
Martın 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azıx və Tağlar mağaraları ilə bağlı videoçarx nümayiş olunub.
Konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov mövzu ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Bildirib ki, əsas məsələ beynəlxalq səviyyədə qədim insan məskənlərinin mühafizəsi üzrə tədbirin keçirilməsidir. “Təbii ki, bu məskənlər ən çox müharibələr zamanı vandalizmə məruz qalır. Bundan əlavə, təbiət hadisələri də bu prosesə təsir göstərir. Əslində, 150 ildir ki, beynəlxalq hüquqda silahlı münaqişələr zamanı mədəni irs məsələsi aktualdır. Minaların mədəni irsə təsiri mövzusunda Ağdamda böyük konfrans keçirildi. Ağdam mina təhlükəsi ilə üzləşmiş ərazilərdən biridir. Bu gün mühafizə rejimləri dəyişməli, yeni çağırışlara uyğunlaşmalıdır. Xüsusilə, iqlim dəyişikliyi ilə bağlı təhdidlərə qarşı tədbirlər görülməlidir. COP29 çərçivəsində mədəniyyətin iqlim dəyişikliyi ilə qarşılıqlı təsiri məsələsi də müzakirə olunub. Mədəniyyət iqlim dəyişikliyinin nəticələrinin azaldılmasında mühüm rol oynayır”,- deyə F.Cəfərov əlavə edib.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qeyd edib ki, hazırda mədəni irs üçün ən böyük təhlükə mina problemidir. O, işğaldan azad edilmiş ərazilərin böyük bir hissəsinin mədəni irs abidələrinin əhatəsində yerləşdiyini deyib: “Bu istiqamətdə UNESCO çərçivəsində müəyyən işlər aparılır. Mina məsələsi həm maddi, həm də qeyri-maddi mədəni irsə aid mühüm mövzulardan biridir. Qədim insan məskənlərində tədqiqatlar alimlərin fikirləri bir daha sübut edir ki, mədəni irsin qorunması əsas prioritetlərdən biridir. Belə müzakirələrin aparılması vacibdir, çünki beynəlxalq təşkilatlara təqdim olunan istiqamətlər ekspertlər və ictimaiyyətin formalaşdırdığı mövzular əsasında qurulur. Bununla belə, ilk növbədə, bilik və ekspertiza əsas amildir. Əgər bunlar olmasa, beynəlxalq təşkilatlara yönələn mövqelər zəifləyəcək. Qədim insan məskənlərinin UNESCO çərçivəsində irəlilədilməsi və gələcəkdə nominasiya olunması çox vacib məsələdir”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fond haqqında mövzuya dair fəaliyyət istiqamətindən söhbət açıb. “Qədim yaşayış məskənləri keçmişin mənəvi, tarixi mənbələridir. Onların qorunması tariximizin və mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi üçün olduqca vacibdir. Belə abidələrin qorunması arxeologiya və bərpa sahəsində yeni metodların tətbiqini tələb edir. Bugünkü tədbir bizə dünya mədəni irsinin ayrılmaz parçası olan tarixi abidələrin qorunması məsələlərini müzakirə etmək imkanları yaradır”,- deyə o əlavə edib.
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan İƏT-in fəaliyyət istiqaməti barədə məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, dosent Fərhad Quliyev işğaldan azad edilən ərazilərdə çalışan zaman keçirdiyi hissləri belə ifadə edib: “Həmin dövrdə mədəni abidələrimizin məqsədli şəkildə dağıdılmasının canlı şahidi olduq. Bu, olduqca ağrılı və çətin idi. Azərbaycan xalqının tarixi abidələri sistematik şəkildə məhv edilib. Məqsədimiz bu abidələri bərpa edib, gələcək nəsillərə ötürməkdir”.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, Akademiyanın müxbir üzvü Vəli Baxşəliyev Gəmiqaya təsvirləri barədə ətraflı məlumat verib və onların qədim tariximizin şahidi olduğunu vurğulayıb.
Tədbir sual-cavab sessiyası ilə davam edib.