“Azərbaycanın bütün regionlarında quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişafı buna imkan verir. Dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edib. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır. Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı binanın açılışını etdik. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Bu onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 39-cu cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2009-cu il ilin noyabrında Goranboyda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında deyib.
Çoxcildliyin bu nəşrində yer alan materiallar 2009-cu ilin noyabrından 2010-cu ilin fevralınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısı İlham Əliyevin Rusiya, Almaniya, Fransa və İsveçrəyə rəsmi və işgüzar səfərləri zamanı, həmçinin Davos İqtisadi Forumunda görüşdüyü dövlət və hökumət başçıları ilə ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişafına dair danışıqları, enerji və qeyri-neft sektoru sahəsində imzalanan müqavilələr barədə materiallar toplanıb.
Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Kitabın bu cildində dövlətimizin başçısının mütəmadi olaraq bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi istiqamətində görülən işlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallara geniş yer ayrılıb. Prezident İlham Əliyevin ölkəmizə səfərə gələn mədəniyyət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərinə dair materialların əksini tapdığı nəşrdə dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də oxuculara təqdim olunub.
Bu cilddə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı və ekoloji problemlərə dair müşavirədəki nitqləri də verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 39-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.