II dünya müharibəsi zamanı Bakı dəniz limanı işğal olunmuş ərazilərin əhalisinin və avadanlıqların, həmçinin hərbi texnikanın və yaralı əsgərlərin cəbhəyə daşınması kimi mühüm bir vəzifə qarşısında idi.
Böyük Vətən müharibəsi illərində Bakı dəniz limanı irimiqyaslı köçürmə işlərində başlıca rollardan birini oynamışdır. Bunun səbəbi onun təkcə əlverişli coğrafi vəziyyəti deyil, həm də şimal və cənub istiqamətindəki dəmiryol xətləri üzərində yerləşməsi nəticəsində qərb rayonlarından köçürülən əhali və müxtəlif müəssisələrin avadanlıqlarının Bakıdan keçərək şərqə göndərilməsinin daha rahat, ucuz və təhlükəsiz başa gəlməsi idi.
Müharibənin başlanması ilə əlaqədar Bakı dəniz limanının iş qrafiki ciddi surətdə dəyişdi. Çünki müharibə Xəzər dənizi vasitəsi ilə daşınan yüklərin tərkibində mühüm dəyişikliklər yaratmışdı. Donanmanın iş qrafikinin də yenidən qurulmasına başlandı. Bir sıra gəmilər hərbi dəniz donanmasına verildiyindən qalan gəmilərdən daha səmərəli istifadə etmək lazım idi. Bakı dəniz limanı həm köçürülən sərnişin və yükləri qəbul edib yola salmalı həm də cəbhəyə hərbi silahları və benzini vaxtında ötürməli idi. İşlərin ümumi həcminin xeyli artması nəqliyyatın işini daha da gərginləşdirmişdi.
1941-ci ilin iyununda Bakı dəniz limanından Qərbi Qazaxıstana SSRİ-nin qərb ərazilərindən köçürülən əhali daşınmağa başladı. Əhali, avadanlıqlar və digər yüklərin köçürülməsinə baş dispetçer S.K.Aqapov nəzarət edirdi. Tək 1941-ci ilin ikinci dəniz naviqasiyası zamanı 9102 adam daşındı. Orta Asiyadan Krasnovodska silahlı hərbi qüvvələr, Həştərxandan, Mahaçqaladan, Bakıdan Krasnovodska əhali, sənaye avadanlıqları və digər qiymətli məhsullarının kütləvi axını başladı. Yüklər və köçürülən əhali Xəzərin qərbindəki portlardan şərq sahillərinə köçürülmək üçün növbə gözləyirdilər(26, 18). 1941-ci ilin avqust ayından limana ölkənin şimal rayonlarından Orta Asiyaya köçürülən müəssisələrinin yükləri və sərnişinlər gəlməyə başladı. Həmin yük və sərnişin axınını vaxtında qəbul edib, dəniz nəqliyyatına ötürülməsi çox mühüm bir vəzifə kimi qarşıda dururdu (12, 10).
İlk köçürülmə vaxtlarında qısa bir müddətdə “Krasnoarmeyes” və “Qeliotron” gəmilərində, 63,53, 69 nömrəli baraklarda Qazaxıstan SSR-yə 10000-ə yaxın adam köçürüldü. 1941-ci ilin avqust ayında Dövlət Müdafiə Komitəsinin (DMK) əmrinə əsasən nəqliyyat gəmilərinin bir hissəsinin İran sahillərinə desant çıxarmaq işinə cəlb olunması yük daşıma işini çətinləşdirmişdi (11, 11).
Bakı dəniz limanının işçiləri köçürülən əhalinin və yaralıların qəbulunu təşkil edir, onları dəniz vağzalında yerləşdirir, xüsusi bufetlərdə yeməklə təmin edir və uşaqların tam qidalanması işini təşkil edirdilər. Tibbi xidmət, ana və uşaq otaqları fəaliyyət göstərirdi. Partiya təşkilatları da köçürülənlər arasında siyasi iş aparırdılar. Limanlarda təşviqat məntəqələri təşkil olunmuşdu. Orada konsertlər, mühazirələr, söhbətlər təşkil olunurdu.
1941-ci il 16 oktyabrda DMK Bakı dəniz limanından Krosnovodska 82 min adamın aparılması əmrini verdi. Bu vəzifənin öhdəsindən gəlmək üçün Xəzər Quru Yükdaşıma Gəmiçiliyi (Kaspflot) balıqçı gəmilərindən də istifadə etməyə başladı (26, 20). Qısa bir müddətdə Xəzər gəmiləri Bakıdan Krasnovosdka 82 min adam daşıyaraq DMK-nin əmrini şərəflə yerinə yetirdilər (8, 12).
1941-ci ilin noyabr-dekabr aylarında işğal olunmuş rayonlardan əhalinin daşınması daha da artmağa başladı. Köçürülən əhalinin və yüklərin qəbulu və göndərilməsini qaydaya salmaq üçün Azərbaycan Xalq Komissarlığı və KP MK 5 noyabr 1941-ci il “Yük və adamların Bakı limanından Krasnovodska göndərilməsi” qərarının yerinə yetirilməsi üçün fəaliyyətə başladılar. O zaman hətta neftdaşıyan gəmilər belə əhalinin daşınması ilə məşğul olurdu. Gəmi heyətləri sərnişinləri bütün normaları pozaraq göyərtələrdə, yük gəmilərində daşıyırdılar. Yenə də yer çatışmırdı. O zaman əhalinin daşınması üçün avtomatlaşdırılmamış gəmilər və taxta şalandalardan istifadə olunmağa başlandı ki, onların da göyərtəsində 800-dən 2000-ə qədər adam yerləşdirmək mümkün idi. Yaralıların daşınması üçün “Özbəkistan” teploxodu yenidən təchiz olunmuşdu, müharibə ərzində bu teploxod M.S.İsmayılovun kapitanlığı ilə minlərlə döyüşçü və komandirləri daşımışdı. Qətiyyən sərnişin reysləri üçün nəzərdə tutulmayan tankerlərdə minlərlə adamın daşınması çətin və mürəkkəb iş idi. Əhalini tək yerləşdirməklə iş bitmirdi, onları minimum rahatlıq, yemək, içməli su və tibbi xidmətlə təmin etmək lazım idi. Dənizçilər bu işin öhdəsindən şərəflə gəlirdilər (19, 149).
18 noyabr 1941-ci ildə Xəzər gəmiçiliyi Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi A.S.Şerbovdan partiya və təsərrüfat təşkilatlarına limanlarda sərnişinlərə xidmətin yaxşılaşdırılması barədə teleqram aldı (7, 40). Həmçinin, SSRİ XKS-nin 1942-ci il 4 iyul tarixli 1100 №li qərarına uyğun olaraq, Azərbaycan SSR XKS-nin 1942-ci il 5 avqust tarixli 2784 №li qərarı ilə Azərbaycan SSR Xalq Ticarət Komissarlığına dəniz donanması sərnişinlərinə limanlarda yerli ticarət idarələrinin mövcud şəbəkəsi vasitəsi ilə xidmət göstərilməsi əmri verildi. Bundan əlavə tapşırılır ki, sərnişinlərə xidmət etməkdən ötrü Bakı dəniz limanı idarəsi yerli ticarət idarələrinə müqavilələr əsasında limanda restoranlar, bufetlər və mağazalar üçün binalar verməlidir (10, 265). Bu qərardan sonra sərnişinlərə diqqət daha da artırılmağa başlandı. 18 avqust 1942-ci ildə “Bakı şəhərindən keçməklə köçürülmə yüklərin qəbulu, göndərilməsi, qulluq edilməsi” haqqında yeni əmr verildi (18, 225).
Bakı dəniz limanı işçiləri də daxil olmaqla Xəzər dənizçiləri onlara tapşırılan işləri şərəflə yerinə yetirməyə çalışaraq II dünya müharibəsinin ilk 6 ayı ərzində Bakıdan Şərq rayonlarına 1.028 min adam, 11343 vaqon və çoxlu sənaye müəssisəsi avadanlığı daşımışdılar (14, 175).
Qeyd etmək lazımdır ki, Bakı dəniz limanından qoşunların və hərbi strateji əhəmiyyətli yüklərin daşınmasında “Xəzər Hərbi Donanması”nın da böyük rolu və köməyi var idi. Bu idarənin gəmilərinin bir hissəsində xüsusi avadanlıqlar quraşdırılmış və Hərbi-Dəniz Donanmasına verilmişdir. Stalinqrad və Şimali Qafqaz uğrunda gedən döyüşlərin ən qızğın dövründə Xəzər dəniz kommunikasiyaları vasitəsilə Xəzər Hərbi Donanmanın müşayiəti ilə 434 mindən artıq insan (hərbçi və mülki), 216 təyyarə, 791 tank, 346 zirehli maşın, 4 mindən çox avtomobil, 222 traktor, 173 mindən çox at, 213 ton döyüş sursatı və başqa mallar daşınmışdır. Ümumilikdə isə müharibənin birinci dövründə Xəzər dənizi vasitəsilə 804 min adam, həmçinin 956 tank, 5427 top, 852 təyyarə, 390 mindən çox at, 6730 avtomobil və digər hərbi əhəmiyyətli mallar daşınmışdır (23, 48). Xəzər Hərbi Donanması cəbhə bölgələrindən yaralıların və xəstələrin daşınmasını da təmin edirdi. Yalnız 1941-1942-ci illərdə Xəzər dənizi vasitəsilə 60 minə yaxın yaralı və xəstə döyüşçü daşınmışdır (20, 55).
Yük və sərnişin axınının Bakı dəniz limanına kütləvi gəlişi liman işçilərinin vaqonlardakı yükləri liman ərazisindəki açıq meydançalara, habelə onun ətrafındakı yerlərə boşaltmağa məcbur olmalarına səbəb olurdu. Elə onu göstərmək kifayətdir ki, müharibənin ilk günlərindən başlayaraq təkcə 1941-ci ilin sonuna qədər, yəni yarım il ərzində Bakı limanı 4 min 500 vaqon köçürülən yük qəbul etmişdi (26, 37).
Yükləmə-yükboşaltma işi bütün sutka ərzində aparılırdı. İşi daha da sürətləndirmək üçün yeni fəhlələr cəlb olunurdu. Bakı və respublika təşkilatları yüklərin, xüsusən də taxılın üstünü örtmək üçün brezent (su keçirməyən parça) yığırdılar. Limanın işini çətinləşdirən şeylərdən biri də köçürülən yüklərin əksəriyyətinin sənədsiz olması idi. Azərbaycan XKS və KP MK bu yüklərin silah və döyüş sursatı məqsədilə istifadə edilməsi üçün müvafiq respublika müəssisələrinə verilməsi haqqında 1941-ci il 5 noyabrda göstəriş verdi. Liman bu qərara əsasən köçürülən yüklər arasında olan yükləmə mexanizmlərini və nəqliyyat vasitələrini (kran, avtomaşınlar, traktor, dartıcı avtomaşınları və s.), həmçinin bu yüklərə nəzarət edən işçilərdən istifadə hüququnu qazandı (26, 35). Köçürülən yüklər arasında döyüş sursatları, silah hissələri, ayrı-ayrı yarımfabrikat məmulatlar, detallar və xüsusi materiallar aşkar olunurdu. Hazır məhsul hərbi hissələrə təhvil verilir, natamam məhsul və xammal isə döyüş sursatları və silah hazırlayan Bakı zavodlarına verilirdi.
Sənaye avadanlıqlarının Bakı dəniz limanına kütləvi gətirilməsi 1941-ci il oktyabrın ortalarından başladı. Dekabrda Bakıdan Krasnovodska Rosselmaş zavodunun 24.500 ton avadanlığını aparmaq lazım idi. Limana birinci gələn yüklər arasında Xarkov motosiklet zavodunun dəzgahları, Novoçerkas dəzgahqayırma zavodunun avadanlığı, Rostov parovoz təmiri zavodunun avadanlığı da var idi.
1941-ci ilin dekabrından başlayaraq işğal olunmuş ərazilərdən köçürülən yüklər və əhalinin daşınması cəbhədə vəziyyətin dəyişməsi ilə əhəmiyyətli dərəcədə ixtisar olundu. 1941-ci ilin dekabrında Moskva ətrafı döyüşlərdə almanları geri çəkilməyə məcbur edən Sovet qoşunları qərb, cənub-qərb və cənub istiqamətlərindən əks-hücuma keçməyə başladılar. Döyüş xəttinin Qafqaz sıra dağlarına qədər gəldiyi Qafqaz döyüşləri günlərində Qafqaz dəmir yol xəttinin şimalla əlaqəsi və Qafqazın ölkənin mərkəzi rayonları ilə əlaqəsi və Qafqaz cəbhəsinin təmin olunması Xəzər dənizi vasitəsilə həyata keçirilməyə başladı.
1942-ci ilin əvvəllərində gərgin iş rejiminə baxmayaraq liman anbarlarında Orta Asiyaya yola salınmalı olan 13 min ton yük yığılıb qalmışdı. Bundan əlavə 13 min ton yük vaqonlardan boşaldılmalı idi. Eyni zamanda dəniz yolu ilə xaricdən idxal edilən müxtəlif təyinatlı məhsulların daşınması üçün 850 vaqon tələb olunurdu (9, 29). 19 min ton işğal olunmuş ərazilərdən köçürülmüş yüklər Krasnovodska göndərilmək üçün yığılıb qalmışdı. Bakı limanında yaranmış ağır vəziyyətdən xəbər tutan DMK 17 yanvar 1942-ci ildə bura yükvurma və yükboşaltma üçün işçi batalyonu (1000 əsgər) göndərdi. Bundan əlavə Azərbaycan Xalq Komissarları Soveti və KP MK Kaspflot və Kasptankerə Bakıdan Krasnovodska adamların və sursatların aparılması üçün gəmilərin dəqiq qrafikinin qurulmasını tələb etdi (3, 29).
1942-ci ilin may ayının sonunda cənub cəbhəsində döyüşlərə bağlı olaraq köçürülmənin ikinci hissəsi başlandı. Rostov, Voronej, Orlov və Stalinqradın sənaye müəssisələrinin köçürülməsi başlandı. 1942-ci ilin yaz-yay döyüşlərinə qızğın hazırlıq silah, hərbi sursat və ərzağın sürətli çatdırılmasını tələb edirdi. Amma gəmilərin tonnajı kifayət etmirdi. İri tonnajlı şalandalar tankları ancaq göyərtələrində apara bilirdilər. Kaspflotun mühəndisi V.A.Xlebnikovun təklifi ilə şalandaların anbarlarının girişləri genişləndirildi və tanklar anbarlarda daşınmağa başlandı. Tank lülələri anbar sahələrindən tam istifadəyə imkan vermirdi. Onda dənizçilər mümkün olan yerlərdən deşiklər açmağa başlayaraq problemi həll etdilər. İndi hər bir şalanda bir reysdə 59 tank apara bilirdi. Tanklar həmçinin “Qazaxıstan”, “Baksovet” kimi iri anbar girişləri olan teploxodlarda da daşınırdı. Gəmilərin yay naviqasiyasının açılması vaxtı Bakıda çoxlu miqdarda neft və duru yanacaq yığılmışdı. Təkcə Azneftkombinatda 6 milyon ton duru yanacaq var idi ki, onun da 4 milyonu torpaq yerlərdə saxlanılır, beləliklə də böyük neft hissəsi itirilir və onun keyfiyyəti də aşağı düşürdü (26, 64-66).
1942-ci il döyüşlərin qızğın vaxtında Donbas və Şimali Qafqazdan ölkənin şərq rayonlarına sənaye müəssisələrinə köçürülməsi Bakı dəniz limanı vasitəsi ilə həyata keçirilirdi. Dəmir yolu ilə daşınan yük Xəzər dənizi vasitəsi ilə əvvəlcə Krasnovodska gətirilir, oradan da şərqə aparılırdı. Bakıya yük ilə dolu qatarlar gəlirdi. Köçürülən əhali və avadanlığın Krasnovodska daşınmasını sürətləndirmək üçün xüsusi körpülər quruldu (16, 50). 1942-ci il aprelin 26-da DMK “1942-ci ildə Bakı və Qroznıdan neft məhsullarının daşınıb aparılması haqqında” yeni qərar qəbul etdi. Bu qərarı yerinə yetirmək üçün Xəzər Neftdaşıma Gəmiçiliyinin (Kasptanker) kollektivi bütün qüvvələri səfərbər etdilər. Onlar yaz gəmiçilik mövsümünün birinci həftəsində bütün çətinlikləri aradan qaldıraraq, cəbhə üçün Həştərxana 37.072 ton yanacaq daşıdılar. DMK-nin qərarı ilə 8 gün ərzində Bakıdan Krasnovodska 25 min ton manqan tozu, 2.5 min ton ferroərinti, 3 min ton sulfat göndərildi. 1942-ci ilin yayında cəbhədə vəziyyətin dəyişməsi yükdaşımanın xarakterinə də təsir etdi. Bakı dəniz limanı cəbhənin neft məhsulları ilə, o cümlədən əsas etibarilə B-76, B-70 aviasiya benzini, avtomobil benzini, liqroin, solyar, neft, dizel yanacağı, avtol, mühərrik nefti, mazutla daha çox təmin etməyə başladı. Dənizdə neft daşınması ənənələrindən başqa, yeni nəqliyyat üsullarından-neftin çəlləklərlə daşınmasından da istifadə olunurdu. Bunun üçün dəniz sahillərinə, birbaşa suya relslər düzülmüşdür. Trosla bağlanmış neft çəlləyi suya salınırdı. Paraxod həmin çəlləkləri yedəyinə alıb, dəniz neft qatarı ilə açıq dənizə çıxarır, hərbi gəmilərin müşayiəti ilə ən qısa yolla Krosnovodsk limanına çatdırılırdı. Orada çəlləklər dəmir yolu ilə Orta Asiya, sonra da cəbhəyə gedirdi (24, 133).
1942-ci il avqust-sentyabr aylarında limanda yığılmış bütün dəmiryol paravozları Bakıdan daşındı. Daha sonra barjlar vasitəsilə yüklə dolu vaqonlar daşınmağa başladı. Bir ay ərzində dörd barjla 25 min ton yük daşındı. Belə yüksək yükdaşıma Xəzər dənizində heç vaxt olmamışdı. 1942-ci ilin avqustunda “Kaspflot”un gəmiləri Bakıdan Krasnovodska 4528 adam, 99 təyyarə, 49 traktor və avtomaşın, 1641 ton müxtəlif təyinatlı yük daşımış(46, 109), əks istiqamətdə onlar 1000 adam, 2650 ton döyüş sursatı, müxtəlif təyinatlı 263 ton yük, 515 at daşımışdılar (17, 171).
1942-ci ilin payızında Qafqaz uğrunda döyüşlər nəqliyyatın nisbətən nizama salınmış ahəngdar işini yenidən xeyli mürəkkəbləşdirdi. Çünki Azərbaycan dəmir yolu cəbhəni yanacaq və döyüş ləvazimatı ilə təchiz edən yeganə xətt idi. Qafqazın müdafiəsi vacib hərbi-siyasi və strateji əhəmiyyətə malik idi. Onun müdafiə işində bütün Qafqaz xalqları kimi Azərbaycan da fəal iştirak edirdi. Qroznı, Maykop, Tuaps, Batumi neftayırma zavodları və Bakı-Batumi neft kəmərinin sökülmüş avadanlığının Xəzər dənizinin o biri sahilinə göndərilməsi ilə əlaqədar elə bir vəziyyət yaranmışdı ki, bu avadanlıqların, habelə sərnişinlərin yola salınmasını nizamlaşdırmaq müəyyən çətinlik yaradırdı. Bu ilk növbədə yükü boşaldılmayan vaqonlarla əlaqədar idi. Yaranmış gərgin vəziyyət üzündən 1942-ci ilin avqust-sentyabr aylarında yükü boşaldılmayan vaqonların sayı müəyyən olunmuş normanı 4 dəfə ötürdü (9, 89).
1942-ci ilin sentyabr və oktyabr ayları ərzində DMK-nin qərarı ilə Bakıdan Krasnovodska 2400 ton rels daşındı (3, 90) 1942-ci il ərzində Kaspflot Bakı limanından cəbhəyə 1250 min ton yük daşınmışdı (1,11). 1941-1942-ci illər ərzində Bakı dəniz limanı vasitəsilə 1 milyon adam, Krasnovodska 14 min vaqon daşındı. 977 vaqon yük Rostselmaş zavodunun, 321 vaqon Krasnıy Aksay, 432 vaqon Bunennov adına, 127 vaqon Krasnıy Kotelşik zavodlarının, 2000 vaqon elektrik stansiyalarının avadanlıqları da köçürülən yüklər arasında idi. Həmçinin Voroşilovqraddan 182 saylı zavodun, Tuapin zavodunun, Bakı – Batumi neft kəmərinin də sökülmüş hissələri bura daxil idi (2, 135). 1942-ci ilin avqust ayından dekabr ayına qədər Kaspflotun gəmiləri Bakı dəniz limanından Həştərxana, Quryev və Krosnovodsk limanlarına Maykop, Qroznı mədənləri və zavodlarından gətirilmiş yüz min tonlarla ağırlığı olan çoxlu avadanlıq, habelə Rostov kənd təsərrüfatı maşınlarının avadanlığını daşımışdı (13, 217).
1942-1943-cü illərdə Kaspflotun gəmiləri ilə əhəmiyyətli sayda piyada və süvari qoşun dəstələri və hərbi texnika dəstələri də daşınmışdı. 1942-ci ilin sentyabrından 1943-cü ilin martına qədər gəmilərlə 17.510 adamla dolu vaqon və hərbi texnika daşınmış və dəmir yoluna çatdırılmışdı. 1943-cü ildə təkcə avtomatlaşdırılmamış gəmilər 433,9 ton yük daşımışdı. Bu da 1940-cı ildən 40 faiz çox idi (2, 137-138).
Müharibə illərində yük vaqonlarının Bakıdan Krasnovodska neft gəmilərinin göyərtələrində getməsi işi də təşkil olundu. 1942-ci ilin yayında, Bakıya yeni köçürülən yüklərin axını zamanı onların arasında daha çox yüklü vaqonlar və paravozlar var idi. SSRİ Dəniz Donanması Xalq Kommisarlığı (DDXK) Kaspflota paravoz və dəmiryolu sisternlərinin, həmçinin yüklü vaqonların Bakıdan Krasnovodska aparılmasını təşkil etməyi tapşırdı.
Dənizçilər heç bir zaman buna oxşar işlə məşğul olmamışdılar. Buna görə də bu tapşırığın yerinə yetirilməsi ciddi hazırlıq tələb edirdi. Partiya təşkilatı bu işdə dənizçilərə yardım etdi. Azərbaycan KP MK-si bu məsələ ilə əlaqədar Kaspflot, Kasptanker, Bakı dəniz limanı və Qafqaz dəmiryollarının mühəndis-texniki işçiləri ilə müzakirə keçirdi. Bu vəzifə Kaspflot və Kaptankerə həvalə olundu. Rekord həddə, qısa bir vaxt ərzində gəmi və şalandalar, həmçinin Bakıdan Krasnovodska gedən bərələr vaqon və paravozların daşınması üçün yenidən təchiz olunmağa, gəmi göyərtələrində rels xətləri qurulmağa başlandı. İş uğurla həyata keçirilirdi. Təkcə 1942-ci ilin avqust ayında 100-dən çox parovoz aparıldı. 1942-ci ilin avqust ayından dekabr ayına qədər Kaspflotun gəmiləri Bakı dəniz limanından Həştərxana, Quryev və Krosnovodsk limanlarına Maykop, Qroznı mədənləri və zavodlarından gətirilmiş yüz min tonlarla ağırlığı olan çoxlu avadanlıq, habelə Rostov kənd təsərrüfatı maşınlarının avadanlığını daşımışdı (15, 217).
1942-ci ilin sentyabrında Bakıya Gürcüstandan manqan filizi və ferroərintilərin kütləvi gətirilməsi başladı. Bu yeni yükün limana qəbulu üçün təcili hazırlıq başladı. 1942-ci il avqust-sentyabr aylarında bütün parovozlar Bakıdan daşındı. Daha sonra barjlarla yüklə dolu vaqonlar daşınmağa başlandı. Bir ay ərzində 4 barjla 25 min ton yük daşındı. Ancaq liman yalnız bərə və üzən doklarla dəmir yolu nəqliyyatı vasitələrini daşımağın öhdəsindən gələ bilmirdi. Orta Asiyada isə dəmiryolu sisternlərinə xüsusi ehtiyac duyulurdu. Lazım olan gəmilər də çatışmırdı. Vəziyyətdən çıxmaq üçün DDXK-nın Mərkəzi Liman idarəsinin rəisi B.Q.Bakayev sisternləri dənizlə üzmə yolu ilə aparılmasını təklif etdi. Əvvəlcə sisternlər üzən kranın köməyi ilə suya salınırdı, amma sonra B.Q.Bakayev dəmir yolu xətti ilə birləşən stabel-ellinq sxemi hazırladı. Sxem tam hazırlanmamış Bakıdəniz limanı onun tikintisinə başladı (26, 105). Qeyd edək ki, V.Q.Bakayev Bakı dəniz limanında kütləvi şəkildə yığılmış hərbi və təsərrüfat əhəmiyyətli yüklərin, evakuasiya edilən əhalinin göndərilməsinin təşkil edilməsi üçün DDXK tərəfindən göndərilmişdi (25, 72).
Yükdaşımaların nizama salınması üçün Azərbaycan XKS və KP MK Kaspflot və Kasptankerə Bakıdan Krasnovodska adamların və sursatların aparılması üçün gəmilərin dəqiq qrafikinin qurulmasını tələb etdi (6, 29). 1942-ci ilin oktyabrından 1943-cü ilin martına qədər Kasptankerin gəmiləri 145 min döyüşçü və döyüş texnikası və atlarla dolu 6 min vaqon daşımışdı (2, 196). DMK Bakı dəniz limanında işlərin yaxşı təşkilinin böyük hərbi-təsərrüfat əhəmiyyətini nəzərə alaraq, 1942-ci ilin yazında ora öz xüsusi səlahiyyətli nümayəndəsini göndərdi. Azərbaycan KP MK və Azərbaycan SSR XKS nəzdində əhalinin və yüklərin köçürülməsi işi ilə məşğul olan daimi komissiya təşkil edildi. Sərnişin daşınması sürətlə davam edirdi. Köçürülən əhali üçün Bakıda xüsusi köçürmə məntəqələri təşkil edildi. Bakı şəhər partiya, sovet və ictimai təşkilatları qısa müddət ərzində köçürülən əhalini ərzaqla və müvəqqəti sığınacaqla təmin edir, onlara tibb xidməti göstərirdilər. Təkcə, 1942-ci ilin payızında Xəzər dənizçiləri müxtəlif yük gəmilərinə Bakıdan Krasnovosdka 636.800 adam daşımışdılar (14, 127).
1942-ci ildə dəniz vasitəsilə yük daşınması artdığı zaman Xəzər dənizçiləri teploxodlara yedək karvanları qoşmağa başladılar. Təkcə “Türkmənistan” teploxodunun kollektivi 20-dən çox yedək gəmi karvanı aparmışdı. Hərbi texnika və ağır yüklərin daşınması üçün qabaqcıl mühəndis və dənizçilərin təşəbbüsü ilə ağır yüklərin bərə vasitəsilə daşınmasına başlandı. Bu da iş vaxtına çox qənaət etməyə imkan verirdi. Belə ki, Krasnovodska ağır yüklər aparılır, oradan isə hərbi sursatla dolu vaqonlar bərə ilə Bakıya gətirilirdi.
1942-ci ilin sonunda Stalinqrad qələbəsi nəqliyyatın işinin yenidən qurulmasına böyük təsir göstərdi. 1942-ci ildə Xəzər dənizi vasitəsilə cəbhəyə 1,5 milyon, 1943-cü ildə isə 1,6 milyon ton neft daşınmışdır (22, 107).
1942-ci il yük axının limana ən çox daxil olduğu dövrdür. 1942-ci ildə Xəzər dənizçiləri cəbhə və ölkə üçün 1.496.000 ton neft və neft məhsulları daşıdılar. Həmin ildə onlar təkcə neftdaşıyan gəmilərdə 145 min döyüşçü və 6000 vaqon hərbi texnika daşımışdılar. Sovet ordusu hissələrinin Qafqaza əks hücumu ərəfəsində qısa müddətdə Bakıdan cəbhəyə 17.510 vaqon hərbi texnika, sursat və ləvazimat göndərilmişdi (7, 60).
Müharibənin ilk iki ili ərzində Bakı dəniz limanından ölkənin başqa yerlərindən köçürülmüş 29000 vaqon yük yola salınmışdı. Bakı dəniz limanı 1942-ci ildə planı 113,4 faiz yerinə yetirmişdi. Kasptankerin gəmiləri vasitəsi ilə təyyarə benzininin daşınması 1941-ci ilə nisbətən 1942-ci ildə orta hesabla ayda 39 min ton artmışdı. Kaspflotun dənizçiləri 1942-ci ilin avqust ayından noyabr ayınadək plandan əlavə 486.290 ton yük daşıyaraq vaxta 350 gün qənaət etmişdilər (13, 214).
17 yanvar 1943-cü ildə Azərbaycan KP MK DMK-dən əhalinin Zaqafqaziya və Krasnovodskdan köçürülməsini dayandırılması barədə əmr aldı. Bakıdan əhalinin işğalçılardan azad olunmuş torpaqlara yenidən qaytarılması başladı. DMK göstərişinə əsasən 1943-cü ilin yanvar ayının ikinci yarısından müharibənin ilk vaxtlarında ölkənin şərq rayonlarına köçürülmüş müəssisələrin avadanlığının və əhalinin yenidən öz əvvəlki yerinə qaytarılmasına başlandı. İşğal olunmuş rayonlar azad olduqca, dəmir və dəniz yolu nəqliyyatının ümumi yük dövriyyəsində xalq təsərrüfatının müxtəlif sahələrinin bərpası üçün nəzərdə tutulmuş yüklərin xüsusi çəkisi artırdı (9, 22). Krasnovodskdan Bakıya geri köçürülmə zamanı 3000 traktor, 2700 kotan, 450 toxumsəpən maşın, 300 avtomoşın və kombaynlar köçürüldü (5, 32).
Qeyd etmək lazımdır ki, 1941-ci ilin iyulundan 1945-ci ilin mayına qədər Xəzər dənizi vasitəsilə Kasptanker Qızıl Orduya 4.2 milyon ton yanacaq daşımışdı ki, onun da 38 faizini aviabenzin təşkil edirdi. 1942-ci ildən 1945-ci ilin mayına qədər Kaspflotun gəmiləri İran limanlarından 2.8 milyon ton idxal yükləri gətirmişdi (5, 24).
II dünya müharibəsi illərində Bakı dəniz limanı hərbi və strateji xarakterli vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmişdi. Müharibənin tələblərinə uyğun iş qrafikində kəskin dəyişikliklər edilən limandan çox böyük miqyasda yükdaşımalar həyata keçirilmiş, liman beynəlxalq tranzit dəhlizinə çevrilmişdi. İşğal olunmuş torpaqlardan əhali ölkənin şərq rayonlarına köçürülmüş və sonradan geri qaytarılması da liman vasitəsilə həyata keçirilmişdi. Bakı dəniz limanı vasitəsilə cəbhənin hərbi əhəmiyyətli yüklər və döyüş sursatları ilə vaxtında təmin edilməsi qələbənin əldə olunmasında həyati əhəmiyyət daşımışdır. Təsadüfi deyildi ki, arxa cəbhənin qəhrəman şəhəri olan neft Bakısının rolunu yüksək qiymətləndirən N.Voznesenskiy “SSRİ-nin hərbi iqtisadiyyatı Böyük Vətən müharibəsi dövründə” kitabında yazmışdı: Bakı cəbhəni və xalq təsərrüfatını fasiləsiz neft məhsulları ilə təchiz etmiş, yerdə və səmada yüz minlərlə motoru hərəkətə gətirmişdir (21, 54).
Ədəbiyyat siyahısı
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi : fond 1, siyahı 169, iş 116, 1943
- yenə orada: fond 1, siyahı 280, iş 4, 1943
- yenə orada : fond 1, siyahı 313 iş 92 1942.
- yenə orada : fond 1, siyahı 313, iş 100, 1942.
- yenə orada : fond 1, siyahı 313, iş 129 , 1943.
- yenə orada : fond 17, siyahı 1, iş 10, 1942.
- yenə orada : fond 31, siyahı 2, iş 1006, 1942.
- yenə orada : fond 109, siyahı 3, iş 47, 1941.
- Azərbaycan SSR-nin Xalq Təsərrüfatı Böyük Vətən Müharibəsi illərində. Bakı, 1985,
- Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanları və Azərbaycan SSR hökuməti qərarlarının Xronoloji külliyyatı. II cild 1936-1945, Bakı,1978
- Cəfərov İ. Xəzər dəniz nəqliyyatı Sovet hakimiyyətinin yetirməsidir. Bakı,1971.
- Əbdülsəlimzadə Q.Y. Azərbaycan iqtisadiyyatı Böyük Vətən Müharibəsi illərində. Bakı, 1985.
- İmanquliyev N. Zəhmətkeşlərin əmək qəhrəmanlığı uğrunda. Bakı, 1967.
- Mədətov Q. Azərbaycan Böyük Vətən Müharibəsində. Bakı,1965.
- Orucov Ş.O. , Əliyev A.M. Azərbaycan Nəqliyyatı Sovet hakimiyyəti illərində. Bakı,1980.
- Piriyeva A. Böyük Vətən Müharibəsi Dövründə Azərbaycan xalqının cəbhə ilə arxanın birliyi uğrunda mübarizəsi. Tarix elmləri namizədi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya, Bakı, 1996.
- Аббасов М.Г. Баку в годы Великой Отечественной войны. Баку, 1967.
- Азербайджанская ССР в период Великой Отечественной войны (1941-1945 гг.). СБ.документов и материалов в двух томах т.2.Баку, 1977.
- Беляева В.А. Трудовой героизм рабочих Азярбайджана в годы Великой Отечественной войны (1941-1945 гг.), Баку, 1957.
- Буниятов З.М., Зейналов Р.Э. От Кавказа до Берлина. Баку, 1990.
- Вознесенский Н. Военная экономика ССCР в период Великой Отечественной войны. М., 1947.
- История Второй Мировой войны.1939-1945. XII том. Том М., 1975.
- Кадурин Н.Защита Каспийской флотилией морских перевозок . Военно-исторический журнал, 1978, №4
- Маковский А.А, Радченко Б.М. Каспийская Кроснознаменная. М., 1982.
- Морской транспорт СССР. М.,1984.
- Советская экономика в период великой отечественной войны. М., 1970.
- Эдлинский С.Ф.Каспийский транспортный флот в великой отечественной войне Советского Союза 1941-1945 гг. М., 1963.
Günay Hüseyn
tarix üzrə fəlsəfə doktoru
Fotoşəkil “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” kitabından götürülüb.