Bu gün Gündüz müəllimin ad günüdür. Onun 46 yaşı tamam olur. Və bu yazı ona hədiyyə kimi düşünülməyib. Əvvəla, ona görə ki, yazıdan hədiyyə olmaz. Hər halda mənim kimi yazarın yazısından. İkincisi də budur ki, Gündüz müəllimə hədiyyə artıq təqdim edilib. Və bu çox bahalı, həm də yaddaqalan bir hədiyyədir. Özünüz fikirləşin, göyün yeddinci qatına çıxarılmış süni peykdən gözəl hədiyyə ola bilərmi?
Bilirəm. Güləcəksiniz və deyəcəksiniz ki, Fransız Qvianasındakı Kuru kosmodromundan orbitə buraxılan peyki 46 yaşlı adi Azərbaycan vətəndaşına hədiyyə kimi dəyərləndirmək olmaz. Həm də bildirəcəksiniz ki, bunun mətləbə heç bir dəxli yoxdur və ola da bilməz.
Bəs Gündüz müəllim özü bu hadisəni hədiyyə kimi dəyərləndirirsə, onda necə?
Gündüz müəllim ölkənin uğurunu öz uğuru saymağa meylli olan insandır bəlkə? Və bu insanların sayı elə də çox deyil.
Özü də unutmayaq ki, ümumi uğurlarımıza uşaq kimi sevinməyi bacaran insanlarımızın əksər hallarda dollar sayı, mühərrikin at gücü, yaddaqalan, bir az da vahiməli telefon nömrəsi, əla səslənən ünvandakı super təmirli mənzilin kvadrat metrləri, ekzotik istirahət güşələrində əyləncələrin müddəti və buna bənzər parametrlərlə ölçüləbilən şəxsi uğurları olmur. Bir az kədərli, xeyli dərəcədə ədalətsiz olsa da, həkim qeyri-peşəkarlığının meydan suladığı, dərman qiymətlərinin ceyran belindən düşmədiyi məmləkətdə belə insanların səhhəti də axsayır. Bronxial astmadan əziyyət çəkən, illərdən bəri gündəlik istifadə etdiyi dərmanı son vaxtlar Bakı apteklərində tapa bilməyən (“Berotek” aerozolu yoxa çıxıb, aptekçilərdə, xəstələr də bilir) Gündüz müəllim kimi.
Amma Gündüz müəllim sevinməyi yadırğamayıb. Balasının məktəbdən gətirdiyi əla qiymətlərdə, havaların xoş keçməsidə, Messinin növbəti qolu da sevindirir onu. Və o bütün bu sevinclərin qədrini bilir. Odur ki, Azərbaycanın ilk peykinin orbitə çıxarılmasının onun üçün əsl hədiyyə olmasına şübhə etməyin. Əmin olun ki, o bunu elə hədiyyə kimi də qəbul edib. Vətəndaşı olduğu ölkənin bütün uğurları kimi.
Gəlin bu hədiyyəni Gündüz müəllimə çox görməyək.
O buna layiqdir. Mən əminəm.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 34-35)