Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2015-ci ildə maliyyələşdirdiyi layihələr sırasında Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsi də var.
Birliyin sədri Asəf Quliyev layihə ilə bağlı “525-ci qəzet”in suallarını cavablandırıb.
– Layihəniz daxili auditoriyaya ünvanlanıb. Məgər Azərbaycan vətəndaşları Qarabağ həqiqətlərindən bixəbərdir?
– Məsələyə bir az fərqli prizmadan yanaşmaq lazımdır. Gəlin sizə iki misal çəkim. Ağdamda Vəzirovun villası vardı? Bəlkə cəbhənin Xocalı istiqaməti var? Əlbəttə ki, nə Ağdamda Vəzirovun villası vardı, nə də cəbhə xəttinin Xocalı istiqaməti var. Amma “Google” axtarış sistemində “Ağdamda Vəzirovun villası dağıdılmayıb” və “Cəbhənin Xocalı istiqamətində 10 erməni əsgəri məhv edilib” yazsanız, Azərbaycan internet resurslarından bununla bağlı xeyli materiala rast gələcəksiniz. Məsələ ondadır ki, kimsə erməni mediasından hansısa bir erməni jurnalistinin tarixi Şahbulaq qalasını “Vəzirovun villası” adlandırmasını tərcümə edib Azərbaycan oxucusuna sırıyıb. Və hamı da bunu yayıb. Bir başqası isə Xocalı ilə Xocavəndi dəyişik salıb. Yenə də heç kim fərqinə varmadan xəbəri olduğu kimi tirajlayıb. Belə misalların sayını artıra bilərəm. Məhz bu halların baş verməsinin qarşısını almaq və diqqəti belə səhvlərə yönəltmək üçün bu layihənin reallaşdırılmasını qərara aldıq.
– Misal gətirdiyiniz halların qarşısını necə almaq istəyirsiniz?
– Əvvəlcə mən Azərbaycan Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və ekspertlərinə təşəkkür etmək istəyirəm ki, belə bir layihənin reallaşmasına dəstək verdi. Əslində bu, dövlətin Qarabağ mövzusuna həssas münasibətinin göstəricilərindən biridir. Prezident İlham Əliyev də həmişə Azərbaycanın qarşısında duran ən vacib problemin məhz Qarabağ münaqişəsi olduğunu vurğulayır. Deməli, medianın da ən ciddi yanaşdığı mövzu bu olmalıdır. Əlbəttə, mediada ümumiyyətlə yanlış məlumatın yer alması pis haldır. Amma Qarabağ məsələsi ilə bağlı səhvlərin heç bir izahı yoxdur. Belə səhvlər isə əksər hallarda məlumatsızlıq və naşılıqdan doğur. Bunun qarşısının alınmasının ən düzgün yolu isə oxumaq və öyrənməkdir. QHT-lərə Dövlət Dəstəyi Şurası da Qarabağ mövzusuna həmişə həssas yanaşıb. Şura sədri Azay Quliyev də QHT-lərin Qarabağ mövzusunda fəal olmağa çağırıb. Bu layihəni əslində biz pilot layihə kimi nəzərdə tutmuşuq. Əgər nəticələr qənaətbəxş olsa və Şura gördüyümüz işi məqbul qiymətləndirsə bu istiqamətdə işləri davam etdirmək fikrindəyik.
– Bu günə qədər hansı işlər görmüsünüz?
– Layihə çərçivəsində dörd xəbər saytının monitorinqi aparılıb. 23549 material nəzərdən keçirilib. Bunlardan 670-i Qarabağ probleminə həsr olunub. Bu materiallar mövzu müxtəlifliyinə, informasiya mənbəyi müxtəlifliyinə, eksklüzivliyə və sair parametrlərinə görə təhlil edilir. Bundan başqa sosial şəbəkələrdə də müşahidələr aparılır. Hazırda layihənin ikinci komponenti olan seminarlar keçirilir. Tovuzda, Qazaxda və Mingəçevirdə seminarlar keçirmişik. Növbəti seminarınız Füzuli rayonunda olacaq. Dinləyicilərimiz Tovuzun Əlibəyli kəndində bilavasitə cəbhə xəttində yaşayan potensial informasiya daşıyıcısı olan insanlar, Qazaxda cəbhə xəttində fəaliyyət göstərən jurnalistlər, Mingəçevirdə isə sosial şəbəkələrdə fəal olan universitet tələbələri olub. Mingəçevirdə keçirilən seminarımızda Qarabağ qazilərinin də iştirakı dinləyicilər tərəfindən maraqla qarşılandı.
– Sizcə, Qarabağ mövzusunda yazanlar nəyi bilməlidir?
– Əlbəttə bir adamın hər şeyi bilməsi hər zaman mümkün olmur. Amma əgər bu mövzuda yazırsansa müxtəlif mənbələri araşdırmaq mütləq lazımdır. Qarabağ münaqişəsi elə bir mövzudur ki, həddən artıq çoxşaxəlidir. Müharibənin aktiv fazası, tarixi kökləri, münaqişə beynəlxalq kontekstdə, müasir hərbi situasiya, iri regional iqtisadi layihələr, maraqları toqquşan dövlətlərin və yaxın qonşuların məsələyə münasibəti, cəmiyyətin sosial-psixoloji durumu və sairə. Bütün bunlar öyrənilməlidir.
– Siz dediyiniz standartlara cavab verən, yəni 100 faiz məlumatlı olan jurnalistlər var?
– Hamının hər şeyi bilməsi şişirtmə olardı. Amma hətta heç nədən xəbəri olmayan jurnalist də obyektiv və lazımlı iş görə bilər. Bunun üçün ilk növbədə Azərbaycan dövlətinin mövqeyini öyrənmək və bundan sonra isə kimdən nəyi soruşmaq lazım olduğunu bilmək vacibdir. Qarabağ münaqişəsi elə bir mövzudur ki, hamı özünü qəhrəman və əzabkeş kimi təqdim etmək istəyir. Ona görə də söhbət Qarabağdan gedəndə kim nə dedi yazıb məsuliyyəti respondentin üzərinə atmaq olmaz. Jurnalist eşitdiklərini dəqiqləşdirmək imkanına malik olmalıdır. Bu imkanları yoxdursa, Qarabağ mövzusunda yazmasa yaxşıdır.
Ceyhun ABASOV
525.az
http://525.az/site/?name=xeber&news_id=46156