XX əsrin əvvəllərində olduğu kimi II Dünya müharibəsi dövründə də Bakı özünün mühüm strateji əhəmiyyətinə görə döyüşən dövlətlərin geosiyasi maraqlarının qarşılaşdığı əsas məntəqələrdən biri olaraq qalmaqda idi.
İkinci Dünya müharibəsində hərbi texnikanın misli görünməmiş miqyasda tətbiqi və ölkələrin iqtisadiyyatlarının hərbi dövrün tələblərinə müvafiq olaraq nəhəng səfərbərliyi “neft aclığı” probleminin zamanında və qətiyyətli həll edilməsini tələb edirdi. Müharibənin taleyinin neft ilə birbaşa bağlılığını hərbi toqquşmanın aparıcı iştirakçıları aydın dərk edirdilər. Kifayət qədər neftə malik olmayan dövlət hərbi qüdrətə malik ola bilməzdi. Buna görə də qarşı-qarşıya duran rəqiblər ilk növbədə özlərinin neftə olan tələbatlarının maksimum səviyyədə təmin olunmasına çalışır, digər tərəfdən qarşı tərəfin neft mənbələrindən uzaqda saxlanılması üçün ciddi səylər göstərirdilər.
SSRİ-nin siyasi rəhbərliyi Bakının müdafiəsinin möhkəmləndirilməsini ən vacib vəzifələrdən biri hesab edirdi. Bu ilk növbədə, buradakı neft mədənlərinin və neft emalı müəssislərinin, həmçinin, neft sənayesinin normal fəaliyyətini təmin edən digər təsərrüfat sahələrinin düşmənin istər qurudan, istərsə də havadan mümkün hücumlarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini özündə ehtiva edirdi.
Bakının müdafiəsinin gücləndirilməsini zəruri edən əsas amil burada SSRİ-nin başlıca neft hasilatı və emalı sənayesinin yerləşməsi ilə bağlı olsa da, digər amilləri də diqqətdən kənarda saxlamaq olmaz. Müharibənin ilk mərhələsində SSRİ-nin Almaniya ilə sıx münasibətləri ilə əlaqədar vermaxtın duru yanacaq təchizatında Bakının mühüm rol oynaması İngiltərənin və Fransanın hərbi-siyasi dairələrində düşməni neft təchizatından məhrum etmək ilə bağlı planların müzakirəyə çıxarılmasına səbəb olmuşdu. Bakının antihitlerçi qüvvələr tərəfindən bombalanması ehtimalı 1942-ci ilin payızında alman qoşunlarının Qafqaza sürətlə yaxınlaşması dövründə də müzakirə olunmuşdu. Belə ki, SSRİ və onun müttəfiqləri Bakı neftinin alman qoşunları tərəfindən ələ keçirilməsinə yol verməmək üçün müvafiq hərbi tədbirlər hazırlamışdılar. Sovet İttifaqı rəhbərliyi almanların Bakını ələ keçirəcəkləri halda neft mədənlərindən və neft emalı müəssisələrindən yararlana bilməmələri üçün “xüsusi tədbirlər”in həyata keçirilməsini planlaşdırmışdı. Burada əsas diqqət neft quyularının uzun müddət ərzində yarasız hala salınmasına və neft emalı müəssisələrinin məhv edilməsindən gedirdi. İngiltərə və ABŞ rəhbərləri isə Bakının düşmən tərəfindən ələ keçirilməsinin qarşısının alına bilinmədiyi bir şəraitdə onun havadan bombardman edilməsini təklif edirdilər.
Almaniyanın da planlarında Bakının bombardman edilməsi nəzərdə tutulmuşdu. SSRİ-nin hərbi müqavimətinin davam etdirməsinin səbəblərindən biri kimi onun hələ də neft ilə kifayət səviyyədə təchiz olunmasını nəzərə alan Almaniyanın hərbi-siyasi dairələrində ən arzu olunan halda Bakını ələ keçirələcəyi və yaxud onu havadan bombardman vasitəsi ilə məhv etməklə sovet ordularının müqavimətini sarsıtmağı planlaşdırmışdı. Qeyd etmək lazımdır ki, Stalinqrad uğrunda döyüşlər SSRİ-nin mərkəzi hissəsində və Ural boyu ərazilərdə yerləşən mühüm sənaye mərkəzlərini Bakıdan daşınan və Volqa çayı ilə daşınan neftdən məhrum etmək məqsədi daşıyırdı. Lakin 1943-cü ilin yazı-yayında sovet ordularının sürətli əks-hücumu ilə əlaqədar cəbhə xəttinin Bakıdan xeyli uzaqlaşması alman bombardmançı aviasiyasının imkanlarını xeyli məhdudlaşdırmış oldu. Lakin hətta cəbhə xəttinin xeyli uzaqlaşdığı 1944-cü ildə də SSRİ-nin hərbi komandanlığı alman hərbi aviasiyasının Bakıya basqın etmək ehtimallarını ciddi hesab edirdilər.
Almaniyanın hərbi-siyasi dairələri Qafqaz sıra dağlarını aşaraq Bakını ələ keçirməklə tez bir zamanda İrana soxulmağı, oradan isə Şimali Afrikada uğurlu hərbi əməliyyatlar həyata keçirən Rommelin ordusu ilə birləşərək Yaxın və Orta Şərqdə, daha sonra Hindistanda hərbi ekspansiyanı davam etdirməyi düşünürdülər.
Vermaxtın Qafqaz əməliyyatlarının əsas hədəfi olan Bakının ələ keçirilməsi və daha sonra SSRİ-nin cənub sərhədlərinə çıxılması eyni zamanda Türkiyə amilini xeyli aktuallaşdırırdı. Birinci Dünya müharibəsinin sonlarında Almaniyanın Bakı ilə bağlı planlarında Osmanlı imperiyasının maraqlarına laqeyd yanaşmasının mənfi nəticələri hələ də xatırlanmaqda idi. Almaniya hakim dairələri Bakı əməliyyatının uğurla nəticələnəcəyi halda Türkiyənin müttəfiq olaraq müharibəyə qoşulmasına ümid edirdilər. Bu isə Qara dəniz boğazlarının düşmən dövlətlərin üzünə bağlanması və Türkiyə ərazisindən hərbi birliklərin və yükdaşımaların mümkünlüyünə zəmin yarada bilərdi.
Bakı müharibə dövründə nəqliyyat yollarının kəsişdiyi mühüm məntəqəyə çevrilmişdi. Bakı limanı vasitəsi ilə yalnız neft daşınmırdı. Bakının sənaye müəssisələrində istehsal olunan hərbi və digər təyinatlı məhsullar, respublikanın kənd təsərrüfatının tədarük etdiyi xammal və ərzaq məhsulları əsasən Bakı limanı vasitəsi ilə ölkənin əsas mərkəzlərinə və cəbhəyə daşınırdı. Bakı limanı vasitəsi ilə cəbhəyanı bölgələrdən təxliyə olunmuş əhali və sənaye müəssislərinin avadanlıqları, qoşun birlikləri, hərbi texnika və silah-sursat Xəzər dənizinin digər limanlarına daşınırdı. Bakı limanı həm də müttəfiq dövlətlərdən SSRİ-yə göndərilən yardımın bir hissəsini qəbul edərək müəyyən edilmiş ünvanlara çatdırırdı.
Almaniyanın hərbi planlarında Bakı ilə bağlı qərarlar müharibə cəbhələrində hərbi-siyasi şəraitin dəyişməsinə müvafiq olaraq dəyişirdi. 1939-1940-cı illərdə Almaniya SSRİ ilə imzaladığı sazişlərə əsasən Bakı neftinin bir hissəsini idxal etdiyindən onun ingilis-fransız qüvvələri tərəfindən məhv edilməsinə imkan verməməyi əsas məqsəd hesab edirdi. Eyni zamanda Bakının neft mədənlərinin ingilis-fransız qüvvələri tərəfindən ələ keçirilməsinə yol verməmək üçün şəhərin bombardman edilməsi də vermaxt komandanlığının müzakirəsində idi. Bakı neftinin alman qoşunlarının uğurlu hərbi əməliyyatlarının təmin olunmasında mühüm rolunu nəzərə alan Almaniyanın hərbi-siyasi dairələri SSRİ ilə müharibəyə başladıqdan sonra onun sovet diversantları tərəfindən məhv edilməsindən narahat idi və buna yol verməmək məqsədi ilə Abşeron yarımadasında desant əməliyyatının keçirilməsi nəzərdə tutulmuşdu.
Bakının düşmən qüvvələr tərəfindən ələ keçirilməsi və ya onun hava bombardmanlarından müdafiə olunması vasitəsi ilə böyük dağıntılara məruz qalmasına yol verməmək üçün SSRİ-nin hərbi-siyasi rəhbərliyi tərəfindən zəruri tədbirlərin görülməsi məntiqə uyğun idi. Müharibənin dövründə Bakı daha çox havadan hücuma məruz qalma təhlükəsi ilə üzləşsə də, onun Xəzər dənizi tərəfdən və qurudan da düşmən basqınına məruz qalma ehtimalı mövcud idi. Məhz bu amil Bakının müdafiəsini onun yerləşdiyi coğrafi məkanının xüsusiyyətini və onun cəbhə xəttinə münasibətdə mövqeyini nəzərə almağı tələb edirdi.
Hələ 1928-ci il iyunun 11-də sovet hökuməti tərəfindən Bakı şəhəri SSRİ-nin hava hücumundan qorunması vacib hesab edilən ən mühüm məntəqələr sırasına daxil edilmişdi. Lakin 30-cu illərin II yarısına kimi bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilməmiş və ya keçirilənlər tam başa çatdırılmamışdı.[30] 1932-ci il oktyabrın 4-də SSRİ XKS-nin qəbul etdiyi 1525/319cc saylı qərarı ilə təsdiq olunmuş “SSRİ-nin hava hücumundan müdafiəsi haqqında əsasnamə”yə əsasən 1938-ci ilin fevral-aprelində Moskvada, Leninqradda və Bakıda HHM (Hava hücumundan müdafiə) korpusları, Kiyevdə isə HHM diviziyası təşkil olundu. Həmin hərbi hissələrin tərkibinə zenit artilleriyası, zenit pulemyotları, zenit projektorları, hava məkanının müşahidəsi, xəbərdarlıq və rabitə birlikləri və hissələri, həmçinin aerostat birlikləri daxil idi.[14] 1941-ci il yanvarın 25-də SSRİ XKS-nin qəbul etdiyi “Hava hücumundan müdafiənin təşkili haqqında” qərara görə isə ölkənin mühüm əhəmiyyətli hesab edilən 3 şəhərində – Moskva, Leninqrad və Bakıda HHM-nin korpuslarının təşkil olunmalı idi. Bakıda təşkil olunan HHM korpusu 420 ədəd orta çaplı və 84 kiçik çaplı zenit topları, 236 ədəd iri çaplı pulemyot, 564 ədəd projektor stansiyası və 216 ədəd sipər aerostatı ilə təmin olunmalı idi. Moskvanın və Leninqradın HHM korpusları ilə müqayisədə silahlanmaya görə Bakı HHM korpusu orta çaplı zenit topları (-180), projektor stansiyası (-84) və aerostat (-216) ilə az, kiçik çaplı zenit topları (+12) və iri çaplı pulemyotlar (+5) ilə çox təmin olunmalı idi. Lakin korpusların silahlandırılması ölkə üzrə tam həyata keçirilməmişdi. Müharibənin ilk günlərində SSRİ-nin HHM qoşunları orta çaplı zenit silahları ilə 84%, kiçik çaplı zenit silahları ilə 69,4%, zenit pulemyotları ilə 55,7% təmin olunmuşdu.[21,s.17] Bununla yanaşı qeyd etmək lazımdır ki, müharibənin ilk dövründə zenit artilleriyasının ən çox sıxlığı Moskva, Leninqrad və Bakının müdafiəsində təmin edilmişdi. Bu sahədə həmin şəhərlərin göstəricisi Berlin və Londonun müdafiəsində zenit artilleriyası sıxlığından 8-10 dəfə çox idi. [14] Moskva, Leninqrad və Bakı şəhərlərin müdafiəsinə SSRİ-nin HHM sisteminə məxsus olan orta çaplı zenit batareyalarının 42,4%-i və qırıcı aviasiya batalyonlarının 50%-ə qədəri cəlb edilmişdi. [5, s.5-6]
SSRİ-Almaniya müharibəsi ərəfəsində HHM qüvvələrində 1500-ə qədər təyyarədən ibarət 40 qırıcı aviasiya alayından istifadə olunurdu. Onlardan 11 alay Moskvada, 9 alay Leninqradda, 9 alay Bakıda, 4 alay Kiyevdə və hər birində 1 alay olmaqla Riqa, Minsk, Odessa, Krivoy Roq və Tbilisidə yerləşdirilmişdi. [4] Ölkənin HHM məqsədləri üçün ayrılmış qırıcı aviasiya alayları təyyarələr ilə yalnız 60% təmin olunmuşdu. HHM qoşunlarının əsas hissəsi qərb sərhədləri boyunca və Cənubi Qafqazda 500-600 km dərinliyində yerləşdirilmişdi. Bu zonalarda ölkənin HHM qüvvələrinin zenit artilleriyasının 90%-i və demək olar ki, bütün qırıcı aviasiyası cəmləşmişdi. İ-15, İ-16 və İ-153 təyyarələri bütün qırıcı aviasiyanın 91%-ni təşkil edirdi. MiQ-3 və LaQQ-3 yeni təyyarələri qoşunların sərəncamına yenicə göndərilməyə başlamışdı. [21, s.17]
HHM korpusunun döyüş heyəti və texniki vasitələri düşmən təyyarəsini mühafizə olunan mərkəzdən 170-250 km uzaqlıqda aşkar etmək, bombanın atılmasına kimi bir neçə dəqiqə ərzində 12-15 zenit batareyasının atışını təmin etmək və aerostatlar ilə 200-400 km2 sahəni bağlamağa imkan verirdi. [21, s.11]
Zenit artilleriyasının əsas hissəsini istehsalları 1940-cı ildə dayandırılmış 1931 və 1938-ci illərin nümunəsi idi və hərbi hissələrin yeni silahlarla ilə təmin olunması az bir hissəni təşkil edirdi. Müharibə ərəfəsində sovet hərbi sənayesinin elmi-tədqiqat hissələrində kifayət qədər yeni silah və hərbi texnika nümunələri yaradılsa da ölkənin kifayət qədər sənaye bazasının olmaması səbəbindən onların qoşun birliklərinə göndərilməsi işi ciddi çətinliklər ilə üzləşmişdi. Bu sahədə obyektiv səbəblər ilə yanaşı subyektiv amillər də öz rolunu oynamışdır. SSRİ-nin HHM sisteminin müasir hərbi şəraitin tələbələrinə cavab verməməsi ölkə rəhbərliyi tərəfindən etiraf edilirdi. Belə ki, aparılan ətraflı araşdırma zamanı qoşunların HHM qüvvələri və mühafizə olunan məntəqələrin yarıtmaz vəziyyətdə olmaları, HHM sisteminin zenit artilleriyası ilə silahlanmasının kifayət etməməsi, qoşunun şəxsi heyətinin döyüş bacarığının aşağı səviyyədə olması, təlimlərin köhnəlmiş avadanlıqlar ilə aparılması, düşmən təyyarəsini lazımı vaxtda aşkar etmək və bu barədə xəbər vermək üçün vasitələrin tələblərə cavab verməməsi və s. bu kimi çatışmamazlıqlar aşkar edilmişdi.[20, s.298-309]
XX əsrin 30-cu illərinin II yarısında Bakı rayonu xüsusi olaraq yaradılmış HHM 3-cü korpusu tərəfindən müdafiə edilirdi. Bakı şəhərinin hava hücumundan müdafiə sahəsi geniş ərazidə səpələnmiş mədənləri ilə birlikdə bütün Abşeron yarımadasını əhatə edirdi. Şimalda müdafiə sahəsi şəhər üçün mühüm əhəmiyyət kəsb edən Bakı su kəmərinin nasoslarının yerləşdiyi Nasosnaya stansiyasına (Bakıdan 40-50 km aralı), cənub, cənub-qərbdə Güzdək kəndindən Ələt stansiyasına kimi (şəhərdən 90 km aralı) uzanırdı. Müdafiə olunan ərazi şimal-şərqdə, şərqdə, cənub-şərqdə və cənubda dənizə kimi uzanaraq HHM-nin dəniz sektorunu təşkil edirdi. Lakin SSRİ-nin hərbi-iqtisadi qüdrətinin təmin edilməsində əvəzedilməz rol oynayan Bakı şəhərinin HHM sahəsində ciddi çatışmamazlıqlar aradan qaldırılmamışdı. 1939-cu ilin yazında şəhərin havadan müdafiəsinə cəlb olunmuş qırıcı aviasiya briqadası şəxsi heyət ilə tam formalaşdırılsa da, İ-15 və İ-16 təyyarələri ilə yalnız 50% təchiz olunmuşdu. Briqadanın sərəncamında olan 4 aerodromdan (Kişlə, Binə, Zabrat, Ələt) son ikisi qismən yararlı hesab olunurdu. Onlar təchizat bazalarından 100 km aralıda yerləşirdilər və həmin bazalara qədər münasib yollar mövcud deyildi. Bakının hava hücumlarından müdafiəsi üçün nəzərdə tutulmuş zenit-artilleriya alaylarından 5-i hələ təşkil olunmamışdı. Lakin onun yaradılmasından sonra belə Bakının və onun neft sənayesi rayonlarının zenit ilə müdafiəsi tam təmin olunması mümkün deyildi. Bunun üçün Bakıda hər biri 5 diviziondan ibarət (60 top) 5 normal, 3 diviziondan ibarət 1 alayın və əlahiddə divizionun yaradılmasına zərurət var idi.[7, s.85]
Bakı şəhərinin HHM hissələri və qırıcı aviasiya düşmən qüvvələrinin qəfil hava hücumunun qarşısını almaq iqtidarında deyildilər. Bu HHM hissələrinin və VNOS (səmanın müşahidəsi, xəbərdarlıq, rabitə) xidmətinin operativ idarəetmə məntəqəsinin qeyri-qənaətbəxş vəziyyəti və hərbi hissələrin əməliyyat-döyüş cəhətdən qeyri-müntəzəm əlaqələrinin yarıtmaz vəziyyəti ilə bağlı idi. VNOS xidməti alayı cəmi 54 müşahidə məntəqəsinə malik idi və müharibə dövründə onun sayının 216-ya çatdırılması nəzərdə tutulmuşdu. Həmin məntəqələr yalnız xəbərdarlıq etmək imkanına malik idilər. Düşmən təyyarələrinin hərəkət istiqamətini müəyyən etmək imkanında olmayan bu məntəqələrin zəif imkanları bütün müşahidə sahəsini düşmən üçün açıq saxlayırdı. VNOS alayının şəxsi heyəti tam komplekləşdirilməmişdi.[7, s.88-89] Alayın rabitə sisteminin texniki cəhətdən yenidən qurulması və təmiri işləri ləng aparılırdı. Zenit batareyaları sürətli təyyarələrə atəş üzrə də hazırlığa malik deyildi. Bütün zenit hissələri saatda 140-150 km sürətlə uçan R-5 təyyarələrinə atəş üzrə hazırlıq keçdiklərindən sürətli təyyarələr üzrə təcrübə və hesablamalar mövcud deyildi. Zenit alaylarının mərmilər ilə təminatı yalnız komplektin 50%-ə qədər təmin olunmuşdu.
1939-cu il martın 7-9-da aviasiya briqadasının korpusunda keçirilən əməliyyat oyunu zamanı hərbi birliyin onun qarşısına qoyulmuş vəzifələri aydın dərk etmədiyi aşkar olunmuşdu. Aviasiya briqadası düşmən təyyarələrinin Bakının girəcəklərində və yaxud şəhərdən xeyli aralı məsafədə qarşılanmaları ilə bağlı qərarlarını hələ müəyyən etməmişdi. Təyyarələr VNOS məntəqəsinin ilk xəbərdarlığı ilə və düşmənin hərəkət istiqamətini müəyyən etmədən havaya qalxardılarsa, bu zaman düşmənə münasibətdə tam əks istiqamətə uçmaq təhlükəsi yaranardı. Əgər hərəkət istiqamətinin müəyyən edilməsinə kimi təyyarələr aerodromlarda gözləsəydilər bu zaman lazımi yüksəkliyə qalxmaq və döyüş sırasının yaradılması nəticəsində vaxt itirilə bilərdi. Belə ki, 1939-cu ildə Bakının ingilis-fransız hərbi aviasiyası tərəfindən bombardman edilməsi cənub istiqamətdən ehtimal edildiyindən Bakıdan İran ilə sərhədə kimi 300 km-dən də az məsafənin olması nəzərə alınmalı idi. [7, s.93-94] Qeyd etmək lazımdır ki, Azərbaycan SSR XKS nəzdində yaradılmış təxliyə komissiyasının əsasnaməsi 1940-cı il iyunun 11-də təsdiq olunmuşdu. Həmin ilin avqustunda respublikanın təxliyə olunacaq əhalisinin Şamaxı, Quba, Nuxa, Qutqaşen, Zaqatala və Balakən rayonlarında yerləşdirilməsi nəzərdə tutulmuşdu.
Havada olan təyyarələrin VNOS məntəqələri tərəfindən düşmən haqqında hansı vasitələr ilə məlumatların çatdırılması məsələsi həll edilməmişdi. Bakının HHM sisteminin ən zəif bəndlərindən biri də gecə döyüşləri zamanı nəinki aviasiyanın, eyni zamanda artilleriyanın da fəaliyyətini təmin etmək imkanında olmayan projektor alayının imkanlarının zəif olması idi. Bakı şəhərinin HHM qüvvələrinin müasir nişangahlarının olmaması zenit artilleriyasının atış gücünü ciddi şəkildə zəiflədirdi.
Belə bir vəziyyətdə ingilis-fransız aviasiyasının Bakıya hücumu zamanı şəhərin HHM qüvvələri onun qarşısını almaqda aciz qalacaqları şübhəsiz idi. Lakin müzakirə edilən və ehtimal olunan hücum əməliyyatı müəyyən səbəblərdən baş tutmadı. Lakin buna baxmayaraq sovet hərbi-siyasi rəhbərliyi Bakı şəhərinin yenidən bombardman təhlükəsi ilə üzləşə biləcəyini nəzərə alaraq HHM qüvvələrinin daha gücləndirilməsi üçün ciddi addımlar atmadılar.
SSRİ-Almaniya müharibəsi ərəfəsində HHM sistemi ayrı-ayrı obyektlərin müdafiəsi prinsipi üzrə qurulmuşdu. Lakin müharibənin ilk aylarında HHM sistemini bu formada təşkili özünü doğrultmadığı üçün onun yenidən təşkilinə başlanıldı. 1941-ci il noyabrın 9-da SSRİ DMK “Sovet İttifaqının ərazisinin hava hücumundan müdafiəsinin gücləndirilməsi və möhkəmləndirilməsi haqqında” qərar qəbul etdi. [5, s.6] 1941-1944-cü illərdə Bakının müdafiəsi Zaqafqaziya HHM zonasına, 1944-1945-ci illərdə HHM Zaqafqaziya cəbhəsinə,[2] 1945-ci ildən isə HHM Bakı ordusuna [5, s.103] tapşırılmışdı. Bakının HHM sistemi artıq müharibənin ikinci günündə tam gücü ilə fəaliyyətini qurmağa çalışsa da bu dövrdə yuxarıda qeyd olunmuş səbəblərə görə düşmənin havadan hücumunu dəf etməyə tam hazır deyildi. [21, s.23] Belə bir vəziyyətdə Bakının HHM-nin gücləndirilməsi üçün ciddi əsas meydana çıxsa da, sovet hərbi komandanlığı bunun əksinə addım atdı. Belə ki, müharibənin əsas cəbhələrinin Bakıdan uzaqlarda olmasını və bu səbəbdən şəhərin hava hücumundan müdafiəsinin ciddi təhlükə ilə üzləşmədiyini əsas götürən sovet hərbi komandanlığı buradakı hərbi hissələrin döyüşən ordunun sərəncamına vermək qərarına gəldi. 1941-ci il iyulun 3-də Bakının havadan müdafiəsini təmin edən HHM 3-cü korpusunun bəzi hissələri döyüşən ordunun sərəncamına verildi. Belə ki, həmin gün cəbhəyə 3, daha sonra isə 44-cü orduya 6, 51-ci orduya isə 3 orta çaplı zenit artilleriyası divizionu verildi. [5, s.17] Müharibənin əvvəlində Bakı HHM 8-ci aviasiya korpusunda 492 təyyarədən ibarət 13 alay var idi. 1941-ci ilin sentyabrın əvvəllərinə kimi alayların 8-i cəbhəyə göndərilmişdi. Bu onsuz da Bakının hava hücumundan zəif təşkil olunmuş müdafiəsini daha da sarsıdırdı. Nəzərə almaq lazımdır ki, həmin dövrdə alman kəşfiyyat təyyarələrinin Cənubi Qafqaza uçuşları artıq başlamışdı. Belə ki, 1941-ci il iyunun 25-də HHM Zaqafqaziya zonası hüdudları daxilində 6000 metr hündürlükdə alman kəşfiyyat təyyarəsinin ilk uçuşu qeydə alınmışdı. [5, s.13] 1941-ci il avqustun 25-də isə Almaniyanın hərbi hava qüvvələrinə məxsus 1 ədəd DO-17 təyyarəsinin Noraşen (Şərur) rayonunun Dəmirçi kəndinə 2 bomba, bir qrup bombardmançı təyyarənin isə Culfa rayonunun Ərəzin kəndinin yaxınlığına 4 ədəd bomba atması haqqında məlumatlar var idi. 1941-ci ilin payızında vermaxtın komandanlığı Rostovun işğalından sonra 1 diviziya ilə Bakıya qarşı desant əməliyyatının həyata keçirilməsini planlaşdırırdı.
1941-ci ilin sentyabrın əvvəllərində Bakı qarnizonunun hüdudlarında 8-ci aviasiya korpusu (25-ci, 45-ci, 36-cı, 50-ci, 82-ci aviasiya alayları), 8-ci mühəndis-istehkam batalyonu, 328-ci, 496-cı, 498-ci, 500-ci, 524-cü, 526-cı, 527-ci, 529-cu, 530-cu, 531-ci, 532-ci, 533-cü aerodrom xidməti batalyonları, 135-ci, 136-cı, 137-ci HHM zenit batareyaları, 127-ci aviabaza (Hacıqabul), HHM 67-ci aviasiya eskadrilyası, 180-ci, 190-cı, 195-ci, 252-ci, 335-ci, 339-cu, 513-cü zenit artilleriyası alayları, 3-cü pulemyot alayı, 3-cü projektor alayı, 5-ci aerostat sipəri alayı, 23-cü və 24-cü aerostat müşahidə dəstələri, hərbi tərcüməçi kursları, Zenit artilleriya hərbi məktəbləri, Bakı piyada məktəbi, kiçik komandir heyəti hazırlığı kursu, 1289-cu, 1492-ci, 1543-cü, 1544-cü, 1545-ci, 1546-cı, 1547-ci, 1548-ci, 1591-ci təxliyə hospitalları və başqa hərbi hissələr yerləşmişdi.
Bakının alman hərbi aviasiyasının hücumlarına məruz qalmaq ehtimalı vermaxtın 1942-ci ilin yazında başladığı iri miqyaslı hücum əməliyyatı zamanı daha da artmışdı. 1942-ci ilin yazından payızına kimi dövr ərzində sovet-alman cəbhəsində düşmən aviasiyasının fəallığı xeyli artmışdı. Bu müddət ərzində alman hərbi aviasiyasının 445 minə qədər təyyarə-uçuşu qeyd edilmişdi. 1941-ci il illə müqayisədə bu 3 dəfə artım idi. [21, s.83] 1942-ci ilin iyulunda Zaqafqaziya HHM zonasında düşmənin 930, avqustda 3342, sentyabrda 3771, oktyabrda 4526, noyabrda 3483, ümumilikdə isə 16.052 təyyarə-uçuşu qeydə alınmışdı. [21, s.88] 1942-ci ilin iyul-dekabr aylarında Zaqafqaziya HHM zonasında düşmənin 16.588 təyyarə-uçuşu qeydə alınmışdı. Bu dövr ərzində düşmənin 225 təyyarəsi məhv edilmişdi ki, bu da aşkar olunanların 1,3% idi. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici Moskvada 3,5%, Leninqradda 2,3% idi. [21, s.99]
1942-ci ilin may-oktyabrında alman aviasiyasının intensiv hava kəşfiyyatı zamanı Bakı HHM ordusu 8-ci qırıcı aviasiya korpusuna, 7 zenit və 1 zenit-pulemyot alayına, 1 projektor alayına, 1 sipər aerostat alayına, 1 VNOS (Səmanın müşahidəsi, xəbərdarlıq və rabitə) və bir sıra kiçik hərbi birliklərə malik idi. 1942-ci ilin mayın 1-ə olan məlumata əsasən SSRİ-nin HHM qüvvələrinin qırıcı aviasiyasının və zenit artilleriyasının ¾-ü (müvafiq olaraq 74% və 75%) ölkənin əsas mərkəzləri olan Moskva, Leninqrad, Bakı, Stalinqrad, Saratov, Voronej, Qorki, Kuybışev şəhərlərinin müdafiəsinə cəlb edilmişdi. [21, s.85]
Bakı HHM ordusunun malik olduğu İ-15 və İ-16 qırıcı təyyarələri alman aviasiyasının sürətli qırıcısı “Messerşmidt” (Me-109e) və bombardmançısı “Yunkers” (Yu-88) qarşısında aciz görünürdülər. 1942-ci ilin mayın sonlarında Yak-1,Yak-7, LaQQ-3, La-5 və MiQ-3 tipli yeni qırıcı təyyarələrin HHM qüvvələrinin aviasiya hissələrində payı 62% olmuşdu. 1943-cü ilin aprelində bu rəqəm 76% oldu. [21,s.110]
1942-ci ildə alman aviasiyasının Bakının səmasına neçə dəfə soxulmaq cəhdlərini müəyyən etmək olmasa da yanvar-oktyabr aylarında şəhərə doğru uçuş əmri almış 5 qırıcı Yu-88 təyyarəsinin vurulduğu alman hərbi komandanlığı tərəfindən qeydə alınmışdır. [30] Sovet İttifaqında vurulan düşmən təyyarələrinin sayının 8 olduğu bildirilir.[6, s.45]
1942-ci ilin yazından etibarən alman təyyarələrinin Bakı üzərində kəşfiyyat uçuşları xeyli artmışdı. 1942-ci il mayın 4-də alman hərbi kəşfiyyat təyyarəsi Bakı şəhəri üzərində uçuş keçirmişdi. Təkcə may-iyun aylarında Bakı HHM rayonunda alman təyyarələrinin 3 uçuş faktı qeyd edilmişdi. Lakin uçuşların sayının çox olması istisna deyildi. Belə ki, bu dövrdə alman təyyarələrini Zaqafqaziya HHM zonasında həyata keçirdikləri 86 uçuşundan yalnız 60-ı aşkar edilmişdi. Alman təyyarələri 11 dəfə SSRİ-Türkiyə sərhədlərini pozaraq Türkiyə istiqamətindən Zaqafqaziyaya daxil olmuşdular. Alman təyyarələrinin 23 uçuşu zamanı HHM qüvvələrinin zenit artilleriyası onlara atəş açsa da, yalnız bir təyyarəni vura bilmişdi. 24 uçuş zamanı isə alman təyyarələri ilə qarşılaşan sovet qırıcıları yalnız 1 təyyarəni vurmağa müvəffəq olmuşdular. [23, s.276]
Sovet tədqiqatçılarının Bakı səmasının tam şəkildə düşmən aviasiyasının basqınından qorunması haqqında iddiaları son dövrlərdə aşkar olunmuş arxiv sənədləri əsasında inkar edilməkdədir. Belə ki, alman hərbi aviasiyasının Bakı üzərindən dəfələrlə maneəsiz olaraq uçması və aerokəşfiyyat aparmaları artıq açıq dövriyyədə olan fotoşəkillər ilə sübutunu tapmışdır. Digər dəlillər isə sovet hərbi dairələrinin məsul şəxslərini hazırladıqları hesabatlardan əldə edilir.
Həmin hesabatların birində düşmən təyyarələrinin demək olar ki, hər gün hava hücumundan müdafiə ordusunun qoruduğu ərazinin üzərindən sistemli şəkildə kəşfiyyat uçuşu həyata keçirdiyi bildirilirdi. Bakı ordusunun qırıcı təyyarələri alman kəşfiyyat təyyarələrini yalnız müşahidə etmək ilə kifayətlənirdilər. 1942-ci ilin avqust-sentyabr aylarında Bakı müdafiə rayonunu qoruyan 8-ci aviasiya korpusunun şəxsi heyəti alman təyyarələrinə qarşı 712 təyyarə-uçuş həyata keçirdikləri halda, düşmənlə yalnız 10 dəfə rastlaşmışdılar. 1942-ci il avqustun 14-də 82-ci qırıcı aviasiya alayının leytenantları V.A.Borisov və A.N.Şerbinok Bakıdan keçərək Mahaçqala istiqamətində uçan düşmənin kəşfiyyat təyyarəsini Xaçmazın üzərində vurdular. Təyyarə heyətinin paraşütlə atılan 2 üzvü yerli qırıcı batalyonun döyüşçülərinin köməyi ilə əsir alındı. [5, s.139]
1942-ci il sentyabrın 3-ə olan məlumata əsasən, Bakıda əvvəlki 13 alaylardan 3-ü və formalaşma mərhələsində olan 2 alay qalmışdı. Onların ixtiyarında olan 151 təyyarənin 75-i sürətli, 76-ı isə az sürətli hesab olunurdular. Təyyarələrdən yalnız 88-i istismara yararlı idilər. 8-ci Aviasiya korpusunda uçuşa yarasız təyyarələr bütün təyyarələrin 33%-ni təşkil edirdi, halbuki, normativ sənədlərə əsasən, bu 15% olmalı idi. 1942-ci ilin iyul-avqust aylarında korpusda 90 uçuş qəzası halları baş vermişdi. Alaylarda xidmət edən 195 nəfər hərbi təyyarəçinin 97-i yalnız gündüz vaxtı uçuşlara, 58-i isə gecə vaxtı uçuşlara hazırlanmışdlar. Alaylarda 54 nəfər gündüz, 93 nəfər gecə vaxtlarında uçuşlar həyata keçirməyi bacaran hərbi təyyarəçilər çatışmırdı. [28, s.200] 266-cı qırıcı aviasiya alayı istisna olmaqla, 8-ci aviasiya korpusunun şəxsi heyətinin peşəkarlığı aşağı səviyyədə idi. Onlar alman təyyarələri ilə döyüşə girməkdən yayınır, əksər hallarda yaxınlıqlarında olan düşməni “görmürdülər”. 1942-ci il sentyabrın 25-də saat 8-dən 10-a kimi alman kəşfiyyat təyyarəsi Yevlax-Sabirabad-Salyan-Ələt-Bakı marşrutu ilə hərəkət edərək daha sonra Xəzər dənizi sahili ilə şimala doğru getmişdi. Düşmən təyyarəsinin Bakı səmasına çatmasına 40 dəqiqə qalmış yerüstü müşahidə məntəqələri tərəfindən onun uçuş yüksəkliyi, sürəti və tipi barəsində dolğun məlumat verilsə də, havaya qaldırılan 30 qırıcı təyyarə onunla döyüş aparmamışdı. [19, s.246]
Bakı səmasına soxulan alman təyyarələri ilə döyüşün idarə olunması yarıtmaz vəziyyətdə idi. Havaya qaldırılan təyyarələr bir çox hallarda düşmən təyyarəsinin hərəkət marşrutundan əks istiqamətə yönəldilirdi. Məsələn, avqustun 11-də düşmən təyyarəsini qarşılayaraq məhv etmək məqsədi ilə havaya qaldırılan qırıcı təyyarələr qrupu əks istiqamətə göndərilmişdi.1942-ci ilin iyul-avqust aylarında kifayət qədər əsas olmadan 184 təyyarə-uçuş həyata keçirilmişdi. 480-ci qırıcı aviasiya alayının hərbi təyyarəçiləri iyul-avqust aylarında 100 uçuş həyata keçirsələr də bir dəfə də olsun düşmən təyyarələri ilə qarşılaşmamışdılar. Qırıcı aviasiyanın fəaliyyəti daha çox Bakının passiv müdafiəsinə yönəldilmişdi və təyyarələr əsasən şəhərin üzərində patrul nəzarətini həyata keçirirdilər. Halbuki, düşmən təyyarələrinin məhvi Bakının ətrafında həyata keçirilməli idi. Hərbi təyyarəçilərin 53%-i gündüz və gecə vaxtlarında döyüş tapşırıqlarının yerinə yetirilməsinə tam olaraq hazırlanmamışdılar. Hərbi təyyarəçilərin yalnız 40%-i yüksək hündürlüklərdə uçuş üçün hazırlanmışdılar. Qırıcı aviasiya ilə HHM-nin zenit artilleriyasının qarşılıqlı əlaqələri məsələsi tam olaraq həllini tapmamışdı. Bəzən zenit artilleriyası sovet təyyarəsinə atəş açırdı. Məsələn, mayın 4-də düşmən təyyarəsi HHM Bakı rayonu üzərində göründüyü zaman belə bir hal baş vermişdi. Bəzi hallarda isə düşmən təyyarələrini aşkar etməyə məsul olan müşahidə məntəqələri onların sərbəst şəkildə Bakının səmasına soxulmalarına imkan verirdilər. Məsələn, avqustun 6-da alman təyyarəsi Abşeron yarımadasının səmasına daxil olmuş, burada kəşfiyyat uçuşu həyata keçirmiş və yalnız geri qayıdarkən, Bakı şəhərindən 70 km aralıda müşahidə məntəqələri tərəfindən aşkar olunmuşdu. [8, s.304-306] Bakının HHM qüvvələrində düşmən təyyarələrini erkən aşkar edən radar qurğuları mövcud deyildi.
HHM Bakı ordusunun zenit artilleriyası bir sıra hallarda heç bir əsas olmadan atəş açırdılar. Avqustun 9-da 335-ci zenit artilleriyası alayının 14-cü batareyası guya 7000 metr yüksəklikdə Bakı simasına soxulmuş düşmən təyyarəsinə 3 yaylım atəşi açmışdı. Halbuki, həmin dövrdə Bakı üzərində uçuş həyata keçirən alman təyyarəsi müəyyən olunmamışdı. [8, s.308] 1942-ci ilin iyul-avqust aylarında Bakı səmasında 28 dəfə düşmən təyyarəsinin uçuşu aşkar olunmuşdu. Onların məhv edilməsi üçün 649 təyyarə-uçuş həyata keçirilmiş, ümumilikdə 678 saat uçuş aparılmışdı. Yalnız 5 halda alman təyyarələri ilə qarşılaşma baş vermiş və bu zaman 1 ədəd YU-88 alman kəşfiyyat təyyarəsi vurulmuşdu. [8, s.310-311]
Hərbi əməliyyatlar rayonunun sürətlə Bakıya yaxınlaşması ilə əlaqədar şəhərin hava hücumundan müdafiəsinin gücləndirilməsi sahəsində təsirli tədbirlərin həyata keçirilməsinə başlanıldı. HHM Bakı ordusu hissələrində 1942-ci il iyulun 1-dən sentyabrın 1-ə kimi ciddi dəyişikliklər baş verdi. Avqustun 4-dən etibarən Bakı müdafiə hüdudlarının inşasına başlanıldı. Bakının ətrafında düşmənin quru qoşunları ilə mübarizə aparmaq məqsədi ilə 5 zenit artilleriyası alayları üçün ehtiyat atəş mövqeləri yaradıldı. Qroznı və Rostovdan yeni hərbi qüvvə və 22 ədəd “Kittihauk” (ABŞ) təyyarələri gətirildi və s. Lakin yeni gətirilən hərbi təyyarələrin döyüş komplektləri çatışmırdı. 481-ci qırıcı aviasiya alayında 10 ədəd “Kittihauk” təyyarəsinin normada hər birinin 6 döyüş komplekti əvəzinə 1 komplektləri var idi. [8, s.301-302] Bundan başqa, ABŞ və İngiltərə rəhbərlərinin israrlı tələbi ilə Bakı şəhərinin müdafiəsinin gücləndirilməsi məqsədi ilə ABŞ istehsalı olan 37 mm çaplı M1A2 zenit artilleriya topları yerləşdirildi. Buna qədər Bakı HHM qüvvələrinin ixtiyarında olan zenit artilleriyası daha hündür məsafədən uçan alman təyyarələrini məhv etmək iqtidarında deyildi. Belə bir vəziyyətdə 3 ton bomba yükünə malik olan və 2480 km uçuş məsafəsinə malik Yu-88 və “əkizlər” adlandırılan He.111Z-2 alman bombardmançı təyyarələrinin Bakını bombardman etmək imkanları daha real görünürdü. 1942-ci ilin yazında Krımın işğalını başa çatdırdıqdan sonra Kritə göndərilmiş alman hərbi-hava ordusu Bakını istənilən vaxt güclü bombardmana məruz qoya bilərdi. Bakını bu təhlükələrdən xilas edən əsas amil Almaniya rəhbərlərinin Bakı neft rayonunu onu dağıntılara məruz qoymadan ələ keçirmək niyyəti ilə bağlı olmuşdur. Əks halda Bakını da Qroznı şəhərinin aqibəti gözləyə bilərdi. 1942-ci il oktyabrın 10-da 80 alman bombardmançı təyyarəsi Qroznı şəhərini böyük miqyasda dağıntılara məruz qoymuşdu.
1942-ci ilin dekabrından 1943-cü ilin mayına kimi Zaqafqaziya HHM zonasında düşmənin 6138 təyyarə-uçuşu qeydə alınmışdı ki, onun 636-ı 1942-ci ilin dekabrında, 198-i 1943-cü ilin yanvarında, 622-i fevralda, 1720-i martda, 2060-ı apreldə, 1002-i isə mayda olmuşdur. Bu göstərici, SSRİ-nin digər HHM zonalarında və rayonlarında qeyd olunanlardan çox idi. [21, s.113] Şimali Qafqazda Proxladnaya, Mineralnı, Georgiyevsk, Vorontsova, Aleksandrovka məntəqələrində alman hərbi aviasiyası Bakı üzərinə geniş miqyaslı hava hücumu üçün aerodromlar və aviabomba anbarları hazırlamışdılar. Alman kəşfiyyat təyyarələrinin Bakı şəhərinin müdafiə sistemini detallarına kimi tədqiq etməsi və bunu sübuta yetirən aerofotolar 1942-ci ilin dekabrında aşkar edilmişdi.
Sovet hərbi komandanlığında 1944-cü ildə də Almaniyanın SSRİ-nin mühüm şəhərlərinin, o cümlədən Bakının alman aviasiyası tərəfindən bombardman edilməsinə və FAU-1 raketləri ilə hücuma məruz qalması təhlükəsi bombardman edilməsi ilə bağlı niyyətlərinin olması ehtimalı ciddi hesab olunurdu. Almaniyanın He-177 və FV-200 “Kondor” ağır bombardmançıları daha çox bomba yükü və uçuş radiusuna (1000 km-dən çox) malik idilər. Buna görə də Moskva, Leninqrad, Bakı və Qorki şəhərlərinin HHM sistemləri daha da təkmilləşdirilmişdi. [5, s.263]
Bakının müdafiəsinin ən zəif nöqtələrindən biri Xəzər dənizində sovet hərbi donanmasının döyüş bacarığının aşağı səviyyədə olması ilə bağlı idi. Bakının dəniz tərəfdən müdafiəsi demək olar ki, mövcud deyildi. Hər birində 1-2 zenit topu olan 5 kiçik gəmidən ibarət Xəzər hərbi dəniz donanması düşmənin havadan hücumu zamanı hər hansı əhəmiyyətli rol oynamaq imkanında deyildi. Sahil zenit batareyaları, həmçinin, hərbi gəmilər ilə əlaqələndirilmiş fəaliyyət planına malik deyildilər. Donanmanın artilleriyası, xüsusilə, zenit artilleriyası vasitələri döyüşə tam hazır deyildilər. Batareya suüstü hədəflərə atəş üzrə hazırlıq keçməmişdi. Müharibə dövründə donanmada zenit artilleriyasından demək olar ki, təlim atəşləri həyata keçirilmirdi. [24, s.1-3] Səmanın müşahidə və siqnal stansiyalarının yarıtmaz fəaliyyəti nəticəsində düşmən təyyarələrinin aşkar edilməsi haqqında kodlaşdırılımış məlumatlar lazımi ünvana 15-20 dəqiqə əvəzinə 2-3, bəzən isə 15 saata çatdırılırdı. Aprelin 24-də səhər saat 9-dan-10-a kimi Həştərxan səmasında alman təyyarələrinin uçuşları aşkar edilsə də, donanma komandanlığı bu barədə məlumatı yalnız saat 15-də almışdı. [24, s.6]
Sahil ərazilərinin mühafizəsinin yarıtmaz olması səbəbindən balıqçı gəmilərinin dənizə çıxışları və qayıtmaları, onların yükləri və heyəti yoxlanılmırdı. 1942-ci il aprelin 20-də SSRİ hökuməti üçün İran vasitəsilə ilə göndərilən yükləri gətirən 6 gəmidən ibarət karvan hərbi donanmanın müşahidə məntəqələri və keşikçi gəmiləri tərəfindən yalnız onun Bakı limanına daxil olduğu zaman aşkar edilmişdi. [24, s.7] Həmin dövrdə İranın Pəhləvi limanından yüklənmiş 6 kiçik gəmi 8 gün qət edərək Bakıya gəlib çatsa da keşikçi gəmiləri onları aşkar etməmişdilər. [17, s.26]
1942-ci ilin yayında cəbhə xəttinin sürətlə Qafqaza doğru yaxınlaşması ilə bölgənin bir sıra ərazilərinə düşmənin paraşütçülərinin və aviadesantının atılması halları xeyli artmışdı. 1942-ci ilin avqust-sentyabr aylarında XDİK qüvvələri tərəfindən Qafqazda 50 nəfərdən çox alman diversantı və paraşütçüsü ələ keçirilmiş və ya məhv edilmişdir. Onlardan 19 nəfəri Azərbaycanda yaxalanmışdı. 1942-ci ilin avqustunda Azərbaycan SSR XDİK-nin Qırıcı Batalyonların Qərargahı tərəfindən alman paraşütçü-diversant və casus desantının atılması ehtimal edilən 11 rayon müəyyən edilmişdi. Onların əksəriyyəti birbaşa və ya dolayı yolla düşmənin Bakıya soxulması üçün istifadə edə biləcəyi məntəqələr idi.
Azərbaycana alman paraşütçü desantı 2-6 nəfərlik qrup halında gecə vaxtı atılırdılar. Onların hamısı Sovet ordusunun hərbi qulluqçusu geyimi formasında, üzərilərində alman tapançaları, partladıcı maddələr ilə yaxalanmışdılar. Dörd nəfərində isə Almaniya istehsalı olan qısadalğalı əl radioqəbuledici-ötürücüsü aşkar edilmişdi. Yaxalanan alman paraşütçü desantının hər bir üzvündə 10-75 min rubl məbləğində sovet rublu olmuşdur. Onlar, bir qayda olaraq, müxtəlif vaxtlarda sovet ordusunun alman qoşunlarına əsir düşmüş sabiq sıravi əsgərləri və kiçik komandirləri idilər. Milli mənsubiyyətlərinə görə, onlar azərbaycanlı, ləzgi, rus, yəhudi və erməni idilər. Onlar alman hərbi kəşfiyyat orqanları tərəfindən Yevpa-toriyada, Simferopol və Auslits şəhərlərində yaradılmış qısa müddətli kəşfiyyat kurslarında təlim keçmişdilər. Alman hərbi desant təyyarələrindən atılandan sonra onlar yaşayış məntəqələri istiqamətində və ya meşədə irəliləyərkən qırıcı batalyonlar tərəfindən təşkil edilmiş pusqular vasitəsi ilə yaxalanmışdılar. Bəziləri isə kəndə ərzaq üçün daxil olanda ələ keçirilmişdilər. Əksər hallarda alman paraşütçüləri təslim olmaları barəsində tələbi rədd edərək silahlı müqavimət göstərmişdilər. Yaxalanan zaman onlar bir qayda olaraq, burada olmalarını “Evə gedirəm, yaralanandan sonra qısamüddətli məzuniyyətim var” bəhanəsi ilə əsaslandırmağa cəhd edirdilər.
Alman diversantlarının Bakıya soxulmaq planlarının olması ehtimalı 1943-cü ildə yüksək olaraq qalmaqda idi. 1943-cü il mayın 12-dən 13-ə keçən gecə alman hərbi təyyarəsi Azərbaycan SSR-nin ərazisinin şimal hissəsindən keçərək Türkmənistan ərazisinə paraşütlə desant atmışdı. 1943-cü il sentyabrın 16-da isə Gürcüstanda yaxalanmış alman paraşütçülərinin istintaqa verdikləri ifadəyə görə, alman kəşfiyyatı tərəfindən Qafqaz xalqları nümayəndələrindən ibarət bir neçə qrup hazırlanmış və tezliklə onların bölgəyə atılması gözlənilirdi.
1942-ci il avqustun 24-də ZC HŞ-nın qərarı ilə Azərbaycanın və Gürcüstanın bəzi rayonlarında hərbi vəziyyət tətbiq edildi. Azərbaycan üzrə hərbi vəziyyətin tətbiq edildiyi zona Bakı, Kirovabad, Yevlax, qərbdə Şirvanovka, Quba, Xızı, Pirəkəşkül, Hacıqabul, şərqdə Xəzər dənizi, şimalda Dağıstan MSSR, cənubda Əli Bayramlı-Ələt xəttinə kimi ərazini hüdudlarında Xəzər dənizi sahillərini əhatə edirdi. [33, s.2,5] Həmin gün Bakı qarnizonunun rəisinin əmri ilə Bakı şəhəri və onun rayonlarında hərbi vəziyyət elan edildi. Əmrə əsasən, yerli vaxtla saat 23.00-dan 05.00-a kimi piyadaların və nəqliyyatın hərəkəti qadağan edilirdi. Şəhərin ictimai iaşə müəssisələri, kommunal müəssisələr və istirahət obyektləri öz işlərini saat 22.00-a kimi başa çatdırmalı idilər. Qadağan saatlarında şəhərin küçələrində yaxalanmış şəxslər və işıq gizlətməni pozanlar ya 6 ay azadlıqdan məhrum edilir, ya da 3 min rubl məbləğində cərimə olunurdular. [33, s.3]
1942-ci il sentyabrın 1-dən etibarən Azərbaycanda müdafiə sədlərinin inşasına başlanıldı. ZC qoşunlarının komandanlığının tələbi ilə bu işlər oktyabrın 10-a kimi başa çatdırılmalı idi. Nasosnıdan Səngəçala kimi uzanan Bakı müdafiə səddi 9 rayondan ibarət idi. Müdafiə sədlərinin inşası zamanı 97 km uzunluğunda tank əleyhinə xəndək qazılmış, 102 km uzunluğunda tank əleyhinə maneələr yaradılmışdı. Atəş nöqtələri ilə arxa hissələr arasında çəkilmiş əlaqə yollarının uzunluğu 535 km idi. Ümumilikdə, Bakının müdafiə sədlərində 16.841 ədəd qurğu inşa olunmuşdu. [25, s.58] Bunlardan 342 ədəd artilleriya, 1.354 ədəd minomyot, 2.145 ədəd tank əleyhinə silah, 8.616 ədəd pulemyot atəş nöqtələri, 581 ədəd blindaj, sığınacaq, qazma və s. idi. [29, s.114-115] Bakı şəhəri ətrafında müdafiə sədlərinin inşasına 40.627 nəfər həmçinin, 7 inşaat tresti cəlb olunmuşdu. [26, s.55]
Bakının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan rəhbərliyi ZC qoşunlarının komandanlığına Bakı-Batum neft kəmərinin Bakıdan Şamaxının Cəngi kəndinə kimi 60 km-lik sahəsindən və onun Pirəkəşkül kəndindəki nasos stansiyasından düşmənə qarşı alov sipəri kimi istifadə olunmasını təklif edirdi. Lakin bir sıra texniki məsələlərin həllinin mürəkkəbliyi səbəbindən alov sipərinin yaradılmasına mane oldu. [32, s.231]
ZC HŞ-nın 1942-ci il sentyabrın 11-də qəbul etdiyi 00602/оп saylı qərara əsasən Bakı xüsusi müdafiə rayonu yaradılırdı. Şəhərdə yerləşən 34-cü və 43-cü atıcı briqadalar, şəhərin qarnizonu və 271-ci atıcı diviziya, həmçinin Kodar keçidindən Xəzər dənizi sahillərinə kimi ərazidə dağ keçidlərini mühafizə edən əlahiddə rotalar müdafiə rayonunun rəisinə tabe edilirdi. [31, s.1] ZC Qərargahının qoşunların formalaşdırılması idarəsi Bakının müdafiəsinə cəlb ediləcək yeni hərbi hissələrin yaradılmasına məsuliyyətsiz yanaşırdı. Belə ki, Bakıda yaradılan yeni atıcı briqadalara digər hərbi hissələrdən əsasən hərbi xidmətə yarasız şəxslər göndərilirdi. Sentyabrın 20-də idarə 271-ci atıcı diviziyadan səhhətinə və digər səbəblərə görə hərbi xidmətə yarasız olan 100 nəfəri, daha sonra isə yenə də bu kateqoriyadan olan 210 nəfəri Bakıda formalaşdırılan 43-cü əlahiddə atıcı briqadasına göndərmişdi. [15, s.6-7] Sentyabrın 23-də M.C.Bağırov bununla əlaqədar ZC qoşunlarının komandanı Tyulenyevə göndərdiyi məktubunda etiraz edərək bunu qəti şəkildə yolverilməz hesab edirdi. [18, s.4]
Respublika rəhbərliyi hesab edirdi ki, alman qoşunlarının Bakıya müdaxiləsi ssenarisi onların digər sovet şəhərlərini ələ keçirdikləri zaman tətbiq etdikləri taktika ilə həyata keçiriləcəkdir. Belə ki, ilk əvvəl alman hərbi təyyarələri şəhəri bombardman edəcəklər, daha sonra şəhərdə əhali arasında yaranmış çaxnaşmadan istifadə edərək bir qrup avtomatçılardan ibarət desant qüvvəsi ilə şəhəri nəzarətə götürəcəkdir. [22, s.14] Bakının yerləşdiyi coğrafi relyefindən istifadə edərək onun vahid müdafiə sisteminin yaradılması, düşmən paraşütçülərinin desant atılacağı ehtimal oluna biləcək məntəqələr müəyyən edilərək nəzarətə götürülməsi vacib hesab edilirdi. Bakı şəhəri və onun rayonlarının şiddətli bombardman olunmaları dövründə təsərrüfatın, xüsusilə, rabitə sahəsinin, fasiləsiz, normal fəaliyyətinin təmin edilməsi vacib hesab edildi. [22, s.19]
Bakı şəhərinin müdafiəsinin gücləndirilməsinin ən mühüm amillərindən biri şəhərin daxilində əhalini müdafiə işlərində daha fəal iştirak etməyə cəlb etmək idi. Alman qoşunlarının Bakıya soxula bilməsi ehtimalı artdıqca respublika rəhbərliyi yaranmış mürəkkəb şəraitdə əhalinin əhval-ruhiyyəsində təlaş yarada biləcək hər cür hallara qarşı daha sərt tədbirlərin həyata keçirilməsini tələb edirdi. M.C.Bağırov yaranmış vəziyyətdə baş verən hər cür qanun pozuntuları arxa cəbhənin pozulmasına yönəlmiş düşmən qəsdi kimi qiymətləndirilməsini tələb edirdi. Bakının üzərini təhlükə aldığı bir dövrdə bir sıra məsul şəxslər müxtəlif bəhanələr ilə vəzifələrinin icrasından yayınır və ya şəhəri tərk etməyə çalışırdılar. M.C.Bağırov bu cür davranışları əhali arasında təlaş yaratmaq və döyüş tapşırığının yerinə yetirilməsində pozuculuq cəhdləri kimi qiymətləndiriləcəyini bildirirdi.[3, s.1-2]
Bakının müdafiəsində əhalinin fəal iştirakına mane olan amillərdən biri də möhtəkirlərin şəhərdə ərzaq təchizatının sabitliyini pozmaları, çörəyin mənimsənilməsi ilə bağlı idi. Belə əməllərin faşist Almaniyasına yardım kimi qiymətləndirilməsi və günahkarların güllələnmə ilə cəzalandırılmaları tələb edilirdi.[22, s.28] Bakı şəhərində sabitliyin qorunub saxlanılması məqsədi ilə ən sərt tədbirlərin həyata keçirilməsi zəruri və qacınılmaz addım hesab olunurdu. M.C.Bağırov bu tədbirlərə haqq qazandırmaq üçün cəbhə xəttinin Moskvaya yaxınlaşdığı dövrdə, 1941-ci il oktyabrın 16-da, şəhərdə anbarların kütləvi şəkildə qarət olunması, əhalinin talan və soyğunlara məruz qalması hallarının baş verdiyini qeyd edir və cəbhənin Bakıya yaxınlaşdığı zaman belə hallara yol verilməyəcəyini bildirirdi. M.C.Bağırov hesab edirdi ki, “Bir neçə nəfər güllələnməli və bu barədə mətbuatda məlumat dərc olunmalıdır”. [3, s.3] Şəhər əhalisinin mənəvi vəziyyətinə ciddi təsir göstərən amillərdən biri də təxliyə ölünmüş əhali arasında bir çoxlarının təslimçilik və təlaşlanma şayiələrini yaymaları ilə bağlı idi. Bakıya təxliyə olunan əhali, qaçqın və yaralı adı ilə gələnlərin üzərində nəzarətin güclən-dirilməsinin vacibliyi qeyd edildi. [22, s.15] Bakı şəhərinə şübhəli ünsürlərin və fərarilərin daxil ola bilməmələri üçün xüsusi tədbirlər planı tərtib olunmuşdu.
Şəhərinin müdafiəsi ilə bilavasitə sıx bağlı olan məsələlərdən biri də burada sağlam sanitar şəraitin yaradılması ilə bağlı idi. Bakı limanı cəbhə ətrafı rayonlardan mülki əhalinin Orta Asiyaya təxliyə olunması üçün başlıca tranzit məntəqə olduğundan böyük insan kütləsinin buradan keçməsi burada səpmə yatalaq və digər infeksion xəstəliklərin yayılması təhlükəsi yaranmışdı. [1, s.11-12]
1943-cü ilin əvvəllərində respublika rəhbərliyi belə hesab edirdi ki, Bakını ələ keçirməyə müvəffəq olmayan düşmən şəhərdə təxribatlar və diversiya əməliyyatları həyata keçirmək məqsədi ilə çoxlu sayda casus, diversant və təxribatçı göndərəcəkdir. Bakının Orconikidze rayonunda XDİK orqanları tərəfindən əvvəllər buradan orduya səfərbər edilmiş və alman əsirliyində olarkən düşmən kəşfiyyatı ilə əməkdaşlığa razılıq vermiş iki nəfəri saxta sənədlər ilə yaxalanmışdılar. İstintaq zamanı onların respublika ərazisinə alman hərbi təyyarələrindən paraşütlə atıldıqları və guya hərbi xidmətə yararsız olmaları ilə əlaqədar orduya səfərbərlikdən azad olunmaları haqqında saxta sənədlər ilə təmin olunduqları məlum olmuşdu. Biləcəri dəmir yolu stansiyasında alman əsirliyində olarkən düşmən kəşfiyyat orqanları ilə əməkdaşlığa razı olmuş və guya hərbi xidmətə yararsız olmaları ilə bağlı saxta sənədlər ilə təmin olunmuş 3 nəfər hərbçi saxlanılmışdı. Onların çantalarında alman təbliğat vərəqələri və alman pulları aşkar edilmişdi. [16, s.34]
Şəhərin müdafiəsində xalq qoşunlarının və qırıcı batalyonların da mühüm rolu var idi. 1941-ci il iyulun 1-dən etibarən Bakının hər bir rayonunda xalq qoşunlarının yaradılmasına başlanıldı.[27, s.89] Artıq iyulun ortalarına kimi şəxsi heyəti 18.547 nəfər olan xalq qoşununun 30 batalyonu təşkil edilmişdi. [12, s.73] Daha sonra onlar 3 xalq diviziyası formasında təşkil olundular. 101-ci diviziya Şəhər, 102-ci diviziya Kirov, 103-cü diviziya Lenin rayonlarında yerləşmişdi. 1943-cü ildə xalq qoşunları buraxıldı və hər rayonda yalnız asayişin qorunmasına yardım məqsədilə 1 batalyon saxlanıldı.
Qırıcı batalyonların qarşısına düşmənin diversantları və paraşüt desantı ilə silahlı mübarizənin aparılması, təlaş yaradanlar, təxribatçılar, arxa cəbhənin işini pozanlar və quldur ünsürlərin müəyyən edilməsi və qətiyyətli mübarizə aparılması vəzifələri qoyulmuşdu. Batalyonlar XDİK-nın şəhər və rayon şöbələri nəzdində təşkil olunurdu. İlk əvvəl Bakı və onun rayonlarında 18 qırıcı rota təşkil olunmuşdu. Daha sonra onlar hər birində 100-150 nəfər olan 8 qırıcı batalyona çevrildilər. [9, s.173-177] 1942-ci il sentyabrın 1-ə kimi olan məlumata əsasən, Bakıda respublika XDİK-nin tabeliyində olan 33 qırıcı batalyonda 5500 nəfər şəxsi heyət xidmət edirdi.
Müharibə ərəfəsində Bakının neft mədənlərinin gücləndirilməsi, hərbiləşdirilmiş yanğından mühafizə qüvvələrinin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. 1940-cı il mayın 14-də Bakı şəhər partiya komitəsinin qəbul etdiyi “Bakı şəhərinin yerli hava hücumundan müdafiəsinin vəziyyəti haqqında” adlı qərarına əsasən neft sənayesi müəssisələrinin tam işıq gizlətmə şəraitində fəaliyyətinin təmin edilməsi, sığınacaqların inşası, YHHM-nin yanğından mühafizə və tibbi-sanitar xidmətlərinin kadrlar və maddi-texniki vasitələr ilə təmin edilməsi üçün mühüm tədbirlər həyata keçirildi. [13, s.25-26] 1941-ci il iyulun 2-də SSRİ XKS-nin qəbul etdiyi “Əhalinin hava hücumundan müdafiəyə ümumi icbari hazırlığı haqqında” qərarına əsasən 16-60 yaşlarında kişilər və 18-50 yaşlarında qadınlar bombadan müdafiə sığınacaqlarının inşasına, sənaye müəssisələrində, təşkilatlarda və yaşayış binalarında təşkil olunmuş özünümüdafiə qruplarına cəlb olunurdular. [21, s.27-28]
Müharibə dövründə Bakının hava hücumundan müdafiə qüvvələri tərəfindən 272.419 nəfər üçün (sığınacaq ilə təmin olunmalı olan əhalinin 83%-i) nəzərdə tutulan 7.742 müxtəlif tipli sığınacaqlar yaradılmışdı. Bunun nəticəsi kimi, şəhər əhalisinin sığınacağa ilk olaraq aparılması nəzərdə tutulan qisminin (300 min nəfər, və ya 34,94%-i) – qocalar, xəstələr, 14 yaşına kimi uşaqlar və digərlərinin 81,3%-i (243.644 nəfər) ehtiyacları təmin olunmuşdu. Kimyəvi qaz hücumu əleyhinə avadanlıqla təmin olunmuş sığınacaqlarda şəhər əhalisinin 16,7%-i qoruna bilərdi. 1941-1942-ci illərdə Bakı şəhərində yaradılması nəzərdə tutulan sığınacaqların 85,8%-i inşa olunmuşdu ki, bunlar da əhalinin 74,3%-ni təmin etməli idi. [10, s.141-142]
YHHM qüvvələrinin Bakı şəhəri üzrə 12 birliyi yaradılmışdı. [11, s.129] Şəhərin küçələrinin darlığı, evlərin sıx yerləşməsi səbəbindən fərdi yaşayış evlərinin, binaların, müəssisələrin və təşkilatların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalarına diqqət yetirilmişdi. Yanğının söndürülməsi üçün şəhərin 96 təbii su hövzəsinin, o cümlədən, Xəzər dənizinin imkanlarından da istifadə olunması nəzərdə tutulmuşdu. Mədənlərdə və sənaye müəssisələrində böyük həcmdə su ehtiyatı yaradılmışdı. [10, s.161]
Düşmənin hərbi aviasiyasının basqını şəraitində YHHM qüvvələrinin fəaliyyəti ilə tanış olmaq məqsədilə Bakı YHHM işçilərinin bir qrupu 1942-ci il noyabrın 10-da Qroznı şəhərində olmuşdular. Məlum olduğu kimi, alman qoşunları Qafqazın neft mərkəzlərindən bir olan Qroznını ələ keçirə bilmədikdən sonra onun bombardman edilməsini həyata keçirmişdilər. Belə bir aqibətin Bakını da gözlədiyi ehtimal edilirdi və bombardman şəraitində şəhərin müdafiəsi ilə bağlı ortaya çıxan məsələlərin müəyyən edilməsi üçün Qroznı şəhərinin təcrübəsi mühüm əhəmiyyət kəsb edirdi.
Bakının müdafiəsinin mühüm tədbirlərindən biri sutkanın qaranlıq dövründə işıq gizlətmə tələblərinə ciddi əməl edilməsi idi. 1941-ci il aprelin 1-ə kimi Bakı şəhərində işıq gizlədilməsi məsələləri ilə yalnız təlimlərdə məşğul olunduğu üçün bu sahədə vəziyyət qənaətbəxş deyildi. Buna görə də əsasən şəhərdə işıq gizlədilməsi ilə bağlı zəruri mühəndis-texniki tədbirlərin əksəriyyəti tam həyata keçirilməmişdi. Şəhər əhalisi arasında qaranlıqlaşdırılma tədbirlərinin şəhərin müdafiəsindəki mühüm əhəmiyyəti haqqında izahat işləri aparılmırdı. Sənaye müəssisələrində, idarələrdə, nəqliyyatda və yaşayış sektorunda işıq gizlətmə üzrə əsas təşkilati və mühəndis-texniki tədbirlər 1941-ci ilin sonlarında və başlıca olaraq, 1942-ci ilin ilk yarısında həyata keçirildi. Dəmir yol nəqliyyatında və şəhər tramvayında siqnal işıqlarının və vaqonların daxilində işıqlandırılmanın 40-50% azaldılması ilə müəyyən hündürlükdə havadan onların görünməzliyi təmin edildi.
SSRİ-nin başlıca neft mərkəzi olan və eyni zamanda mühüm strateji məntəqədə yerləşmiş Bakının müharibə ərəfəsində və dövründə müdafiəsinin strateji planının olmaması şəhəri daim düşmən qüvvələrinin basqını təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Əvvəllər Bakının cənub istiqamətdən müdafiəsi vacib hesab edildiyi üçün onun şimaldan müdafiəsinə diqqət yetirilməmişdi. Şəhər nəinki havadan, həmçinin dənizdən və qurudan lazımı səviyyədə müdafiə olunmurdu. Bakının müdafiəsinin gücləndirilməsi üçün görülən tədbirlər Moskva və Leninqrada yönəldilən səylərdən xeyli az idi. Alman hərbi aviasiyası Bakı səmasına maneəsiz daxil olur və aerokəşfiyyat aparırdı. Respublikanın bir sıra rayonlarına alman təyyarələri tərəfindən paraşütçü desantın atılması zamanı HHM qüvvələri buna mane ola bilmirdi. Almaniyanın Bakı neft rayonunu dağıntısız sahib olmaq niyyəti şəhəri real bombardman təhlükəsindən xilas etdi. Lakin müharibənin sonlarına doğru alman hərbi aviasiyasının daha təkmil döyüş vasitələrinə malik olması Bakı üçün daim bombardman təhlükəsinin qalmasına səbəb olmuşdu. Bakının müdafiəsinin gücləndirilməsi təkcə hərbi tədbirlər ilə həyata keçirilmirdi. Şəhərin alınmaz müqavimət məntəqəsinə çevrilməsi üçün daxili amillər də mühüm əhəmiyyət kəsb edirdi. Bu sıradan əsas diqqət şəhərdə dövlət və təsərrüfat orqanlarının davamlı fəaliyyətinə, əhali arasında təlaş yaradılmamasına, onun müdafiə tədbirlərinə fəal cəlb edilməsinə, asayişin qorunmasına, ərzaq təchizatının pozulmamasına və s. zəruri tədbirlərin həyata keçirilməsinə mühüm əhəmiyyət verilirdi. Bütün təhlükələrə rəğmən Bakı şəhəri ölkənin müdafiə qüdrətinin daha möhkəmləndirilməsinə və müharibə cəbhələrində düşmən üzərində qələbələrin əldə olunmasında özünün əvəzolunmaz töhfəsini vermişdir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı
- Багиров М.Д. Большевики Азербайджана в дни отечественной войны. Статья для журнала «Большевик» 1942 год. // ARPİİ SSA, 1,siy.27, iş 99, v.2-16
- Бакинский округ противовоздушной обороны //https://Военная-энциклопедия.рф/ советская-военная-энциклопедия/Б/Бакинский-округ-противовоздушной-обороны
- Выступление секретаря ЦК КП(б) Азербайджана тов. М.Д.Багирова на совещании руководителей военных организаций Бакинского Гарнизона, НКВД, прокурорских, судебных органов, секретарей ЦК и БК КП(б) Азербайджана. 16.08.1042 года. // ARPİİ SSA, 1,siy.27, iş 134, v.1-7
- Войска ПВО СССР // https://www.wikizero.com/ru/ Войска_ПВО_СССР
- Войска ПВО страны в Великой Отечественной войне 1941–1945: Краткая хроника. М.: Воениздат, 1981. 375 с.
- Г.М. Ширшов — «Действующая армия… не знала трудностей с нефтепродуктами» // Военно-исторический журнал 2005, № 5 (541), Издание Министерства обороны Российской Федерации. 45-49.
- Докладная записка 3 корпуса ПВО и противовоздушной обороны гор. Баку. 28 марта 1939 года. //ARPİİ SSA, f.1,siy.22, iş 301. 77-98
- Докладная записка начальника ОО НКВД Бакинской Армии ПВО майора госбезопасности Атакишиева от 10 сентября 1942 года о состоянии боевой готовности частей Бакинской Армии ПВО по состоянию на 1-е сентября 1942 года. // ARPİİ SSA, 1, siy.27, iş 257, v.301-311
- Краткая справка об истребительных батальонах НКВД Азербайджанской ССР (по материалам Госархива НКВД Азерб.ССР) / ARPİİ SSA f.1, siy.30, iş 63, v.173-177
- Местная противовоздушная оборона города Баку в годы Великой Отечественной войны. 17 февраля 1945 года.// ARPİİ SSA f.1, siy.30, iş 63, v.135-166
- Местная противовоздушная оборона. 1945 год .// ARPİİ SSA f.1, siy.30, iş 63, v.129-131
- Народное ополчение. 1945 год.// ARPİİ SSA f.1, siy.30, iş 63, v.73-75
- Нефть и Победа (Героические свершения азербайджанских нефтяников в годы Великой Отечественной войны 1941-1945 гг.), Баку: изд-во «Абилов, Зейналов и сыновья», 2010. – 160 с.
- ПВО //https://www.wikizero.com/ru/ ПВО
- Письмо нач. Штаба 271-й СД Шубина и военкома штаба батальонного комиссара Олейника командиру 43 стрелковой Бригады. 20 сентября1942 года. //ARPİİ SSA,f.1,siy.27, iş 92, v.6-7
- Письмо секретаря ЦК КП(б) Азербайджана М.Д.Багирова Наркомвнудел Т.Якубову, Военкому республики Измайлову, коменданту гор. Баку Гусейнову, пред. Совнаркома Азербайджанской ССР Т.Кулиеву, секретарям ЦК КП(б) Азербайджана Чеплакову, Гасанову, секретарям БК КП(б) Азербайджана Гиндину, Воробьеву. 10 февраля 1943 года. // ARPİİ SSA, f.1, siy.28, iş 103, v.34
- Письмо секретаря ЦК КП(б) Азербайджана М.Д.Багирова народному комиссару военно-морского флота СССР адмиралу Кузнецову. 23 мая 1942 года. // ARPİİ SSA, f.1, siy.27, iş 165, v.24-28
- Письмо секретаря ЦК КП(б) Азербайджана М.Д.Багирова членам ВС Закфронта – Тюленеву и Ефимову. 23 сентября 1942 года.// ARPİİ SSA, 1, siy.27, iş 92, v.4
- Постановление Военного Совета Бакинской Армии ПВО № 008 от 29 сентября 1942 года «Об обнаруженных недостатках в организации боевой работы 8 авиакорпуса». // ARPİİ SSA, 1, siy.27, iş 48, v.246-248
- Приказы народного комиссара обороны СССР. 1937 — 21 июня 1941 г. — (Русский архив: Великая Отечественная) М.: Терра, 1994. Т.13 (2—1). 368 с.
- Светлишин Н. А. Войска ПВО страны в Великой Отечественной войне. М: Наука, 1979. 296 с.
- Совещание в ЦК КП(б) Азербайджана по вопросу о работе партийных организаций в связи с военной обстановкой. 20 августа 1942 года. // ARPİİ SSA, f.1, siy.27, iş 73, v. 1-31
- Специальное сообщение начальника Особотдела НКВД СССР Закавказского фронта Н.Рухадзе. 14 июля 1942 года. // ARPİİ SSA,f.1,siy.27, iş 257, v.276-278
- Справка нач. ОО НКВД КВФ полкового комиссара Енукидзе о состоянии боевой готовности Каспийской военной флотилии и недочетах руководства командования КВФ. 29 апреля 1942 года. // ARPİİ SSA,f.1,siy.27, iş 165, v.2-10
- Справка о выполненном объеме работ по строительству Бакинского Оборонительного Рубежа. //ARPİİ SSA f.1, siy.30, iş 63, v.58
- Справка о работающих на строительстве Бакинского Оборонительного рубежа. // ARPİİ SSA f.1, siy.30, iş 63, v.55
- Справка о формировании отрядов Народного Ополчения (рабочего батальона) в гор. Баку. 1945 год. //ARPİİ SSA f.1, siy.30, iş 63, v.89
- Справка об истребительной авиации пункта ПВО Баку по состоянию на 03 сентября 1942 года. // ARPİİ SSA,f.1,siy.27, iş 257, v.200
- Строительство оборонительных рубежей. 1945 год. // ARPİİ SSA f.1, siy.30, iş 63, v.113-116
- Султанов Ч.А. История не имеет сослагательного наклонения. И все же…//
- Телеграмма секретаря ЦК КП(б) Азербайджана М.Д.Багирова командующему Закфронтом генералу армии Тюленеву. 11 сентября 1942 года. //ARPİİ SSA,f.1,siy.27, iş 93, v.1
- Телеграмма секретаря ЦК КП(б) Азербайджана М.Д.Багирова в Штаб Закфронта Тюленеву, Кабулову. 16 сентября 1942 года. // ARPİİ SSA,f.1,siy.27, iş 348, v.231
- Шифротелеграмма командующего войсками Закавказья генерала армии командующего Закфронтом Тюленева и члена Военного Совета Закфронта бригадного комиссара Ефимова секретарю ЦК КП(б) Азербайджана Багирову М.Д. от 24 августа 1942 г. // ARPİİ SSA,f.1,siy.27, iş 305, v.2,5
Rövşən Hətəmov
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Fotoşəkil Azərtacdan götürülüb.