Təkcə AŞPA deyil, digər Avropa institutları da Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər. Lakin onlar bunu gizlicə həyata keçirirlər. Avropa Şurası Parlament Assambleyası (AŞPA) isə bu mövqeni açıq-aşkar nümayiş etdirməklə bu kimi institutların iç üzünü göstərmiş oldu.
Bunu AZƏRTAC-a açıqlamasında gürcü ekspert Tengiz Txilava deyib.
Onun sözlərinə görə, AŞPA-nın qərəzli mövqeyinə qarşı Azərbaycanın adekvat addım atması da tam ədalətlidir. Əslində Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırmaqla heç nə itirmədi. İtirən Avropa olacaq. Ona görə ki, Azərbaycan öz problemini özü həll edə bilir. Bunu Qarabağ məsələsində də sübuta yetirdi. AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların, eləcə də ATƏT-in həmsədri olan Fransanın edə bilmədiyini, yaxud da etmək istəmədiyini Azərbaycan təkbaşına həll etdi. Təbii ki, Fransa və onun əlində qamçı rolunu oynayan AŞPA bunu həzm edə bilmir. Ona görə də bu cür addımlar atır, Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Lakin undurlar ki, Azərbaycan ilə güc dilində danışmaq yersizdir.
Gürcüstan parlamentinin sabiq deputatı, siyasi ekspert Ruslan Hacıyev hesab edir ki, AŞPA-nın Azərbaycana qarşı qərarı əslində gözlənilən idi. Ona görə ki, bir çox ölkələr, eləcə də sözdə özünü demokratiyanın, söz azadlığının, insan hüquq və azadlıqlarının müdafiəçisi adlandıran AŞPA Azərbaycanın qüdrətlənməsini, söz sahibinə çevrilməsini qəbul edə bilmir. AŞPA təkcə Azərbaycana qarşı deyil, Gürcüstana qarşı da yanlış addımlar atıb. Əslində bu qərar elə Ermənistanın da əleyhinədir. Ona görə ki, AŞPA-nın bu qərarı regionda sülhə və sabitliyə qarşı yönəlib. Ermənistanın sülh sazişini imzalamaq istədiyi bir vaxtda AŞPA-nın Azərbaycana göstərdiyi qərəzli mövqeyi Cənubi Qafqazda sülhə, sabitliyə qarşı atılmış addımdır.
“Amma nə AŞPA, nə Avropa İttifaqı, nə də digər təşkilatlar, eləcə də imperialist dövlətlər bununla heç nəyə nail ola bilməyəcəklər. Regionda güclü Azərbaycan, dost, qardaş Gürcüstan və Türkiyə kimi dövlətlər var. Biz bu birlik sayəsində bütün qara qüvvələrə qalib gələcəyik. Azərbaycan AŞPA-sız da inkişaf edəcək və daha da möhkəmlənəcək”, – deyə R.Hacıyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi