Dekabrın 26-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “İçəri şəhər tarixdə – tarix İçəri şəhərdə ” adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva qeyd etdi ki, bu konfrans hər bir azərbaycanlı üçün əziz olan İçəri şəhərin tarixinin araşdırılmasına növbəti töhfədir. “İçərişəhər” Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzi bu günə qədər genişmiqyaslı elmi-praktik konfranslar keçirmiş, onun materiallarını kitab şəklində nəşr etdirmişdir.
Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov belə təşəbbüslərin vacibliyini xüsusi vurğalayıb: “ Bu gün “İçəri şəhər tarixdə-tarix İçəri şəhərdə” mövzusunda keçirilən toplantıda görkəmli akademiklərimiz, professorlarımız və milli dəyərlərə, Azərbaycan xalqının qədim tarixi məkanına –İçəri şəhərə və onun əsrlərlə yaşı olan memarlıq, sənət incilərinə maraq göstərən hörmətli qonaqlarımız iştirak edir. Biz elə bir qədim tarixə malik olan xalqıq ki, minilliklərlə yaşı olan şəhərlərimizin, tarixi abidələrimizin tədqiqatı əsrlərdir davam edir və yenə də araşdırmalara, tədqiqatlara ehtiyac var. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev ən çox sevdiyi və qorunmağa, öyrənilməyə layiq bildiyi İçəri şəhər haqqında demişdir: “İçəri şəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Öz adlarını İçəri şəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu “muzey şəhər” hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçəri şəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır.”
Bu günkü konfrans da məhz həmin ideologiyadan qaynaqlanan tədbirlər silsiləsinə daxildir. Bundan əvvəl Qoruq İdarəsi Elmi-Mədəni Mərkəzinin təşkil etdiyi “Şərqdə ilk demokratik respublika”, “Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr”, “31 mart azərbaycanlıların soyqırımı günüdür”, “Azərbaycan paytaxtları” və s. bu kimi irimiqyaslı elmi-praktik konfransların tarixi, elmi-mədəni əhəmiyyətini yüksək qiymətləndirdiyimiz üçün bu ənənəni bu gün də davam etdirməkdəyik”.
Elmi-tədqiqat işlərinə böyük önəm verən natiq gələcəkdə də bu qəbildən olan tədbirlərin keçiriləcəyinə əminliyini ifadə edərək konfransa işində uğurlar diləyib.
Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov İçəri şəhərin Azərbaycan tarixindəki əvəzsiz yeri və oradakı tarixi abidələrin bərpasından danışaraq konfransı tariximizin öyrənilməsində növbəti addım kimi qiymətləndirib: “Ərazidəki tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə elmi və mədəni, tədbirlərin həyata keçirilməsi, Qoruq ərazisinin beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevrilməsi, bura geniş turist şəbəkəsinin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Və bu məqsədlə bu gün “İçəri şəhər tarixdə-tarix İçəri şəhərdə” mövzusunda növbəti elmi -praktik konfrans keçirilir.
Mənbələr, eləcə də tarixi və arxeoloji materiallar göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və sıx əhaliyə malik olan iri yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir.
Bakı hələ qədim zаmаnlаrdаn təкcə Cənubi Qafqazda dеyil, еləcə də Yахın Şərqdə əhаlinin sıx məskunlaşmış şəhərlərdən biri кimi tаnınmışdır. Əlvеrişli iqlimi, təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan кеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inкişаfınа кöməк еtmişdir. Bakının ürəyi hesab edilən İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir.
Azərbaycan ərazisi coğrafi mövqeyinə, təbii sərvətlərinə, insanların yaşaması üçün müvafiq iqlim şəraitinə malik olduğuna görə burada həyat qədim Daş dövründən başlayaraq fasiləsiz olaraq davam etmiş və nəticədə yaşayış məskənləri, daha sonra şəhərlər və onların içərisində öz inkişaf tempinə görə fərqlənən paytaxt şəhərlər meydana gəlmişdir”.
AMEA-nın müxbir üzvü Cəfər Qiyasi “Bakı Şirvanşahlar sarayı binası” adlı məruzəsində qeyd etdi ki, saray XII – XV əsrləri əhatə etməklə 3 mərhələdə tikilib. Daha çox sığınacaq, qala finksiyası daşıyan saray kompleksi Azərbaycanı tarixinin dəyərli memarlıq abidələri sırasındadır.
Fizika elmləri doktoru, professor Tələt Mehdiyevin “Səlimxanovlar və Bakı tarixi” məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi. Səlimxanovlar nəslinin şəcərəsinin tədqiqinin araşdırmaçıların diqqətindən kənarda qalmasını qeyd edən Tələt Mehdiyev İçəri şəhərdəki Buxara karvansarasının və Qasım bəy məscidinin bu nəslin nümayəndələri tərəfindən tikilməsinin faktlarla öz təsdiqini tapmasına diqqət çəkdi.
Tarix elmləri doktoru, professor Solmaz Tohidi İçəri şəhərin Azərbaycan tarixinin ayrılmaz hissəsi olduğunu vurğuladıqdan sonra Bakıya “Şollar” su kəmərinin çəkilməsinin 100 illik tarixinə qısa ekskurs etdi. Tarixçi alim “Şollar” suyunun çəkilməsi ilə bağlı erməni burjuaziyasının müqavimətini faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırmaqla yanaşı, Bakı şəhər Dumasının sənədlərinin toplu halında nəşr olunmasını da təklif etdi.
Tarix üzrə fəlsəfə doktoru İdris Əliyev “Böyük Qala,50” ünvanında aparılmış arxeoloji qazıntılar zamanı XVII-XVIII əsrlərə aid hamam kompleksinin aşkar edilməsindən danışdı, hamam kompleksi və ərazidən tapılmış əşyalar slayd-şou vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirildi.
Bundan əlavə, professorlar K.İbrahimov, N.Quliyeva, X.Qasımov, tarix üzrə fəlsəfə doktoru D.Əzimli və başqaları məruzələr etmişlər.
1905.az