur. 1990 ildə isə bu rəqəm 16 mln 213 min rubl səviyyəsinə qaldırılmışdır. SSRİ-nin dağılması ilə ilk mərhələdə iqtisadi əlaqələr kəsildiyindən fabrikdə bir neçə il iş dayandırıldı. Hazırda fabrik tam gücü ilə işləməsə də, əsgərlər üçün geyim hazırlayır. Bu cür proses eynilə Şirvan istehsal birliyində də getməkdədir. Əvvəllər istehsal kombinatı adlanan bu müəssisədə iş tamamilə dayandırılmayıb, məhsuluna tələbat olan müəyyən sexlər fəaliyyətdədir.
Qalayçılıq sənəti Göyçayda qədimdən mövcuddur. Qalayçıların işinin əsas xüsusiyyəti mis qab-qacağı, çaynik, qəhvədan, samovar və s. digər məişət əşyalarını lehimləmə üsulu ilə təmir etmək və onların üzünü ağartmaqdan ibarətdir. Bu gün bu işi Göyçayda hamının tanıdığı usta Soltan Hacıyev və şagirdləri davam etdirməkdədir. Qalayçılardan başqa, Göyçayda dəmirçilər də bu qədim el sənətini yaşatmaqdadırlar. Bu sənəti əsrin əvvəllərindən də əvvəl yaşadan M.Mirzalıyev, O.Osmanov, Usta Hacı Əhməd, Usta Ağabala, Usta Şəmsəddin, Misgər Müseyib (Lahıclı), Ələkbər və Rəhim qardaşları kimi ustad el sənətkarlarının adları bu gün də anılır.
Şəhər dəmirçilərinin istehsal etdiyi alətlər aşağıdakılardan ibarətdir: dəmir soba, boru, dirsək, əlüzyuyan, aftafa, vedrə, vanna, balta, dəhrə, dəryaz, məngəl, girgid, yun darağı, oraq, maşa, dırmıq, nal, yüyən, sacayaq, qiyməkeş, çəkic, qəndqıran, təndir qırağı, ərsin, pəncərə çərçivəsi və s. Bunlardan başqa, onlar məftildən tor toxuyur, araba təkəri üçün şin çəkir, ev üstü örtür və qalayçılığa, misgərliyə aid işlər görürlər. Adları çəkilən əşyaları hazırlayan dəmirçilərə el arasında tənəkə dəmirçiləri deyirlər.
Təbii ki, kustar el sənətkarlığından söhbət açarkən zərgərliyi, saatsazlığı və pinəçiliyi unutmaq olmaz. Çünki bu sənətlərin də xalqın məişət qayğılarında öz yeri, öz mövqeləri var.
R-nunda kustar sənət sayılmayan şapkaçılıq, dərzilik, dəlləklik və s. sənət sahələri də fəaliyyət göstərir. Bu sənət sahələrinin də rayonda tanınmış ustaları olmuşdur. Hazırda onların ənənələrini yaşadan çoxlu sənətkarlar vardır.
XIX əsr və XX əsrin əvvəllərində Göyçayda məişət və təsərrüfat alətləri, camaatın geyim əşyaları, bu əşyaların materialı, hazırlanması prosesləri barədə yığcam məlumat vermək zəruri görünür. Çünki bunların arxasında geniş elmi mənada xalqın etnoqrafiyası durur. Hər bir xalqın milli psixologiyası, milli məişəti, dünyaduyumu, müəyyən qaynaqlarda birləşərək bütöv bir tamda xalqın mənəvi simasını təyin edir. Elə bu səbəbdən də yuxarıda bəzi sənət adamlarını anmaq bizə yorucu və bəsit görünməmişdir. Çünki onlar dünən və bu gün milli mənəvi simamızı göstərən maddi mədəniyyətimizin izlərini qoruyub saxlayır və inkişaf etdirirlər. Çağdaş oxucu üçün bu, maraqsız görünə bilər. Lakin bunlar onun gələcək törəmələri üçün lazımdır. Necə ki, bizə dünənki günümüzü bilməyimiz vacibdir.
Azərb.-da əkinçilik alətləri əsrlər boyu kəndlinin əsas fəaliyyət vasitəsi olmuşdur. Bu alətlərin bəzilərindən bu gün də fərdi təsərrüfatlarda istifadə olunmaqdadır.
Azərb. əkinçilik mədəniyyəti və alətlərindən bəhs edən elmi ədəbiyyatda onların üç qrupa ayrıldığını müşahidə edirik: 1. Şum alətləri; 2. Biçin alətləri; 3. Döyüm alətləri.
Şum alətləri əllə və qoşqu qüvvəsi ilə işlədilən alətlərdən ibarət olmuşdur. Qoşqu qüvvəsi ilə işlədilən alətlər sadə xışdan tutmuş önlü laydırlı kotanlara qədər olan şum alətlərini əhatə edir. Buraya malaları da aid etmək olar. Bel, kərki, toxa, dırmıq və s. əllə işlədilən alətlərə daxildir. Uzun əsrlərin təcrübəsinə əsaslanaraq əkinçilik alətlərini əsasən qarağac, palıd, fıstıq, vələs, dəmirağac, əzgil, alça, qaraçöhrə kimi ağac növlərindən hazırlamışlar. Günəşin istisindən qatlanmamağı və sınmamağı üçün ağac ustaları adətən onları odda ütərdilər. Bu zaman onlar təbii rəngini itirərək, qırmızı rəngə çalmağa başlayır.
Kotanlar dayaqlı, diyircəksiz və diyircəkli olurlar. Diyircəksiz kotanla daşlı yeri şumlamaq daha məqsədəuyğun hesab olunur. Dərin şum etməkdə əsas bu kotana üstünlük verilir. Bu cür kotanların diyircəklərindən biri böyük, ikincisi isə kiçik olur [9]. Bu tip kotanlara isə 3, yaxud 4, diyircəksiz kotanlara isə 2 və 3 cüt öküz qoşularmış. Xışın sadə və qədim forması kökdən çıxarılmış bir ağacdan ibarət olmuşdur. Təcrübəli əkinçilər bu cür xışlara daha çox üstünlük veriblər. Bu xışların əsas işlək hissəsi onun kötüyü hesab olunur. Bütün hissələr kötüyə birləşdirildiyindən el arasında həmin kötüyə xışın binəsi deyiblərmiş. Azərb. əkinçilik alətlərini tədqiq edən Q.C.Cavadov etnoqrafik materiallara istinad edərək göstərir ki, “bu qəbildən olan şum alətlərinin kötüyünün uzunluğu 50-80 sm, eni isə 15-20 sm olmuşdur” [10]. Qədim albanlar bu cür sadə xışlardan istifadə edirmişlər [11].
Xışların dəmir hissəsi gavahınlardan ibarət olmaqla kötüyün ucuna keçirilir. Təcrübəli əkinçilər bilirdilər ki, gavahınları kötüyün böyük-kiçikliyinə uyğun olaraq hazırlamaq lazımdır. Onların eni 8-12, uzunluğu isə 30-40 sm olmuşdur. Xışın Cənubi Qafqazdakı növü əsasən qol, kötük, dəstə, daraq və gavahından ibarət olmuşdur. Bu cür xışlar dəstə vasitəsilə idarə olunur. Xışın əsas hissələrindən biri də müxtəlif ölçülərdə hazırlanan boyunduruqdur. Boyunduruqlarda 4 samı və burğu yeri olur. Boyunduruqların uzunluğu 2-2,5 m-ə qədər olmaqla onlardan təsərrüfatın başqa sahələrində də istifadə olunması əkinçilər tərəfindən məqbul sayılıb. Xışın və digər alətlərin qoşqu heyvanlarına qoşulmasından ötrü əkinçi babalarımız gön (qayış), ip (kəndir), çubuqdan toxunmuş burğudan istifadə ediblər.
Qara kotanı 4-6 nəfər işlədirdi. Yaşı ötmüş qocalar söyləyirlər ki, işçi qrupundan biri dəstəçi, qalanları isə çubuqçu adlanırdılar. Yalnız kotanı olan adam dəstəçi ola bilərdi. Bununla belə, onun zəngin təcrübəsi də olmalı idi. Şum əməliyyatının bütün prosesləri yalnız onun göstərişi və tövsiyələri ilə həyata keçirilirdi. Bu kotanın da bir çox hissələri var: əyribazı (əyri qol), topal-binə, qılınc, gavahın, daraq, dəstə, taxta (paydır, sac), ox, kolbasan, təkər (ön, çarx) oturacaq taxtası, çatal, oturacaq və birləşdirici taxta, qayışvar. Bu növ kotana 6-10 cütədək heyvan qoşmaq olurdu. Q.C.Cavadov bu münasibətlə bir folklor nümunəsini də öz kitabında oxuculara təqdim etmişdir. Həmin nümunə bizim üçün də maraqlı göründü:
Dağdan gəlir dağ qara,
Quyruğu Şirvan qara.
Yerişi tappır, tuppur,
Dırnağı səksən qara [12].
Əkinçilik avadanlıqları arasında malalama alətlərinin özünəməxsus yeri vardır. Bu cəhətdən şax malalar daha qədim dövrlərdən işlək alətlər olmuş, əsasən yazlıq bitkilərin əkilməsi üçün gərək olan alət sayılmışdır. Bu alət adi ağac budaqlarından hazırlanır. Cır üzüm tənəyi və vələs hörmə mala üçün münasib və daha əlverişli ağac növləridir. Hörmə malalar uzunluğu 2-2,5 m, eni isə 1,2-1,5 m-ə qədər olmaqla onlar bir baş heyvanla işlədilib. Budanmış ağac malalarının budanmış budaqları onun dişi, gövdəsi isə taxtası funksiyasını icra edir. Dişli malalar isə tarixən qara kotanla bağlı olub, şum yerindəki iri kəsəkləri yumşaltmağa və səpilmiş toxumu qarışdırmağa xidmət edir. Bu tip malalar ağır olduğuna görə ona bir cüt heyvan qoşulur. Bu cür malanın uzunluğu 2 m, eni 20-25 sm, qalınlığı isə 8-10 sm olur.
Əkinçilik alətlərinin bir qismi isə biçin və döyüm alətləri adlanır. Çin (oraq) və dəryaz biçin alətləri olub bu gün də fərdi təsərrüfatlarda istifadə olunur. Vaxtilə biçinçilər biçin zamanı dolaq, qolçaq və döşlükdən istifadə edirdilər. Adi parçadan hazırlanan dolaqlar biçinçinin qollarını, aşılanmış qoyun dərisindən hazırlanmış döşlük isə onun dizlərini kövşəndən qoruyurdu.
Döyüm alətləri xırman sahəsinə aiddir. Xırman yeri hazırlanarkən xırmanaçan, toxa, kərki və beldən istifadə olunmuşdur. Taxıl xırmanda döyülərkən yabadan, şanadan, kürək və dırmıqdan istifadə edilirdi. Bu alətlərin hər birinin öz funksiyası olub. Döyülmüş taxıl yaba ilə çevrilər, şana ilə ilk sovruq edilər, sonra isə kürəklə sovruğun son mərhələsi yerinə yetirilərdi.
Əkinçilik alətləri (ağac hissələri) adətən yerli ustalar tərəfindən bağlanırdı. Bu işi isə tək-tək adam bacara bilirdi.
Gavahın və digər dəmir alətlər əsasən Rusiyadan gətirilərdi. Bəzi hissələrini isə yerli dəmirçilər hazırlayardılar.
Resp.-nın müəyyən regionlarında bu alətlərin hazırlanma texnologiyası eyni olsa da, onların materiallarında, böyük-kiçikliyində, istifadə müddətində fərqli cəhətlərin mümkünlüyünü də istisna etmək olmaz. Region eyniliyindən, r-n ağsaqqallarının yaddaşlarından və elmi ədəbiyyatlardan aydın olur ki, Şirvan torpaqları da məhz bu tipli kənd təsərrüfatı alətləri ilə əkilib-becərilmişdir.
Alın təri torpaqda olan kəndli öz varlığını, yaşayışını torpaqda tapmışdır. Torpağın həm də həkimi olan kəndli bilir ki, “öldür məni, dirildim səni”, “döy məni, doyurum səni”, “sev məni, sevindirim səni” kimi kəlamlarla torpaq ondan umur ki, “səndən hərəkət, məndən bərəkət”. Əsl təsərrüfatçı kəndli bilməlidir ki, “kotanın macı ilan olsa, əlindən buraxma!”, “çin sapı qızıl da olsa, əlinə alma!”, torpağın toxumunu kəsmə, ona haram qatma; toxumu dırnağına səp, sula, sonra şumdan çıx; torpağı əkib peşman ol, əkməyib peşman olma, bir də çalış ki, əkin iki yay görsün – yəni yay ək, yay biç. Bir də çörək verən ol, torpaq verən yox.
Yazağzı (9-21 mart) şum işi başlanarkən ilin daha bərəkətli olması üçün “əli avadan, ayağı çörəkli” bir əkinçi ilk şumu keçirmək üçün ayrılır, təsərrüfat ili də onun adına bağlanardı. Həmin ilin məhsul yığımında bolluq olardısa, gələcək ilin ilk şumu yenə həmin əkinçiyə həvalə edilərdi.
Azərb. ənənəvi əkinçilik sənətinin görkəmli tədqiqatçısı Qəmərşah Cavadov Azərb. əkinçiliyinə həsr etdiyi ikinci bir kitabında isə əkinçilik ənənələri, mərasimləri ilə bağlı olaraq yazır: “Şum bayramı mərasimində ulu babalarımız öküzü, kəli, eləcə də kəndlinin əsas çörək ağacı olan xışı, kotanı oxşar, bir sözlə görüləcək tarla işləri cütçü-holavar mahnıları ilə müşayiət olunardı:
Bahar gəldi yer oyandı,
Soyuq qışın yası gəldi.
Ala öküz, çək kotanı,
Örüşlərin yazı gəldi.
Öküzüm cütə gedər, ho de,
Açılıb ota gedər, ho de,
Malı mallılar, ho de,
Qolu canlılar, ho de [13].
Müəllif sonra qeyd edib ki, bu günlərdə qadınlar qovurğa qovurmazdılar. Xalq inancına görə, qovurğa quraqlıq nişanəsi hesab olunurdu.
Buğda göyərdib hədik bişirmək bolluq, bərəkət rəmzi kimi qəbul edilmişdi. Yazın qırxı çıxanadək qoşqu heyvanlarını çöldə saxlamazdılar ki, soyuq vurar. Xalqın təsəvvüründə yazın qızılgül dövrü qorxulu (köhnə ilin azuqəsi bitib tükənmiş, yenisi hələ yetişməyib), “arpaya çin çəkilən dövr”, yay isə ilin anbarı adlanıb. Yayın birinci dövrü “cırcırama dövrü”, “qorabişən ay” adlanır, ikinci dövrü isə “quyruq doğdu” çağırılardı. Eyni zamanda durnaların, aran yerlərində həm də hacıleyləklərin isti ölkələrə uçub getməsinin səpinə başlamağın vaxtı çatdığını, yazda qayıdıb gəlməsinin isə şuma başlamağın dövrü çatdığını bildirməsini dünyagörmüş babalarımız təsdiq etmişlər. Səpin işi həmişə dağavar yerlərə nisbətən aranda gec başlanıb.
Azərb. kəndlisinin əkinçilik mədəniyyəti ilə əlaqədar olaraq bir ənənəni də xatırlamağı vacib bilirik. Vaxtilə hər hansı bir təsərrüfat işinin təcili görülməsi zərurəti yarananda, həmçinin şumlama, evtikmə, körpüsalma, arxların qazılması, ümumiyyətlə, kollektiv əmək tələb edən işlərin icrasına əvrəz deyərdilər. Həmçinin imkansızlara, ailə başçısını itirənlərə, çətinə düşən qohum-qonşuya elliklə olunan bu cür əmək yardımı da əvrəzə aid idi. Bundan ötrü qabaqcadan hazırlıq işləri aparılar və ağsaqqal məsləhəti ilə əvrəz günü qabaqcadan camaata çatdırılardı. Adətən imkansızlara şum işi ilə edilən əvrəz bir günə başa çatdırılardı. Çünki onsuz da onun, yaxud kasıb kəndlinin elə böyük torpaq sahəsi olmazdı. Ot çalımı, biçin, taxılın daşınması, döyülməsi işlərində də əvrəz tətbiq olunardı. Təəssüf ki, bu cür adətlər və ənənə indi unudulmuşdur. Halbuki belə ənənələrə ehtiyac bu gün də var. Bu baxımdan əvrəzin etnoqrafik cəhətdən xüsusi tədqiqata cəlb edilməsi məqsədyönlü və əhəmiyyyətli olardı.
Azərb. əkinçiliyində tərəvəzçilik, bostançılıq, taxılçılıq, meyvəçilik və s. ilə bağlı geniş və zəngin etnoqrafik məlumat verən mərasim və ənənələr çoxdur. Təkcə yazın gəlişi ilə bağlı Novruz töhfələri etnoqrafik və folklor materialı kimi xalqa yaxşı bəllidir. Bununla belə, yeni nəslə çatdırılası hələ çox şey var.
Belə güman edirik ki, yaxın keçmişimizdəki göyçaylı xanımların, kişilərin geyim formalarının necə olması, onların tikilmə texnologiyası müasirlərimiz üçün maraqlı görünər.
Göyçayın kişi geyimləri biçim üsuluna və tikiş texnikasına görə ümumqafqaz səciyyə daşıyıb. Dövrün ənənəvi əyin geyimləri köynək, dizlik, nifəli şalvar, canlıq, arxalıq, çuxa, yapıncı, kürk, əba, börk, araxçın və s. ibarət olmuşdur [14].
Varlı-kasıblığından, ictimai mənşəyindən asılı olaraq kişilər başlarına başlıq, sarıq, əmmamə, papaq, börk, təsək, araqçın qoyar, ayaqlarına isə çarıq, başmaq, məst, çust, uzunsov çəkmə, patava, qondarma, dübəndi, uzunboğaz çəkmə, dolaq, ayaq şalı geyər, bellərinə isə toqqa, təkbənd, qurşaq bağlar, xəncər taxardılar.
Kişi geyimlərindən fərqli olaraq qadın geyimləri ümumazərbaycan səciyyəsində olub, sırf milli xarakter daşımışdır. Bu geyimlər hətta bəzən məhəlli xüsusiyyəti ilə də fərqlənə biliblər. Qadınların milli geyimləri köynək, tuman, arxalıq, çutqu, ləçək, örpək, kəlağayı, başmaq, çust, corab, kəmər və s. ibarət olmuşdur. Resp.-nın başqa zonalarından fərqli olaraq “Şirvan qadınları çəp deyil, üfüqi vəziyyətdə yaşmaq almış, ipək örpəyin altından ləçək adlanan kiçik yaylıq çəkmişlər” [15]. Şəhər qadınları bir qayda olaraq evdə ayaqlarına nəleyin, kənd qadınları isə evdə ayaqlarına şətəl geymişlər. Qadınların özünəməxsus bəzək əşyaları olmuşdur. Bunlar öz yerinə görə bir neçə qrupa ayrılır: 1. Qulaq bəzəkləri; 2. Baş bəzəkləri; 3. Boyun bəzəkləri; 4. Döş bəzəkləri; 5. Bel bəzəkləri; 6. Bilək və barmaq bəzəkləri. Birinci qrupa badamı sırğa, gilası sırğa, şarlı sırğa, heydəri, satıl sırğa, minarə sırğa, dörddüymə, qırxdüymə; ikinci qrupa qırmaq, qızıl sancaq, çutqu qabağı, tac, qızıl və gümüşdən ibarət “kəsmə” paxlava formalı silsilə; üçüncü qrupa kəhraba, mirvari, sapa düzülmüş muncuq boyunbağı, “arpa” qızıldan düzəldilmiş boyunbağı; dördüncü qrupa “həmayil” adlanan sinəbənd (onun ətəyi dörd cərgə “bacaqlı” qızıldan olardı); beşinci qrupa gümüş, yaxud qızıldan “kəsmə” və ya “sikkə” kəmər; altıncı qrupa isə qaşlı və qaşsız üzük, qolbaq və s. daxildir.
Xatırladaq ki, libaslara milli təsəvvürlərə uyğun bəzəklər vurulurdu. Məsələn, zərgərlərin hazırladığı “arpa”, “midexil”, “həbbabi”, “pitək”, “qoşa düymə”, “böyrəyi qızıl” və s. elementlər adətə görə ətəklik və yaxalıqlara vurulardı. Paltara vurulan bəzəkli naxışlarla işlənmiş (qayçı qulpu, toyuq ayağı, çalkeçir, doldurma, dördiynə, səkkizdüymədən ibarət məxyələr) bu zərgərlik məmulatları yaxalıq və ətəkliyə xüsusi bir zinət verirdi.
Geyim paltarlarına vurulan bəzəklərdən biri də toxuma və hörmə bəzəkləridir. Bu bəzəklərə bafta, çapara, hərəmi, qaragöz, sərmə, şəli, pürçüm, qotaz daxildir. Adətən zərgərlik zinətləri irsən anadan qızlara keçirdi. Sırğa, üzük və boyunbağı bütün gün ərzində, bilərzik, silsilə və həmayil isə şölənlərdə və qonaq gedilərkən taxılardı. Geyim və bəzəklərin bir qismi bu gün də qalmaqdadır.
Kustar el sənəti sahələri, xalqın yaşayış və təsərrüfat tikililəri haqqındakı təsəvvürləri, eləcə də məişət geyimləri onların mənəvi potensialından xəbər verməklə, həmçinin milli təfəkkürün özünəməxsusluğunu açıb göstərir. Bu sənət sahələrində mənəvi mədəniyyətin möhürünü danmaq olmaz. Lakin bu da faktdır ki, elmdə bu sənət sahələri maddi mədəniyyətin ifadəçisi kimi qəbul olunmuşdur. Buna görə də Göyçayda kustar el sənətkarlığı, təsərrüfat və məişətlə bağlı sənət sahələrindən maddi mədəniyyət adı altında söhbətimiz məqsədəuyğun sayılmalıdır.
Ədəbiyyat:
1. Göyçay rayon arxivi. Pr. 3. § 3. iş № 416.
2. Məmmədzadə K.M. Azərbaycan inşaat sənəti. Bakı: Elm, 1978, səh. 82-83.
3. Mustafayev A.N. Şirvanın maddi mədəniyyəti. Bakı: Elm, 1977, səh. 45.
4. Yenə orada, səh. 54.
5. ASE, IV cild. Bakı, 1980, səh. 257.
6. Фаттуллаев Ш.С. Градостроительство. Баку XIX-начало XX веков…, Л.1978.
7. Əhmədov Ə. Məscid Allah evidir. Yeni həyat, 1991, 23 oktyabr.
8. Tağızadə Q.N. Metal və xalq sənətkarlığı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968.
9. Zərdabi H.B. Seçilmiş əsərləri, Bakı: Azərnəşr, 1968, səh. 170.
10. Cavadov Q.C. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik illətləri. Bakı: Elm nəşriyyatı, 1979, səh. 34.
11. Bünyadov T.Ə. Azərbaycanda əkinçiliyin inkişafı tarixinə dair. Bakı: Azərnəşr, 1964, səh. 10.
12. Həmin əsəri, səh. 67.
13. Cavadov Qəmərşah. Əkinçilik mədəniyyətimizin sorağı ilə. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1990, səh. 142.
14. Mustafayev A.N. Şirvanın maddi mədəniyyəti. Bakı: Elm, 1977, səh. 93. 110.
15. Azərbaycan EA Xəbərləri “Tarix, fəlsəfə və hüquq seriyası” 1978 №2, səh. 125.
Əkbər Əliyev (Əkbər Əlioğlu),
filologiya ü.f.d.