Bəşəriyyətə böyük itkilər verən 1939-1945-ci illər İkinci Dünya Müharibəsinin sona çatdığı dövrdən bizi 75 il ayırır. SSRİ-nin 22 iyun 1941-ci ildə bu müharibəyə qoşulması ilə Azərbaycanın da bu müharibədə iştirakı başlanmışdır. Bu baxımdan Azərbaycanın bu müharibədə iştirakı digər respublikalardan heç də fərqlənmirdi. Sovetlər birliyinə daxil olan xalqların hər biri faşizm üzərində qələbənin əldə olunmasında mühüm töhfələr vermişlər. Bu respublikaların hər birinin yeri və rolu geostrateji əhəmiyyəti və təbii sərvətləri ilə müəyyən edilirdi.
1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanan Almaniyanın SSRİ-yə hücum planı “Barbarossa” kodu adı altında 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir.. Bakıdan olan, kəşfiyyat zabiti Rixard Zorge 1941-ci ilin mayında Almaniyanın SSRİ-yə hücumu barədə yuxarı Sovet rəhbərliyini məlumatlandırsa da, Stalin buna inanmadı. Beləliklə, 22 iyun 1941-ci ildə SSRİ ilə Nasist Almaniyası arasında Böyük Vətən müharibəsi başladı.
Azərbaycan bu müharibədə istər ön istərsə də arxa cəbhədə fəal iştirak edirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan xalqı II Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir.1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir. Faşizmə qarşı müharibəyə Azərbaycandan 600 mindən çox adam səfərbər edildi. Xalqımızın oğul və qızları qəhrəmanlıq nümunələri göstərərək öz döyüş bacarıqlarını nümayiş etdirdilər. Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Mehdi Hüseynzadə, Abbas Quliyev, Məlik Məhərrəmov və başqa azərbaycanlı döyüşçülərin adları yaddaşlara əbədi həkk olundu. Azərbaycanın igid oğul və qızlarının döyüş rəşadəti yazıçı, şair, bəstəkar və rəssamlarımızın həmin dövrdə yaratdıqları gözəl əsərlərin başlıca mövzusu olmuşdur. Müharibə illərində və sonrakı dövrdə keçmiş Sovet Ordusunda Akim Abbasov, Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov, Valeh Bərşadlı və başqaları kimi general rütbəsinə qədər yüksəlmiş azərbaycanlı hərbçilər nəsli yetişdi.”[1] 1941-ci ilin avqustuna qədər 186 mindən çox Xalq qoşunu dəstələrinə yazılmışdı. 1941-ci ilin iyulundan 16 yaşdan 50 yaşına qədər olan kişilər ümumi icbari hərbi təlimlərə cəlb olundular.
Bu illərdə Azərbaycan SSR-də 5 milli və bir neçə qarışıq tərkibli (217,227,151və s.) diviziyalar yaradılmışdı. Bu diviziyaların hər biri rəşadətli döyüş yolu keçmişdir. 5 milli diviziyalara 77-ci, 402-ci, 396-cı atıcı diviziyaları, 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyaları daxil idi.
Azərbaycanın ilk atıcı milli diviziyası olan 77-ci diviziya hələ 1920-ci ilin 30 oktyabr tarixində yaranmışdır. 1924-30-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. 77-ci Azərbaycan diviziyası tərkibində babam general Tərlan Əliyarbəyov da daxil olmaqla Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar yetişmiş və müharibə illərində və bu müharibədən sonrakı dövrlərdə böyük sərkərdəlik məharəti göstərmişlər. 77-ci diviziya və onun alaylarının İkinci Dünya müharibəsi illərində bu diviziya Şimali Qafqazın azad olunmaında fəal iştirak edərək üç ay ərzində Çeçen-İnquşetiyanı, Şimali Osetiyanı, Kabardin-Balkar MSSR-i, Rostovun çox hissəsini düşməndən azad etmişdir. Bu diviziya xüsusilə Krımın, Sevostopol və Simferepolun azad edilməsində fəal iştirak etmiş və göstərdiyi bu şücaətə görə bu diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə «Simferopol diviziyası» Fəxri adı verilmişdir.
1941-ci ilin avqustunda 90 faiz tərkibinin azərbaycanlılar təşkil etdiyi 402-ci diviziya yaradıldı. Diviziyanın komandiri polkovnik A.Hüseynov olmuşdur. Diviziyanın tərkibində 833-cü, 840-cı atıcı alayları, 960-cı topçular alayı, tank əleyhinə divizion və 4 əlavə batalyon var idi. Şimali Qafqazdakı 44-cü ordunun hücum əməliyyatlarında 402-ci Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il noyabrın 3-dən dekabrın 11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi. Bu döyüşlərdə diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan çıxarmışdı. Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor A.Abbasov isə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi. Bu diviziyanın komandirləri sırasında fəxrlə babam general-mayor Tərlan Əliyarbəyovun adını çəkə bilərəm[2,s.44] Bu diviziya həm də cəbhələrdə vuruşan milli Azərbaycan diviziyaları üçün zabit və əsgər kadrlarını hazırlayırdı. Tərlan bəyin yetişdirdiyi milli hərbi kadrların sorağı bütün cəbhələrdən gəlirdi. Onlar öz sərkərdəlik məharətlərinə görə ilk növbədə Tərlanbəyə təşəkkürlərini bildirirdilər.
396-cı milli atıcı diviziya 1941-ci ilin avqustunda İranda 44-cü ordunun tərkibində yaradılmışdır. Bu diviziyaya 803-cü, 816-cı, 819-cu atıcı alayları və 957-ci artilleriya alayı daxil idi. 1941-1942-ci illərdə Kerç-Feodosiya əməliyyatlarında 396-cı diviziyanın şəxsi heyəti misli görünməmiş qəhrəmanlıq göstərmişdir. 1942-ci ilin mayın 7-də almanların hücumu qarşısında böyük itkilər verib geri çəkilərək Armavirdən keçərək Tiflisə, oradan da Qubaya (Azərbaycana)göndərilərək, tərtib edilən yeni (223-cü) diviziyanın tərkibinə qatıldı.
223-cü milli atıcı və ya “Belqrad diviziyası” adı altında tanınan bu diviziya 1941-ci ilin oktybarında yaranmışdı. 223-cü Belqrad diviziyası Mozdokdan Vyanayadək döyüş yolu keçmişdir. Bu diviziya 1943-cü il yanvarın 3-də iri yaşayış məntəqəsi olan Mozdoku düşməndən təmizlədi. 100 günlük aramsız döyüşlər zamanı 223-cü atıcı diviziya alman faşistlərini Qafqazdan qovub çıxardı. Azərbaycanlı qəhrəmanların yuqoslav qoşunları ilə birgə səyləri nəticəsində almanların 20 minlik Belqrad qrupu darmadağın edildi. Həmin vaxtdan 223-cü Azərbaycan atıcı dviziyası Ali Baş Komandanın əmri ilə “Belqrad diviziyası” adlanır. 30 aylıq fasiləsiz döyüşlərdə iştirak edən bu diviziyanın cəsur əsgərləri Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Avstriya və Çexoslovakiyadan keçmişlər. 1944-cü ilin 24 dekabrında 223-cü diviziya Macarıstan sərhəddini keçərək Budapeşt istiqamətində döyüş əməliyyatlarında iştirak etdi. Balaton gölü ətrafında aparılan döyüşlərdən sonra 1945-ci il fevralın 13-də Macarıstanın paytaxtı Budapeşt şəhəri də düşməndən azad edildi. Aprelin 6-da Dunay çayını keçən diviziya Vyana istiqamətində döyüşlərdə iştirak etmiş, 13 apreldə Vyana şəhərini faşistlərdən azad etmiş, buna görə də diviziyanın 1037-ci alayına “Vyana” adı verilmişdir. Mayın 7-də isə Avstriyanın Qollabrun şəhərinin azad edilməsində yaxından iştirak etmişdir.
1942-ci ilin əvvəlində formalaşdırılan 416-cı milli atıcı diviziyanın tərkibi 92 faiz azərbaycanlılardan ibarət idi (təx.11,050 azərbaycanlı). Bu diviziya 1368-cı atıcı alayı,1373-cü atıcı alayı, 1374-cü atıcı alayı, 1054-cü artilleriya alayı, 444-cü fərdi tank əleyhinə (özüyeriyən artilleriya) diviziyası, 222-ci fərdi kəşfiyyat rotası və digər bölmələri özündə cəmləşdirmişdi. Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçən, Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərən bu diviziyanın komandirləri sırasında polkovnik Semyon Storojilovun, polkovnik Vasiliy Maslovun, babam polkovnik Tərlan Əliyarbəyovun,polkovnik Mark Karakozun, polkovnik Dmitriy Sızranovun adlarını fəxrlə qeyd etməliyik. Bu diviziya ilk illərdə 44-cü və 58-ci ordunun tərkibində döyüşlərdə fəal iştirak edirdi.. 1942-ci ilin noyabrından 1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək, növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandiri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov olmuşdu. ya işçilərindən ibarət idi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərərək “Taqanroq diviziyası” Fəxri adına layiq görülmüşdü. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsibtərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və bütün Moldaviyanın faşizm tapdağından azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı “Qırmızı bayraq” ordeni, 1368-ci alayı – “Boqdan Xmelnitski ordeni”, 44-cü divizionu isə“Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi.
Diviziyanın səkkiz nəfər əsgəri Sovet İttifaqı Qəhrəmanı fəxri adı, 11 nəfəri Lenin ordeni, 358 əsgər və zabiti Qırmızı Bayraq Ordeni, iki nəfəri II dərəcəli Kutuzov ordeni, 47 nəfəri Aleksandr Nevski, 1756 nəfəri II dərəcəli “Vətən müharibəsi”, 5205 nəfəri Qırmızı Ulduz ordeni, 5664 döyüşçüsü isə “İgidliyə görə” və “Döyüş xidmətlərinə görə” medalları ilə təltif olunmuşdur”.Yuxarıda qeyd olunduğu kimi Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya da var idi. Beləki, diviziyanın 1373-cü alayı (komandir general Heybət Heybətov) mayın 1-də Berlinə daxil oldu [4,s.99-101]. Beləliklə 416-cı Azərbaycan milli diviziyası 27 ay ərzində döyüşlərlə 40 çayı keçərək (o cümlədən Dnepr, Visla, Oder) 2500 kilometr məsafəni qət etdi və 7900 kv. kilometr ərazini düşməndən azad etdi.
Babam general Tərlan Əliyarbəyov 402,416-cı diviziyalardan sonra döyüş qabiliyyətinin artırılması məqsədilə 79, 88-ci alayın komandiri və 58-ci diviziya komandirinin müavini vəzifələrində çalışaraq xidmət etdiyi hərbi hissələrdə yüksək komandirlik qabiliyyətlərini nümayiş etdirmişdir[4]. Peşəkar əsgər, cəsur general Tərlan bəy Əliyarbəyov cəbhədə olan hərbi xəbərlərlə maraqlanır və döyüş zamanı yeni hərbi manevrlər təklif edirdi. Onlardan bəzilərindən elə ön cəbhədə nümayiş etdirirdi. Xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və xüsusi hörmətə sahib idi. Hər zaman komandanlıq tərəfindən hərbi xidmətdəki xidmətləri yüksək qiymətləndirilirdi. O, “Müqəddəs Georgi” ordeninin 4 dərəcəsi, “Müqəddəs Stanislav”ordeninin 3 dərəcəsi, həmçinin Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz, və digər medallarla, təşəkkürnamələrlə təltif olunmuşdur. 9 fevral 1944-cü ildə isə Tərlan bəy Əliyarbəyov general-mayor rütbəsinə layiq görülmüşdür.
1925-1931-ci illərdə. o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü, 2-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, 1946-1948-ci illərdə Azərbaycan SSR müdafiə nazirinin müavini olmuşdur. 15 fevral 1956-cı ildə 63 yaşında peşəkar hərbçi, cəsur general Tərlan bəy Əliyarbəyov vəfat etdi. Qəhrəmanın adına Fəvvarələr meydanından Neftçilər prospektinə qədər uzanan küçəyə, o cümlədən doğulduğu Şamaxı şəhərinin əsas küçələrindən birinə onun adı verilmiş, Şamaxıda fəaliyyət göstərən tarixi-diyarşünaslıq muzeyində onun ayrıca guşəsi yaradılmışdır.
SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da Qələbə günü bütün MDB ölkələrində qeyd edilir. Azərbaycan da özünün qəhrəmanlarını unutmur. Hər ilin may ayında müharibə veteranları dövlət səviyyəsində bir daha anılır, cəbhədə həlak olanların və sonradan dünyasını dəyişənlərin əziz xatirəsi yad edilir.
Ədəbiyyat siyahısı:
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Heydər Əliyev. Bakı şəhəri 19 noyabr 2002-ci il, №1093
- İ.Z.İsmayılov. Azərbaycanlıların II Dünya müharibəsində iştirakı. Bakı,2000
- Şahin Bağırov – “II Dünya müharibəsi və Azərbaycan elitası”. s.99-101
- Şəmistan Nəzirli – “Azərbaycan generalları”.Bakı 1991, s.89-91
Sahibə Musayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertant
Fotoşəkil Azərtacdan götürülüb.