Fərhad Hacıyev (1929, Şamaxı ş. – 1987,Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənənməşhur Novqorod,Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını,Vilnüsdən Çürlyonisin qrafik əsərlərini,Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir. 1957 ildə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində ilk bərpaçı-rəssam kimi işə başlamışdır. Muzeydə fəaliyyət göstərdiyi çox qısa bir zamanda 100-dən artıq yağlı boya tablolarının bərpa və konservasiyasını həyata keçirmişdir. 17 əsr holland rəssamlarının, 19-20 əsr Azərbaycanın məşhur rəssamlarından B.Kəngərli, Ə.Əzimzadə, M.Nəvvab, M.Abbasov, M.Cavadov və T.Cavadov qardaşları, T.Nərimanbəyov, T.Salahov, M.Abdullayevin, rus rəssamlarından Tropinin,Korovin, Ayvazovski, Borovikoski, Kandinskiy, Şaqal, Vereşagin, Maşkovun, xarici rəssamlardan A.de Şarto, J. Düpre, Y.Stık və başqalarının əsərlərini ustalıqla bərpa etmişdir. Xüsusilə 1959-60 illərdə bərpa və konservasiya əməliyyatlarını icra etdiyi rus rəssamı İ.Brodskinin fırçasına məxsus olan “Hacı Zeynalabdin Tağıyevin” portreti bərpaçı-rəssama böyük uğur gətirmişdir. 1970 ildə YUNESKO-nun nəzdində olan İKOM beynəlxalq cəmiyyətinin üzvü seçilmiş, bir sıra ümumittifaq və beynəlxalq konfranslarda, seminarlarda fəal iştirak etmişdir.