
Aprel döyüşləri Azərbaycanın tarixinə düşən şanlı günlərdən biridir. Dörd günlük Aprel döyüşləri ilə başlayan tarix dörd ildən sonra qırx dörd günlük zəfərlə başa çatdı. Aprel döyüşlərində canlarından keçən vətən övladları qırx dörd günlük Vətən müharibəsində iştirak edən gənclərimizə nümunə oldular.
AZƏRTAC xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri dörd günlük Aprel döyüşlərində bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin növbəti erməni təxribatına verdiyi layiqli cavab nəticəsində iki min hektardan çox ərazi erməni işğalından azad edildi və bununla da böyük qələbənin təməli qoyuldu.
Vurğulanıb ki, Aprel döyüşlərində ordumuz ermənilərə məxsus 30 tankı, 15-dək artilleriya qurğusunu və möhkəmləndirilmiş mühəndis qurğularını, 300-dən çox hərbçini məhv etdi. Bu döyüşlər, iyirmi iki illik fasilədən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından birincisi idi. Ordumuz əks-hücumla Ermənistanın cəbhədəki ön xəttini iki istiqamətdə yardı. Cəbhə xəttini mərkəz və cənub istiqamətdən yarmaqla müəyyən əraziləri azad etməyi bacardı. Bu döyüşlərdə ilk dəfə “Harop” tipli güclü zərbə pilotsuz uçuş aparatlarından istifadə edildi.
Ədalət Verdiyev qeyd edib ki, Aprel döyüşlərində Azərbaycan cənubdan Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyini, mərkəz istiqamətindən isə Talış yüksəklikləri, bəzi digər yüksəklikləri və Goranboy rayonu ərazisində Gülüstandan müəyyən mövqeləri geri qaytardı. “Ərazi baxımından geri qaytarılan mövqelər böyük olmasa da, əhəmiyyət baxımından Ordumuz və ümumilikdə ölkəmiz üçün çox vacib idi”, – deyə ekspert vurğulayıb.