Natiq Əliyev və Bəhram Bağırzadə ilə söhbətləşdik.
Fuad Babayev: Azərbaycanda, ilk növbədə Bakıda hansı abidələri görmək istərdiniz? Hansı qəhrəmanlarımıza, tanınmış insanlarımıza abidə qoyulmasına ehtiyac var, amma hələ qoyulmayıb?
Natiq Əliyev: Çox gözəl haldır ki, bu mövzu qaldırılır. Bəhram müəllimin də bu mövzuya toxunması yerinə düşür. Ümumiyyətlə, şəhərdə abidələrin olması çox vacib məsələdir. Biz hər hansı bir şəhərə, ölkəyə gedən zaman ilk növbədə özümüzə sual veririk, nəyə görə gedirik və orada nəyi görmək istəyirik. Biz həmin ölkənin memarlığını görmək, onların məşhur qəhrəmanlarının, görkəmli şəxsiyyətlərinin abidələri ilə tanış olmaq istəyirik. Müzakirə etdiyimiz mövzuya gəldikdə isə bu abidələrin siyahısını birdən-birə tutmaq çətin olardı. Çünkü bizdə müəyyən şəxslərə abidələr qoyulub, amma boşluqlar hələ çoxdur. Çoxlu şəxsiyyətlərimiz var ki, onların abidəsi qoyulmalıdır. Elə yalnız milli qəhrəmanlarımızın sayı yüzdən çoxdur.
Fuad Babayev: Milli qəhrəmanlarımızın sayı əslində 250-yə yaxındır.
Natiq Əliyev: Onların hərəsinə bir büst qoymaq əlbəttə ki, xatirələrinin əbədiləşdirilməsidir. Amma onlara ümumiləşdirilmiş bir abidə qoymaq lazımdır. Yalnız bölgələrdə məktəblərin qarşısında bir büst qoymaqla kifayətlənmək olmaz. Hələ Qarabağ münaqişəsi davam edir, torpaqlarımızın bir hissəsi işğal altındadır və hələ də əsgərlərimiz şəhid olur. Biz şəhidlərə ümumiləşdirilmiş bir abidə qoymalıyıq. Qoy regionlarda, məktəblərin qarşısında, küçələrdə büstlər qoyulsun, onlar vacibdir. Amma paytaxtda ümumiləşdirilmiş bir abidə olsa, ölkəyə gələn insanlar da bizim hansı problemlərlə üzləşdiyimizi bu abidə vasitəsilə görərlər.
Fuad Babayev: Tarixi şəxsiyyətlərdən məsələn, Zivərbəy Əhmədbəyovun abidəsi Sizin əsərinizdir, müəyyən mənada bu istiqamətdə boşluqlar aradan qaldırılır. Buna bənzər daha hansı adları çəkə bilərik?
Natiq Əliyev: Elə adlar çoxdur. Bakıda şəhəri bəzəyən hansısa bir heykəltəraş, rəssamın heykəli qoyula bilərdi. Bu, Səttar Bəhlulzadənin və yaxud Azərbaycanın ilk peşəkar heykəltaraşı sayılan Fuad Əbdürrəhmanovun abidəsi ola bilərdi. Fuad Əbdürrəhmanovun Düşənbədə müəllifi olduğu Rüdəkinin abidəsi SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Bu Azərbaycan üçün çox böyük nailiyyətdir. Qeyd edim ki, Azərbaycan incəsənətinin yüksək səviyyəsini göstərən Bakıdakı Fizulinin abidəsi isə Tokay Məmmədov və Ömər Eldarovun birgə işidir və bu abidəyə görə heykəltəraşlar SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülüblər.
Fuad Babayev: Bəhram müəllim, siz “Bakıda görmək istədiyim heykəllər” adlı məqalə yazmısınız. Sizin bu məqalə ilə çıxış etməyiniz hansı zərurətdən yarandı?
Bəhram Bağırzadə: Mənim belə məqalələrim çoxdur. Sadəcə olaraq bu dəfə heykəllərdən yazdım. Mən şəhər aurası ilə yaşayan insanlardanam, çünkü öz şəhərimi çox sevirəm. Məndə həm məscidlərə, həm kilsələrə aid fikirlər var, həm də şəhər heykəltəraşlığına öz baxışım var. Bu haradan irəli gəlir? Mənim nənəm deyərdi, adama gəzmək qalır. Mən də son zamanlar qazandığım pulla uşaqlarımla birgə Avropanı və digər yerləri gəzirəm, nə isə görürəm və götürürəm. Hər dəfə xarici ölkələrdə olduğum zaman baxıram, tarixi abidələr görürəm və bu sual məni düşündürür, bizdə niyə tarixi abidələr olmasın? Şəhər heykəltəraşlığı deylən bir anlayış var. Şəhərin hansısa məhəlləsində, hər tində bir heykəl qoyub şəhəri qəbirstanlığa da çevirmək düzgün deyil. Ümumi heykəllər, abidə fikirləşib qoymaq olar, amma o da normal, pozitiv ruhlu olmalıdır. İnsanlar bilsinlər ki, bəli, belə insanlarımız var. Amma şəxsən mən Bakıda ilk növbədə Hacı Zeynalabdin Tağıyevin heykəlini görmək istərdim. Mən Hacı Zeynalabdin Tağıyevin heykəlinin yerini Kukla teatrı ilə üzbəüzdəki parkda görürəm. Zənnimcə, orada postament üzərində bir balaca fayton, hərəkətdə olan at fiqurları qoymaq olardı, Hacı Zeynalabdin Tağıyev faytonda oturub şəhərə baxan vəziyyətdə təsvir edilərdi. Biz Neftçilər prospekti ilə istər maşınla, istər avtobusla hərəkət edən zaman görərdik ki, Hacı Zeynalabdin Tağıyev də faytonla yanımızdan keçir, hərəkətdədir. Üstəlik Tağıyevin evi, indiki Tarix Muzeyi, yaxınlıqdadır, Tağıyev teatrı, pasajı da həmin ərazidədir. Buna görə də heykəl üçün ən uğurlu yer də elə oradır. Mən düşünürəm ki, əgər biz Tağıyevi “millət atası” adlandırırıqsa, elə heykəl də dövlət vəsaiti hesabına yox, xalqın, millətin puluna ucaldılmalıdır.
Fuad Babayev: Yəni şəxsi ianələr hesabına?
Bəhram Bağırzadə: Bəli. Qeyd etdiyim yerdə Hacı Zeynalabdın Tağıyevin heykəlinin quraşdırılması üçün hesab açılır və kim iştirak etmək istəyirsə, həmin hesaba pul köçürür.
Fuad Babayev: Siz düşünürsünüz ki, insanların buna reaksiyası normal olar?
Bəhram Bağırzadə: İnanın mənə, pul çox tezliklə yığılar. Heykəlin postamentinin arxasında onun yaranmasında iştirak edən insanların ad və soyadları yazılsa, vəsait xüsusilə tez yığılar. Şəxsən mən hazıram ki, hər hansısa bir tamaşadan, filmdən qazandığım pulu həmin hesaba köçürəm və bilim ki, nə vaxtsa Hacı Zeynalabdın Tağıyevin heykəlinin ucaldılmasında mən də iştirak etmişəm. İnanın ki, mənim kimi düşünənlər minlərlədir. Xaricdə yaşayan azərbaycanlılar belə o hesaba pul göndərəcəklər. Amma müsabiqə elan edilsin. Dövlət tərəfindən komissiya yaradılsın, heykəltəraşlar öz işlərini o müsabiqədə nümayiş etdirsin və bu heykəllərin arasından biri seçilsin.
Fuad Babayev: Bəhram müəllim, bu ideyanıza münasibət Sizi qane etdimi? Sizin bu məqaləyə reaksiya necə oldu?
Bəhram Bağırzadə: İnsanların təqribən səksən faizi məni dəstəklədi, iyirmi faizinin isə fikirləri belə oldu ki, gəlin, şəhəri qəbristanlığa çevirməyək. Bu mənim vətəndaşlıq mövqeyimdir və vətəndaşlıq borcumdur. Mən yazını məqalə şəklində şəxsi profilimdə paylaşmışam və oradan götürüblər. Hacı Zeynalabdın Tağıyevdən başqa Vaqif Mustafazadənin heykəlini də görmək istərdim.
Fuad Babayev: Vaqif Mustafazadənin İçərişəhərdə bir xatirə lövhəsi var.
Bəhram Bağırzadə: Vaqif Mustafazadənin heykəlini köhnə Qubernator bağında görürəm. Orada Vaqif Mustafazədənin royalın qarşısında oturub caz ifa edən vəziyyətdə heykəlini qoymaq olar. Elə bir meydança etmək olardı ki, Bakı şəhərində caz festivalları keçiriləndə və yaxud may ayında hava yaxşı olanda, gözəl bayram günlərində hər bir musiqiçi öz aləti ilə ora gəlsin və ifa etsinlər. İstərdim konservatoriyadan tələbələr gəlib burada da çıxış etsinlər. Heykəlin ətrafında, 4-5 yerdə səsgücləndiricilər qoyulsun. Müəyyən vaxtlar – həftənin cümə, şənbə və bazar günləri insanlar bilsinlər ki, Vaqif Mustafazadənin musiqiləri orada səslənəcək. Xaricilər də şəhərə gələn zaman bu heykəli görsün və mahnıları dinləsin, maraqlansınlar ki, bu kimin heykəlidir. Niyə də olmasın?
Fuad Babayev: Sahil bağındakı abidə yadımızdadır. 20 Yanvar meydanında XI Qızıl Ordunun abidəsi vardı. Karl Marksın heykəli də xatırlayırıq. Həmin heykəllərin taleyi necə oldu?
Natiq Əliyev: Mən onu dəqiq bilmirəm. Amma əgər metal idisə, metal kimi istifadə olunub, qranitdirsə qranit kimi istifadə olunub. Heykəllər oradan çıxmalı idi, qala bilməzdi. İşğalçı XI Qızıl Ordunun abidəsi necə qala bilərdi? Mən hesab edirəm ki, onların içində sənət baxımından məsələn Karl Marksın heykəli, Cəlal Qaryağdının müəllifi olduğu Leninin heykəli üçün bir başqa ərazi ayırıb, sənət əsəri kimi saxlamaq olardı. Gələcək nəsillərdə də bu şəxslərin obrazı haqqında təsəvvür olardı. Karl Marksın heykəli bir müddət İncəsənət Muzeyinin həyətində saxlanılırdı.
Fuad Babayev: Gülləboran edilmiş heykəllər İncəsənət Muzeyinin həyətində niyə saxlanılır? Bəhram müəllimin dediyi məkanlara bənzər bir yerdə olsa, daha əyani olmazdımı? Ora gedib baxmağa imkan varmı?
Natiq Əliyev: Yəqin ki, icazə alıb keçmək olar. Çünkü ora elə bir ərazidir ki, ümumi giriş yoxdur. Yalnız işçilər gələ bilər. İcazə alıb keçmək olar, problem deyil. Amma mən hesab edirəm ki, ilk növbədə o heykəllər öz yerinə qaytarılmalıdır. Onları elə göstərmək lazımdır ki, o heykəllər öz mahiyyətlərini itirməsin. Mənə elə gəlir, onları göstərmək, nümayiş etdirmək üsulu barədə hələ düşünülməyib. Həmin heykəllər orada müvəqqəti saxlanılır, təkliflər olmalı, qərar verilməlidir ki, onları necə göstərək ki, öz mahiyyətlərini itirməsinlər.
Fuad Babayev: Bu məsələ müzakirə olunmayıb?
Natiq Əliyev: Müəyyən söhbətlər arabir qalxır. Bir məsələ aktual olan zaman bir-birini inkar edən fikirlər də olur. Müəyyən bir fikrə gəlmək lazımdır. Bəhram müəllim bayaq öz təklifini irəli sürdü və onu əsaslandırdı. O öz təklifini hiss edir və əsaslandırır. Bu məsələ ilə də bağlı kimsə vacibliyini hiss edib qərar çıxarmalıdır. Qərar qüvvəyə minməsə, təkliflər çox ola bilər. Məsələ Mədəniyyət Nazirliyi səviyyəsində həll olunmalıdır.
Fuad Babayev: Bakıda xeyli iş görülüb, heykəllər qoyulub. Əyalətlərdə vəziyyət necədir? Bölgələrdə bu məsələdə çatışmamazlıq hiss olunur?
Natiq Əliyev: Bölgələrdə yazıçılara, şairlərə müəyyən abidələr qoyulur, amma elə də güclü heykəl görmürəm.
Bəhram Bağırzadə: Mən Gəncədə iki heykəlin ucaldılmasını istərdim. Emin Quliyev Cavad xanın heykəlinin layihəsini vaxtilə hazırlayıb vermişdi. Hətta bu layihə təsdiqləndi. Prezidentin fərmanı da oldu ki, Gəncədə bu abidə ucaldılsın. Amma indiyə kimi bu iş görülməyib. Birinci növbədə Gəncədə Cavad xanın möhtəşəm bir abidəsi olmalıdır. Bir də əgər bir musiqi, mahnı bütün SSRİ məkanında oxunurdusa və Çarli Çaplin o mahnını çalırdısa, Qəmbər Hüseynlinin “Cücələrim” mahnısına heykəl qoyulmasını görmək istərdim. Düşünürəm ki, bu heykəl pianonun klavişlərini xatırladan pillələrlə qalxan cücələr formasında ola bilərdi. İstərdim ki, bu heykəl Gəncənin mərkəzində, Xan bağında ucaldılsın. Bir düymə də qoymaq olardı ki, “Cücələrim” mahnısı müxtəlif dillərdə səsləndirilə bilsin. Mən bu mahnını 20 dildə eşitmişəm. Heykəlin yanında da bir məlumat xarakterli löhvə quraşdırmaq lazımdır ki, bu heykəl haqqında məlumat verilsin, mahnının musiqi və sözlərinin müəllifi qeyd olunsun. Xaricdən gələn insanlar da öz dillərində bu mahnıya qulaq asa bilsinlər.
Fuad Babayev: Heykəllərə münasibət sizləri qane edirmi?
Natiq Əliyev: Mən Mexikoda olan zaman Xocalı abidəsini qururduq. Bizim abidələrdə onun müəllifi barədə məlumat demək olar ki, yoxdur. Abidənin müəllifi barədə sadəcə dildən-dilə ötürülən məlumatla kifayətlənirik. Mexikoda şəhəri gəzdikdə gördüm ki, hər hansısa bir şəxsiyyətin heykəli qoyulub, üzərində o şəxsiyyət barədə məlumat və bir qədər aşağıda da həmin abidəni hazırlamış heykəltəraşın adı yazılıb. Yaxud da hər hansısa bir otelin qarşısında gözəl bir heykəl qoyulmuşdu. Onun yanında bir lövhədə həmin heykəltaraş haqqında məlumat verilib və onun saytı qeyd olunub. Siz bu sayt vasitəsilə o heykəltaraş barədə məlumat ala bilərsiniz. Mənə elə gəlir ki, bu, çox gözəl təşəbbüsdür. Çünkü hər hansısa abidənin heykəltaraşının kim olması barədə bir çox insan məlumatsız olur.
Fuad Babayev: Rəssamlar bir şəkli işləyən zaman öz adlarını bir qayda olaraq həmin rəsm əsərinin üzərinə yazır. Heykəltəraşlarda belə bir ənənə yoxdur?
Natiq Əliyev: O ənənə var. Sadəcə olaraq hərdən qısqanclıq üzündən yazılmır və yaxud heykəltaraş özü təvazökarlıq edərək, adını qeyd etmir. Amma mənə belə gəlir ki, bu, düzgün deyil. Hesab edirəm ki, ad yazılmırsa, ya heykəltəraş öz işinə güvənmir, özünə inanmır və ya başqa bir səbəb var. Heç kimi maraqlandırmır ki, hər hansısa bir abidə neçəyə başa gəlib, kim nə qədər qonorar alıb. Abidə qoyulan kimi müzakirə gedir. Ya abidənin yaxşı, ya da pis olmasını müzakirə edirlər, digər məsələlər heç kimə maraqlı deyil.
Fuad Babayev: Yaxşı və ya pis demək olarmı abidəyə?
Natiq Əliyev: Bəli. Abidənin açılışı zamanı kütlənin içərisində oluram və o iş haqqında insanların nə deməsi mənə maraqlıdır. Ən böyük qiymət məni orada tanımayan insanların verdiyi qiymətdir. Hər hansısa bir abidə açılan zaman müzakirələr gedir. Ziyalılar, alimlər, müğənillər, aktyorlar və s. abidə barəsində fikirlərini öz aralarında bölüşürlər, sonra isə daha geniş müzakirələr olur.
Fuad Babayev: Əvvəllər yalnız Mirzə Fətəli Axundovun heykəli bir az yığcam idi, qalan heykəllərin əksəriyyəti böyük idi. Bu bəlkə də sovet dövrünün qiqantomaniyasından irəli gəlirdi. İndi Bülbülün, Rəşid Behbudovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin, Yusif Məmmədəliyevin heykəlləri balacadır. Bu nədən qaynaqlanır?
Bəhram Bağırzadə: Məncə onlar balaca deyil. Orada düzgün proporsiyalar götürülüb. Həmin ərazi üçün normaldır. Nəriman Nərimanovun heykəlini təsəvvür edin ki, indiki yerindən çıxarıb Bülbülün heykəlinin yerinə yerləşdirsək nə olar?
Natiq Əliyev: Şəxsiyyət var ki, onun abidəsi ölçüyə gedir, yəni onu böyütmək olar. Şəxsiyyət də var ki, onun heykəlinin ölçüsü böyük ola bilməz. Məsələn, Koroğlunun, Babəkin abidəsi böyük, nəhəng ola bilər. Söhbət obrazın böyüklüyündən gedir. Belə bir nümunələr də var: Çingiz xanın Monqolustanda böyük, nəhəng bir abidəsi qoyulub. Çingiz xanın heykəli orada balaca qoyulsaydı, effekti olmazdı.
Bəhram Bağırzadə: Bayaq Natiq bəy qeyd etdi ki, qıraqda durub, insanların onun işinə münasibəti ilə maraqlanır. Məncə, bu, azərbaycanlı kompleksidir. İstedadlı insanlar hər zaman gizlənir. Qeyri-peşəkar insanlar isə belə etmirlər. Hər hansısa bir heykəltəraş öz işindən danışmamalıdır, bunu menecerlər, produserlər etməli və jurnalistlər deməlidir. Heykəlin üzərində heykəltəraş barədə də məlumat verilməlidir. Bizdə problem ondadır ki, menecerlər yoxdur. Bu yaxınlarda mənim kitabım çıxmalıdır – “Bakının heykəlləri”. Bakıdakı bütün abidələr öz zövqümlə o kitabda yerləşdirilib. Ola bilər peşəkarlar bunu görüb, qiymətləndirməz, amma mən belə görürəm. Bu kommersiya layihəsi deyil. 40-a yaxın heykəli kitaba daxil etmişəm. Biz bir biclikdən də istifadə etməliyik. Xaricdə yaşayan, Azərbaycanla heç olmasa bir bağlılığı olan insanların obrazlarından istifadə etməyə çalışmalıyıq. Məsələn, tutaq ki, deməliyik “burada Aleksandr Düma kabab yeyib”, “burada şahmat oynayıb” və s. Yaxud Tofiq Bəhramovun heykəli onun adını daşıyan stadionun mərkəzində idi, hamı gəlib, görürdü. İndi isə stadionun qırağındadır. İçərişəhərdə təqribən 140 film çəkilib. “Azərbaycanfilm”, “Mosfilm”, Sovet İttifaqının digər kinostudiyaları və xarici studiyalar filmlər çəkib. Lövhələr vurulsun ki, tutaq ki, burada “Brilyant əl”, burada “Tehran-43”, “Agent 007” çəkilib. Hətta təklif etdim ki, Nikulinin yıxıldığı yerdə heykəli qoyulsun. Etmişdilər. Bir həftə qaldı sonra isə yığışdırdılar. Tində dayanmış təsbehli qədeş obrazından, qırçı, quşbaz obrazlarından istifadə etmək olar. Neft şəhərində neftçilərə aid indiyə qədər bir heykəl yoxdur. Çox istərdim Rostropoviçin heykəli olsun.
Natiq Əliyev: İşləyiblər onu, metaldadır.
Bəhram Bağırzadə: Rostropoviç küçəsində qoyulmasını istərdim onun. Bu böyük rezonans doğuracaq dünyada. Nobel qardaşlarının heykəlini qoysaq, təntənəli surətdə kraliçanı heykəlin açılışına dəvət etmək olar. Polyakların Bakıda çox təsiri olub. Çox istərdim ki, üç nəhəng polyak memarının Bakıda heykəli qoyulsun – Qoslavski, Skibinski, Ploşkonun. Əvəzində biz Azərbaycan əsgərlərinin, zabitlərinin heykəlini Varşavada qoya bilərik. Çünkü çoxlu Azərbaycan zabitləri Polşa ordusunda xidmət edirdi.
Fuad Babayev: Bəhram müəllim, bu təklifləriniz də çox maraqlıdır.
Natiq Əliyev: Çox gözəl təkliflərdir həqiqətən. Abidələrin elə bir mahiyyəti var ki, birləşdirici rol oynayır. Mənim düzəltdiyim abidələrin əksəriyyəti xaricdə olduğundan hər dəfə abidənin açılışında iki dövlət başçısı iştirak edib. Serb yazıçısı Milorad Paviçin Serbiyada mənim müəllifliyimlə abidəsi ucaldıldı. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişdilər. Üzeyir Hacıbəylinin abidəsini Serbiyada Novi-Sad şəhərində işlədim. Bu abidənin açılışında da prezidentlər iştirak etdilər. Abidələr iki dövlət arasında isti münasibətlər yaradır. Motsartın abidəsinin açılışını Avstriya Prezidentinin ölkəmizə səfəri gününə saldıq. Hər bir dövlət başçısına xoş gələr ki, hər hansısa bir ölkəyə səfər edir və orada ölkəsinin görkəmli şəxsiyyətinin heykəli açılır.
Bəhram Bağırzadə: Mən həm də istərdim ki, tək Bakıda, Azərbaycanda yox, digər ölkələrdə Azərbaycan şəxsiyyətlərinin heykəli olsun.
Natiq Əliyev: Montoneqroda, Podqorisa şəhərində Hüseyn Cavidin büstünü hazırlamışam. Xaricdə Xocalı abidələri qoyulub. Onların dördünü mən etmişəm. Onlardan biri Sarayevoda, biri Mexikoda meydanda möhtəşəm yerdə qoyulub. İkisi isə Türkiyədədir. Biri Qızılca Hamamda, biri də Ankaradadır. Digər dövlətlərdən Almaniyada da var. Abidə sanki həmin ölkədə Azərbaycanın işığını yandırır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 23 fevral 2018-ci ildə dərc edilib