Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarının birinci günündə daha bir Azərbaycan idmançısı qızıl medala sahib olub.
AZƏRTAC xəbər verir ki, yarışda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Nurməhəmməd Hacıyev qızıl medal uğrunda görüşdə İran idmançısı Amir Mohammadini 11:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallara qazaxıstanlı Mamed İbrahimov və türkmənistanlı Yusup Melejayev sahib olublar.
Qalib idmançılara medalları Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.