Böyük Vətən müharibəsi illərində ədəbiyyatın və incəsənətin əhəmiyyəti və rolu son dərəcə artmışdı.
Müharibə bədii yaradıcı ziyallılardan və sənət ustalarından Vətən uğrunda fədakarcasına işləmək, vuruşmaq, qəhrəmanlıq, igidlik, rəşadət nümunələri göstərmək kimi gözəl keyfiyyətlərini tərənnüm edən əsərlər yaradılmasını tələb edirdi. Dinc dövrdən fərqli olaraq müharibə getdiyi bir vaxtda hərbçilərdə vətənpərvərlik hisslərini daha da gücləndirilməsi mütləq idi.
Elə buna görə də müharibənin ilk günlərindən başlayaraq ədəbiyyatımız və incəsənətimiz xalq kütlələrinin mənəvi qüdrətini möhkəmləndirib səfərbərliyə almaq üçün güclü bir vasitəyə çevrilmişdi. Müharibə illərində vətənpərvərlik mövzusu daima ədəbiyyat və incəsənətdə əsas mövzu kimi səslənmişdi.
İncəsənət xadimlərimiz düşmənə öldürücü zərbə vurmaq, döyüşçülərimizi qələbə marşı və qələbə mahnısı ilə döyüşə ruhlandırmaq üçün hər cür şəraitdə – arxada, cəbhədə, səngərlərdə çıxış edirdilər. Onlar əzmlə bildirirdilər ki, Biz təkcə incəsənət silahı ilə çıxış etməyəcək, xalq könülləri sıralarına gedəcək, düşmənlə hər cür silahla vuruşacaq və onu məhv edəcəyik.
Böyük müharibə illərində hərbçi kadrların tərbiyəsində ümumdünya-tarixi mübarizəsinə respublika ədəbiyyat və incəsənət işçilərinin köməyi böyük olmuşdur.
Müharibə illərində Azərbaycan yazıçılarının 40 nəfərdən artıq böyük bir dəstəsi siyasi iş və hərbi mətbuat işçiləri kimi cəbhəyə getmişdi. Faşist işğalçıları ilə döyüşlərdə yazıçılardan Hüseyn Natiq, Ənvər Qazıyev və başqaları qəhrəmancasına həlak olmuşdular. Cəbhəçi yazıçılar ölkəmizdə olan bütün xalqların yazıçıları ilə birlikdə, çiyin-çiyinə döyüşür və öz əsərləri ilə əsgərlərin şüur və qəlbinə təsir göstərir, düşmənə qarşı onların nifrətini artırırdılar. Düşmənə qələbə çalmaq üçün ən əvvəl ona nifrət etməyi öyrənmək lazımdır.
Müharibənin birinci günündən başlayaraq ədəbiyyatın kütləvi növü olan şeirlər, oçerklər və publisist məqalələr döyüşə başladı. Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Rəsul Rza, Zeynal Xəlil, Osman Sarıvəlli, Əhməd Cəmil və başqa şairlərin mübariz misraları ilk ordu hissələrimizlə bərabər döyüşürdü. S.Vurğunun ağır döyüşlərə çağırış kimi səslənən və qələbəyə dərin inam aşılayan «Vətən keşiyində» və «Ananın öyüdü» şeirləri müharibənin birinci günündə yarandı, ertəsi gün isə dillər əzbəri olan «Şəfqət bacısı» çap edildi. M.Rahim «Faşizm bir çumadır, məhv edək bu azarı», – deyə mübariz şeirlərini bir-birinin ardınca yazmağa başladı.
1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan ədəbiyyatının ideya məzmunu zənginləşdirən yaradıcılıq problemlərindən biri də xalqların sarsılmaz dostluğunu, Vətənin azadlıq və səadəti uğrunda onların birgə mübarizəsini tərənnüm etmək idi. Yazıçılarımız Vətəni tərənnnüm edərkən yalnız özünün mənsub olduğu yurdu, diyarı, daha doğrusu, təkcə Sovet Azərbaycanını nəzərdə tutmurdular [1, s. 468].
Publisist məqalələr, oçerk və hekayələr müharibə dövrünün zəruri tələblərindən doğaraq zəhmətkeş kütlələrinin şüuruna təsir göstərir, onlarda faşizmə nifrət, Vətənə məhəbbət və qələbəyə inam hisslərini artırırdı.
Publisist məqalələrdən danışarkən Səməd Vurğunun «Faşizm dünya mədəniyyətinin düşmənidir», M.Arifin «Faşizm məhv ediləcək», «Vətən eşqi», «Nə üçün faşistlər Heyneni sevmirlər», «Napoleonun xəyalı» və başqalarını, Cəfər Cəfərovun «Gözümlə gördüyüm nemes», «Tilsim», «Germaniya geriyə, Germaniya çəkil», Məmməd Cəfər Cəfərovun «Qələbə bizimdir», Mehdi Hüseynin «Faşizm və mədəniyyət», Mikayıl Rəfilinin «Tarixin ibrət dərsi» məqalələrini qeyd etmək lazımdır.
Müharibə illərində bədii ədəbiyyatın oçerk və hekayə janrı da qüvvətlə səslənir, düşmənin yırtıcı təbiətini ifşa edirdi və hərbçi kadrların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayırdı. Demək olar ki, hər gün mətbuat səhifələrində S.Rəhimovun, Mir Cəlalın, Ənvər Məmmədxanlının, M.Hüseynin, Əli Vəliyevin şanlı ordumuzun misilsiz rəşadət və mərdliyini bədii boyalarla əks etdirən, düşmənə nifrət etməyi öyrədən hekayə və oçerkləri dərc edilirdi. Mir Cəlalın «Anaların üsyanı», «Baldan əvvəl», «Odlu mahnılar», S.Rəhimovun «Torpağın səsi», «Nataliya», M.Hüseynin «Çiçəklər», «Qanlı sular», Ə.Əbülhəsənin «Sahildə», Ənvər Məmmədxanlının «Buz heykəl», Əli Vəliyevin «Bala dağı» kimi hekayələri qanlı faşist işğalçılarına qarşı nifrət oyadan təsirli, real həyat həqiqətləri əsasında yazılan əsərlər idi [2].
Qələbəyə sarsılmaz inam ruhunda yazılan bu əsərlər ayrı-ayrı faktlar əsasında, bəzən ümumiləşdirilmiş şəkildə olsa da, faşist ideologiyasının iç üzünü açmaqda, arxa və ön cəbhədə xalqı qəhrəmanlıqlara ruhlandımaqda mühüm rol oynayırdı. Bütün bunlar müharibənin hələ ilk illərində dövlətin çağırışına cavab olaraq Azərbaycan şair və yazıçılarının öz yaradıcılıq səylərini necə artırdıqlarını aydın göstərirdi.
Müharibə illərində Azərbaycan Yazıçılar İttifaqına başçılıq edən Səməd Vurğunun coşqun yaradıcılıq fəaliyyəti bütün yazıçılar üçün nümunə idi. Şair həmin dövrdə 50 şeir, 2 poema, 3 mənzum dram, 7 nəğmə və 14 elmi-publisist məqalə yazmışdı [3].
Mübariz şair böyük sənətkarlıqla yazıb-yaratdığı əsərlərində Azadlıq və səadət keşiyində duran insanlığı əbədi bir quruluşa aparan, yer kürəsindən günahsız qanları, vaxtsız ölümləri birdəfəlik aradan qaldırmaq istəyən həyat eşqi, vicdan və qəlb günəşi olan Vətənə hücum edən Hitler faşistlərinə qarşı xalqımızın mübarizəsinin yüksək bədii ifadəsini verir, cəbhələrdə mərdliklə vuruşan döyüşçülərimizi, arxada namusla çalışan zəhmətkeşləri hünər, rəşadət və qəhrəmanlıq nümunələri göstərməyə çağırırdı.
Müharibə illərində Yazıçılar İttifaqı tərəfindən görülən tədbirlər də Azərbaycan ədəbiyyatına, şair və ədiblərimizin yaradıcılıq səylərinə istiqamətləndirici təsir göstərirdi. Bu cəhətdən Yazıçılar İttifaqı Rəyasət Heyətinin 1942-ci ilin yanvar ayındakı iclası səciyyəvidir. Burada A.Fadeyevin «Sovet yazıçıları Böyük Vətən müharibəsi günlərində» məruzəsi və Azərbaycan ədəbiyyatı haqqında S.Vurğunun çıxışı dinlənilmişdi. Eləcə də həmin ilin noyabrında və 1943-cü ilin sentyabrında Moskvada keçirilən Azərbaycan poeziyası gecələrini qeyd etmək olar. A.Fadeyevin giriş sözü ilə açılan həmin gecələrdə Səməd Vurğun «Şerimiz Vətən müharibəsi günlərində» məruzəsi ilə çıxış etmişdi [2, s.83].
Azərbaycan yazıçıları tez-tez cəbhələrə gedir, cəbhəçilərlə sıx əlaqə saxlayır, cəbhədən gələn döyüşçülərlə görüşlər təşkil edirdilər. Bu da bir-biri ilə dialektikcəsinə əlaqədar olan iki müsbət nəticə verirdi. Bir tərəfdən yazıçılar döyüşçülərlə görüşür, öz çıxışları ilə, öz əsərlərini oxumaqla onların Vətənə, xalqa, dərin məhəbbət ruhunda tərbiyəsinə kömək edir, onları yeni qəhrəmanlıqlara ruhlandırır, digər tərəfdən isə yazıçılar ordu həyatını öyrənir, döyüşçülərin vətənpərvərliyini və igidliyini görürdülər, bir sözlə, yazıçıların cəbhə həyatı və döyüşçülər haqqında təsəvvürü artıb genişlənirdi. Elə buna görə də S.Vurğun yazıçıların cəbhəçilərlə görüşünü «ilham mənbəyi» kimi qiymətləndirirdi.
Müharibə dövrünün gərgin və çətin şəraitinə baxmayaraq, ədəbiyyat və incəsənətin müharibə dövründə əhəmiyyətini nəzərə alan Azərbaycan höküməti daim yaradıcı ziyalıların qayğısına qalırdı. 1942-ci ilin yanvarında Yazıçılar İttifaqının Naxçıvan, Xankəndi, Gəncə və Şəki filialları bərpa edilmişdi. Onlar öz işlərini daha da genişləndirmişdilər.
Müharibə illərində Yazıçılar İttifaqı rus və Azərbaycan ədəbiyyatı klassiklərinin yubileylərini qeyd edir, onların əsərlərini geniş kütlələr arasında yaymaq üçün bir sıra tədbirlər görürdü.
Məlum olduğu kimi, o dövrdə dövlət və hökümət tərəfindən Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyini keçirmək üçün geniş tədbirlər həyata keçirilməsi qərara alınmışdı. Əslində dövlət orqanları Nizaminin yubileyini ölkənin şərqdəki siyasətinin tərkib hissəsi kimi qiymətləndirirdi [3, 4 may 1944-cü il].
Azərbaycan rəssamları və heykəltəraşları müharibənin ilk günündən öz sənət əsərləri ilə xalqın bütün qüvvələrini səfərbərliyə almaq işinə yardım göstərmişdilər. Düşmənə qarşı ümumi mübarizədə ölkənin bütün təsviri sənət ustaları arasında Azərbaycan rəssamlarının da payı az deyildi.
Respublikanın 20-dən artıq rəssamı ordu sıralarına getmişdi. Onların çoxu bilavasitə döyüşən ordu sıralarında vuruşmuşdu. Adı qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Mehdi Hüseynzadə, Leninqrad cəbhəsində döyüşən Qafar Seyfullayev, Krım cəbhəsində vuruşan Həsən Haqverdiyev və başqaları belə döyüşçü rəssamlar idilər.
Ədəbiyyatda kiçik janrlar, publisist məqalələr, şeir və oçerk olduğu kimi, təsviri sənətdə də onun kütləvi janrlarından olan plakat və satirik qrafika əsərləri müharibənin ilk dövrlərində rəssamların yaradıcılığında başlıca yer tuturdu. Ona görə də, respublikanın görkəmli rəssamlarının, xüsusən Əzim Əzimzadənin təşəbbüsü ilə müharibənin ilk günlərindən başlayaraq «Agitpəncərə» adlanan satirik plakatlar, bir azdan sonra «Döyüşən karandaş» satirik vərəqələri yaradılmağa başlandı [4, s.234].
Müharibə illərində qrafik əsərlərlə birlikdə rəngkarlıq sahəsində də müəyyən irəliləyiş nəzərə çarpırdı, Salam Salamzadənin, İ.Rıjenkovun, Səttar Bəhlulzadənin, Tağı Tağızadənin, Sadıq Şərəfzadənin, A.Saxanovun, Lətif Feyzullayevin, Böyükağa Mirzəzadənin, Əlibala Kazımovun, Mikayıl Abdullayevin, Baba Əliyevin, Kamil Xanlarovun və başqalarının yeni-yeni əsərləri diqqəti cəlb edirdi [4, s. 234].
Böyük Vətən müharibəsi illərində respublikanın heykəltəraşları da yaradıcılıq uğurlar qazandılar. Həmin illərdə P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı, Q.Əhmədov, Z.Məmmədova, Böyük Vətən müharibəsi qəhrəmanlarının portret və heykəllərini yaratmaq kimi nəcib sahədə daha çox işləyirdilər. Vətən müharibəsi qəhrəmanlarından Kamal Qasımovun, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Adil Quliyevin, İdris Süleymanovun, Xıdır Mustafayevin və başqalarının 1942-1945-ci illərdə yaradılmış büstləri Azərbaycan portret heykəltəraşlığının inkişafı sahəsində əhəmiyyətli rol oynamışdı [4, s.235].
Bütün ziyalılar kimi musiqi xadimləri də ümumxalq mübarizəsinə qoşuldular. Bəstəkarların və musiqi ifaçılarının düşmənə qarşı çevirdikləri silah simfoniyalardan, marşlardan və hər şeydən əvvəl döyüşçülərin ayrılmaz dostu olan mahnılardan ibarət idi. Vətənin müharibəyə səsləyən vətənpərvərlik mahnıları ölkənin hər tərəfindən eşidilməkdə idi.
Azərbaycan Bəstəkarlar İttifaqı gəncliyinə və üzvlərinin nisbətən az olmasına baxmayaraq, müharibə zamanı yaradıcılıq sahəsində və yeni əsərlərin ifası və təbliği sahəsində böyük iş görürdü. Təkcə onu qeyd etmək kifayətdir ki, respublika bəstəkarları müharibə dövründə müxtəlif janrlarda 400-dən çox musiqi əsəri bəstələmişdilər.
Bəstəkarlardan Əfrasiyab Bədəlbəyli, Niyazi Tağızadə, Boris Zedman, Səid Rüstəmov, Ağabacı Rzayeva və başqaları müharibə illərində çox məhsuldar işləyib, gözəl əsərlər yaratmışdılar.
O zaman hələ Moskva konservatoriyasının tələbələri olan Qara Qarayev və Cövdət Hacıyev simfoniyalar və simfonik suitalarla yanaşı, böyük musiqi janrı opera da yazmışdılar. Qara Qarayev ilə Cövdət Hacıyevin birlikdə bəstələdikləri «Vətən» operasında faşist işğalçılarına qarşı mübarizə aparan döyüşçülərimizin misilsiz qəhrəmanlıqları tərənnüm edilir. «Vətən» operası ölkədə Böyük Vətən müharibəsi döyüşçülərinin qəhrəmanlığına həsr olunmuş ilk opera idi. Qara Qarayev və Cövdət Hacıyev 1946-cı ildə bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdülər və bu əsər hərbçi kadrların vətənpərvərlik tərbiyəsində böyük rol oynamışdı [2, s. 86-87].
Üzeyir Hacıbəyov, Respublika Bəstəkarlar ittifaqının sədri kimi ittifaqın bütün işinə istiqamət verirdi. Respublikada musiqi sahəsində elə bir tədbir olmurdu ki, bəstəkar onda yaxından iştirak etməsin. Onun qaynar fəaliyyətini təsəvvürə gətirmək üçün təkcə bunu göstərmək kifayətdir ki, həmin illərdə geniş musiqi ictimaiyyətinin iştirakı ilə Bəstəkarlar İttifaqının idarə heyətində 192 musiqi əsəri dinlənilib müzakirə olunmuşdu. Bunların çoxu gənc bəstəkarların əsərləri idi. 60 əsər isə hələ Bəstəkarlar İttifaqının üzvi olmayan, ittifaqın yanında yaradılmış gənclər bölməsində iştirak edən istedadlı gənclər tərəfindən yazılmışdı [2, s.87].
Gənc bəstəkarlardan Qara Qarayevin, Cövdət Hacıyevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əşrəf Abbasovun və Vətənimizin azadlığı uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş Məmməd İsrafilzadənin müharibə illərində yazılan 8 simfonik əsəri, Ü.Hacıbəyovun, Səid Rüstəmovun, gənc bəstəkar Şəfiqə Axundovanın, Ağabacı Rzayevanın və Ədilə Hüseynzadənin bir sıra mahnı və marşları ifa edilmişdi.
O zaman bir çox bəstəkar və musiqiçilər də düşmənlə vuruşmaq üçün cəbhəyə yollanmışdılar. Fikrət Əmirov özü konservatoriyanın 3-cü kursundan cəbhəyə getmiş, lakin yararlanaraq ağır cərrahiyə əməliyyatı keçirmişdi. Bundan sonra vuruşa bilməyən F.Əmirov Bakıya qayıdaraq təhsilini davam etdirmişdi.
Müharibə başlanan kimi teatrların repertuarları da müharibənin tələblərini ödəmək və qəhrəmanlıq və döyüş hisslərini əks etdirmək məqsədilə dəyişməyə başladı. Nəticədə bu axtarışlar vətənpərvərlik, antifaşist mövzularında bir sıra yeni tamaşalar yaranmasına səbəb oldu. 1942-ci ildə demək olar ki, dram teatrlarının repertuarlarını, əsasən müharibənin tələblərinə cavab verən tamaşalar təşkil edirdi. Azərpbaycan dram teartrının 1942-ci il repertuarında «Madrid», «Aslan yatağı», «Vətən oğlu», «Qaçaq Nəbi», «Dumanlı Təbriz», “Nizami” tamaşaları vardı. Bu tamaşalardan sonra bir-birinin ardınca Rəsul Rzanın «Vəfa», S.Axundovun «Çətin dərə», «Qayğı», M.Hüseynin və İ.Əfəndiyevin «İntizar», S.Vurğunun «İnsan», Mir Cəlalın «Mirzə Xəyal», tarixi qəhrəmanlıq pyeslərindən isə S.Vurğunun «Fərhad və Şirin» və Z.Xəlinin «Qatır Məmməd» pyesləri teatrlar tərəfindən tamaşaya qoyulmuşdu. Bundan başqa rus dramaturgiyasından müharibəyə həsr edilmiş pyesləri – K.Simonovun «Məni gözlə» pyesi, «Sərkərdə Suvorov», Korineyçukun «Cəbhə», Midivanin «Batalyon qərbə gedir» və bir sıra başqa pyeslər repertuara salınmışdı.
Beləliklə, göründüyü kimi Böyük Vətən müharibəsi illərində Azərbaycan bədii-yaradıcı ziyalıları hərbçi kadrların vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdılar.
Ədəbiyyat siyahısı
1. Azərbaycan sovet ədəbiyyatı tarixi, 1-ci cild, səh.468.
2. Audit. Bakı Biznes Universiteti., 2007, № 3-4.
3. Ədəbiyyat» qəzeti, 1942-ci il, 9 mart.
4. Искусство Азербайджана, 4-cü cild, səh. 234.
Nigar Axundova
tarix üzrə fəlsəfə doktoru
Fotoşəkillər Trend və Semedvurgun.dream-test.com saytlarından götürülüb.