II Dünya müharibəsi illərində böyük dövlətlərin Bakı neft rayonu ilə bağlı məkrli planları, Bakının qəhrəman müdafiəsi, Azərbaycan səmasında baş vermis döyüşlər və s.
Azərbaycan tarixinin obyektiv tədqiq olunmamış problemlərindəndir. İkinci Dünya müharibəsi, onun tərkib hissəsi olan Böyük Vətən müharibəsi mövzusu daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. SSRİ – də 1975 – ci ilə kimi 15,5 min kitab və məqalə, (11, № 11, 1975, s.113,) ABŞ – da isə 10 minə qədər kitabın nəşr olunması müharibə mövzusuna böyük marağın olduğunu sübut edir.(12, s. 195 ) Sonrakı illərdə, xüsusilə də faşizm üzərində qələbənin yubileyləri ərəfəsi bu mövzuda çoxlu sayda yeni əsərlər işıq üzü görüb. Bu il qələbənin 75 illiyi ərəfəsi də müxtəlif ölkələrdə çoxlu sayda yeni əsərlərin təqdimatı gözlənilir.
Azərbaycan tarixçiləri də Böyük Vətən müharibəsinə aid müxtəlif illərdə bir sıra kitab və məqalələr yazmış, doktorluq və namizədlik dissertasiyaları müdafiə etmişlər. “Müharibə və xalqın yaddaşı” başlığı ilə Böyük Vətən müharibəsinin tarixinə dair 1991-ci ildə keçirilmiş “Dəyirmi masada” Azərbaycan tarixçilərinin müharibəyə aid 50-dən artıq kitabının nəşr olunduğu qeyd edilib və bu fakt Azərbaycan tarixşünaslığının böyük nailiyyəti kimi qiymətləndirilib.(7, 20 iyun 1991) Bundan başqa Azərbaycanda 1920-1970-ci illərdə Azərbaycanda sovet dövrünə aid müdafiə olunmuş 221 dissertasiyadan 22-si bu dövrə həsr olunub ki, bunlardan da 3-ü doktorluq, 19-u isə namizədlik dissertasiyasıdır. (Rəqəmlər müəllif tərəfindən hesablanıb) (5)
Bu əsərlərdə Azərbaycan və onun paytaxtı olan Bakı arxa cəbhə kimi təqdim olunub, Hava Hücumundan Müdafiə qoşunlarının və təyyarəçilərin Bakının müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıqlar kölgədə qalmışdır.
Akademik Z. Bünyadov Böyük Vətən müharibəsinin Azərbaycan tarixşünaslığının nöqsanlarını tənqid edərək yazmışdır: “Məncə müharibəyə dair tarixşünaslığımızın bir çox məsələlərinin indiyə kimi dərindən işlənilmədiyini görmək üçün mütəxəssis olmaq vacib deyil. Tariximizin bu ağ ləkələrini aradan qaldırmaq vaxtı artıq çatmışdır. Əsas məsələ tarixə birtərəfli baxmaqdan yaxa qurtarmaqdır.” (7, 20 iyun 1991)
Sovet dövrü siyasətinə uyğun olaraq tarixçilərin əsasən Rusiya, Ukrayna, Belorusiya və s. cəbhələrdə və arxa cəbhədə igidlik göstərmiş azərbaycanlıların fəaliyyətinin tədqiqinə daha çox fikir vermişlər. Buna görə də sovet tarixşünaslığında “Moskvanın müdafiəsi”, “Leninqradın müdafiəsi”, “Stalinqradın müdafiəsi” və s. kimi mövzuların tədqiqinə geniş yer verilsə də “Bakının müdafiəsi” mövzusu yada düşməmişdir. Halbuki, qələbənin qazanılmasında müstəsna xidməti olan Bakının müdafiəsi, heç də o biri şəhərlərin müdafiəsindən az əhəmiyyət daşımırdı. Çox təəssüf ki, sovet dövrünün təsiri ilə bu cür yanaşma hazırda da mövcuddur.
Ümummilli lider Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda nitqində demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.(3, s.19)
Bakı cəbhəyə neftdən başqa digər yardımları vaxtında həyata keçirirdi. Müharibə illərində azərbaycanlılar müdafiə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat nağd pul, 15 milyon manatlıq qızıl istiqraz vermişlər. Bundan başqa SSRİ – nin azad edilmiş rayonlarına 1500 kotan, 200 ton sement, 25 min pud taxıl, 287 kq yağ və başqa kənd təsərrüfatı malları göndərilmişdir. (2,s.30)
II Dünya müharibəsi ərəfəsi və müharibə illərində Bakı neft rayonu üçün dünya gücləri 3 məkrli plan hazırlamışdılar:
Bakı ilə bağlı birinci plan– SSRİ ilə Almaniya arasında 23 avqust 1939-cu il tarixdə imzalanmış Molotov-Ribbentrop sazişinin gizli maddələrinə əsasən Bakı neftinin faşist Almaniyasına verilməsi ilə bağlı ortaya çıxmışdır. Bunu özləri üçün təhlükə hesab edən Fransa və Böyük Britaniya Bakını bombalamaq üçün “Vilvet” planı hazırlamış, bu plana ABŞ xeyr-dua vermişdi. Bu planı həyata keçirmək üçün Böyük Britaniya kəşfiyyatı gizli şəkildə Bakı və onun ətarfındakı strateji obyektlərin foto çəkilişlərini aparmışdı.
Tarixçi İ. İsmayılov öz əsərində bu məsələni belə şərh edir: “II dünya müharibəsi Azərbaycan sərhədlərindən çox uzaqlarda başlansa da neft Bakısı müharibənin ilk günlərindən böyük qorxu altında idi. Belə ki, Bakıya bomba zərbəsi endirmək planı real bir addım kimi Qərbdə müzakirə edilirdi. Bu tədbir onunla izah olunurdu ki, Almaniya Rumıniya ilə 1939-cu ilin martında bağladığı müqaviləyə əsasən onun neft sənayesinə (Ploeşti rayonu) nəzarət edirdi. Əgər Almaniya Bakı neftinə də nəzarəti ələ keçirsəydi Fransanı və İngiltərəni daha tez məğlub edə bilərdi… Dünya mətbuatında SSRİ-nin Almaniyanı guya Bakı nefti ilə təmin etməsi haqqında qərəzli yazılar da verilirdi. Bütün bu səbəblərə görə London və Parisdə Bakı neft rayonunu bomba zərbəsi ilə sıradan çıxarmaq planı hazırlanmağa başlandı. Bu vəzifəni Fransanın Suriyada yerləşən hərbi-hava qüvvələrinin həyata keçirməsi nəzərdə tutulurdu. Fransa generalı Qamelen 1940-cı ilin 22 fevralında öz hökumətinə təqdim etdiyi məruzədə qeyd edirdi ki, Sovetlər İttifaqının neftinin 75 faizini Bakı verir və onu sıradan çıxarmaq lazımdır.” (4, 23)
Bakı ilə bağlı ikinci plan – faşist Almaniyasının 1941-ci ilin iyunun 22-də SSRİ-yə qəfil hücumu zamanı hazırlanmış Barbarossa palanında, Bakının işğalı ilə bağlı idi. Bu mümkün olmadıqda almanlar Bakı neft rayonunu partlatmağı nəzərdə tutmuşdular.
Bakı ilə bağlı üçüncü plan – SSRi rəhbərliyi tərəfindən hazırlanmışdı. Bu plana görə alman faşistlərin Bakını tutmaq planı reallaşdığı təqdirdə şəhər və ətrafındakı strateji obyektlər partladılmalı idi.
Bu məsələ barədə M.B.Bağırovun “Bakının daşı daş üstə qalmayacaqdır (Ermənilərin baş tutmayan daha bir qəsdi)” adlı məqaləsində qısa məlumat verilir. Müəllif məqalədə 25 oktyabr 1941-ci il tarixdə A. Mikoyanın rəhbərliyi ilə köçürmə məsələləri üzrə dövlət komitəsinin Bakıya qarşı hazırladığı qəsd planı haqqında məlumat verir. A. Mikoyanın göstərişi ilə 1941-ci ilin noyabrında Bakıya gələrək Bakının ali təhsil ocaqlarının, partiya və hökumət idarələrinin və digər təşkilatların yerləşdiyi binaları, neft dolu çənləri, neft mədənlərini, neftayırma zavodlarını və s. obyektləri, şəhərin bütün giriş və çıxış yollarını minalayıblar. Məqsəd isə Moskva və Stalinqrad ətrafında sovet qoşunları məğlub olacağı və alman qoşunlarının Bakını tutmaq təhlükəsi yaranacağı təqdirdə şəhəri yerlə yeksan etmək idi.(8)
Bakıya qarşı planlaşdırılan bu 3 məkirli palanın heç birini həyata keçirmək mümkün olmamışdır. Bunlardan biri, faşist Almaniyasının Bakı üzərinə hücumu şəhərin qəhrəman müdafiəçiləri tərəfindən qarşısı alınmışdır. Məhz bu döyüşlər sübut edir ki, II Dünya müharibəsi dövründə Azərbaycan ərazisi döyüşən ordunu yanacaq, silah, ərzaq, geyim və s. vəsaitlərlə təmin edən arxa cəbhə olmamışdır. Azərbaycan səmasında faşist təyyarələrinə qarşı əsil döyüş olmuşdur. Çox təəssüf ki, bu döyüşlər tədqiqatlardan demək olar kənarda qalmışıdr.
Azərbaycan aviatorları Böyük Vətən müharibəsində adlı biblioqrafik nəşrdə 190 azərbaycan, 307 rus dilində nəşr olunmuş 497 kitab və məqalənin adı göstərilib ki, bunlardan da yalnız 2 kitab Bakının Hava Hücumundan Müdafiə qüvvələrinə həsr olunub. (1)
2013-cü ildə nəşr olunmuş “Bakının qəhrəman müdafiəçisi-General Məmməd Bağır Hadı oğlu Bağırov” kitabı ( 6) bu boşluğu bir qədər doldursa da, bu sahədə görüləsi işlər hələ çoxdur.
1941-ci ilin dekabrında alman – faşıst qoşunları Moskva altındakı məğlubiyyətdən sonra növbəti 1942-ci ilin yay hücum kampaniyasında əsas qüvvələri Stalinqrad üzərinə yönəltməyi qərara almışdılar. Bununla yanaşı onlar eyni vaxtda Bakı, Qroznı və Maykop neft rayonlarını tutmaq üçün cənub istiqmətində də hücuma hazırlaşırdılar.
Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin “Qafqazın idarəolunması planı”na görə Azərbaycanda idarəedici orqan “komissarlıq” yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyx komissarlığına tabe edilməli idi. Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi.(2,s.7)
Bakının müdafiəsi üçün 1941-ci ilin sentyabrında Şimal istiqamətində 10 müdafiə istehkamı tikilmişdir. Tankların keçməməsi üçün 16841 maneə yaradılmış, 91 km uzunluğunda dərin xəndəklər qazılmışdı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluğunda gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min kv m.torpaq işi görüldü. Tikintidə yalnız Bakı şəhərindən 16721 kişi, 23906 qadın çalışmışdı.(2,s.10-11) Bakıya yaxın son müdafiə istehkamı indiki Hacı Zeynalabdin qəsəbəsi ilə Şirvan dəmir yol stansiyası arasındakı indiki “Gömrük postu”nun yaxınlığında yerləşmişdir. Həmin ərazidə inşa edilmiş, müxtəlif postları bir-biri ilə əlaqələndirən bunker və tunellərin qalıqları indiyə qədər qalmaqdadır.
Bakı cəbhəni neftlə, silah sursat və ərzaqla təhciz etməklə bərabər müttəfiqlərin SSRİ-yə göndərdikləri yardımları da Bakı vasitəsilə cəbhə xəttinə çatdırılırdı. Buna görə də SSRİ Dövlət Müdafiə Komitəsinin 5 aprel 1942 – ci il tarixli qərarı ilə Bakı Hava Hücumundan Müdafiə Korpusu yenidən təşkil edilməklə Bakı Hava Hücumundan Müdafiə Ordusu yaradıldı.
Alman kəşfiyyat təyyarələrinin aramsız uçuşlar etdiyi may – oktyabr 1942 – ci il tarixində onun tərkibinə 8 qırıcı aviasiya korpusu, 7 zenit artileriya alayı, 1 zenit pulemyot alayı, 1 projektor alayı, aerostat maneə alayı və digər hərbi hissələri daxil idi. (10, s. 74.)
1942 -ci ilin yayında Bakının Hava Hücumundan Müdafiəsi üçün çoxlu sayda İ-153 təyyarələri gətirilmişdir. Bu dövrdə Bakıda 266 qırıcı təyyarə, 141 “Çayka” adlı təyyarələr var idi. Bu zaman qırıcıların sayına görə Bakı ancaq Moskva cəbhəsindən geri qalırdı.(13)
Faşist Almaniyası rəhbərliyi SSRİ-yə qarşı müharibəni başladığı ilk günlərdə hesab edirdi ki, Bakı neftini tezliklə zəbt edəcəkdir və buna görə də qərara gəlmişdi ki, Bakıya bomba zərbəsi endirmək lazım deyil. Lakin sonradan SSRİ-yə qarşı ildırımsürətli müharibə baş tutmadığından almanların planı dəyişdi. 1942-ci ilin 4 mayında gündüz Bakı üzərində Almaniyanın kəşfiyyatçı təyyarəsinin görünməsi vəziyyəti daha da gərginləşdirdi. Əldə olunmuş yeni faktlar sübut edir ki, Bakı üzərində ilk uçuşu alman kəşfiyyat təyyarəsi 30 yanvar 1942-ci ildə həyata keçirmiş və həmin təyyarə Bakının Hava hücumundan Müdafiə qüvvələri tərəfindən vurulmuşdur. Bakı üzərinə uçuşları Almanların 4-cü Lyuftvaffe aviasiya dəstəsi həyata keçirirdi. Həmin dəstənin 5 təyyarəsi Bakı üzərində kəşfiyyat uçuşlar həyata keçirmiş və əksəriyyəti vurulmuşdur. Daha sonra 10 mart 1942-ci il tarixində Т5+НК nişanlı alman təyyarəsi Soçi – Suxumi – Poti – Batumi – Bakı marşrutu üzrə kəşfiyyat uçuşları həyata keçirmişdir.
Hitler tərəfindən 23 iyul 1942-ci ildə təsdiq edilmiş Qafqazı zəbt etmək planının şifrəli adı “Edelveys” adlanırdı. Hücum ərəfəsində almanların uzaq kəşfiyyat dəstəsi olan Lyufvaffe ikimatorlu Ju 88D и Не 111 təyyarələri ilə qırıcıların müşayəti olmadan 6-8 km yüksəklikdən cəbhə xəttini 100 km-dən də çox keçmişdir. Həmin təyyarələr Bakının strateyi obyektlərinin şəkilini çəkməyə nail olmuşlar ki, həmin şəkillər üzün müddət əvvəl Almaniya, sonra isə ABŞ tərəfindən məxvi sənədlər kimi saxlanılmışdır. Lakin XX əsrin 60-cı illərində yerin süni peyklərinin orbitə çıxarılması ilə həmin şəkillər hərbi əhəmiyyətini itirmişdir.(14)
SSRİ Xalq Komissarlar Sovetinin 05 may 1942-ci il tarixli gizli iclasında Alman təyyarəsinin Bakıya uçuşu məsələsi müzakirə edilmiş və qərar qəbul olunmuşdu ki, şəhər əhalisi hava hücumundan müdafiə üçün yaxşı hazırlanmamışdır. 1942-ci ilin 23 iyununda Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalinin yanında Bakının müdafiəsi məsələsi müzakirə olundu və onun göstərişi ilə avqustun 28-də ilə 58-ci ordu və Birləşmiş Süvari Korpusu İrandan və Orta Asiyadan bu regiona gətirildi. 1942-ci ilin 16 sentyabrında SSRİ Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi. Sentyabrın 24-də Zaqafqaziyada hərbi vəziyyət elan olundu. Qafqazın müdafiəsinə yuxarıda göstərilən Şimali Qafqaz və Zaqafqaziya cəbhələrindən əlavə Qara dəniz donanması, Xəzər və Azov dənizləri hərbi donanmaları da cəlb edilmişdi. Qafqaz uğrunda 422 gün davam edən döyüşlər zamanı Alman-faşist ordusunun təyyarələri Zaqafqaziya istiqamətinə 7493 uçuş təşkil etmişdi. Bu təyyarələrdən 74-ü Bakı istiqaməti üzərinə hücuma keçmişdir ki, bunlardan da yalnız 7-si Bakı səmasına çata bilmişdi. Bu kimi faktlar generalın gərgin və şərəfli fəaliyyətinin üzərinə işıq salmağa imkan verir. Bakıda təşkil edilmiş dəniz atıcı briqadası da Qafqaz uğrunda döyüşlərdə fəal iştirak etmişdi. Xəzər flotiliyasının hərbi gəmiləri 1942-ci ildə şimala yükdaşıyan 1200 gəmini 216 dəfə hava hücumlarından müdafiə etmiş və düşmənin 6 bomba atan təyyarəsini vurmuşdu. Stalinqrad və Şimali Qafqaz uğrunda döyüşlərin gərgin vaxtında Xəzər hərbi flotiliyası və nəqliyyat gəmiləri cəbhələrə 434472 nəfər döyüşçü və mülki şəxs, 791 tank, 46 təyyarə, 4458 maşın, 213257 ton silah və s. daşıdı. Bundan əlavə Xəzər dənizi vasitəsilə külli miqdarda yaralı döyüşçü və köçürülən əhali daşınırdı. Qafqaz uğrunda döyüşlərin qızğın çağında Xəzər flotiliyasının qırıcı təyyarələri Bakı-Həştərxan istiqamətində daşınan hərbi sursatın və cəbhə üçün yanacağın havadan müdafiəsini təmin edirdi. (4,s.32-33)
1943-cü ildə Bakının Hava Hücumundan Müdafiəsi 100 nəfər də artıq yüksək dərəcəli rabitəçi hazırlayaraq müxtəlif hərbi hissələrə göndərmişdir. Bundan başqa 10 oktyabr 1942-ci il tarixdə 374 qrupda 3074 snayperçi hazırlanmışdır. Bakının Hava Hücumundan Müdafiə qoşunlarının qırıcıları 1240 dəfə həyacan komandası ilə havaya qalxmış düşmənin 8 təyarəsini məhv etmiş, onlarla düşmən təyyarrəsini qaçmağa məcbur etmişlər. Konkret olaraq 1942-ci ilin 14 avqustunda Yalama – Giləzi istiqamətində 7000 m yüksəklidə uçan YU-88 alman təyarəsi Quba üzərində vurulmuşdur. Bundan başqa həmin ilin 29 sentyabrında Xudat üzərində 8500 metr yüksəklikdə, 2 oktyabrda isə Xızı və Şamaxı üzərində alman təyyarəsi vurulmuşdur. Ümumiyyətlə Cənubi Qafqaz üzərinə alman-faşistləri 1942-ci ilin iyulunda 180, avqustunda 172, sentyabrında 275, oktyabrında 4568, noyabrında 1765, dekabrında 533, cəmi 7493 hava hücumu həyata keçirmişlər.(9, s.118 – 122)
Bütün bu hücumların qarşısının alınmasında general-mayor M. B. Bağırovun rəhbərlik etdiyi Bakı Hava Hücümundan Müdafiə qüvvələrinin əvəzsiz xidmətləri olmuşdur. Bu zaman vurulan alman təyyarələri əhalinin qələbəyə inamını artırmaq üçün Dağüstü parkda (İndiki Şəhidlər Xiyabanı) nümayiş etdirilirdi.
II Dünya müharibəsi illərində Bakı neft rayonundakı gərgin vəziyyətə həsr olunmuş, quruluşçu rejissor Həsən Seyidbəyli, rejissor Əbdül Mahmudovun 1969-cu ildə lentə aldıqları “Bizim Cəbiş müəllim” bədii filmində Bakı səmasında vurulmuş alman təyyarələrinə aid sənədli kadrlardan istifadə olunmuşdur.
Fikrimizcə tədqiqatçılar gələcəkdə II Dünya müharibəsi dövründə Azərbaycan xalqının ön və arxa cəbhədəki fəaliyyəti, qəhrəmanlıqlarının tədqiqi sahəsində araşdırmalarını daha da genişləndirməli, yeni əsərlərlə tarixşünaslığı zənginləşdirməlidirlər.
İstifadə olunmuş ədəbiyyat
Azərbaycan dilində
- Azərbaycan Aviatorları Böyük Vətən müharibəsində. Bibliqrafiya. Bakı 2010. Tərtib edəni: Nəzirə Nağıyeva.
- Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. “Elm”. 2008. 608 səh. + 80 səh. illüstrasiya.
- Əliyev H. Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları.Bakı 2003,s. 19
- İsmayılov İ.Z. Azərbaycanlıların II dünya müharibəsində iştirakı. Bakı, 2000.
- Mustafayeva Z.V. Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafiyası ( 1920 – 1975). 1- ci h., humanitar elmlər. Bakı, 1981
- Zülfüqarlı M.P. Bakının qəhrəman müdafiəçisi-General Məmməd Bağır Hadl oğlu Bağırov. Mütərcim,Bakı 2013, 66 s.
- “Kommunist ”qəz.(Azərbaycan dilində)
- “ Xalq ” qəz. (Azərbaycan dilində)
Rus dilində
- Бакинский округ противовоздушной обороны. Исторический очерк: 1920-1977 гг.- Баку: Азернешр, 1974,
- Великая Отечественная война 1941–1945: энциклопедия / Гл. ред. М.М. Козлов — М.: Сов. Энциклопедия, 1985.
- “Военно – истрический журнал” Москва
- Ржевский О. А. Война и история. ( Буржуазная историография США о второй мировой войне.) Москва, 1976.
- Маслов М. “Чайки” в Великой Отечественной войне . M., 2003
- Заблотский А., Ларинцев Р. Потери дальних разведчиков Люфтваффе на Восточном фронте в 1942 году. 2003 (http://www.airwar.ru/history/); Max Lagoda «Ein Blick in die Vergangenheit: Kriegserinnerungen eines Fernaufklaerers aus Russland und dem Orient“, 2011.
Məhərrəm Zülfüqarlı
Tarix üzrə elmlər doktoru, professor
Fotoşəkil Azərtacdan götürülüb.