Avqustun 12-də Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkəcəklər.
“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq. Görüşlərdə valideynləri maraqlandıran məsələlər müzakirə olunacaq.
Həmçinin hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriləcək.