Ermənilər 1917-1918-ci illərdə Şimali Azərbaycanla yanaşı Qərbi Azərbaycanda, həmçinin Güney Azərbaycanın Urmiya, Səlmas, Xoy, Maku və s. ərazilərində müsəlmanlara-türklərə qarşı soyqırım həyata keçirmişdilər.
1918-ci ildə rus ordusunun Cənubi Azərbaycanı istila etməsindən istifadə edən ermənilər və aysorlar hərbi birliklər yaradıb Urmiya, Xoy, Səlmas, Maku və digər ərazilərdə qanlı faciələr törətdilər (1, 30; 2, 73).
Ermənilərin Urmiyada törətdikləri kütləvi qırğın uzun on illər boyu Urmiya gölü ətrafında sakin olan türklərin xatirələrindən silinməmişdir.
Erməni-aysor milli hərbi alaylarının Urmiyada törətdiyi vəhşiliklər orada yaşayan insanların yaddaşlarında və tarixi ədəbiyyatda «Urmi bəlası» kimi qeyd edilməkdədir. Bu qanlı faciələrdə erməni «mücahidləri» tərəfindən «öldürülən türklərin miqdarı saya gəlməyəcək qədər çox olduğu kimi», ermənilər tərəfindən əsir alınmış «…azərbaycanlı qızların «alaylar halında» «rəsmi keçidləri» də unudulmamışdır» (1, 30; 2, 73).
Ermənilərin türklərə qarşı bu qədər amansız, qəddar davranması, bütöv bir milləti yaşadıqları ata-baba torpaqlarında məhv etməsi və ya tamamilə «təmizlənməsi» heç də təsadüfi deyildi. Bu qırğınların ilhamvericisi, təşkilatçıları kimi icraçılar olan ermənilərin məqsədi «Cənubi Azərbaycan ərazilərində də «Azad Ermənistan» yaratmaq idi. (1, 30; 2, 73).
M.B.Məmmədzadə ermənilərin bu məqsədinin məlum bir məsələ olduğunu bildirib yazırdı: «Bu qanlı faciələri yaradan qəhrəmanların» məşhur Simqo ilə apardığı müzakirələri bu istiqamətdə bir erməni səltənəti təsis qayəsini meydana qoymaqda idi» (1, 30).
Ermənilər bu məqsədlərini həyata keçirmək üçün mümkün qədər çox türklərsiz torpaq ələ keçirmək istəyirdilər. Bu cəhətdən Urmiyada törədilən vəhşiliklər xüsusilə xarakterikdir. Həmin dövrdə 150 min nəfərin yaşadığı bu şəhərdə hər gün demək olar ki. 1500 nəfər amansızlıqla qətlə yetirilmişdi. Ümumilikdə qısa müddətdə on mindən çox adam öldürülmüşdü (2, 75; 3, 73).
1918-ci ilin iyununda Andronikin ordusu Xoy və Səlmasda Urmiyadakı qırğınlardan da qəddarlıqla burda davam etdirmişdi (5, 7-8).
Urmiya, Səlmas, Xoy, Maku, Dilməqan şəhərlərində və onların ətrafındakı kəndlərdə yaşayan türklərə qarşı soyqırım həyata keçirildiyi bir zamanda Osmanlı ordusu onlara köməyə gəldi. Məhz bu kömək onların fiziki cəhətdən salamat qalmasına səbəb oldu (2, 78-79; 3, 77, 79).
Qeyd etmək lazımdır ki, rus ordusu İranı tərk etdikdən sonra ingilislər Osmanlı ordusunun qarşısını almaq üçün aysor və ermənilərdən ibarət bir neçə rus və fransız zabitinin başçılığı altında silahlı qüvvələr təşkil etmiş, eyni zamanda Xoy və Səlmasın xristian əhalisini silhlandırmışdılar (2, 82-83; 3, 80).
ABŞ, İngiltərə, Fransa və Rusiyadan kömək alan ermənilərin həyasızlığı o həddə çatmışdı ki, Təbrizə bir müsəlman və bir ermənidən ibarət nümayəndə göndərib İran hökumətindən Urmiyanın onlara verilməsini istəmişlər.
Ümumiyyətlə, təkcə 1918-ci ildə erməni-aysor qoşunları Güney Azərbaycanda 130 min türkü qətlə yetirmişdilər (2, 82; 3, 79).
Bütövlükdə 1917-1918-ci illərdə böyük dövlətlərdən yardım alan erməni- aysor hərbi birlikləri «Cənubi Azərbaycanın qərb bölgələrindəki onlarla şəhər və kəndləri viran qoymuş, talan etmiş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan, ümumiyyətlə, 190 minə yaxın Azərbaycan türkünü qətdə yetirmişlər (4, 286).
Vətənimizdə və xaricdə aparılan araşdırmalar, əldə olunan arxiv materiallarının müqayisəli, tənqidi, obyektiv təhlili sübut edir ki, erməni vəhşiliyi təsadüfi, impulsiv və təsadüfi xarakterli hərəkətlər olmayıb, ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış, ideoloji bazaya söykənmiş bir proses olmuşdu.
Ermənilərin Cənubi Azərbaycanda yaşayan türklərə qarşı həyata keçirdikləri soyqırımın ideoloji əsaslarını ifşa edən, açıb göstərən, aktuallığını bu gün də saxlayan qiymətli əsərlərdən biri M.B.Məmmədzadənin 1927-ci ildə İstanbulda nəşr olunan «İran və ermənilər» əsəridir (1). Ön sözün müəllifi və lüğətin tərtibçisi t.e.d.,prof. A.Paşayev olan bu kitab Bakıda ilk dəfə 1993-cü ildə nəşr olunmuşdur. Bu qiymətli əsər səkkiz hissə, 42 səhifədən ibarətdir.
M.B.Məmmədzadə qeyd edir ki, Lozanna sülh konfransından sonra erməni millətçiləri İranda ciddi şəkildə düşünülmüş bir plan əsasında fəaliyyətə başladı. «Ararat erməni hökumətinin süqutunun ardınca Təbrizə sığınmış «Daşnaksütyun» partiyasının üzvləri buranı erməni hərəkatının ən mühüm mərkəzlərindən birinə çevirmişdilər» (1, 8). Bu işdə onlara İran daxilində bir çox mühüm vəzifələrdə, ordu və məclisdə olan ermənilər, həmçinin İran üzərində təsiri olan bəzi Qərbi və Şərqi Avropa dövlətləri yardımçı olmuşdu. Məhz onların köməyi ilə mühacir ermənilər İranda mühüm təşkilatlar, milli-mədəni müəssisələr, iqtisadi və ictimai təşkilatlar yaratmış, məktəb, teatr açmış və qəzetlər nəşr etdirmişdilər. «Daşnaksütyun» partiyası ilə hər il Təbrizdə Avropa və Qafqazda yaşayan millətçi ermənilərin də yaxından iştirakı konqres keçirmişdi.
Maraqlıdır ki, İranın bir çox dövlət müəssisələrinə soxulmuş millətçi ermənilər şah Pəhləviyə müraciət edərək «…İran Azərbaycanında iqtisadi və ticarətdə imtiyazı və hegemonluğu əldə etməyə təşəbbüs» etmişdir (1, 8).
Bundan başqa, «İrandakı sovet səfiri erməni Davityan ticarət, siyasi və digər şöbələrə erməniləri yerləşdirmişdi. Ermənilər bununla da kifayətlənməmişdilər. M.B.Məmmədzadə göstərir ki, Təbrizdəki daşnakların bir qismi Avropada olduğu kimi daşnak partiyasından ayrılaraq erməni «Arur» təşkilatı yaratmışdılar. Mühacir ermənilərdən ibarət olan bu təşkilat İran Azərbaycanında bütün sovet idarələrini ələ almış, Təbriz, Urmiya. Səlmas, Marağa, Xoy və digər yerlərdə ticarət, nəqliyyat və başqa iqtisadi müəssisələr meydana gətirmişdilər (1, 8-9).
Qeyd edək ki, çoxsaylı erməni sovet məktəblərində, teatrlarında və mətbuatlarında və hətta İrandakı erməni təşkilatlarında Ermənistan dövlətinin yaranması istiqlal günü kimi təntənəli surətdə qeyd edilmişdi. Bununla onlar erməni milli ruhu və erməni istiqlal düşüncəsinin zəifl əməsinə yol verməməyə, əksinə millətçi düşüncələrin daha da güclənməsinə çalışmışlar.
Məsələnin bu cəhətlərinə diqqət yetirən Mirzə Bala bəy belə əməllərin mahiyyətini çox düzgün başa düşərək göstərirdi: «Fəqət məsələ yalnız bununla bitmiş olsaydı nəzər-diqqəti o qədər də cəlb etməzdi. İrandakı erməni fəaliyyəti getdikcə müəyyən və qəti bir siyasi mahiyyət almaqla və yeni boyalar içərisində yenə o əski lazımsız və təcavüzçü xüsusiyyətlərini İran şəraiti içərisində qüvvətləndirməkdədir» (1,9).
Təəssüf doğuran cəhət ondan ibarət idi ki, İrandakı «Təbriz», «Pərvəriş» kimi qəzetlər ermənilərin məkrli niyyətlərinin yayılmasına kömək etmişlər. Bu isə «…erməni millətpərəstliyinin İran mətbuatına da nüfuz etməyə başladıqlarına bir dəlildir» (1, 9).
Ermənilərin gələcəkdə antitürk istiqamətindəki fəaliyyətləri, İran və Avropa xalqları ilə yaxınlaşması zərurəti barədə Rəşt şəhərində nəşr olunan «Pərvəriş» qəzetində Türkiyə ermənisi P.Yeğigyanın «Bütün dünya iranlılarına yaddaş» adlı yazısı çox xarakterikdir. İranla Türkiyəni qarşı-qarşıya qoymağı da nəzərdə tutan, 17 maddədən ibarət olan bu layihəni eniş və hərtərəfli aydınlaşdıran M.B.Məmmədzadə yazır ki, «Yeğigyanın fikrincə «yeni Türkiyə Avropada və Qərbdəki istinadgahlarından məhrum edildiyindən nəzərini şərqə çevirmiş, türk qövmləri ilə birləşmək surətilə yenidən qüvvətlənmək istəyir» (1, 9). Yeğigyanın fikrincə bunu nəzərə almalı olan İran guya gözlənilən türk təhlükəsini önləmək üçün nəzərə almalıdır ki, «İranın coğrafi vəziyyəti və siyasi mövqeyi onu İran irqindən bulunan millətlərin mərkəzi şəklinə salmışdır. Hər bir iranlı, xüsusilə rəis və idarəedənləri qonşuların birinin digəri ilə olan ixtilafl arından istifadə edərək İran irqindən olan millətlərin ittihadi üçün lazım gələn zəmini hazırlamağa başlamalıdır. İran irqindən olan millətlərin ittihadında İranın oynayacağı rol, Prussiyanın alman ittihadında oynadığı rol kimi olmalıdır» (1, 9-10).
Yeğigyan hələ o dövrdə Türkiyədə yaşayan kürdləri yaşadıqları dövlətə qarşı qiyam qaldırmağa, bu işdə İranın onlara lazımi yardım etməsinə səsləyən, uzaq məqsəd güdən fikirlər yaymışdı. O, İran irqindən olan millətlər sırasına kürdləri də daxil edərək yazırdı: «Türkiyədə özlərinə müstəqil bir dövlət yaratmaq üçün mübarizə edən və cahan millətləri içərisində özlərinə müstəqil bir mövqe qazanmağa can atan və bu yolda heç bir fədakarlıq və qurbandan qorxmayan kürdlər (?) dəxi daxildir» (1, 10).
M.B.Məmmədzadə erməni millətçilərinin türklərin yaşadığı doğma yurd-yuvaları haqqında da yalan məlumat verdiyini xüsusi olaraq qeyd etmişdir. Belə ki, Yeğigyan iddia edirdi ki, guya «…erməni, gürcü, tacik, əfqan bülluc və s. daxil olmaq üzrə «indiki və gələcək Ariyan dövlətinin hüdudunu Qafqaz dağlarına və sabiq «Böyük Ermənistan»ın qərb hüdudlarına qədər» genişlənməkdədir» (1, 10).
M.B.Məmmədzadə bu layihədə iki mühüm fikrə xüsusi diqqət vermişdir. O. «Pərvəriş» qəzetinin sonrakı nömrələrində Məhəmməd Mehdi Kintüz» adlı gilanlı bir yazarın Yeğigyanın layihə–məqsədi haqqındakı qeyd və tənqidlərinə də toxunmuşdur. Erməni millətçisi «indiki və gələcəkdəki İranı «….türk, fars, talış, lur, tat, kürd, bülluc, türkmən, erməni, ərəb, yəhudi, zərdüşt, aysor və s. millətlərdən ibarət bilir» (1, 10). O, həmçinin bu millətlərin «mədəniyyət və hürriyyətlərinin» inkişafı nəticəsində «İranın ağuşunda» birləşə biləcəklərini göstərir. Beləliklə, əslində «…Yeğigyan müstəqil Ariyan ittihadını federasiya üsulunda görmək istəyir və bu federasiyada ermənilərə və kürdlərə də xüsusi bir mövqe verir (1, 10). Məhəmməd Mehdi Kintüz də Yeğigyanın bu fikirlərini tənqid edir və İranan gələcəkdə bu istiqamətdə federallaşma istiqamətində inkişafından qorxduğunu bildirir.
M.B.Məmmədzadə Yeğigyanın layihəsində Kintüzun də bədxahlıq kimi qiymətləndirdiyi başqa bir məsələyə – Hindistanla ittihada diqqət yetirir. Yeğigyan erməni hiyləgərliyi ilə «Eyni Ariyan nəslindən olan millətlərin ittihadından sonra olan Hindistanla ittihad» fikrini irəli sürüb bildirir ki, «İran irqindən olan millətlərin ittihadından sonra Hindistanla dost və müttəfiq olmalıdır» (1, 10).
Beləliklə, əslində bu erməni millətçisi öz hiyləgərliyinin tələsinə düşür. Məsələ burasındadır ki, həmin dövrdə Hindistan ingilis müstəmləkəsi idi. «Hindistanın məşhur vətənpərvərlərindən olan Ağa Xan öz vətəninin istiqlalı naminə Hindistan, əfqan və İranın vəhdətini vacib hesab etmişdir (1, 10-11). Maraqlı burasındadır ki, öz ölkəsini sevən İran vətənpərvərləri də müstəqil olmaq və müstəqil siyasət yeridə bilmək üçün Ağa Xanın təklifinə müsbət yanaşmış və İran irqindən olan millətlərin ittihadının daha möhkəmlənməsinə çalışmışdılar (1, 11).
M.B.Məmmədzadə dəyərli əsərinin üçüncü hissəsində ermənilərin «ariyanizm» və ya «paniranizm» sevgisinin digər təzahürlərindən bəhs etmişdir. O, bildirir ki, «paniranizm» Türkiyə Ermənistanını, Kürdüstan adı ilə və Qafqaziyayi ariyanilər ittihadı ünvanı ilə «Böyük İran» dairəsinə almaqla Daşnaksütyan utopistlərinin xəyali «Böyük Ermənistan»larını da birləşdirmiş olacaqdır» (1, 11). Təbii ki, bu o qədər də asan məsələ deyildi. Bunun ilk növbədə İranı idarə edənlər «ermənilərin xatiri üçün…Hindistan vasitəsi ilə qüvvətli bir Avropa dövlətinə arxalanmaq və ondan sonra heç də ölmək istəməyən bir çox canlı və qəhrəman millətləri silib xəritədən çıxarmaq məcburiyyətində qalacaqdır» (1, 11). Bu ideyanın, yəni paniranizmin məqsədinin kimə, hansı istiqamətə yönləndirməyə çalışdığını, nə kimi irticaçı bir məqsəd daşıdığını ətrafl ı və geniş izah etmək üçün M.B.Məmmədzadə Parisdə nəşr olunan «Droşaq» adlı erməni qəzetinin «İran və Turan» başlıqlı silsilə məqaləsini təhlil edir. O bildirir ki, «II sosialist internasionalına daxil olan və guya «Sosialist və bəşəri bir firqə adlanan Daşnaksütyun …«Şahnamə» metolojisinə girərək şah Pəhləvini idealizə edir (1, 12). Təəccüblü deyildir ki, onlar məkrli məqsədləri üçün İranın təkcə liberal və demokratik dünyagörüşlü adamları, partiyaları ilə deyil, həm də mürtəce şəxsləri və partiyaları ilə də əlaqədə olmuşlar.
Ermənilərin düşüncələrinin tərənnümçüsü olan «Droşaq» bildirir ki, guya İran ermənilərin ikinci vətənidir və onlar iranlılarla qardaş olduğundan «İranın hürriyyət» hərəkatında ermənilər rəhbər və avanqard rolunu oynamışlar» (1, 12).
«Droşaq» iddia etmişdir ki, guya ermənilər və Daşnaksütyun partiyası İrandakı fəaliyyətlərində erməni mənafeyi, erməni millətinin hansısa məqsədi üçün deyil, «…yalnız İranı əsarət və zülm altından qurtarmağa çalışmaqla vətəni vəzifəsini» yerinə yetirmişdi» (1, 13).
Erməni ideoloqları İran dövlətinə «sədaqətilə» xidmət etmələrinin səbəbini də riyakarcasına belə izah edir: «…dünyada yalnız İran milliyyətidir ki, bizim böyük qardaşlarımız və səmimi dostumuz olmuş və o şəkli ilə də qalır» (1, 13).
«Droşaq» bildirir ki, İranda ermənilərin imtiyaz əldə etmələri, bir çox dövlət idarələrində yüksək vəzifə tutmaları onların arasındakı «qardaşlıq və səmimiyyətin» təzahürü dür. Qeyd edək ki, bu fikir «Droşaq»da daha da geniş formada erməni hiyləgərliyi ilə izah edilmişdir.
Mirzə Bala bəy göstərir ki, Daşnaksütyun partiyasının İran inqilabında hansı məqsədlə, hansı formada iştirakı bu inqilabın fəal iştirakçıları olan azərbaycanlılarla gürcülərdən başqa az-çox obyektiv olan ermənilərə də məlumdur.
O, bu prosesdə iştirak edən bir çox şəxslərin sağ olmasını əsas gətirək onu təhrif etməyin mümkün olmayacağını bildirirdi». «Daşnaksütyun»un xüsusi erməni mənafeyi naminə yürütdüyü separatizm və İranı bölmək siyasəti əleyhinə mücadilə edən İran inqilabçılarından və demokrat firqəsi liderlərindən Tağızadə kimi simaların halə bir həyatda olduqlarına nə qədər məmnunuq. Şübhəsiz ki, meydanda bu qədər canlı şahidlər dürükən Daşnaksütyun firqəsinin təhrif etməyə çalışdığı tarixi həqiqəti ifşa etmək asan olacaq» (1, 13).
M.B.Məmmədzadə erməni rəhbərlərinin tarixi təhrif edərkən yol verdikləri səhvləri onların öz yazıları vasitəsilə ifşa edir. Erməni ideoloqları və yazarları iddia edirlər ki, ermənilərin məhz İrana, sədaqət və fədakarlıqla» xidmət etmələrinin əvəzində, İran hökuməti də onlara nəinki daxildə imtiyazlar, güzəştlər vermiş, hətta erməniləri xaricdə də himayə etmiş, bacardığı qədər müdafiə etmişdir. Ermənilər həmişə onları himayə edən, maddi və mənəvi dəstək verən,bu səbəbdən nökər kimi qulluq etdikləri ağalara – ingilis və ruslara da lazım gələndə, işlərinə yarayanda arxa çevirməyi bacarmışlar.
Etdikləri qırğınları, yandırdığı evləri, məhv etdikləri mədəniyyət ocaqlarını başqası tərəfindən həyata keçirildiyini söyləməkdə «mahir» olan «yalançı, fitnəkar Erməni rəhbərlərinin» fikirlərini ifadə edən «Droşaq» iddia edirdi ki, guya «1894-1896-cı illərdə Van və Ərzurum vilayətlərində ermənilər qətliam edilərkən dost rus konsulları erməni mühacirlərini osmanlı cəlladlarına təslim edərkən, ingilis konsulu erməniləri türk torpaqlarına hədəf etdirdiyi zaman qardaş İran millətinin konsulları idi ki, erməni millətinin mühafizəsini və erməni bədbəxtlərinin qətliamdan xilasını düşünürdülər» (1, 14). Onlar riyakarcasına iddia edirdilər ki. hətta 1914-1915-ci illərdə alman və ABŞ konsullarından daha çox İran konsulları erməni millətini himayə etmişdi.
Görəsən bu erməni rəhbərlərinin 1918-ci ilin martında qətlə yetirdikləri müsəlmanların cəsədlərinin, yandırdıqları evlərin, dağıtdıqları məscidlərin yanında müsəlmanlara –türklərə köməyə gəlmiş İran konsullunun çəkilmiş şəkillərindən xəbəri varmı? (6, 34-36, 38, 40-41).
Erməniləri idarə edənlərin iddialarına görə İranın bu köməyi siyasi fikirlərdən irəli gəlməyib «qardaşlıq və qandaşlıqdan» doğmuşdu. Guya məhz bu qandaşlığın nəticəsi imiş ki, İran Gürcüstan və Azərbaycan respublikalarından əvvəl Ermənistanın müstəqilliyini tanımış, İrəvana səfir təyin etmişdi.
Bütün bu «səmimi, dostluq və qardaşlıq» haqqında riya dolu sözlərdən, belə demək mümkünsə, hazırlıqdan sonra onlar əsil məqsədlərini açmağa başlayır. «Droşaq» qəzetinin yazdığına görə ermənilərlə İran arasında səmimi əlaqələr irq və qardaşlıqdan da çox «…bu iki milliyyəti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe olmuşdur» (1, 14).
M.B.Məmmədzadə bu iki millətin birləşdirən ümumi mənafeləri «Droşaq»dakı yazılar əsasında geniş təhlil etmişdir. Ermənilərin regionunun iki böyük dövlətin, millətini qarşı-qarşıya qoymaq niyyəti «Droşaq»da açıq şəkildə verilmşidir. «Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən bu iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla bu iki milləti birləşdirmişdir. Bu düşmən də türk milllətidir» (1, 14-15).
Göründüyü kimi, ermənilər «panariyanizm», «paniranizm» haqqında yüksək fikirlərdən, bunlara daxil olan millətlərin «səmimi və etibarlı dostluğundan», bunu doğuran şərtlərdən sonra bu millətlərin guya gələcəkdə «xoşbəxt» yaşamasına mane olan amilləri, türk millətini və onların birliyini düşmən obrazında göstərmişdir.
Ermənilərin sərsəmlərinə görə iki dünya, iki mədəniyyət mövcud olmuşdur. Onlardan biri, guya mədəniyyət beşiyi olan və hələ də bu mövqeyi qoruyub saxlayan erməni və İran dünyasının mədəniyyəti, «…digəri də vəhşi, mədəniyyət düşmənliyini və barbarlığı təmsil edən türk dünyası» (1, 15).
Erməni ideoloqları iddia edir ki, bir-birindən fərqli bu iki dünya, mədəniyyət, dünyagörüş arasındakı dərin uçurum ziddiyyətlərin artmasına və sonda «İran-Turan» müharibələrinə gətirib çıxarmışdır. Bu müharibələri Hörmüz ilə Əhriman arasındakı mübarizə ilə müqayisə edən ermənilər utanmadan, həya etmədən iddia edirlər ki, «…türklər daima qaranlığı, barbarlığı, iranilərlə ermənilər isə azadlıq və mədəniyyəti təmsil edirlərmiş» (1, 15).
Bütün bunlardan sonra «Droşaq» oxucularına «bu müharibə bitmişdirmi?» deyə bir sual ünvanlayır və özü də «xeyir, indi də davam edir» deyə cavab verir. Farsları və etnik baxımdan onlara yaxın olan digər millətləri öz tərəfl ərinə çəkmək üçün ermənilərin növbəti yalanına elmi don geyindirməyə çalışıb bildirilər ki, «Türklər İranın Xorasan, Mazandaran və Azərbaycanını, Anadolu və Ermənistanı istila etmiş, ariyan qövmünün vətənlərinə sahib olmuşlardır və bu istila fars və s. ariyan millətlərinin əsrlərlə mədəniyyətdən geri qalmalarına səbəb olmuşdur» (1, 16). Ermənilər açıq şəkildə göstərirlər ki, guya fars ilə erməninin müştərək bir düşməni vardır ki, bu da türklərdir. Bu millətlərin sağ qalmaq üçün qarşılarında bir vəzifəsi vardır. Bu da onları «məhv etməyə baxmalıdır», olmalıdır. M.B.Məmmədzadə çox böyük peşəkarlıqla ermənilərin öz yazdıqları əsasında türklərə qarşı həyata keçirdiyi soyqırıma necə ideoloji don geyindirməyə çalışdıqlarını açıb göstərə bilmişdi. İnsanlar arasında fitnəkarlıq, şübhə toxumu səpməkdə, onları qarşı-qarşıya qoymaqda mahir olan ermənilər növbəti yalan, olmayan bir layihə haqqında danışaraq göstərirlər ki, «türklər Türkiyə ilə Azərbaycanın, İstanbul ilə Təbriz və Bakının birləşməsinə mane olan ermənilər ilə kürdləri aradan qaldırmaq planını tətbiq edirmişlər» (1, 16-17). Guya türklər bununla kifayələnməyib gələcəkdə Azərbaycanla birləşib Zəncana qədər İran Azərbaycanına sahib olmaq üçün də plan hazırlayaraq onu reallaşdırmaq istəyir. Bu siyasəti yerinə yetirərkən guya Türkiyə türkləri kimi Azərbaycan türkləri də «…eyni metodla fars millətinə mənsub kürd, tat və talışları türk olaraq göstərir, onların milli şüurdan məhrumiyyətlərindən sui-istifadə, azərbaycanlılar dəxi fars ünsürlərini türkləşdirmişdilər. Mümkün imiş ki, türklər İran içərisindəki digər fars qövmlərinə dəxi təsir edərək iranilik vəhdətini pozsunlar (1, 17). Ermənilər adımı sənə qoyum, səni də yana-yana qoyum misalına ustalıqla əməl edərək Güney Azərbaycanda müsəlman türk əhalisinə qarşı törətdikləri vəhşilikləri, soyqırımıı ört-basdır etməyə cəhd edərək yazırdılar ki, «…bu məqsədlə də türklər Xoy, Maku ətrafının ermənilərini qətliam ilə aradan qaldırmaq istəmişlərmiş»(1, 17).
Ermənilər əsil məqsədlərindən birini bundan sonra açır. Maraqlıdır ki, bununla türklərə qarşı soyqırım həyata keçirdiyini faktiki etiraf etmiş olurlar. Digər tərəfdən guya bütün türklər birləşərək İran irqinə daxil olan millətlərə, o cümlədən ermənilərə qarşı belə siyasət həyata keçirmək istədikləri üçün bu millətlər birləşməyə, qabaqlayıcı tədbirlər görməyə məcburdur. Bu səbəbdən erməni ideoloqları uydurduqları «…xəyali təhlükələrə qarşı təklif edir ki, «necə ki, ariyan millətinin qaniçici düşmənləri çalışırlarsa, biz də o vasitə ilə müxtəlif ariyan irq və millətlərin ittihad və ittifaqını vücuda gətirməli və bu yol ilə turanlıların əməliyyatını nəticəsiz buraxmalıyıq» (1, 17).
Özlərinə regionda arxa axtaran ermənilər müsəlmanlar-türklərə qarşı törətdikləri bəşəri cinayətdən cəzasız qurtarmaq üçün İranlılardan yararlanmaq istəyir, «iki müsəlman ölkəsi olan Türkiyə ilə İranı qarşı-qarşıya qoymağa çalışır. Ankara turanizmin mənbəyi və mərkəzi olduğu kimi Tehran və ya İsfahan da ariyan nəslinin qardaşlıq və ittihad mənşəyi, iranizmin mərkəzi olmalıdır. Türk dövləti qüvvətli isə gərək maddi, gərək mənəvi nöqteyi-nəzərindən İran dəxi qüvvətli ola bilər. Osmanlı torpağı geniş isə İran dəxi onun üç misli böyük ola bilər» (1, 17).
Ermənilər bu məkrli hiyləgər məqsədlərini reallaşdırmaq üçün İran irqinə daxil olan millətlərin «Ariyan ocağı» və «Ariyan mərkəzi» təşkil etmələrini təklif edir. «Məhz bu mərkəz və ocaq ətrafında nəcib fars və iranilər, cəngavər və açıqgöz ermənilər, əfqan və hindistanlılar və tamam ariyan irqindən millətlər toplanmalı və birləşməlidirlər. Turanizmin ətraf və içərisində bu surətlə ariyanzim ocaqları vücuda gətirməliyik» (1, 18).
M.B.Məmmədzadə göstərir ki, Tehranda hüquq üzrə doktor əslən azərbaycan türkü olan Məhəmməd xan Əfşarın redaktorluğu ilə çap olunan “Ayəndə” (“Gələcək”) məcmuəsində “panrasizm”əsasında “paniranizm” ideyaları təbliğ edilir. O, göstərirdi ki, vaxtilə belə ideyalar germanlarda, slavyalarda və Türkiyədə də mövcud olmuşdur.
M.B.Məmmədzadə M.x.Əfşarın “panizranizm” ideyalarını yayarkən digər cəhətlərlə yanaşı zaman və məkanı da yaddan çıxarmasını ciddi elmi, siyasi səhv hesab edir. O, artıq XX yüzilliyin 20-ci illərində pangermanizm, pantürkizm və panislamizm cərəyanlarının romantik dövrünün başa çatıb “realist dövrünə girdiklərini, siyasi slavyan vəhdətinin artıq bir xəyal olduğunu” dərk etdiklərini vurğulayırdı. Belə bir zamanda “Ayəndə” yazarının xüsusilə ermənilər tərəfindən ciddi-cəhdlə beyinlərə yeridilməyə çalışan “panariyançı” görüşü təbliğ etməsi, “əsgəri irqiçilik” yaratmaq çağrışları təəccüblü olması ilə bərabər, həm də təhlükəli idi.Əslində bunun nə qədər ziyanlı olması şübhəsiz idi, çünki “…hər halda biz buna əminik ki, islam millətləri artıq sxolastik ittihadi-islam məfkurəçiliyindən milliyyət sahəsinə çəkilməyə başlamışlardır. Bu hal türklərdə və ərəblərdə görüldüyü kimi, farslarda da vaqe olmaqdadır. Fəqət bu milli birləşməni təmin edəcək həqiqət əvvəlcə həpsi birlik sahəsində təzahür edərək, eyni zamanda farslar, ərəblər və türklər islamiyyət sayəsində vücuda gələcək müştərək islam mədəniyyəti üzərində qurulu beynəlmiləl islam mədəniyyəti dünyasının daimi əsası olaraq mənən və maddətən qalmaqda davam edəcəklərdir” (1,18-19).
Əsl həqiqətdə ermənilər tarixi, dini və başqa xüsusiyyətləri ilə “…islam və şərq mədəniyyəti hövsəsindən xaricdədirlər” (1,19).Gerçəklik isə bundan ibarətdir ki, “…velikorusla polyaklı bir ukraynalı ilə, bir çexi ayıran, bir türk ilə bir bolqarı və bir macarı təfriq edən təzaddan daha böyüyünü erməni ilə fars miyayında görürük. Arıyan millətindən olan bir rusla, farsın ittihadi nə qədər mümkünsə, bir erməni ilə farsın birləşməsi də o qədər mümkündür”. (1,19)
M.B.Məmmədzadə ermənilərin Hindistanı, həmçinin əksəriyyəti ariyan olmayan Çin-Tibet millətlərini, bu birliyə dəvət etməsini isə obrazlı şəkildə havada bina tikmək qədər xəyalı bir işə bənzədirdi.
Təbii ki, ermənilər bunu bilməmiş deyildilər. Onların başlıca məqsədləri “İran-Turan” ziddiyyətləri yaratmaq, onu gücləndirmək və bundan bəhrələnmək olmuşdur.
M.B.Məmmədzadə “daşnaküstyun qafalıların” belə məqsədlərini, kimlərin əlində alət və vasitə olduqlarını konkret faktlar əsasında açıb göstərir. O, qeyd edir ki, “qüvvətli Osmanlı səltənəti qeyri-türkləri, Rusiya qeyri-rusları” qətiyyən aradan qaldıra bilmədiyi kimi İrandakı “paniranistlər”də bunu bacara bilməyəcək. M.B.Məmmədzadə belə bir istəyi “spekulyasiya adlandırıb yazır: “Bu olursa İran xaricində olan fars ünsürləri kəndi-kəndilərindən fars mədəni mərkəzləri ətrafına qovuşacaq, siyasətlə olmasa da, elmlə, lisanla İstanbulun və Bakının türk dünyasında, Qahirənin ərəb aləmindəki mədəniyyətin ən mədənisini Tehran və ya İsfahan dəxi fars dünyasında əldə etmiş olacaqdır” (1,20).
M.B.Məmmədzadə əsərinin IV hissəsində müasir millətlərin qurduqları cəmiyyət və onun özünəməxsus əlamətlərindən, millətlərin bir-birinə bağlılığı və təsirindən, ən qədim dövrdən ermənilərin yaşadıqları dövlətlərə xəyanətindən, dərhal güclünün tərəfinə keçib çörəyini yediyi dövlətə və qonşulara arxadan zərbə vurmalarından konkret tarixi faktlarla bəhs etmişdir.“Zatən ermənilər ariyan irqinin fars şöbəsinə deyil, müstəqil bir milliyyət olaraq bilavasitə hər bir aiyan irqinin fars şöbəsinə deyil, müstəqil bir milliyət olaraq bilavasitə hər bir ariyan qövmü kimi ariyan ailəsinə daxil bulunurlar” (1,21).
M.B.Məmmədzadə tarixə nəzər salaraq konkret faktlar əsasında özlərini xristian mədəniyyətinin nümayəndəsi kimi təqdim edən ermənilərin şərq mədəniyyətinin təmsilçisi olan farslarla “tarixlər uzunu qanlı mücadilələrdə” olduğunu bildirir. Məsələ burasındadır ki, ermənilər hələ qədim dövrdən farslarla yanaşı qonşuları olan İberiya, Albaniyaya qarşı da xəyanətkar, məkrli düşməncəsinə bir siyasət yeritmişdir. Bunu e.ə. və e.I əsrində Roma imperiyası ilə müharibələrdə, Roma-Bizans münasibətlərində də çox aydın görmək mümkündür.
M.B.Məmmədzadə erməni yazarı M.Varandanyanın əsərinə istinad edərək yazır ki, Daşnaksütyunun hiyləgər məqsədlərinə çatmaq üçün istifadə etdiyi millətlərdən biri də, kürdlərdir. Varandyan göstərir ki, ermənilər kimi eyni taleni yaşayan, eyni coğrafiyada yerləşən, ancaq ermənilərdən fərqli olaraq “yazıya və mədəniyyətə malik olmayan kürdlər”in Azərbaycan və Anadolu mühitində “…əriyib gedəcəyi o qədər təbii bir qanundur” (1.24). Varandyanın fikrincə ermənilərin yeganə çıxış yolu eramızdan əvvəl yaratdıqları xəyali Böyük Ermənistan hüdudlarını qısaltmaları və indiki əraziləri ilə kifayətlənmələridir.” Başqa dürlüsü Azərbaycan və Anadolu türk dünyasının xəritədən qalxması ilə mümkün olur ki, bu da rusların Şərqi Avropadan, anqlosaksonların Britaniya adalarından və Amerikadan, latın irqinin Braziliya, Uruqvay, Arqentina və s.dən çıxarılmasını tələb etmək kimi bir şey olurdu” (1,24).
M.B.Məmmədzadə əsərinin V hissəsində tarixə ekskurs edərək xilafət dövlətində, türklərin yaratdığı Səlcuq, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövründə ermənilərin vəziyyətindən normal, təhlükəsiz yaşamalarından bəhs edir.
O, doğru olaraq göstərir ki, Çar Rusiyasının isti dənizlərə və Qafqaza sahib olmaq planını reallaşdırmaq istəyindən sonra vəziyyət kökündən dəyişməyə başladı. Bu işdə ilk konkret addımı atanlardan biri I Pyotr olmuşdu.
Xanlıqların yaranması, rus-Qacar müharibələri və bu müharibələrdə qacarların məğlub olaraq Gülüstan və Türkmənçay müqavilələrini imzalaması da sonrakı dövrlərdəki faciələrin və erməni iştahasının genişlənməsi üçün əsas yaratmış oldu.
M.B.Məmmədzadə haqlı olaraq göstərir ki,ermənilərin türk düşmənçiliyi və onlara qarşı soyqırım həyata keçirməsində “Daşnaksütyun” partiyasının yaranması, onun ayrı-ayrı illərdə keçirdiyi qurultayları, orada qəbul edilən qərarlar xüsusi əhəmiyyət daşıyır. O, göstərir ki, “Daşnaksütyun” 1904-cü ildə keçirilən konqresində Rusiya Ermənistanını da proqramına əlavə etmiş, 1907-ci ildə Vyanada keçirilən III konqresində sosialist proqramını qəbul edərək Qafqaziya Ermənistanına Federasiya tələbini irəli sürmüşdü. “Fəqət Qafqaziyada felən Ermənistan mövcud deyildir. Əlli dörd qəzadan ibarət olan Mavərəyi-Qafqaziyanın (Qafqazın o tayında-cənubi Qafqaz nəzərdə tutulur) yalnız beş qəzasında ermənilər əksəriyyət təşkil edirdilər. Hətta Ermənistanın mərkəzi hesab olunan İrəvanda əhalinin yarıdan çoxu türk idi” (1,28).
Belə bir mürəkkəb şəraitdə “Türkiyədə ağzı yanmış erməni utopistləri” yeganə çıxış yolunu Qafqazda Ermənistan yaratmaqda gördülər. Onlar bunun üçün də gürcüləri və türkləri aradan qaldırmaq və əksəriyyət təşkil edən bu erməni əhalisi vücuda gətirməyi lazım görürdü” (1.28). Müəllif fikrini erməni və gürcü yazarlarının əsərlərindəki faktlarla daha da gücləndirmişdi.
Ermənilər Qafqazla yanaşı “Türkiyənin 6 şərq vilayətini, Antakiya və Hələb tərəfl ərini də mənimsəmək istəyirdilər. Halbuki ən bitərəf statistika belə, bu vilayətlərdə 5,4 milyon türkə və müsəlmana qarşı 400 min erməni mövcud olduğunu qeyd etməkdədir. …Belə bir ərazi içərisində bütün türkləri qırıb xalis ermənilərdən ibarət bir Ermənistan vücuda gətirmək üçün ermənilərin nə qədər fantazyor olmaları lazım gəldiyini kəsdirmək çətin deyildi” (1,29).
M.B.Məmmədzadə V fəslə yekun vuraraq belə nəticəyə gəlmişdir ki, ermənilərin Azərbaycanda, o cümlədən Güney Azərbaycanda həyata keçirdikləri soyqırım I Dünya müharibəsinin gedişində yaranan təsadüfü, hadisə nəticəsində deyil, Böyük Ermənistan xəyalını reallaşdırmaq üçün “…Türkiyə ilə Qafqaziyada islamları qırmaq vasitəsilə erməni əksəriyyət vücuda gətirmək” məqsədi ilə tətbiq edilmişdir.
Xalqları qarşı-qarşıya qoyaraq zidiyyət yaratmaq, bir-birinin üstünə salışdırmaqla müharibə törətmək, zəifl ədərək qırıb torpaqlarına sahib olmaq kimi mürtəce niyyətlərə əsaslanan erməni milli siyasətini reallşadırmağı qarşısına məqsəd qoyan “Daşnaqsütyun”un rəhbərləri İran inqilabında iştirak etməklə Urmiya, Xoy, Maku və Təbriz tərəfl əri də “gələcəkdə” Ermənistanın tərkibinə qatmaq niyyətində olmuşdular.
Ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırımı güya zəruri edən siyasətin ifl asına həsr edilən bu dəyərli əsərin VII fəsli 1905-1911-ci illər İran inqilabi, onun səbəbləri, Avropa ölkələrinin xüsusilə Rusiya və İngiltərənin məqsədləri, gürcü, erməni siyasətçilərinin niyyətləri və s.-yə həsr edilmişdir.
Bu məsələləri geniş, əhatəli obyektiv, faktları və hadisələri müqayisəli təhlil metodu ilə araşdıran M.B.Məmmdzadə belə bir doğru nəticəyə gəlir: Rusiya və Osmanlı dövlətinin ərazisində ermənilərin törətdikləri qırğınları, vəhşilikləri görərərk, “İran daxilində müstəqil bir Ermənistan” yaranmasına imkan vermədi. “Bu gündən etibarən öz müqəddəratını rus imperializminə bağlamış “Daşnaksütyun” dünya müharibəsinin gedişində qətliam yolu ilə Maku, Xoy və Urmu tərəfl ərdə əksəriyyət vücuda gətirmək və Ermənistan yaratmaq fikrinə düşmüşdü (1,36).
M.B.Məmmədzadə əsərinin sonuncu VII fəslində 1920-ci illərin II yarsında erməni yazarlarının, qəzetlərinin, siyasi xadimlərinin məqalələrin, yazdıqları əsərləri və “Daşnaksütyun”un qəbul etdiyi qərarları təhlil edərək yazır: “İndi isə “Daşnaksütyun” “şeytana papaq tikən, Tehran diplomatlarına şahnamə” oxumaq və panizanizmi damarlarına vurmaq vasitəsilə “yeni bir papaq” tikmək istəyir” (1,37). Ermənilər elə güman edirdilər ki, paniranizm vasitəsilə Qafqaz və Kürdüstan İran sərhədlərinə daxil olacaq və Hindistanla birləşəcək. “…sonra İngiltərə nüfuzu altına düşəcək İranda ermənilər Qafqaziya, İran və Türkiyə Ermənistanını birləşdirmək vasitəsilə xəyali Böyük Hayastanı vücuda gətirməyə müvəffəq olacaqlar” (1,37).
Məlumdur ki, 1923-cü ildə müsəlman, xüsusilə türk dünyasına, Türkiyəyə mənfi münasibətilə seçilən ingilislərin köməyi ilə İranda Qacar sülaləsinin hakimiyyətinə son qoyulmuş, taxta Rza şah oturdulmuşdur.Bununla regionda yeni bir siyasi vəziyyət yaranmış oldu. Ermənilər məhz bu şəraitdən istifadə edərək İranın milli birliyini təmin edən inkişaf tarixinin istiqamətini şərqdən “qərbə və şimala çevirmək” niyyətinə düşdülər. Onlar bunun sayəsində “İran ilə Türk dünyası arasında yeni qanlar axıtmaq yolu ilə Avropa dövlətlərinin himayəsinə istinadən Böyük Ermənistanı yoxdan, tarixlərin və əsrlərin gömdüyü məzarlardan çıxarmaq” fikrində idilər (1,37)
Daşnak rəhbələrinin fikrincə İranda Rza xanın timsalında Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi, “Qacar sülaləsinin süqutu, farslığın-iranizmin türklüyə-turanizmə qələbəsi” idi.
1917-ci il fevral inqilabından sonra Azərbaycan, Gürcüstan, Dağıstan və Türküstandakı milli azadlıq hərəkatlarını ermənilər xəyali Ermənistanı reallaşdırmağa mane ola biləcəyi səbəbilə Rusiyanı parçalayan bir proses kimi qiymətləndirir, onu “arxadan İran qüvvəsilə” vurmaqla bu ərazilərin Rusiyadan ayrılmasına imkan vermək istəmirdilər. Bu köməyin müqabilində ermənilər gələcəkdə rusların yardımı sayəsində “Rusiya çarlığının təsisindən sonra Qafqaziyada, Türkiyədə və İranda xəyali Böyük Hayastanı vücuda gətirəcəkdir” (1,39).
Beləliklə, M.B. Məmmədzadənin ermənilərin iç üzünü ifşa edən bu dəyərli əsərinin bir hissəsinin təhlildən aşağıdakı nəticələr hasil olur:
- Ermənilər Güney Qafqazda – o cümlədən Şimali, Qərbi Azərbaycanda, həmçinin indi İranda yerləşən Cənubi Azərbaycanda yaşayan müsəlman-türk əhalisinə qarşı soyqırım həyata keçirdiyini etiraf etmişlər. M.B.Məmmədzadə bu etirafı ermənilərin öz yazıları əsasında üzə çıxardığı üçün «Ermənilər və İran» əsəri olduqca qiymətli mənbə hesab olunmalıdır.
- Böyük dövlətlərin köməyi ilə müsəlman-türk əhalisinə qarşı soyqırım törədən ermənilər istifadə edildikdən, işlərini yerinə yetirdikdən sonra himayədən məhrum olduğu üçün regionun digər nüfuzlu müsəlman dövləti İranın ağuşuna atılmaqla cəzadan canını qurtarmaq niyyətində olmuşdur.
- Bu məqsədlə onlar hiyləgərliklə «paniranizm» və ya «panariyanizm» nəzəriyyəsindən bəhrələnmək niyyətində olmuşdur.
- Erməni ideoloqları hiyləgərlik və fitnəkarlıqla İran və Türkiyə dövlətlərini, fars və türk dilli millətləri qarşı-qarşıya qoymağa, aralarında dərin nifrət hissi aşılamağa, uçurum yaratmağa cəhd etmişlər.
- Erməni millətçilərinin özlərinə məxsus hiyləgərliklə apardıqları təxribatçı təbliğatın kökündə İranı istəmək deyil, Panariyanizm bayrağı altında sərsəm Böyük Ermənistan işinə İranı da cəlb etmək niyyəti dayanmışdı.
- Beləliklə, türklərə qarşı soyqırım törətdiklərini etiraf edən erməni rəhbərləri, ideoloqları bu cinayətlərinə, vəhşiliklərinə haqq qazandırmaq üçün təcavüzçü təxribatçı mahiyyətli ideoloji əsaslar işləyib hazırlamışlar.
İstifadə edilmiş ədəbiyyat
- Məmmədzadə M.B. Ermənilər və İran. B., 1993, Azərnəşr, 42 s.
- Aziz. B. Mart faciasından Hocalıya Azerbaycanda ermenilerin türk soykırımı. İstanbul, 2013, İQ Kültür sanat yayıncılıq. 263 s.
- Əziz B. Azərbaycan-Ermənistan münasibətləri tarixi. B., 2010, Səda, 263
- Azərbaycan xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, I cild, B.. 2004,Lider, 440 s.
- Onullahi S. Erməni millətçiləri və İran. Bakı: Maarif, ABU, 2002, 92 s.
- Rüsemova –T.S.A. 1918. Azerbaycanlılara yapılan katlilamlar fotoqraf ve belgelerle (rusca, ingiliscə və türkcə). B.: Kismet, 2012, 208s.
- Aziz B. Turkish massacre realized by the Armenians in Azerbaijan in XX century (1918-1992), Bochum, 2015, 255 p.
Boran Əziz
tarix üzrə fəlsəfə doktoru, dosent
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”
Bakı – 2019
Material ilk dəfə 4 iyun 2019-cu il tarixdə dərc olunub.