Qədim şəhərin tarixini silməyə hesablanmış layihədə erməni izi…
1976-cı ildən başlayaraq SSRİ silahlı qüvvələrinin ən güclü Radiolokasiya stansiyalarından biri Qəbələ rayonu ərazisində tikilməyə başladı. İmperiya generalları həmin stansiyaya yüksək gərginlikli elektrik xətti çəkilməsini planlaşdırarkən xalqımızın tarixini, abidələrini nəzərə almamışdılar.
Qəbələ şəhərini tarixdən silmək istəyənlər kimlər idi?
Elektrik xəttinin bir neçə qurğusunun tikintisi qədim Qəbələ şəhərinin ərazisinə, daha doğrusu qala qapıları üzərinə düşmüşdü.
Beləliklə, antik dövrdən XVIII əsrədək mövcud olan Qəbələ şəhəri qalıqlarının məhv olması, tariximizin daha bir nişanəsinin yer üzündən silinməsi təhlükəsi yaranmışdı.
Araşdırılarkən məlum olub ki, həqiqətən də ağır texnikadan istifadə olunmaqla qala divarlarının yaxınlığında aparılan torpaq işləri nəticəsində abidənin dərinliyi 0,6 metr olan 1200 kvadratmetr sahəsində mədəni təbəqəyə böyük ziyan vurulub.
Bundan əlavə, Şiştəpə və Kamaltəpə yüksəkliklərində ağır texnikadan istifadə edilməklə ərazi hamarlanarkən 1000 kvadratmetr sahədə bir metrdən 2,5 metrə qədər dərinlikdə çoxsaylı qəbir abidələri olan təbəqə dağıdılıb.
Heydər Əliyevin rəhbərliyi ilə…
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyev təcili olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov başda olmaqla, akademik İqrar Əliyevin və keçmiş SSRİ MN-nin nümayəndələrinin də daxil olduğu nüfuzlu komissiya yaratdı və onları Qəbələyə ezam etdi. Milli tariximizin nişanələrini yer üzündən silmək istəyənlər və bununla barışan rayon rəhbərliyinin hərəkətləri 17 yanvar 1978-ci ildə Heydər Əliyevin rəhbərliyilə Azərbaycan KP MK-nın bürosunda müzakirə olundu.
Mövzunu daha ətraflı araşdırmaq üçün AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovla həmsöhbət olduq. Tarixi hadisəyə aydınlıq gətirən Cəbi müəllim bildirdi ki, Heydər Əliyevin qəbul etdiyi qərar sayəsində qədim abidəmizin məhvinin qarşısı alınıb: “Qəbələ RLS-in əsası 1977-ci ilin sonunda qoyulub. Azərbaycan SSRİ-nin Qutqaşen rayonu (indiki Qəbələ) ərazisində Sov.İKP-nin Siyasi Bürosunun və Nazirlər Kabinetinin qərarı ilə stansiyanın tikintisi ilə bağlı qərar qəbul edilmişdi. Həmin vaxt ümumittifaq tabeli “Enerjişəbəkəlayihə” Elmi Tədqiqat İnstitutunun Azərbaycan SSR filialına layihənin hazırlanması tapşırılmışdı. İnstitutun Azərbaycan bölməsinin baş mühəndisi A.Y.Şuster idi. Həmin layihənin hazırlanmasında ixtisasca mühəndis olan bir erməni qadın da iştirak edirdi. Layihəyə görə RLS tikilərkən ora gedən yüksək gərginlikli elektrik xətlərinin dirəkləri birbaşa Çuxur Qəbələdə, qədim paytaxtın yerləşdiyi ərazidə basdırılır. Məlum olduğu kimi, burada möhtəşəm qala divarlarının xarabalıqları qalır və Çuxur Qəbələ kəndinin həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhərinin yeri aşkara çıxarılmışdı. Bura dirəklərin basdırılması, abidələrin məhv edilməsi və Azərbaycan xalqının tarixinə böyük zərbə olardı. Bunu görən Tarix İnstitutunun nəzdində arxeologiya və etnoqrafiya sektorunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru Firudin Qədirov bu barədə “Azərbaycanın qədim dövrü tarixi” şöbəsinin müdiri, professor İqrar Əliyevə məlumat verir. Bu zaman İqrar Əliyev Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi işləyən Qurban Xəlilovla görüşüb, tarixi abidənin dağıdılması ilə bağlı məsələnin Heydər Əliyevə çatdırmasını bildirir”.
Təcili komissiya yaradıldı
Cəbi müəllim qeyd edir ki, İqrar müəllimin məlumatına görə, məsələni bütün təfərrüatı ilə öyrənən Heydər Əliyev SSRİ Silahlı Qüvvələrinin ən yüksək vəzifəli şəxslərindən birinə, hərbi hava qüvvələrinin baş komandanı olan marşala zəng vurur. Onunla çox sərt danışır. Səhəri gün iki ordu generalı Bakıya gəlir: “Mərkəzi Komitənin bürosunda müzakirə zamanı Heydər Əliyev həmin generallara üz tutaraq: “Sizə kim ixtiyar verib ki, mənim millətimin tarixinə təcavüz edirsiz?”. Bu iclasdan sonra 1978-ci ilin yanvarında Heydər Əliyevin təşəbbüsü ilə dövlət komissiyası yaradıldı. Komissiyanın üzvləri sırasında Qurban Xəlilov, İqrar Əliyev, Əliş Ləmbəranski, Cəmil Quliyev və Moskvadan olan nümayəndə A.Konstantinov yer aldılar. 1978-ci il yanvarın 13-də komissiya 2 bənddən ibarət təqdimat hazırladı. Ən nəhayət, 1978-ci il yanvarın 24-də qəbul edilən qərara görə, həmin dirəklər tarixi abidənin yanından çıxarılaraq 1 km aralıda basdırıldı. Bununla da Azərbaycan xalqının şimal torpaqlarında yaratdığı ilk dövlətin paytaxtından qalan abidəni dağıtmağa qoymadı”.
Qeyd edək ki, o zaman Azərbaycan KP MK bürosunda Qəbələ ilə bağlı aparılan müzakirələr və bu barədə qəbul olunan qərar məxfi saxlanılırdı. Apardığımız araşdırmanın nəticəsi olaraq sözügedən materialları əldə etdik. Həmin sənədləri Azərbaycan ictimaiyyətinə təqdim edirik:
Qeyd: Qurban Xəlilovun imzalamış olduğu bu arayışın üzərində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin 13.01.1978-ci il tarixli belə bir dərkənarı var: “Yol. Q.Ə.Xəlilov, yol. N.Məmmədov. Xahiş edirəm, məsələni təcili olaraq Mərkəzi Komitənin büro iclasına çıxarasınız”.
Mənbələrə görə, abidəni dağıtmaq istəyən generallar və rayon rəhbərləri cəzalandırıldılar. Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Soveti 27 mart 1978-ci ildə Qəbələ tarix və mədəniyyət qoruğunun yaradılması haqqında qərar qəbul etdi. Qoruğun ətrafı hasarlandı, sel sularının dağıtmaq təhlükəsi olan yerlərdə beton bəndlər salındı, arxeoloji tədqiqatlar intensiv xarakter aldı.
Qeyd edək ki, qoruq yaradıldıqdan sonra Heydər Əliyev həmin ilin may ayında Qəbələyə səfər etmişdi. Ümummilli liderin Qəbələyə son səfəri isə 2002-ci ildə olmuşdu.
Layihə haradadır?
Qədim Qəbələni tarixdən silmək və onu tamamilə yox etmək üçün hazırlanmış layihə haradadır? Layihə barədə və onu hazırlayan erməni qadının kimliyini öyrənmək üçün 3 layihə institutu ilə əlaqə saxladıq. Qurum rəhbərləri sözügedən layihənin və həmin erməni qadın haqqında məlumatların arxivdə olmadığını bildirdilər. O zaman belə bir sual yaranır. Ermənilər layihəni ya ləğv ediblər, ya da özləri ilə birlikdə aparıblar?
Tarixin daşa dönmüş sirləri
Məlumdur ki, eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Azərbaycan Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin təxmini 2500 yaşı var. Qədim şəhərin qala və giriş darvazalarının, bəzi binalarının qalıqları indi də qalmaqdadır. Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir.
Qəbələdə 100 ilə yaxındır ki, arxeoloqlar tərəfindən tədqiqatlar aparılır. Buradan aparılan arxeoloji qazıntılar nəticəsində torpaq altında qalan şəhər üzə çıxıb. Ona görə də bu şəhərin bir abidə olaraq qorunması üçün dövlət tərəfindən bütün lazım olan tədbirlər görülür. Belə ki, 2014-cü ilin sentyabrında Qəbələ Arxeoloji Mərkəzi istifadəyə verilib. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Belə bir nümunəvi elmi mərkəz, demək olar ki, dünyanın heç bir ölkəsində yoxdur.
Qəbələnin tarixini dərindən araşdırmaqla həm də Albaniya tarixini saxtalaşdırmaq naminə uzun illərdir ki, dəridən-qabıqdan çıxan bədnam erməni tarixçilərinin cəfəng dolu, əsassız iddialarını ifşa etmiş oluruq.
Müşfiqə BAYRAMLI
Sənədləri təqdim etdi:
AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov
Qəzetimizə özəl fotoları təqdim etdi: Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov