1905.az portalının suallarını İndoneziya dili üzrə tanınmış mütəxəssis, filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev cavablandırır.
– Həbib müəllim, İndoneziya dünyanın ən böyük müsəlman dövlətidir. Ən azı elə buna görə də İndoneziya Azərbaycan üçün maraqlı olmalıdır. Doğrudur, İndoneziya ilə Azərbaycan arasında böyük məsafə var və onlar fərqli coğrafi məkanlarda yerləşirlər. İndoneziyada bizim Dağlıq Qarabağ problemləri haqqında həqiqətləri bilirlərmi?
– Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələr 1992-ci ildə yaranıb. 1990-cı illərin birinci yarısında iki ölkə arasında xüsusi bir əlaqə yox idi. Yalnız 1996-cı ildə İndoneziyanın Türkiyədə akkreditə olunmuş səfiri Azərbaycana gəldi, İndoneziya ilə münasibətlər yarandı və bu ölkəyə yol açıldı. Elə o vaxtdan mən vaxtaşırı olaraq onların vasitəsilə müəyyən materialları İndoneziya mətbuatına göndərirdim. 2000-ci illərin əvvəllərindən isə ardıcıl olaraq İndoneziya, Malayziya və Sinqapura səfərlər etdim və həmin ölkələrin kütləvi informasiya vasitələrinə – qəzet və jurnallara, radio və televiziyaya Azərbaycan həqiqətləri, o cümlədən də Dağlıq Qarabağ problemi haqqında məlumat verirdim. Sonrakı dövrdə əlaqələr daha da genişləndi, Azərbaycanda və İndoneziyada səfirliklər açıldı. İndi həm bizim İndoneziyadakı səfirliyimiz, həm də İndoneziyanın ölkəmizdəki səfirlikləri Azərbaycan haqqında məlumatlar yayırlar. Son 5-6 il ərzində İndoneziyada hər il “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər keçirilir. Bu yaxınlarda, daha dəqiq desək, Respublika Günü ərəfəsində 1990-cı illərin əvvəllərindən Azərbaycanda çap edilən “İrs” jurnalının İndoneziya dilində ilk sayının təqdimatını keçirdik. Tədbirdə İndoneziyanın dövlət və hökumət nümayəndələri, səfirliyimizin əməkdaşları iştirak edirdilər. Jurnalda Azərbaycan haqqında çox geniş məlumatlar var. Dağlıq Qarabağ problemi ilə bağlı jurnalda bir neçə məqalə yer alıb. Eyni zamanda Şamaxı məscidinin tarixi, ermənilərin Şamaxıda və Bakıda törətdikləri qırğınlar, Azərbaycan Demokratik Respublikasının yaranması, həmin dövrdə ermənilərlə azərbaycanlılar arasındakı münasibətlər haqqında məqalələr də jurnaldakı materiallardandır. “Azərbaycan dünən və bu gün” adlı məqalədə də Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunulur, ermənilərin Qafqazda yerli xalq olmadığı bildirilir.
– Bütün bunlar kütləvi informasiya vasitələridir. KİV adından da göründüyü kimi, kütlə üçün nəzərdə tutulub. Şübhə etmirəm ki, İndoneziyada da postsovet məkanını, Qafqazı, yaxud müsəlman dünyasını öyrənən elmi mərkəzlər var. Bu elmi dairələrin Azərbaycana münasibəti necədir?
– 2007-ci ildə biz Azərbaycan Dövlət Dillət Universitetində İndoneziya dili bölməsini açdıq. Bir müddət sonra isə İndoneziya hökumətinin vəsaiti ilə İndoneziya mərkəzi açdıq. Bu mərkəzə İndoneziyadan gələn bütün nümayəndə heyətləri baş çəkir, tələbə və müəllimlərlə görüşlər keçirirlər. Bu görüş və söhbətlərdə Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi həmişə ön planda olur. Son bir neçə ildə İndoneziyanın xarici işlər naziri, parlamentin hər iki palatasının sədrləri universitetdə qonağımız olub, bu məsələlərlə bağlı müəllim və tələbə heyəti ilə müzakirələr aparıblar. Həmin bölmənin məzunların əksəriyyəti İndoneziyada elmi səfərlərdə olub, onların bir neçəsi İndoneziyada magistratura pilləsi üzrə təhsil alırlar. Bizim tələbələrimiz orada da fəal çalışırlar. Məsələn, məzunlarımızdan biri, Elmar İsgəndərovun İndoneziya universitetlərindən birində təhsil aldığı iki il ərzində demək olar ki, hər gün bu ölkənin müxtəlif mətbuat vasitələrində, İnternetdə Dağlıq Qarabağ problemi ilə bağlı yazıları gedib. İndoneziyanın hökumət dairələri də bizim tələbələrimizlə maraqlanır, onların Azərbaycan, Dağlıq Qarabağ haqqında bilgilərindən istifadə edirlər.
– Bizim tələbələrimizin İndoneziyada Dağlıq Qarabağ problemini gündəmə çıxarmaları çox təqdirəlayiqdir. Amma belə bir fakt varmı ki, hansısa indoneziyalı politoloq konfliktologiya ilə bağlı məqalə yazır və Dağlıq Qarabağ probleminə toxunur və ya kimsə bu problemi davamlı olaraq araşdırır? İndoneziyanın elmi dairələrində bizim problemə maraq göstərilirmi?
– Xüsusi bir tədqiqat müşahidə etməmişəm, amma İndoneziyanın Azərbaycandakı səfirliyi bu problemlə bağlı broşürlər hazırlayır və ölkəsinə göndərir. Ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı İndoneziyanın Azərbaycandakı səfirliyi çox iş görür və bütün məlumatları ölkəsinə çatdırır. Bizim dövlət rəhbərliyinin, şəxsən prezidentin səyi ilə İndoneziya parlamenti Ermənistanın Azərbaycan ərazisini işğal etdiyini, ermənilərin Xocalı soyqırımını törətdiyini rəsmən tanıyıb.
– Deyirlər, həqiqət müqayisə zamanı ortaya çıxır. Erməni diasporu dünyada geniş yayılıb. ABŞ, Fransa və Rusiyada nüfuzlu erməni diasporu mövcuddur. İndoneziyada erməni icmasının mövcudluğu və ya onun fəaliyyəti ilə bağlı məlumatınız var?
– Ermənilər adətən müəyyən iqtisadi rıçaqları əldə saxlaya biləcəkləri ölkələrə üz tuturlar. İndoneziya və Malayziyada əsas kapital çinlilərin əlindədir. Yəni ermənilərin oraya girmək imkanları yoxdur. Ona görə də İndoneziyada nə erməni diasporu, nə də erməni icması var.
Doğrudur, bir neçə il əvvəl mən Malayziyada bir Erməni küçəsi adlı küçəyə rast gəldim. Amma cəmi 100-150 metr uzunluğundakı bu küçədə erməniləri xatırladan heç nə yox idi.
– İslam Əməkdaşlıq Təşkilatının öncül iştirakçılarından biri İndoneziyadır. Bu təşkilat çərçivəsində Azərbaycan-İndoneziya münasibətləri necədir?
– Beynəlxalq təşkilatlarda, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında İndoneziya daim Azərbaycanın mövqeyini müdafiə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu təşkilatın qətnamələrini açıq-aşkar dəstəkləyib.
– İndoneziya dilinin mahir bilicisisiniz. Alim kimi İndoneziya ilə bağlı gerçəkləşdirmək istədiyiniz arzunuz var?
– Əlbəttə, var. Mən Azərbaycan və İndoneziya dillərində ərəb alınmaları mövzusunda tədqiqat işi üzərində çalışmışam. İndoneziya dilində yazdığım bu tədqiqat işi artıq hazırdır. Çox istərdim ki, bu əsər İndoneziyada nəşr edilsin. İndoneziya tarixini Azərbaycan dilində hazırlamışam. Azərbaycan tarixi haqqında mükəmməl bir kitabı İndoneziya dilinə tərcümə etmək istərdim. Belə bir arzum da var.
– Uğurlar.
Fuad Babayev, Gündüz Nəsibov
1905.az