İkili maraqlar bir nöqtədə – Azərbaycanda üst-üstə düşür
II Yazı
Uşaqlıqdan eşitmişdim ki, 1918-ci ildə Ermənilər Azərbaycanlıları qırıblar-özü də yüz cür işgəncə və müsibətlərə məruz qoymaqla. İnsanların kürəyinə qaynar samovar bağlayıb, borulara yığıb hər iki tərəfini qaynaq eləyiblər və sair. Onu da eşitmişdim ki, nənələr, babalar danışırdılar ki, erməni-müsəlman məsələsi yalnız 1905, 1918-ci illə bitmirdi, nə də o illərdən başlamırdı. Bunun tarixi kökləri var. Mənə çox uzaq keçmiş, nağıl, əfsanə kimi gəlirdi bunlar. Uzun illər Sovet imperializminin ideologiyası başımızın altına nazbalış qoyub tariximizdən uzaqlaşdırıb bizi. Dostumuzla düşmənimizi ayırd edə bilməmişik. Düşmənsə dayanmayıb, zaman-zaman öz məkrli siyasətini həyata keçirib, bizə tələ qurub, dost kimi yanaşıb, düşmənçiliyindən qalmayıb. Bu, bu günün, dünənin məsələsi deyil. Bəlkə də dinlər, millətlər yaranandan erməni ilə müsəlman arasında belə bir münaqişənin özülü qoyulub. Bu, həm erməninin özünə, həm də münaqişənin özülünü qoyan imperialistə, onların hər ikisinin maraqlarına xidmət edirdi.
Mənim mülahizələrim deyil bunlar, zamanın, tarixin ortaya qoyduğu həqiqətlərdir. Ona görə də mövzunu tarixçi ilə davam etdirmək istədim. Tarixin həqiqətləri tarixçi alim Xəlyəddin Xəlilovun dilindən səslənir. Tarix araşdırmaçısı da faktlarla sübut edir ki, soyqırım 1905-ci ildən, ondan bir qədər əvvəldən deyil, çox qədim keçmişdən özülü qoyulan məsələdir. I Pyotrun dövründən: “ 1905-ci il- Azərbaycanda erməni-müsəlman davası heç də Ermənistan-Azərbaycan məsələsi deyildi, bunun arxasında xristian-müsəlman pərdəsi arxasında Avropanın geopolitik siyasəti gizlənirdi. Əvvəla, dinimiz olduğu üçün mən bunu müdafiə etmirəm, çünki Avropada müsəlmançılığı çox gözəl bilirlər və onu da bilirlər ki, islam terroru qadağan edir. Bu Avropanın qeyri-səmimi siyasətidir ki, müsəlmançılığı terrorla bağlayırlar, bu əsil siyasətin pərdələnməsidir”.
Tarixçi terror məsələsini elə-belə söz gəlişi demir. Bütün dünyaya bəllidir ki, Avropa, Qərb, xristian siyasətçilər islamın adını terrorla ləkələməklə öz siyasətlərini pərdələmək məqsədi daşıyırlar. Xəlyəddin Xəlilov bu səbəbdən terror və islam mövzusuna toxundu. Soyqırım həm də böyük bir məsləki-dini ləkələyib, dünyaya onu terrorçu kimi tanıtdırmaqdır. Görək, Xəlyəddin müəllim sonra nə deyir: “XI əsrdə Avropanın 14 əsr gedən Səlib yürüşlərini səlcuq türkləri dəf etdi, lakin bu məsələ dayanmadan şişirdilirdi. Avropa buna həmişə dini don geyindirirdi, geopolitik siyasət idi. Nəhayət, XVIII əsrdə artıq Avropada kapitalizm münasibətləri formalaşanda bu məsələ yenidən diqqəti çəkdi. Avropa dövlətləri hər biri, ayrılıqda – İngiltərə, Fransa, İspaniya, Portiqaliya hərəsi bir ölkəni tutmaq istəyirdilər. Birlik siyasəti yox idi. Şərqdə müstəmləkə siyasətində maraqları toqquşurdu. XVIII əsrdə Avropada Şərq məsələsi adlanan bir məsələ çıxdı ortaya. Şərqə münasibətinin iki tərəfi vardı. Avropanın şərqə gedən yolunu açmaq və bütövlükdə şərqi istila etmək. Şərq məsələsi altında Osmanlı və Səfəvi dövlətini silmək istəyirdilər, çünki Avropa xristian dövlətlərinin şərqi istilasının qarşısında duran bu iki dövlət idi. Dəfələrlə Səfəvi və Osmanlıları toqquşdurdular. Ən nəhayət, Şərq məsələsini erməni məsələsi kimi formalaşdırdılar. Səfəvi dövlətinin xarici işlər siyasətində işləyən Mirzə Səfər vardı, onun fəaliyyəti nəticəsində Şərq məsələsi erməni məsələsinə çevrildi. Yəni bunu həmin adam öz üzərinə götürdü ki, siz bizə Şərqdə bir dövlət yaradacaqsınız, biz də sizə Şərqi istila etməkdə köməklik göstərəcəyik. Mirzə Səfərin Avropa səyahətindən sonra belə danışıqlar getdi. Pyotrun sarayına yol saldı. Arxasınca daha bir erməni diplomatı Pyotrun sarayına yol açdı. Artıq Şərq məsələsinə erməni məsələsi kimi, xristianların guya müsəlmanlardan müdafiəsi məsələsi kimi baxıldı. Pyotr artıq emənilərə cavab verdi ki, Səfəvi, Türkiyə ərazilərində erməni dövləti yaradacaq. Ermənilər demək olar ki, Rus siyasətini öz mənafelərinə tabe etdilər. Rusiya bu siyasətə belə yönəm verdi, Qarabağda Albanların xristian türk dövləti yaratmaq siyasətini ortaya atdı.”
Deməli, erməni-müsəlman davası, əslində imperialistlərin marağına xidmət göstərmək üçün ortaya atılıb. Özü də hələ ilk dəfə I Pyotrun vaxtında. Üstəlik qərbin, imperialistlərin maraqları bu məsələdə ermənilərin Azərbaycana ərazi iddiası ilə üst-üstə düşür və bu səbəbdən ikili maraqlar bir nöqtədə birləşir, nəticə isə illərdir göz qabağındadır…
Ardı var…